Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:27

Kremlə bağlı rusiyalılar Avropanın ali təhlükəsizlik qurumunda çalışırlar


Qərarlarını bütün üzvlərinin razılığı ilə qəbul edən ATƏT-in işi Rusiyanın vetoları üzündən iflic olub.
Qərarlarını bütün üzvlərinin razılığı ilə qəbul edən ATƏT-in işi Rusiyanın vetoları üzündən iflic olub.

Ötən ilin fevralında - Rusiya Ukraynaya hücum etməzdən iki gün öncə xarici işlər nazirinin müavini Andrey Rudenko Ukraynanın Donetsk və Luqansk bölgələrinin ilhaqı ilə bağlı parlamentin aşağı palatasına müraciət edib. O, nitqinin giriş bölümündə Ukraynanı (Rusiya, Ukrayna və ATƏT-in qatıldığı) Üçtərəfli Kontakt Qrupunun keçirdiyi danışıqları sabotaj etməkdə günahlandırıb. Baş qərargahı Vyanada yerləşən və 57 dövlətin üzv olduğu ATƏT hazırda Rusiyanın vetolarına görə böhran yaşayır.

AzadlıqRadiosunun reportyorları Karl Şrek, Maya Jivanoviç və Riyn Alyasın qələmindən çıxan məqalədə deyilir ki, daha öncə Rusiyanın ATƏT-dəki nümayəndəsi olan Rudenko bu qurumu yaxından tanıyır. ATƏT rəhbərliyi Rusiyanı Ukraynaya hücumu başladandan iki gün sonra qınayıb.

ATƏT-in işi Rusiyanın vetoları üzündən iflic olub

Rusiyanın hücumu və üçtərəfli danışıqlar zamanı Rudenkonun həyat yoldaşı ATƏT-in baş katibliyində baş siyasi və inzibati yardımçı vəzifəsində çalışırmış. Avropa İttifaqındakı bir diplomatın sözlərinə görə, bu vəzifə ona ATƏT-in yüksək səviyyəli görüş və tədbirlərinə, eləcə də bilgilərə çıxış imkanı verirdi.

Qərarlarını bütün üzvlərinin razılığı ilə qəbul edən ATƏT-in işi Rusiyanın vetoları üzündən iflic olub. Rusiya etiraz etdiyindən ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyası səkkiz illik fəaliyyətindən sonra dayandırılıb. Missiya 2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını işğal edəndən və ölkənin şərqində münaqişə ocağı yaradandan sonra fəaliyyətə başlamışdı.

ATƏT Nazirlər Şurasının noyabrın 30-da Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən iclası ərəfəsində Rusiya qurumun gələnilki sədrliyinə Estoniyanın namizədliyini qəbul etməkdən boyun qaçırıb. Rusiya ilə münasibətləri uzun zamandan bəri gərgin olan Estoniya qurumun sədrliyinə tək rəsmi namizəd idi.

Qərb rəsmiləri və hökumətləri Rusiyanı ATƏT-i sabotaj etməkdə və qurumun konsensus siyasətindən sui-istifadə etməkdə suçlayırlar.

Saltanat Sakembayeva və Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko
Saltanat Sakembayeva və Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko

"Çox sayda gizli materiala çıxışı vardı"

Rudenkonun həyat yoldaşı, Qırğızıstanda doğulmuş Saltanat Sakembayeva ATƏT-də çalışması rahatsızlıq verən bir neçə Rusiya vətəndaşından biridir. AzadlıqRadiosu araşdırmalarının nəticələrində deyilir ki, Rusiyanın Ukraynaya qarşı aqressiyasını monitorinq edən təşkilatın icra strukturuna Kremlin içəridən çıxış əldə etməsi narahatlıq doğurur.

Sözügedən Rusiya vətəndaşları arasında dörd il Rusiyanın Vaşinqtondakı səfirliyində çalışan və Moskvanın Suriya diktatoru Bəşər əl-Əsədə dəstəyi ilə bağlı Konqresə brifinq verən diplomat Anton Vuşkarnik də var.

AzadlıqRadiosunun əldə etdiyi e-mail-lərdən indi ATƏT-in Baş Katibliyində baş strateji müşavir vəzifəsində çalışan Vuşkarnikin ABŞ Konqresinin bir əməkdaşına YouTube videosunun bir linkini göndərdiyi bilinir. Bu videoda Ukrayna siyasətçiləri nasistlərə bənzədilir, "homoseksual avtoritarizmin" Amerikanı təhdid etdiyi mesajı verilir və homofob ifadələr işlədilir.

ABŞ-ın odönəmki prezidenti Donald Tramp ilə danışıqlar zamanı Rusiya prezidenti Vladimir Putinin tərcüməçisi olmuş Darya Boyarskaya isə indi ATƏT Parlament Assambleyasının Vyana Əlaqələndirmə Ofisində çalışır.

ATƏT Katibliyi əməkdaşlarından biri AzadlıqRadiosuna bildirib ki, ötən il Rusiyanın Ukraynaya hücumundan beş ay sonra Rusiyaya qayıdan Sakembayevanın çox sayda gizli materiala çıxışı vardı və o bunları asanlıqla ərinə ötürə bilərdi.

Rusiya prezidenti Vladimir Putin Yaponiyanın Osaka şəhərində keçirilən G20 sammiti çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşür. Arxa planda Dariya Boyarskayadır.
Rusiya prezidenti Vladimir Putin Yaponiyanın Osaka şəhərində keçirilən G20 sammiti çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşür. Arxa planda Dariya Boyarskayadır.

Bir avropalı diplomat Sakembayevanın ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının və Üçtərəfli Kontakt Qrupunun fəaliyyətlərinə dair bilgilərə çıxışı olduğunu deyir. Sözügedən qrupa Ukrayna və Rusiya nümayəndələri və bu iki tərəf arasında vasitəçi rolunu oynayan ATƏT nümayəndələri daxil idi.

"Sakembayeva Moldova və Güney Qafqazda Rusiyanın qarışdığı digər münaqişələrlə bağlı görüşlərə də qatılırdı", - həmin diplomatın sözləridir.

"ATƏT əməkdaşlarının hamısı məxfilik sənədini imzalamalıdır. Ancaq ATƏT şəbəkəsindən və ya öz kompüterlərindən dəyərli bilgilərin surətini çıxarmanın önünü kəsəcək bir texniki əngəl yoxdur", - yenə o deyib.

Əslən Kalininqraddan olan Darya Boyarskaya ilk dəfə 2019-cu ilin iyununda Putinin Osakada Donald Tramp ilə görüşü zamanı dünyanın diqqətini çəkib.

"Boyarskaya hər yoldan ötən Rusiya vətəndaşı deyil"

Trampın milli təhlükəsizlik müşaviri Fiona Hill sonradan açıqca bildirmişdi ki, Kreml tərcümə işini bilərəkdən Boyarskayaya tapşırır. Ardınca da demişdi ki, sosial media postları qlamur fotolarla dolu bu qadını seçməkdə Kremlin məqsədi Trampın diqqətini yayındırmaq olub.

Bu il Litvanın ATƏT-dəki nümayəndə heyətinin rəhbəri Viliya Aleknayte-Abramikene mətbuat konfransında Boyarskayanı "Putinin yaxın çevrəsinə aid çox təzadlı bir şəxs" adlandırıb. O, ATƏT PA-nın Baş katibi Roberto Montellanın Rusiya xüsusi xidmətləri ilə bağlantısının olduğu düşünülə bilən şəxsi hansı əsasla ATƏT PA-nın Vyana Əlaqələndirmə Ofisinə rəhbər təyin etdiyini soruşub.

Darya Boyarskaya sosial şəbəklərdə
Darya Boyarskaya sosial şəbəklərdə

Sözügedən vəzifədə çalışarkən ATƏT-in Şərqi Avropa, Güney Qafqaz və Mərkəzi Asiyada, eləcə də Beynəlxalq Katiblikdəki əməliyyat kontaktlarına Boyarskayanın çıxışı olub.

Latviya nümayəndə heyətinin rəhbəri Rihards Kols bu il keçirilən bir toplantıda Boyarskayanı FBI-ın 2010-cu ildə həbs etdiyi Rusiya casusu Anna Çapmana bənzədib. Baltik ölkələrini təmsil edən digər nümayəndələr Montellanı ATƏT PA-nın maliyyə durumu barədə sorğulayaraq audit keçirilməsini tələb ediblər.

Bu görüşdən sonra Montella Kolsa töhmət məktubu göndərib. Öz növbəsində Kols məktubu onlayn paylaşıb.

"Belə davranışlar bir çox ölkədə böhtan sayılar və cinayət işi predmeti olardı", - Montellanın təpkisi bu cür olub. O, Kolsu əmin etməyə də çalışıb ki, "Boyarskaya and içib və Heyət Qaydalarına, habelə Davranış Kodeksinə əməl etməyə borcludur. Bu qaydalar əməkdaşların öz ölkələrindən hər hansı təlimat qəbul etməsini yasaqlayır".

ATƏT daimi missiyalarının birində çalışan avropalı bir diplomatsa AzadlıqRadiosuna deyib ki, "Boyarskaya hər yoldan ötən Rusiya vətəndaşı deyil".

"Putinin tərcüməçisi kimi o, Rusiyada təhlükəsizlik prosedurlarından keçmiş olmalıdır. Bu prosedurlar KQB tərzi yanaşmaları ilə məşhurdur. Biz [ona] suallar veririk və düz-əməlli cavablar almırıq", - həmin diplomat deyib.

XS
SM
MD
LG