Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:56

Senat Ukraynaya hərbi yardımı blokladı, Kreml ümidləndi


Senat sözü gedən qanun layihəsini bloklamazdan bir neçə saat əvvəl prezident Bayden millət vəkillərinə müraciət etmişdi
Senat sözü gedən qanun layihəsini bloklamazdan bir neçə saat əvvəl prezident Bayden millət vəkillərinə müraciət etmişdi

Dekabrın 6-da axşam ABŞ Senatı Ukraynaya, İsrailə hərbi yardımları, Qəzza əhalisi üçün humanitar yardım nəzərdə tutan qanun layihəsinin qəbulu cəhdini bir daha bloklayıb.

Qanun layihəsinin əleyhinə bütün respublikaçı senatorlar və müstəqil senator Berni Sanders səs veriblər.

Əslində Sanders İsrailə hərbi yardım göstərilməsinin əleyhinədir.

Bu qanun layihəsində habelə ABŞ-ın Meksika ilə sərhədinin mühafizəsinin gücləndirilməsi üçün vəsait də nəzərdə tutulub. Lakin respublikaçılar prezident Co Baydendən təkcə sərhəd mühafizəsinin möhkəmləndirilməsini yox, həm də ABŞ-da sığınacaq istənməsi qaydalarının sərtləşdirilməsini tələb edirlər.

Respublikaçılar Ukraynaya yardıma tərəfdar olsalar da...

Maraqlıdır ki, respublikaçı millət vəkillərinin əksəriyyəti Ukraynaya hərbi yardımın davam etdirilməsinə tərəfdardır, amma onlar cənub sərhədinin möhkəmləndirilməsi və qanunsuz miqrasiyanın qarşısının alınması məsələsində güzəştə getmək istəmirlər.

Nüfuzlu respublikaçı senator Lindsi Qrem deyib ki, o bu qanunvericilik layihəsi barədə kompromisin Konqresin Milad tətilinədək əldə olunacağına inanmır.

Onun sözlərinə görə bu dalan vəziyyətindən çıxılması üçün prosesdə prezident Baydenin daha fəal iştirakı tələb olunur.

Bayden: “Rusiya Ukraynada qalib gəlsə, orda dayanmayacaq”

Senat sözü gedən qanun layihəsini bloklamazdan bir neçə saat əvvəl Bayden millət vəkillərinə müraciət etmişdi.

O Konqresdən Ukraynaya hərbi yardımın Milad tətilinədək maliyyələşdirilməsini tələb edirdi.

Bayden israr edirdi ki, Kiyevə yardım məsələsinin razılaşdırılmasını ləngitmək olmaz.

O vurğulamışdı ki, ABŞ-ın bu məsələdə qərarının olmaması Ukraynanın başqa müttəfiqlərinin, o cümlədən Yaponiyanın da yardımını sual altında qoya bilər.

ABŞ prezidenti bəyan etmişdi ki, Vaşinqton Rusiya prezidenti Vladimir Putinin Ukraynada qalib gəlməsinə imkan verə bilməz.

Bayden əmin olduğunu bildirib ki, Rusiya qalib gələrsə, Ukraynada dayanmayacaq və NATO üzvləri də daxil ABŞ-ın müttəfiqləri olan başqa ölkələrə hücum edəcək:

“Bu halda biz elə bir vəziyyətlə üzləşəcəyik ki, Rusiya ordusu ilə amerikalılar vuruşmalı olacaqlar”.

Bundan əvvəl

Prezident Co Bayden ötən oktyabrda Konqresdən Ukrayna, İsrail və Tayvana yardım, habelə ABŞ-ın cənub sərhədinin möhkəmləndirilməsi tədbirləri üçün 106 milyard dollarlıq büdcənin qəbulunu rica etmişdi. Bunun 61 milyard dolları sırf Ukraynaya yardım üçün nəzərdə tutulurdu.

Amma Konqres son aylarda Ağ Evin Ukraynaya yardım cəhdlərini azı iki dəfə rədd edib. Nəticədə Ukraynaya yardım nəzərdə tutan büdcə hələ ki, səsə qoyulmayıb.

Respublikaçıların çoxluğa malik olduqları ABŞ Nümayəndələr Palatası İsrailə yardımı nəzərdə tutan qanun layihəsini təsdiqləsə də, Ukraynaya yardıma səs verməyib.

Buna cavab olaraq demokratlar çoxluğa malik olduqları Senatda bu sənədi ümumiyyətlə bloklayıblar.

Bazar ertəsi Ağ Evin büdcə idarəsinin başçısı Şalanda Yanq Nümayəndələr Palatasının spikeri Mayk Consona məktub göndərib.

Məktubda deyilir ki, ABŞ administrasiyasının Ukraynaya silah və texnika çatdırılması üçün vəsaiti bu ilin sonunadək tükənəcək.

Kreml ümidlənib

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ Senatı qarşısında videobağlantı ilə planlaşdırılan çıxışını son anda ləğv edib.

Bu barədə məlumatı Senatdakı demokrat çoxluğun rəhbəri Çak Şumer verib, lakin o bunun səbəbini açmayıb.

Volodimir Zelenski dekabrın 6-da videobağlantı ilə G7 qrupunun liderlərinə müraciət edib.

O bəyan edib ki, əgər Ukraynanın müttəfiqləri birlik nümayiş etdirə bilsələr, Ukrayna qış aylarında özünün enerji infrastrukturunun işini təmin edə və hətta uğurlu əks-hücuma keçə bilər.

Kreml ümid etdiyini bildirib ki, Konqres Ukraynaya hərbi yardımı bloklamaqda davam edəcək.

Putinin sözçüsü Dmitri Peskov ümid etdiyini bildirib ki, “Konqresdə kifayət qədər sağlam düşüncəli insanlar var”.

O iddia edib ki, “Bayden ABŞ vergiödəyəninin pullarını müharibə sobasında yandırmaq istəyir”.

Bu arada Ukrayna üçün ümid işartısı parıldayıb.

Dekabrın 7-də Yaponiya bildirib ki, Ukrayna üçün 4.5 milyard dollarlıq yardım paketinin ayrılmasına imkan var.

XS
SM
MD
LG