Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:31

Separatçılar deyirlər ki, 'Artsax respublikası' ləğv olunmayıb


Samvel Şahramanyan
Samvel Şahramanyan

“Artsax”ın (Qarabağ-red) ləğv olunmasına dair fərman artıq mövcud deyil.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu qondarma separatçı rejimin sonuncu lideri Samvel Şahramanyanın köməkçisi Vladimir Qriqoryan deyib.

Qriqoryan Azatutyunla söhbətində iddia edib ki, Şahramanyanın 19 oktyabr tarixli başqa bir “fərmanı” ilə qondarma respublikamın bütün hakimiyyət orqanları, “dövlət naziri”, “hökumət üzvləri”, “parlament”, “hüquq-mühafizə orqanları”, habelə Xankəndinin meri fəaliyyətlərini ictimai əsaslarla, yəni maaşsız, davam etdirirlər.

Şahramanyan Azərbaycanın Qarabağda keçirdiyi 19-20 sentyabr əməliyyatından sonra, sentyabrın 28-də qondarma “Artsax Respublikasının” və onun “müdafiə ordusunun” 2024-cü ilin 1 yanvarından buraxılacağına dair fərman imzalamışdı.

Fərmanı ləğv etməyə ehtiyac yox idi

Şahramanyanın yeni “fərmanında” isə deyilir ki, qondarma “respublikanın” 2023-cü il, oktyabrın 1-dən bu yana bütün sənədləri etibarlıdır.

Qriqoryan iddia edib ki, Şahramanyanın yeni “fərmanı” ilə onun 28 sentyabrda imzaladığı sənəd qüvvəsini itirib və “Artsax Respublikası” (Qarabağ-red) fəaliyyətini 2024-cü ildə də davam etdirəcək.

Qriqoryan Şahramanyanın 28 sentyabr fərmanını ləğv edən xüsusi sənəd imzalamaması ilə bağlı suala cavab olaraq deyib ki, ayrıca fərmana ehtiyac yoxdur. Onun sözlərinə görə həmin sənəd legitim olmayıb.

Vladimir Qriqoryanın bu bəyantı ilə bağlı, hələ ki, nə rəsmi Bakı, nə də rəsmi Yerevan münasibət bildirməyiblər.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Ancaq tərəflər sülh sazişi imzalamayıb. Danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır.

XS
SM
MD
LG