Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:38

Abxaziyada müxalifət Rusiyaya ərazi verilməsinə etiraz edir


Parlamentin qarşısında etiraz
Parlamentin qarşısında etiraz

Özünü Gürcüstandan müstəqil elan etmiş Abxaziyada dekabrın 26-da axşamdan müxalifət parlament binasının qarşısına toplaşıb.

Onlar Pitsunda kurort şəhərindəki dövlət daça kompleksinin Rusiyanın mülkiyyətinə verilməsi barədə qərara etiraz edirlər.

Abxaziyanın “xarici işlər naziri” İnal Ardzinba və Rusiyanın separatçı bölgədəki səfiri Mixail Şurqalin bundan əvvəl elan etmişdilər ki, 1969-cu ilin müqaviləsinə “texniki düzəliş” etmək niyyətindədirlər. Bu müqavilə keçmiş dövlət daçası binasının Rusiyaya verilməsini mümkün edir.

“Kommersant” qəzeti yazır ki, etirazçılar parlament binası qarşısındakı mitinqlərini gecələr də davam etdirirlər.

Xəbər verilir ki, parlament binasının qarşısına polis və ordu hissələri, habelə təcili yardım ambulansları gətirilib.

Abxaziya müxalifətinin fəalları Pitsundadakı istirahət kompleksinin Rusiyanın mülkiyyətinə verilməsinə dair hökumətlərarası razılaşamanın ratifikasiyasının gündəlikdən çıxarılmasını tələb edirdilər.

Parlamentin iclası dekabrın 27-də keçirilib.

Xruşşovun sərəncamı ilə salınıb

Az sonra parlamentin “spikeri” Laşa Aşuba abxazların Biçvinta adlandırdıqları Pitsundadakı kompleksin Rusiyaya verildiyini elan edib.

Bunun ardınca yüzlərlə etirazçı “Ar olsun!” şüarı ilə küçələrə çıxıb və qərarın dərhal ləğv olunmasını tələb edib.

Abxaziya müxalif ekspert fondu Aamta (Zaman) qrupunun nümayəndəsi Alxas Cincoliya izah edib ki, belə bir sazişin imzalanması “Abxaziyanın konstitusiyasına ziddir”.

Rusiya səfiri Şurqalin isə deyib ki, razılaşma Rusiyaya daça ərazisini 49 illik müddətə icarəyə götürmək imkanı verəcək. Ərazinin saxlanması və təmiri Rusiya Federal Mühafizə Xidmətinə (FMX) həvalə olunacaq.

Pitsundadakı dövlət daçaları kompleksi 1958-1961-ci illərdə Sov.İKP MK-nın ovaxtkı Birinci katibi Nikita Xruşşovun sərəncamı ilə tikilib.

1995-ci il razılaşması, əvvəlcə icarə...

Pitsundadakı dövlət istirahət malikanəsinin ərazisi 180 hektardır. Rusiya hazırda bu ərazini separatçı rejimlə 1995-ci il razılaşmasına görə icarəyə götürüb.

Lakin sözü gedən yeni razılaşma ərazinin tamamilə Rusiyanın mülkiyyətinə verilməsini nəzərdə tutur.

Bu barədə hökumətlərarası razılaşma 2022-ci ilin yanvarında imzalanıb.

Bu razılaşmanın ratifikasiyasına dair qanunu separatçı Abxaziyanın “prezidenti” Aslan Bjaniya imzalayıb.

Bu da qeyd olunur ki, razılaşmaya görə Rusiyanın mülkiyyətinə ərazidəki daşınmaz və daşınan əmlak verilir, bu malikanələrin yerləşdiyi torpaq payları isə Rusiya tərəfindən hər biri üçün ildə 1 rubl qiymətinə icarəyə götürülür.

Sənəddə deyilir ki, Rusiya bu ərazidə və ona bitişik akvatoriyada dövlət mühafizəsində olan şəxslərin iştirakı ilə dövlət tədbirlərinin keçirilməsini, habelə onların müalicəvi istirahətini təşkil etməyi planlaşdırır.

Rusiya tərəfindən ilhaq olunmuş ərazi

Sovet İttifaqı zamanı Gürcüstanın tərkibində muxtar respublika olan Abxaziya müstəqilliyini 1993-cü ildə, Gürcüstanla müharibənin ardınca elan edib. O vaxt Abxaziyanın müstəqilliyini Gürcüstan da daxil heç bir ölkə tanımamışdı.

Amma 2008-ci ilin qısa Rusiya-Gürcüstan müharibəsindən sonra Rusiya, habelə ona bu və ya digər dərəcədə rəğbətli olan Suriya, Venesuela, Nikaraqua və Nauru da Abxaziyanın müstəqiliyini tanıyıblar.

Gürcüstan separatçı Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən işğal olunmuş əraziləri hesab edir .

Qərb bu aktı Gürcüstanın iki bölgəsinin Rusiya tərəfindən ilhaqı adlandırıb.

Rusiya Abxaziyada və Cənubi Osetiyada minlərlə hərbçisini saxlayır.

XS
SM
MD
LG