Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:33

Oğurlanaraq həbs edilən fəallar. İfadə almaq, işgəncə izini itirmək...


Vətəndaş dövlət qurumu tərəfindən gizli şəkildə həbs edilirsə, bunun beynəlxalq hüquqda adı "incommunicado"dur.
Vətəndaş dövlət qurumu tərəfindən gizli şəkildə həbs edilirsə, bunun beynəlxalq hüquqda adı "incommunicado"dur.

Son zamanlar Azərbaycanda ictimai-siyasi fəalların bir çoxunun həbsi əvvəlcə onların itkin düşmələri ilə başlayır. Həmin şəxslərin yaxınları və vəkilləri onları günlərlə polis idarələrində və bölmələrində axtarsalar da, yerini tapa bilmirlər. Amma nəticədə onların hüquq-mühafizə orqanlarının nəzarətində olmaları üzə çıxır.

Bu formada ən son həbs edilən ictimai-siyasi fəal NİDA Vətəndaş Hərəkatının və III Respublika Platformasının üzvü Araz Əliyevdir. Onunla əlaqə kəsildikdən sonra vəkili və həyat yoldaşı Daxili İşlər Nazirliyinə, polis idarəsinə, "102" xidmətinə dəfələrlə zəng vursalar da, barəsində heç bir məlumat ala bilməmişdi. Bakı Dövlət Universitetinin fəlsəfə müəllimi Araz Əliyev dekabrın 23-də mülki geyimli şəxslər tərəfindən saxlanılaraq zorla maşına mindirilib aparılıb, daha sonra fiziki təzyiqə məruz qalıb, kompüteri əlindən alınıbmış. O, əvvəlcə 24-cü polis bölməsinə aparılıb, sonra məhkəmə qarşısına çıxarılıb, xırda xuliqanlıqda ittiham edilib və 25 sutka inzibati həbsə göndərilib. Bütün bunları bir neçə gün sonra həbsxanada vəkilinə özü danışıb.

Ondan əvvəl isə "Kanal13"ün jurnalisti Şamo Eminov barəsində qaçaqmalçılıq maddəsi ilə cinayət işi açılaraq 3 ay 5 gün müddətinə həbs-qətimkan tədbiri seçilib. Jurnalist oğurlandıqdan dörd gün sonra ailəsi ilə Kürdəxanı təcridxanasından əlaqə saxlaya bilib, kömək və vəkil istəyib. Jurnalist saxlandıqdan sonra ailəsi ilə əlaqə saxlamasına imkan verilməmişdi.

Qanun nə deyir

İnzibati Xətalar Məcəlləsinin 91.0-cı maddəsində deyilir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tutulmuş şəxsə dərhal onun tutulmasının əsaslarını bildirməli, onun hüquqlarını izah etməlidir. Həmin şəxsi inzibati xəta haqqında protokolla tanış etməlidir; onun yaxın qohumlarına, işlədiyi və ya təhsil aldığı yerin müdiriyyətinə, yaxud vəkilinə məlumat verməlidir.

Tutulmuş şəxslə davranışda onun şəxsiyyətinə və ləyaqətinə hörmətlə yanaşılmalıdır, - bunu da qanun deyir.

Əgər şəxs cinayət hüquqpozmasında şübhəli bilinərək polis tərəfindən tutulursa, bu halda Cinayət Prosessual Məcəlləsinin 90-cı maddəsinə uyğun olaraq, nədə şübhəli sayıldığını bilmək hüququna malikdir. Həmin şəxsin tutulmanın əsaslarını bilmək, tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq hüququ var.

Azərbaycanda isə reallıqla qanunun işləmə mexanizmi arasında ciddi ziddiyyət görünür. İctimai-siyasi fəalların nümunələri göstərir ki, qanun və qanundan irəli gələn hüquqlar vətəndaş üçün işləmir.

İctimai fəallar niyə həbs olunur?
Gözlə

No media source currently available

0:00 0:03:07 0:00

Birinci hal

"2022-ci ilin sentyabrında Bakıda küçənin ortasında beş mülki geyimli polis tərəfindən zorakılıqla oğurlandım. Hətta bu oğurlanma zamanı yanımdakı dostum da xəsarət almışdı. Polislər məni maşına oturdub Səbail rayon Polis İdarəsinə apardılar. Polis İdarəsində zorakılıq olmasa da, ailə üzvləri və vəkilimlə görüşməyə imkan vermədilər. Hətta mən "hakim qarşısına vəkilimə zəng edilmədən çıxmayacam" demişdim. Hakim zəng üçün göstəriş verdi və mənə "vəkilə zəng edilib" dedilər. Çıxandan sonra vəkillə danışanda bilmişəm ki, xəbər edilməyib. Yalandan məni arxayın etdilər. Məhkəmə qərarından dörd saat sonra prosesdən vəkilin xəbəri olmuşdu. Başqa bir oğurlanma zamanı isə dostum yanımda idi deyə, bəxtim gətirdi və yaxınlarım tez xəbər tutdular. Digərində isə, ümumiyyətlə, gec bilmişdilər. Saxlanılma zamanı mənimlə polislər danışırdı və onlarla anlaşmaya getməyim, işbirliyi etməyim üçün təkliflər verirdilər. Daha çox psixoloji zorakılıq üstünlük təşkil edirdi".

İkinci hal

"Məni blokun qarşısında "Niva" markalı maşında gözləyirdilər. İşdən evə gələndə məni görən kimi maşından düşüb yaxınlaşdılar, özlərini təqdim etmədən, zorakılıq göstərərək, təhqir edərək maşına saldılar. Maşında qoluma qandal vurub apardılar idarəyə. Adətən polislər tutduqları ictimai fəalları səs-küysüz, tezbazar məhkəməyə çıxardıb, cəzalandırmağı üstün tuturlar. Yalnız hadisənin üzərindən bir neçə müddət keçdikdən sonra yaxınlarla əlaqə saxlamağa imkan verirlər. Birinci dəfə həbs ediləndə düz üç gün sonra yaxınlarıma xəbər verə bilmişdim ki, həbs olunmuşam... O vaxtdan bu yana hələ də təqib olunduğumu hiss edirəm. Hər dəfə çölə çıxanda blokun qarşısında beş dəqiqə dayanıb, ətrafa baxıram. Təhlükə olmadığına əmin olduqda yoluma davam edirəm".

Azərbaycanda artan həbslər: Hakimiyyət Qarabağdan sonra yaranacaq siyasi fəallıqdan ehtiyat edir?
Gözlə

No media source currently available

0:00 0:07:00 0:00

Məqsəd nədir

Qanunla nəzərdə tutulan qaydalar pozulursa və vətəndaş dövlət qurumu tərəfindən gizli şəkildə həbs edilirsə, bunun beynəlxalq hüquqda adı "incommunicado"dur. "Incommunicado" ispan sözüdür, əlaqədən məhrum edilmək və ya əlçatmaz olmaq deməkdir. "Incommunicado" ağır insan hüququ pozuntusu hesab edilir, ittiham olunan şəxsin yazışma və qohumları, vəkili ilə görüşmək hüququnun əlindən alınmasını ifadə edir.

Vəkil Fariz Namazlı deyir ki, Azərbaycanda belə həbslərin səbəbi hakimiyyət orqanının hansısa gizli məqsədindən irəli gəlir: "Belə ki, tutulmuş şəxsdən hansısa inzibati və ya cinayət hüquqpozmasında rolunun olmasına dair etirafedici ifadə almaq, onu cəzalandırmaq kimi hallarda "incommunicado" həbslərdən istifadə edilir".

Hüquqşünaslar hesab edirlər ki, "incommunicado" həbslərin məqsədlərindən biri həm də saxlanılan şəxsə qarşı törədilmiş zorakılıq, işgəncə izlərinin itirilməsidir. İki ay öncə AbzasMedia-nın əməkdaşı Məhəmməd Kekalov da hüquq-mühafizə orqanları tərəfindən saxlanılarkən bir neçə gün ailəsindən və vəkildən gizlədildi. Sonra ailəsinin göndərdiyi vəkillə görüş zamanı Kekalov vəkildən imtina etdiyini bildirmişdi. Onunla görüşən vəkil Rövşanə Rəhimli Kekalovla konfidensial görüşünə şərait yaradılmadığını demişdi.

Bu ilin yayından ölkədə bir neçə oxşar hadisə baş verib. NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Elmir Abbasov, Türkiyənin Orta Doğu Texnik Universitetinin (ODTÜ) tələbəsi Məhərrəm Əkbərov, ictimai fəal Ruslan Vahabov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Orxan Baxışlı əvvəl yoxa çıxıblar, sonra onların həbsdə olduğu bilinib. Fəallar məhz oğurlandıqlarını deyiblər.

'Oğluma 'Bandotdel'in zirzəmisində işgəncə veriblər'
Gözlə

No media source currently available

0:00 0:05:19 0:00

Avropa Şurası "işgəncə var" deyir

Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi bildirir ki, şəxsin ən həssas dönəmi onun həbsə alındığı ilkin saatlardır. Tutulan şəxs məhz bu dövrdə daha çox işgəncəyə məruz qala bilir və bu, daha çox qapalı yerlərdə baş verir. Komitənin nümayəndə heyəti vaxtaşırı Azərbaycana səfərlər edir və müvəqqəti saxlama yerlərinə, bir sıra polis idarələrinə və bölmələrinə baş çəkirlər. İndiyədək Komitənin Azərbaycana altı səfəri olub və onun nəticələri əsasında hökumətin cavabları da daxil olmaqla, hesabatlar hazırlanıb. Həmin hesabatlarda göstərilir: "İşgəncə,... pis rəftarın bütün formaları və hüquq-mühafizə sistemində korrupsiya, cəzasızlıq halları sistematik, geniş şəkildə davam edir. Pis rəftarla bağlı iddiaların düzgün araşdırılmaması, saxlanılan şəxslərin vəkillə, həkimlə təmin olunması və informasiya almaqla bağlı hüquqi qarantiyaların təmin edilməməsi kimi ciddi problemlər qalmaqdadır".

Azərbaycan hakimiyyəti isə ölkədə insanların əqidəsinə görə təqib olunmadığını, insan hüquq və azadlıqlarının qorunduğunu bəyan edir. Prezident və digər hakimiyyət təmsilçiləri bu fikrin əksini deyənləri, beynəlxalq təşkilatları Azərbaycana qarşı qərəzli və qeyri-obyektiv mövqedə ittiham edir.

Həm ictimai-siyasi fəalların, həm də ayrı-ayrı ekspertlərin fikrincə, avtoritar hakimiyyətlər "incommunicado" həbsləri təkcə təzyiq altında ifadə almaq üçün gerçəkləşdirmirlər. Məqsəd həm də insanları oğurlamaqla onların iradəsini, ümumilikdə isə cəmiyyətdəki etirazçı kəsimin müqavimətini qırmaqdır.

XS
SM
MD
LG