Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:17

Yerevandan İlham Əliyevin bəyanatlarına ilk reaksiya


Sargis Xandanyan
Sargis Xandanyan

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistan Azərbaycanla sülh müqaviləsində iki ölkə arasında sərhədin delimitasiyası mexanizminin əksini tapmasında israrlıdır.

Bunu Ermənistanın vəzifəli millət vəkili Bakının bu iki məsələni bir-birindən ayırmaq cəhdlərinə cavab olaraq deyib.

Ermənistan Milli Məclisinin xarici əlaqələr komitəsinin sədri Sargis Xandanyan bu barədə jurnalistlərə belə deyib:

“Əgər bu prinsip qəbul olunub tətbiq edilməsə delimitasiya prosesinin hansı prinsiplə aparılacağı qeyri-müəyyən qalacaq”.

Xandanyan bir daha aydınlıq gətirib ki, Yerevan sərhədin delimitasiyası üçün 1970-ci illərin sovet hərbi xəritələrindən istifadə olunmasında israr edir.

Avropa İttifaqının liderləri və ittifaqın əsas üzvlərindən Fransa və Almaniya ötən oktyabrda İspaniyanın Qranada şəhərində Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlarında bu mövqeyi dəstəkləmişdilər. İlham Əliyev həmin görüşə getməkdən imtina etmişdi.

Əliyev xəritələr barədə nə demişdi?

Əliyev yanvarın 10-da Azərbaycan telekanallarına müsahibəsində deyib ki, Bakı sərhədin delimitasiyası üçün belə təklifi rədd edir. O bildirib ki, sözü gedən xəritələrdən istifadə olunması Ermənistana sərf edir:

“Onlar məhz buna görə 1970-ci illərin xəritələrini əsas götürmək istəyirdilər. Mən sual verəndə ki, yaxşı, niyə 1970-ci illər? ...XX əsrin əvvəlində xəritələr nə idi, gəlin bu xəritələr üzərində işimizi quraq. Yəni, siz 1960-cı, 1950-ci, 1940-cı illəri kənara qoyursunuz və məhz 1970-ci illərə istinad etmək istəyirsiniz. Məhz buna görə ki, bizim tarixi torpaqlarımız artıq onlara verilmişdi. Ona görə biz buna qəti surətdə etiraz etmişik və edirik. Əfsuslar olsun ki, 1970-ci illərin xəritəsini, əsas götürmək istəyən təkcə Ermənistan deyil, onun yəni, “Ermənistan plyus” qruplaşmasıdır və biz buna heç vaxt razılıq verə bilmərik”.

Azatutyun yazır ki, başqa Azərbaycan rəsmiləri kimi Əliyev də sərhədin delimitasiyasından əvvəl sülh müqaviləsinin imzalanmalı olduğunu deyib.

Azatutyun yazır ki, eyni zamanda Əliyev Bakı üçün məqbul sayılacaq heç bir delimitasiya mexanizmi təklif etməyib.

Müxalifət Ermənistan hökumətindən cavab gözləyir

Ermənistan şərhçiləri və müxalifət fiqurları bundan əvvəl bildirmişdilər ki, Əliyev Azərbaycanın Ermənistana qarşı gələcək ərazi iddialarının qapısını açıq qoymaq istəyir.

Onların fikrincə məhz buna görə baş nazir Nikol Paşinyanın “sülh gündəliyi” hətta Qarabağdakı separatçı rejimin süqutundan sonra da Ermənistanın ərazi bütövlüyünə qarantiya verə bilməz.

Azatutyun yazır ki, Azərbaycan prezidenti yanvarın 10-da Ermənistanı yenidən ölkəsinin səkkiz kəndini işğal etməkdə ittiham edib.

O deyib ki, bu kəndlərin qaytarılması Ermənistan və Azərbaycanın delimitasiya komissiyalarının növbəti görüşündə gündəliyin əsas məsələlərindən biri olacaq.

Azatutyun yazır ki, Ermənistan delimitasiya komissiyasının sədri, baş nazirin müavini Mher Qriqoryanın ofisi Əliyevin bəyanatlarını şərh etməkdən imtina edib.

Ermənistan müxalifəti hakimiyyətdən Əliyevin dediklərinə konkret reaksiya gözləyir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qaqabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.

Ancaq tərəflər sülh sazişi ( danışıqlar həm Avropa İttifaqının (Aİ), həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır) imzalamayıb.

ABŞ Aİ-nin vasitəçiliyini dəstəkləyir. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib.

Yeravan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG