Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:48

Prorektorun qətlində suçlanan institut rəhbəri: 'Məni həbs elətdirib, yerimə keçmək istəyirdi...'


Müşfiq Atakişiyev
Müşfiq Atakişiyev

Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun icraçı direktoru, Təfəkkür Universitetinin keçmiş rektoru Müşfiq Atakişiyev bu təhsil ocağı prorektorunun qətlini sifariş etməkdə suçlanaraq iki aydan çoxdur həbsdə saxlanılır. Dediyinə görə, planında Tariyel Əhmədovun öldürülməsi yox idi, sadəcə onun bir müddət işdən uzaqlaşmasını istəyirdi. Polis zabiti olan bacısı oğlundan da T.Əhmədova xəsarət yetirməyi xahiş etmişdi.

"Tariyel Əhmədov çox narahat və qısqanc adam idi. Əvvəllər dost olmuşduq. Sonradan mənə münasibəti kəskinləşmişdi, yerimdə özü oturmaq istəyirdi. Məlumat aldım ki, rektorluq müddətimin uzadılmasının önünü kəsməyə çalışır. Hətta vəzifədən çıxan kimi, məni həbs elətdirmək istəyir. Yuxarı orqanlarla əlaqələri vardı, bilirdim ki, eləyə bilər", - təqsirləndirilən professor yanvarın 22-də keçirilən məhkəmədə ifadə verərkən belə deyib.

İndi təqsirləndirilən şəxs kimi, məhkəmə önündə M.Atakişiyevdən başqa daha iki nəfər dayanıb – Dəyanət Quliyev və Samir Quliyev.

Cinayət işinin materiallarında iddia olunur ki, M.Atakişiyev prorektoru öldürməyi bacısı oğlu Dəyanət Quliyevə sifariş verib. O da öz növbəsində bu işi 40 min dollar qarşılığında həmyerlisi Samir Quliyevə həvalə edib. 2011-ci il sentyabrın 16-da T.Əhmədov səhər saat 5 radələrində idmanla məşğul olduğu meydançada dəmir boru ilə öldürülüb.

"Axır vaxtlar münasibətimiz pisləşmişdi"

Bu cinayətin üstü 12 il sonra – 2023-cü ilin mayında açılıb. 2000-2022-ci illərdə daxili işlər orqanlarında, o cümlədən Binəqədi rayonu, 7-ci polis bölməsində mayor rütbəsində əməliyyat müvəkkili çalışmış D.Quliyev özü cinayət barədə məlumat verib. O, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək 2011-ci ildə prorektoru qətlə yetirdiyini xəbər verib.

D.Quliyevin həbsindən altı ay sonra – 2023-cü ilin noyabrında M.Atakişiyev və S.Quliyev də həbs ediliblər.

Cinayət işinin materiallarında iddia edilir ki, D.Quliyev dayısından pul istəyib, ala bilmədiyinə görə cinayət barədə məlumat verib. Amma özü "102"yə xəbər verməsini dayısı ilə əlaqələndirmir: "Atamı tez itirmişəm, dayım nəinki mənə atalıq edib, bütün ailəmizi o saxlayıb. Axır vaxtlar münasibətlərimiz pisləşmişdi. Bir-iki dəfə pul istədim, vermədi. Amma "102"yə xəbər verməyimin bununla əlaqəsi yoxdur. Başımda kista var. Elə vəziyyətdə idim ki, özümü öldürmək istəyirdim. Eyvandan atılanda uşaqlar tutmuşdu. İçkili idim, götürüb zəng elədim...".

"Öldürmək söhbəti olmayıb"

D.Quliyevin sözlərinə görə, mərhum prorektorla özünün də münasibətləri varmış. Hətta daxili işlər orqanlarına da onun köməyi ilə işə düzəlibmiş. Amma hadisədən öncə münasibətləri korlanıbmış: "Son vaxtlar mənə qarşı soyuq idi. Dayım dedi ki, ondan müəyyən şeylər yazdırır. Amma onu öldürmək söhbəti olmayıb. Ya maşınla, ya daşla vurub xəstəxanalıq eləmək fikrimiz vardı. Samirlə də İmişlidə qapı qonşu və dost olmuşuq. Ona dedim ki, belə bir problem var. Bu adamı güclü əzişdirmək lazımdır".

Təqsirləndirilən S.Quliyev də cinayətə görə pul almadığını, sadəcə dostunun xahişini yerinə yetirib bu cinayəti törətdiyini vurğulayıb. O əlavə edib ki, T.Əhmədovun hansı vəzifədə işlədiyini bilməyib, onu qətlə yetirmək niyyəti də yoxmuş: "Mənə dostum dedi ki, belə bir işdə kömək lazımdır, mən də elədim. Müşfiq müəllimin nə adı çəkilib, nə də üzünü görmüşdüm. Dəyanət aparıb göstərdi ki, bu adamdır, hər səhər saat 5 radələrində burada idman eləyir. Bir neçə gün güddüm, ayın 16-da görəndə ki, heç kim yoxdur, arxadan iki dəfə dəmirlə vurdum".

Təqsirləndirilən professor ifadəsində bildirib ki, T.Əhmədovun qarşısını almaqdan ötrü müəyyən vəzifələrdə çalışan dost-tanışından kömək istəyib. Onlar da söz veriblər ki, bir-iki ay ərzində rektor vəzifəsində qalmaq işini həll edəcəklər: "Mənə lazım idi ki, bu müddətdə Tariyel Əhmədov uzaqlaşsın. Onun öldürülməsi mənə sərf eləmirdi, çünki mənimlə konflikti vardı, şübhələr mənə yönələcəkdi. Amma bacım oğlu başıma belə bir oyun açdı, ən arzuolunmaz vəziyyətlə qarşılaşdım. Mən özünü qəsdən adam öldürmədə yox, Cinayət Məcəlləsinin 126-cı (bədənə ağır xəsarət yetirmə) maddəsi ilə təqsirli bilirəm. Cəzamı da çəkməyə hazıram".

"Atam deyirdi ki…"

Mərhum T.Əhmədovun oğlu Zaur Əhmədov da atası ilə rektor arasında konflikt olduğunu, onların 2004-cü ildən danışmadıqlarını təsdiqləyib. Zərərçəkmiş etiraf edib ki, atasının rektor olmaq planı vardı.

Z.Əhmədov deyir ki, atasının ölümündə iki adamdan şübhələnib - yeznəsindən və M.Atakişiyevdən: "Düzü, yeznəmdən şübhələrim daha çox idi. Universitetdə pay məsələsi ilə əlaqədar atamın ölümündən sonra da Müşfiq Atakişiyevlə görüşlərimiz olmuşdu. O, görüşlərdə deyirdi ki, onunla aramızın yaxşı olmadığını hamı bilir, mən belə bir şey eləmiş olsaydım, bütün şübhələr mənə yönələrdi. Atam deyirdi ki, sentyabrda Müşfiq Atakişiyev universitetdən gedəcək. Getməsə də, tutulacaq...".

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib. Bu maddədə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

M.Atakişiyev 2008-2010-ci illərdə Ali Attestasiya Komissiyasının iqtisadiyyat üzrə ekspert komissiyasının sədri olub. Eyni zamanda, 2000-2014-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiri vəzifəsində çalışıb. 2022-ci ildənsə İqtisadiyyat İnstitutunun icraçı direktoru idi.

XS
SM
MD
LG