Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:38

Ötən il Azərbaycanda sığorta xərcləri 250 milyon manat çoxalıb


Bank sektoru ilə yanaşı, sığorta sektorunda da bazar payının yarıdan çoxu "Paşa Holdinq"ə aid şirkətlərə məxsusdur.
Bank sektoru ilə yanaşı, sığorta sektorunda da bazar payının yarıdan çoxu "Paşa Holdinq"ə aid şirkətlərə məxsusdur.

Ötən il Azərbaycanda bütövlükdə 1 milyard 223 milyon manat sığorta haqları toplanıb. Bu, 2022-ci illə müqayisədə 26 faiz artım deməkdir. Başqa deyimlə, ötən il sığorta şirkətləri təxminən 250 milyon manat daha çox gəlir götürüb. Eyni dövrdə həmin şirkətlərin sığorta olaylarına görə ödədiyi vəsaitin də həcmi 154 milyon manat artaraq 587 milyon manata çatıb. Açıqlanan rəqəmlərdən bəlli olur ki, 2023-cü ildə Azərbaycanın sığorta şirkətləri topladığı sığorta haqlarının 48 faizini sığorta hadisələrinə xərcləyib.

Bank sektorunda olduğu kimi, sığorta sektorunda da gəlir baxımından yüksək təmərküzləşmə gözə çarpır. Bu iki sektorun daha bir ortaq özəlliyi diqqət çəkir: Bank sektoru ilə yanaşı, sığorta sektorunda da bazar payının yarıdan çoxu "Paşa Holdinq"ə aid şirkətlərə məxsusdur. Belə ki, ötən il "Paşa Həyat Sığorta" 517 milyon manat, "Paşa Sığorta" 293 milyon manat gəlir əldə edib. Deməli, 2023-cü ildə Azərbaycanda sığorta haqlarına ödənilən 1.2 milyard manatın üçdə ikisi – 66 faizi "Paşa Holdinq"ə məxsus sığorta şirkətlərinə ödənilib.

Ən çox və ən az xərcləyən sığorta şirkətləri

Mərkəzi Bankın açıqladığı rəqəmlərdən görünür ki, ölkədəki 18 sığorta şirkətindən 17-sinin topladığı sığorta haqları ödədiyi sığorta məbləğlərindən çox olub. Yalnız bir sığorta şirkəti – "Azərbaycan Sənaye Sığorta"nın ilboyu ödədiyi sığorta məbləği topladığı sığortahaqqı məbləğini ötüb. Şirkət ötən il təxminən 20 milyon manat sığortahaqqı toplayıb, əvəzində 32 milyon manatdan çox sığorta ödənişi gerçəkləşdirib. Bu, səbəbsiz deyil. Ötən ilin sonunda "Azərbaycan Sənaye Sığorta" açıqlamışdı ki, ölkə sığorta tarixində ən böyük sığorta ödənişi həyata keçirilib. Belə ki, 2022-ci il aprelin 27-də Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Holdinq" MMC-yə aid ərazidə yanğın baş vermiş və nəticədə "Azərsun Sənaye Parkı"nın əmlak və mallarına ciddi ziyan dəymişdi. Olayla bağlı "Azərbaycan Sənaye Sığorta" ASC tərəfindən Daşınmaz əmlakın icbari sığortası və Əmlakın yanğından və digər risklərdən sığortası üzrə toplam 25 milyon manata yaxın ödəniş aparılıb.

Ölkədəki iki sığorta şirkətinin ödədiyi sığorta ödənişi məbləği isə 1 milyon manata çatmayıb. "Meqa Həyat Sığorta" il ərzində cəmi 15 min manat, "İpək Yolu Sığorta" isə 620 min manat sığorta ödənişi gerçəkləşdirib. Mediada yayımlanan xəbərlərdən anlaşılır ki, "İpək Yolu Sığorta"nın il ərzində ödədiyi sığorta ödənişinin böyük bölümü sadəcə bir hadisə ilə bağlıdır. Şirkət Azərbaycana məxsus sərnişin təyyarəsinin zədələnmiş mühərrikinə görə 431 min manatdan çox sığorta ödənişi verib. Aviaşirkətə məxsus sığortalı təyyarə ötən il Naxçıvan-Bakı reysi üzrə uçuş apararkən yad cisim düşdüyündən mühərrik zədələnib. Araşdırma və qiymətləndirmələr bitəndən sonra bu il dəymiş zərərin dəqiq məbləği müəyyənləşdirilib və ödəniş gerçəkləşdirilib.

Ən çox hansı sığorta növlərinə maraq var?

Ötən il Azərbaycanda toplanan sığorta haqlarının 72 faizi – 888 milyon manat könüllü sığorta haqları üzrə toplanıb. Bu, 2022-ci illə müqayisədə 160 milyon manat artım deməkdir. Bu qədər artımın əsas hissəsi həyat sığortası ödənişlərindən qaynaqlanıb. Ötən il ölkədə həyat sığortası ödənişləri 120 milyon manat artaraq 545 milyon manata yüksəlib. Bu sığortanın mahiyyətin ondan ibarətdir ki, əməkhaqqının bəlli bölümü hər ay "Həyatın Yaşam Sığortası"na yönləndirilir və 3 ildən sonra həmin məbləğdən ödənməli olan vergi və sosial sığorta ödənişləri də hesabınıza qayıdır. Üstəlik, müddətin sonunda toplanan vəsaitə görə əmanət faizi hesablanır. Unutmaq olmaz ki, Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi ilə bağlı rəyində həyat sığortasına yönələnlərin sayca artmasını DSMF-nin gələcək fəaliyyətinə risk yaratdığını bildirmişdi. Ancaq o da var ki, həyat sığortasına marağın artmasının əsas səbəblərindən biri elə ölkədə pensiya sisteminin cəlbedici olmaması ilə bağlıdır.

Könüllü sığorta ödənişləri arasında həyat sığortasından sonra ən çox sığortahaqqı ödənilən sığorta növü tibbi sığortadır. Ötən il könüllü tibbi sığorta ödənişlərinin həcmi 121 milyon manat, sığorta şirkətlərinin bu sığorta növləri üzrə ödənişlərinin həcmi 82 milyon manat olub. Ölkədəki bütün sığorta növləri üzrə sığorta olayına ödənişin yığılan sığorta haqlarından çox olduğu yeganə sığorta növü əmlakın yanğından və digər risklərdən sığortasıdır. İlboyu yığılan 74.9 milyon manatınn75.4 milyon manatı xərclənib. Bunun da səbəbi "Azərsun Sənaye Parkı"ndakı yanğında ortaya çıxan 25 milyon manatlıq ödənişdir.

Ötən il Azərbaycanda icbari sığorta növləri üzrə 334 milyon manat sığortahaqqı toplanıb. Bu, 2022-ci illə müqayisədə 92 milyon manat və ya 38 faiz artım deməkdir. İcbari sığorta haqlarındakı artımın əsas səbəbi avtomobillərin icbari sığortasına ödənişlərdəki artımdır (57 milyon manat), axı 2022-ci ilin sonlarında ölkədə avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı tariflər artırılmışdı. Hökumətin bu artım qərarı sığorta şirkətlərinin avtomobillərin icbari sığortası üzrə mənfəətini ciddi artırıb. 2022-ci illə müqayisədə bu sığorta növü üzrə gəlirlər 57 milyon manat artsa da, xərclər cəmi 5 milyon manat çoxalıb. Beləcə, əgər 2022-ci ildə avtomobillərin icbari sığortası üzrə sığorta şirkətləri topladığı vəsaitin 79 faizini sığorta ödənişi kimi xərcləmişdisə, ötən il bu göstərici 57 faizə enib.

Ötən il Azərbaycanda bəzi sığorta məhsulları üzrə sığortahaqqı toplansa da, sığorta olayı baş vermədiyindən heç bir ödəniş edilməyib. "İşçilərin dələduzluğu sığortası", "peşə məsuliyyətinin sığortası", "işin dayanması ilə bağlı risklərdən sığorta" həmin sığorta növlərindən bəziləridir.

XS
SM
MD
LG