Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:28

Maykl Klark: 'Ukrayna bu il ayaqda qalsa, Rusiyanın işi düyünə düşə bilər'


Ukrayna hərbçiləri Donetsk vilayətində tankı texniki baxışdan keçirirlər.
Ukrayna hərbçiləri Donetsk vilayətində tankı texniki baxışdan keçirirlər.

Müdafiə və güvənlik eksperti Maykl Klark (Michael Clarke) Londonda yerləşən Birləşmiş Kral Xidmətlər İnstitutunun keçmiş baş direktorudur. Bu beyin mərkəzi müdafiə və güvənlik sahəsində ixtisaslaşıb. O, AzadlıqRadiosu gürcü xidmətinin əməkdaşı Vaja Tavberidzeyə müsahibəsində deyib ki, Rusiya Ukraynada üstünlük qazana bilər, ancaq "Kiyevin silah sənayesinin daha yaxşı durumda olacağı 2025-ci ildə zaman Rusiyanın əleyhinə işləyə bilər". Düzdür, Klark bu ilin sonunda ABŞ-da keçiriləcək prezident seçkisi nəticəsinin də ciddi amil olmasına eyham vurub.

"Müharibənin bu üçüncü ili son dərəcə önəmlidir, axı Putin uğur qazandığını düşünür. O düşünür ki, Qəzzadakı savaş, Qərbin, özəlliklə ABŞ-ın Ukraynaya gerçək dəstəyinin azalması ona üstünlük verir… Bu üzdən, ruslar daha çox ərazini, bəlkə də, ilin sonunadək bütün Donbası tuta biləcəklərinə inanırlar.

"Savaş uzun çəkəcək"

Gələn il zaman Rusiyaya qarşı işləməyə başlaya bilər – bu, ola da bilər, olmaya da. Ancaq Ukrayna bu ili ayaqda qala bilsə, 2025-ci ildə onun özünün silah sənayesi daha yaxşı durumda olacaq.

Üstəlik, [o zamana qədər] Qərbdən daha çox uzunmüddətli hərbi yardım gələ bilər. …Ruslar 2025-ci ilin yazınadək Ukraynaya qarşı iri, yaxud strateji hücum gerçəkləşdirə bilməzlər. Bu üzdən, gücləri çatarsa, 2024-cü ildə bacardıqları qədər çox şey əldə etməyə çalışacaqlar. Onlar Ukraynada siyasi böhran yarada biləcəklərinə, həmin böhranın da hökumət dəyişikliyinə və məhz rusların şərtlərinə görə sülhə yol açacağına ümid bəsləyirlər…

Ukraynanın bu ssenariyə uya biləcəyi təhlükə kimi qalır. Zelenski prezident olduğu müddətdə Rusiyanın şərtləri ilə hər hansı danışıqlar olmayacaq. Ancaq o, prezidentlikdən getsə, o zaman danışıqlar mümkün ola bilər. Bu səbəbdən 2024-cü il çox önəmli ildir. Savaş uzun çəkəcək. Söhbət sənaye dövrü savaşından gedir. Bu da o deməkdir ki, müharibə [hələ] bir neçə il çəkəcək. Sonsuz olmasa belə, bitməsi illər çəkəcək. Sənaye dövrü müharibəsində isə zamanın kəfgiri gah geri, gah da önə işləyir. İndi kəfgir yenə Rusiya tərəfə üz tutub. [Belə davam etsə], Ukraynanın yenilməsi mümkündür. Ancaq kəfgir sonadək geriyə yellənməsə, Ukrayna bu il ayaqda qala bilsə, kəfgir 2025-2026-cı illərdə yenidən Ukraynaya tərəf hərəkət etməlidir", - Klark belə düşünür.

Ukrayna prezidenti Volodimir Zelenski və Almaniya kansleri Olaf Şolts G7 sammiti çərçivəsində görüş zamanı
Ukrayna prezidenti Volodimir Zelenski və Almaniya kansleri Olaf Şolts G7 sammiti çərçivəsində görüş zamanı

Onun fikrincə, hazırda Ukraynaya dəstək təşəbbüsü birləşmiş Avropadan çox bu böhranı gerçəkdən anlayan ayrı-ayrı ölkələrdən asılıdır: "Bu ildən [salamat] çıxmaq üçün Ukraynanı yetərincə məhz həmin ölkələr təchiz edəcək. Di gəl, ABŞ önəmlidir. ABŞ yenidən [Ukraynaya dəstək verən dövlətlər sırasına] geri dönsə, Ukrayna, əsasən, güvənlikdə olacaq. ABŞ geri qayıtmasa, o zaman Almaniyanın nə edəcəyi gerçəkdən önəm qazanacaq".

"Müharibələr mərmi, tank və ağır metalla qazanılır"

"Almaniya ilə birlikdə, Avropa dövlətləri də bunu edə bilərlər. Almaniyasız bu iş çətin olacaq. Ancaq mənə elə gəlir ki, Almaniya geri dönərək daha yaxından iştirak edəcək, çünki kanslerə öz koalisiyasından təzyiq artmaqdadır. O, daha güclü xətti seçməsə, hökumətin çökə bilər… Onun qarşısında bu dilemma var. Ancaq, bu, sadəcə mənim gümanımdır – mən düşünürəm ki, bu il irəlilədikcə Almaniya … daha güclü şəkildə geri dönəcək. Ancaq bu baş verməsə, avropalılar üçün ABŞ maliyyəsini, amerikalıların verdiyi ağır metal və silahları əvəzləmək çox çətin olacaq. Siyasi dəstək vacibdir, pul vacibdir, amma son nəticədə müharibələr mərmi, tank və ağır metalla qazanılır", - Klarkın sözləridir.

Klark Qərbin strategiyasını bütövlükdə çox aydın sayır: "Biz Rusiyanın bu imperialist avantürasının uğursuzluğa düçar olmasını və Ukraynanın müəyyən qədər üstünlük qazanmasını təmin etmək istəyirik. Bunun nə demək olduğu Ukraynanın 1991-ci ildən bəri mövcud olan bütün sərhədləri üzərində nəzarəti geri qaytarması, yoxsa 2022-ci il müdaxiləsindən öncəki sərhədlərini bərpa etməsindən asılı olaraq dəyişə bilər. …Birinci prinsip budur.

İkinci prinsip bu müharibənin [miqyasının olduğu kimi] saxlanmasıdır. Yəni biz Avropanın Rusiyaya qarşı ortaq savaşının başlanmasını istəmirik. Bizim Rusiya ilə bir ölkə kimi hər hansı mübahisəmiz yoxdur. Təbii ki, Rusiyanın sahəsini də kiçiltmək, yaxud Rusiyaya hücum etmək… niyyətində deyilik…

"Taurus" raketinin Cənubi Koreya sahillərində təlim zamanı uçuşu
"Taurus" raketinin Cənubi Koreya sahillərində təlim zamanı uçuşu

"Bizim "Taurus"larımız olsaydı…"

Ancaq bundan o yana, Qərbin strategiyası çox dolaşıq hala düşüb, axı bəzi Qərb ölkələri Putinin yırtıcı bəyanatlarından çəkinir. [Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini və Putinin müttəfiqi Dmitri] Medvedev də gülünc bəyanatlar verir. Biz hər gecə dövlət mediasında Qərbə nüvə silahı atılması, Britaniyanın nüvə torpedosu ilə məhv edilməsi haqda dəlicə bəyanatlar verildiyini görürük. Bəzi Avropa liderləri bundan çəkinir. Onlar Putindən qorxurlar.

Almaniyanın [uzunmənzilli] "Taurus" raketləri ilə problem də məhz bununla bağlıdır. Biz bilirik ki, "Taurus" raketi Ukraynanın müharibəni Rusiya ərazisinə daşımaq imkanları baxımından böyük fərq yaradacaq. Kansler [Olaf] Şolts da Putinin dediklərindən qorxur. …Yəni kansler Şolts Putinin bəyanatlarından çəkinir, ancaq Estoniyanın [baş naziri] Kaya Kallas çəkinmir. Hətta Britaniyada [baş nazir] Rişi Sunak da çəkinmir. Əgər bizim "Taurus"larımız olsaydı, əlbəttə ki, biz onları Ukraynaya verərdik, ancaq bizim "Storm Shadow" raketlərimiz – biz onları Ukraynaya vermişik və daha çox verəcəyik – "Taurus" qədər ağır deyil və onun qədər yaxşı deyil", - Klark belə deyir.

XS
SM
MD
LG