Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:27

Pandemiyadan sonra taksi xidmətinə keçib, amma yenə işsiz qala bilər...


Astarada taksilər
Astarada taksilər

Astara rayon sakini İslam Qafarov (ad və soyadı şərtidir) deyir ki, quru sərhədlər bağlanandan sonra işsiz qalıb: "Astara keçid məntəqəsinin önündə dururdum. İrandan minik maşınları gətirənlərə xidmət edirdim. Elə olurdu ki, Gürcüstana da, Rusiyaya da minik maşınları aparırdım. Çətin idi, amma ailəmi onunla saxlayırdım. Qapılar bağlandı, işimiz də bağlandı. Ucuz qiymətə köhnə "Jiquli" markalı maşın aldım, təmir etdim, taksi xidməti göstərməyə başladım. Maşın üçün aldığım borcdan hələ də qurtarmamışam".

Koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin əvvəlindən ölkənin qonşuları ilə quru sərhədlərində gediş-gəliş məhdudlaşdırılıb. Ümumdünya Səhiyyə Təşkilatı ötən il mayın 5-dən pandemiyanın başa çatdığını açıqlasa da, Azərbaycan hökuməti hələ də sərhəddə məhdudiyyətləri götürmür. Səbəbi rəsmən açıqlanmır.

Nazirlər Kabinetinin yeni tələbinə əsasən isə, istehsal müddəti 15 ildən çox olan avtomobillərlə iyulun 1-dən taksi xidməti göstərməyə icazə verilməyəcək. Üstəlik, yeni qaydalarda taksilərin rəngi və texniki imkanları ilə də bağlı tələblər var.

"Sərhədlər bağlıdır, qiymətləri qaldırıblar"

İ.Qafarov əlavə edir ki, "Jiquli"si köhnə olduğundan həmişə təmirinə xərc çəkir. Onun vurğulamasına görə, avtomobil hissələri də ildən-ilə bahalaşır: "Yağ filtri 4-5 manata idi, indi olub 8 manata. Sürtgü yağları da 7-8 manat bahalaşıb. Ehtiyat hissələrinin hamısı bahalaşıb. Şin 20-30 manat bahalaşıb. Maşın hissələri xaricdən gəlir. Sərhədlər bağlıdır, qiymətləri qaldırıblar".

Astara gömrük-sərhəd keçid məntəqəsi önündə taksi maşınları (Foto arxiv)
Astara gömrük-sərhəd keçid məntəqəsi önündə taksi maşınları (Foto arxiv)

"Əvvəllər gündə 35-40 manat qazancım olardı, indi 5-6 manat..."

Onun sözlərinə görə, rayonda taksi xidmətindən istifadə edənlər azdır: "Taksidən imkanlı adamlar istifadə etmir, onların öz avtomobilləri var. Maşını olmayan müəllimlərdir, həkimlərdir, onlar da maaşa baxırlar. Sərnişini aparıram mənzil başına, 3 manat vermək əvəzinə verir 1 manat. Başa salıram, 1 manat da əlavə edir. Geri qayıdanda da sərnişin olmur, düşürəm zərərə. Əvvəllər gündə 35-40 manat qazancım olardı, indi 5-6 manat olsa, sevinərəm".

O deyir ki, taksi ilə bağlı çıxarılan yeni qərarlar reallığı əks etdirmir: "Dağa işləyən "UAZ" markalı maşınlar var, sərnişin daşıyırlar. Yəni, bir növ taksi maşınlarıdır. Onları heç bir maşın əvəz edə bilməz. Arzu edirəm ki, yeni qaydalar rayonlara şamil olunmasın. Rayonda mümkün deyil. Gəlir azdır, əhalidə pul yoxdur taksiyə minsin. Bazarın yanında dururam. Vəziyyət yaxşı deyil".

"Mənə gülməli gəldi"

Digər taksi sürücüsü də həmkarının fikirlərinə şərik çıxır. Onun qənaətinə görə, taksi xidmətindən istifadə edənlərin sayı azalıb, buna görə qazanc da düşüb: "Yeni taksi qaydaları barədə məlumatım var. Mənə gülməli gəldi. Bakıda, bəlkə də, mümkündür. Bakıda işləyən taksilərin çoxu rayon sakinləridir, onlar qayıdacaqlar rayonlara, qazanc düşəcək sıfıra. Burada taksi sürənlərin sıralarında hər peşə adamına rast gəlmək olur. Aralarında pensiyaya çıxmış polis, müəllim, mühəndis, Qarabağ veteranı var. Mən özüm əliləm. Taksi sürürəm, oradan da 5-6 manat gəlir, dolanıram".

Adının çəkilməsini istəməyən həmin şəxsin sözlərinə görə, ildən-ilə cərimələrin artırılması da problem yaradır: "Hər yer kameradır, tərpənən kimi cərimə edirlər. Bir tanışım var, taksi sürür, bir ayda onu 300 manat cərimə etmişdilər. Xətləri, yol nişanlarını dəyişirlər, adamın xəbəri olmur. Vərdiş etdiyin qayda ilə hərəkət edirsən, düşürsən cəriməyə. Cərimənin məbləği bu qədər olmaz".

Lənkəranda mərkəzi bazarın önü
Lənkəranda mərkəzi bazarın önü

Lənkəranda...

Lənkəran şəhərində isə taksilər, əsasən, mərkəzi bazarın ətrafında, "Ləvəngi" dairəsində, mərkəzi xəstəxananın ətrafında toplaşırlar. Onlar da bir çox şikayətləri dilə gətirsələr də, adlarının çəkilməsini istəmirlər. Bunu əlavə problem yaşamaq istəməmələri ilə izah edirlər.

Onlardan biri deyir ki, Lənkəran şəhərində işləyən taksi sürücülərinin arasında yaxşı dolananlar var: "Təmirə ehtiyacı olmayan taksi maşını gəlir gətirir. Köhnə maşınların qazancı çörəyə çatır. Bizdə köhnə "Volqa" markalı taksi maşını da var. Kəndlərə işləyən taksilərin çoxu köhnədir. Kəndlərə gedən avtobusların arasında da köhnə sovet maşınları var. Mən özüm tərəvəz də əkirəm, boş vaxtı taksi sürürəm".

"Qoymazlar, ataram, evdə qalar, at arabasına keçərəm"

O, qabarlı əllərini göstərir. Sonra sözünə davam edir: "İş yoxdur, ona görə çoxu taksi sürür. Rayonda 300-400 taksi var. Kənddən bazara adam gətirirəm, sonra geri qayıdıram, həmin günün çörəkpulunu çıxardıram. Texniki baxış pulu, utilizasiya pulu, sığorta pulu, üstə gəl cərimələr... İndi də taksilərə qoyulan yeni tələblər. Köhnə "Jiquli" maşınıdır. Sovet dövründə kartof əkib satırdım, onun hesabına almışdım. Qoymazlar, ataram evdə qalar, at arabasına keçərəm. Axır bir yol taparam. Müəllim, adımı çəkmə ha...".

Lənkəranda sovet dövründən qalma avtobuslar
Lənkəranda sovet dövründən qalma avtobuslar

Xatırlatma

Martın 28-də Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"i təsdiqləyib. Nəzərdə tutulan dəyişikliklər bu il iyulun 1-dən qüvvəyə minəcək. Dəyişikliklər Azərbaycanda taksi fəaliyyətinə tələblərin artırılmasını nəzərdə tutur.

Yeni qaydalarda göstərilir ki, taksi minik avtomobilləri gediş haqqının qiymətini müəyyənləşdirməyə imkan verən taksometr və ya taksometr funksiyalarını görən proqram təminatlı mobil cihazla təchiz edilməlidir. Taksometrlə yanaşı, taksilərdə POS-terminal tələbi də gətirilib. İyuldan başlayaraq taksilərdə nağdsız ödəniş üçün POS-terminal olmalıdır. Taksilərdə quraşdırılması tələb edilən digər bir cihaz da videokameralardır.

Yeni qaydalarda habelə taksi fəaliyyəti göstərəcək avtomobilin istehsal tarixi ilə də bağlı tələblər öz əksini tapıb.

XS
SM
MD
LG