Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:37

Slovakiyada niyə anti-Ukrayna namizədləri üstünlük qazanır?


Anti-Ukrayna tandemi - prezident Peter Pelleqrini (solda) və baş nazir Robert Fitso
Anti-Ukrayna tandemi - prezident Peter Pelleqrini (solda) və baş nazir Robert Fitso

Slovakiyada keçirilən prezident seçkisində Peter Pelleqrini qalib gəlib.

O ikinci turda səslərin 53 faizinə qədərini toplayaraq müxalifət namizədi İvan Korçoku geridə qoyub.

Qələbəsindən az sonra çıxış edən Pelleqrini vəd edib ki, Slovakiya “hərbin yox, sülhün tərəfində olacaq”.

Bu isə diplomatiyasız, sadə dildə o deməkdir ki, Pelleqrini də Ukraynaya hərbi yardım göstərilməsinin əleyhinədir.

Pelleqrini hazırkı baş nazir və anti-Ukrayna təmayüllü baş nazir Robert Fitsonun tərəfdarıdır.

Prezident seçkisi kampaniyası dövründə Pelleqrini öz rəqibi Korçoku “müharibə qızışdıran” adlandırırdı.

Slovakiya parlament respublikası olsa da...

O iddia edirdi ki, guya seçkidə Korçok qalib gələrsə, Slovakiya qoşunlarını Ukraynaya göndərəcək.

İkinci turdan əvvəl isə bütün Slovakiya boyunca Pelleqrininin reklam lövhələrində “Slovakiya Ukraynaya bir əsgər də göndərməyəcək” yazılmışdı.

Slovakiya parlament respublikasıdır, amma prezident qanunların qəbulunu bloklaya, habelə onları konstitusiya məhkəməsində mübahisələndirə bilər.

Onun habelə Konstitusiya hakimlərinin namizədliyini təklif etmək səlahiyyəti var.

Məhz bu səbəbdən Pelleqrininin prezidentliyi Fitsoya ölkədəki mühüm postlar üzərində nəzarət imkanı qazandırır.

Ukraynaya 40 milyon avroluq yardım edilməyəcək

Fitso özünün “Kurs Slovakiya sosial-demokratiyasıdır” partiyası ilə birlikdə 2023-cü ildə keçirilmiş parlament seçkisində qalib gəlib.

Fitso da seçki kampaniyası ərzində Ukraynaya hərbi yardımlar verilməsinə qarşı çıxış edirdi.

Odur ki, artıq 2023-cü ilin noyabrında Slovakiya hökuməti Ukraynaya 40, 3 milyon avroluq növbəti hərbi yardım paketini təsdiqləməkdən imtina edib.

Bu paketə 4 milyon güllə, beş mindən çox 125 mm çaplı artilleriya mərmisi, “Kub” hava hücumundan müdafiə kompleksi üçün 140 raket daxil idi. “Kub” kompleksini Slovakiya Ukraynaya daha əvvəl çatdırmışdı.

“Güclü lider – güclü əl” kultu

Bəs görəsən niyə Slovakiya seçkilərində Ukraynaya yardımın əleyhdarları qalib gəlirlər?

Çexiya radiosunun jurnalisti Ondrjey Soukup AzadlqRadiosunun bu sualını cavablandırıb.

Jurnalistin sözlərinə görə bu halda Slovakiya “güclü rəhbər və güclü əl” kultuna pərəstiş edən Macarıstana bənzəyir:

"Bu təkcə antiliberal deyil, həm də liberal namizədlərə şamil edilməlidir. Sol və sağ təmayüllü partiyaların aydın təşəkkül tapdığı Çexiyadan fərqli olaraq Slovakiyada daim hansısa yeni, bəzən isə ekzotik partiyalar yaranır”.

XIX-XX əsrlərin “kəndli dəyərləri”

Jurnalist daha sonra fikrini belə izah edib:

“Slovakiya sosioloqları deyirlər: Tarixən elə gətirib ki, Slovakiya seçicisi üçün partiyanın proqramı yox, namizədin şəxsiyyəti əsasdır. Bu onunla bağlıdır ki, Slovakiyaya sənayeləşmə yalnız XX əsrdə gəlib çıxıb. Hazırda çox populyar bir kitab var – “Postkəndlilər”. Slovakiya cəmiyyəti barədə olan bu kitabda deyilir ki, Slovakiya seçicilərinin üstünlük verdikləri əsas dəyərlər – XIX əsrin sonları və XX əsrin əvvəlləri üçün kənd əhalisinə xas olan dəyərlərdir”.

Slovakiyanın Avropa İttifaqı ilə münasibətlərinə gəlincə isə, Ondrjey Soukup bu qənaətdədir ki, bu münasibətlər olduğu formatda qalacaq:

"Slovakiyaya avrodotasiyalar verilir. Həm baş nazir Fitso, həm də onun ətrafındakılar bundan xeyir götürürlər. Odur ki, Viktor Orbanla olduğu kimi hər hansı böyük münaqişə gözləmirəm. Çünki bütün bu anti-Ukrayna və anti-Soros ritorikasına baxmayaraq bu hökumət sosial ödəniş vədlərinin dalğası üzərində hakimiyyətə gəlib. Məncə onlar başa düşürlər ki, Avropa İttifaqı olmadan əlbəttə, iqtisadi baxımdan itirəcəklər. Bəli əlbəttə, burada da Macarıstanda baş verən hansısa proseslər gedir. Məsələn ictimai kütləvi informasiya vasitələri yenə də hökumətin sərt nəzarəti altında olacaqlar”.

XS
SM
MD
LG