Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:32

Rusiya Qazaxıstandan benzin istəməyə hazırlaşır, Belarusdan idxalı artırır - Qərb mediası


GEORGIA -- cover for petrol imports from Russia
GEORGIA -- cover for petrol imports from Russia

Rusiya benzin qıtlığı yaranacağı halları önləmək məqsədilə Qazaxıstandan 100 min ton benzin ehtiyatı hazırlamağı rica edib.

Bunu sözü gedən sahədəki üç məlumatlı mənbəyə istinadla Reuters agentliyi yazıb.

Mənbələrdən biri razılaşmanın artıq əldə olunduğunu bildirib.

Qazaxıstan energetika nazirinin müşaviri Şınqıs İlyasov jurnalistlərə deyib ki, quruma belə bir sorğu daxil olmayıb.

Rusiya Energetika Nazirliyində isə Reuters agentliyinin sorğusuna cavab verməyiblər.

Agentlik bunu da yazır ki, dron hücumları nəticəsində Rusiyada neftin ilkin emalının istehsal gücünün 14 faizi sıradan çıxarılıb.

Kommersant qəzetinin məlumatına görə Ryazan, Kuybışev, Sızran və Nijeqorod neft emalı zavodlarında istehsalat qurğuları tamamilə dayandırılıb.

Nəticədə martın son həftəsində Rusiyada benzinin orta gündəlik buraxılışı 110,7 ton olub. Bu isə fevral ayının müvafiq göstəricisindən 12 faiz azdır.

“Bazar risklərinin baş verməməsi üçün”

Rusiya Energetika Nazirliyi aprel-may və ola bilsin iyunun əvvəllərinədək neft emalı zavodlarının təmirini başa vurmağı planlaşdırır.

Energetika naziri Nikolay Şulginov deyib ki, bütün zədələnmiş qurğular istismara qaytarılacaq.

Rusiya Yanacaq Enerji Kompleksinin vitse-prezidenti Aleksandr Novak deyb ki, “bazar risklərinin baş verməməsi üçün” neft şirkətlərinə zədələnməmiş zavodların təchizatını və beləliklə də benzin istehsalını artırmaq tapşırılıb.

Rusiya hökuməti öz növbəsində martın 1-dən benzinin ixracını qadağan edib.

Məhdudiyyətlər daha yarım il qüvvədə olacaq, amma Avrasiya İqtisadi İttifaqı öfkələri ilə əvvəlcədən razılaşdırılmış təchizata şamil edilməyəcək.

Belarus benzini

Daxili bazarda benzin qıtlığından çəkinən Rusiya Belarusdan benzin alışını artırıb.

Əgər fevral ayında Rusiya Belarusdan 590 ton benzin almışdısa, mart ayında bu rəqəm 3 min tona yüksəlib.

Bloomberg agentliyi yazırdı ki, Rusiya dəniz dizel yanacağının ixracını 5 aylıq minimum həcmində azaltmağı planlaşdırır.

Mart ayında Rosneft şirkətinin Ryazan, Lukoil şirkətinin isə Kstovdakı neft emalı zavodlarına dron hücumları olub.

Bu iki müəssisə Rusiya və Moskvanı benzinlə təchiz edən neftayırma zavodlarının ilk onluğuna daxildir.

İlin əvvəlindən bəri Rusiyanın 10 regionundakı 15 neft emalı zavoduna dron hücumları olub. Bunların illik emal gücü 192 milyon tondur.

Kiyev bu hücumlar üçün məsuliyyəti bir qayda olaraq üzərinə götürmür.

Bu arada Financial Times qəzeti üç mənbəyə istinadla xəbər verirdi ki, Vaşinqton Kiyevi Rusiyanın enerji infrastrukturuna zərbələr endirməməyə çağırıb.

Mənbələrin dediyinə görə ABŞ bunun nəticəsində dünya bazarında neft qiymətlərinin artacağından ehtiyat edir.

XS
SM
MD
LG