Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:51

Paşinyan Putinin inauqurasiyasında iştirak etməyəcək


Nikol Paşinyan və Vladimir Putin (Arxiv fotosu)
Nikol Paşinyan və Vladimir Putin (Arxiv fotosu)

Ermənistanın baş naziri Nikol Paşinyan Vladimir Putinin beşinci müddət prezidentlik üçün inauqurasiyasında iştirak etməyəcək.

Bunu mayın 6-da Milli Məclisin spikeri Alen Simonyan deyib.

Spikerin sözlərinə görə, bununla belə Ermənistan baş naziri Avrasiya İqtisadi İttifaqının (Aİİ) mayın 8-də Moskvada keçiriləcək sammitinə sədrlik edəcək.

O əlavə edib ki, Ermənistan bu tədbirdən yayına bilməz, çünki hazırda bu təşkilatın rotasiyalı prezidentidir.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə Paşinyanın və başqa xarici liderlərin inauqurasiyaya rəsmən dəvət edilib-edilmədikləri məlum deyil.

Nikol Paşinyan ötən ayın sonlarında demişdi ki, Putinin inauqurasiyasında iştirak edib-etməyəcəyinə dair hələlik qərar qəbul etməyib. O bildirmişdi ki, bu, “bir çox şəraitlərdən” asılıdır.

Pisləşən münasibətlər

Son bir il ərzində Ermənistan Rusiyanın başçılıq etdiyi təşkilatların, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), habelə Aİİ-nin bir sıra yüksək səviyyəli tədbirlərini boykot edib.

Paşinyan ötən fevralda bəyan etmişdi ki, Ermənstan KTMT-dəki üzvlüyünü “dondurub”. O bunu üzvlüyün “de facto” dayandırılması adlandırmış və əlavə etmişdi ki, Yerevan lazım gələrsə, bu üzvlüyü “de jure” də dayandıra bilər.

Ötən mart ayında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bununla əlaqədar bildirmişdi ki, Paşinyanın administrasiyası Qərbin istəyi naminə “Rusiya-Ermənistan münasibətlərini məhvə aparır”.

İki ölkə arasında münasibətlər Milli Məclisin spikeri Alen Simonyan Avropa İttifaqına üzv ölkələrdən olan həmkarları ilə görüşdə “Rusiyanın Ukraynaya müdaxilə etməsinə” dair bəyanat verdikdən sonra misli görünməmiş şəkildə daha da gərginləşib.

Simonyanın sərt cavabı

Rusiya parlamentinin yuxarı palatası – Federasiya Şurasının sədri, Simonyanın bu bəyanatlarını şərh edən Valentina Matviyenko demişdi ki, Ermənistan parlamentinin spikeri “bütün qırmızı xətləri” keçib:

"Həmkarıma, Ermənistan parlamentinin sədrinə sual vermək istərdim: O bu bəyanatları kimin adından səsləndirib? Bu, dəqiq Rusiya ilə çoxəsrlik dostluğu olan erməni xalqının adından deyil. Biz bu sayaq rusofob çıxışlardan yan keçə bilmərik”.

Matviyenko senatorlardan Ermənistan spikerinin “anti-Rusiya” bəyanatları ilə bağlı Ermənistan parlamentinə sorğu göndərmələrini xahiş etmişdi.

Daha sonra Simonyan Matviyenkoya cavab vermişdi:

“Təəssüf edirəm ki, erməni və rus xalqları arasında dostluqdan danışarkən erməni soyqırımının adı bircə dəfə də çəkilmir. Dostluqdan dəm vuran həmkarlar ermənilərin soyqırımından heç nə yazmırlar. Bəs çoxəsrlik dostluq nə oldu?”

Alen Simonyan bəyan etmişdi ki, verdiyi bəyanatların üstündə dayanır.

XS
SM
MD
LG