Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:28

Rusiya XİN Ukraynanı dəstəkləyən bəyanatlara görə Ermənistana nota verib


Ermənistanın Ukraynadakı səfiri Vladimir Karapetyan və Yerevanın Nor Nork rayonunun icra başçısı Tiqran Ter-Marqaryan Buça qurbanlarının xatirə abidəsində
Ermənistanın Ukraynadakı səfiri Vladimir Karapetyan və Yerevanın Nor Nork rayonunun icra başçısı Tiqran Ter-Marqaryan Buça qurbanlarının xatirə abidəsində

Rusiya Xarici İşlər Nazirliyi xəbər verildiyinə görə ötən ay iki Ermənistan rəsmisinin Kiyev yaxınlığındakı Buça şəhərinə səfər zamanı verdikləri bəyanatlarla bağlı Yerevana nota verib.

Ermənistanın Ukraynadakı səfiri Vladimir Karapetyan və Yerevanın Nor Nork rayonunun icra başçısı Tiqran Ter-Marqaryan Buça şəhərinə Rusiya-Ermənistan münasibətlərinin son dərəcə pisləşdiyi vaxtda səfər etmişdilər.

Onlar bu səfər zamanı Buçanın meri ilə görüşmüş, yerli xəstəxanalar üçün humanitar yardımı təqdim etmiş və Rusiyanın Ukraynaya təcavüzü nəticəsində qətliam edilmiş Buça sakinləri üçün xatirə abidəsində şam yandırmışdılar.

Bəyanatda nə deyilirdi

Ter-Marqaryan səfər zamanı demişdi:

“Biz öz azadlığını və müstəqilliyini döyüş meydanında müdafiə edən Ukrayna xalqı ilə fəxr edirik. Yerevan şəhəri və onun Nor Nork rayonu Buçanı və Rusiya təcavüzündən əzab çəkmiş başqa icmaları daim dəstəkləyəcək. Bu humanitar yardım bizim həmrəyliyimizin yalnız kiçik bir hissəsidir”.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyunun 9-da rəsmi Yerevanın “açıq-aşkar dost olmayan” addımını pisləyib:

“Ukrayna silahlı qüvvələrinin ehtiyacları üçün verilmiş yardım və Rusiyaya qarşı qeyri-məqbul bəyanatlarla bağlı etiraz notası Ermənistan Xarici İşlər Nazirliyinə göndərilib”.

Avropayönlü Ter-Marqaryan

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ter-Marqaryan avropayönlüdür və baş nazir Nikol Paşinyana müttəfiq Respublika Partiyasını təmsil edir.

Yerevanın iqtidaryönlü meri Tiqran Avinyan Ter-Marqaryanı Nor Nork rayonuna hakim “Vətəndaş müqaviləsi” partiyası ilə hakimiyyətin bölüşdürülməsinə dair razılığa əsasən başçı təyin edib.

Zaxarova deyib ki, “biz Tiqran Ter-Marqaryan kimi fiqurlardan bundan artığını gözləmirdik və təəssüf ki, Ermənistan iqtidarı onunla həmrəydir”.

Buça şəhəri 2022-ci ilin fevral və mart aylarında Rusiya ordusunun işğalına məruz qalmışdı. Ukrayna bu şəhəri işğaldan azad etdikdən sonra küçələrdə edamsayağı güllələnmiş onlarca sakinin olduğunu bildirmişdi.

Moskva Buçanın 22 günlük işğalı zamanı Rusiya hərbçilərinin törətdikləri edamları, zorlamaları və işgəncələri danır.

Bu ilk bəyanat deyil

Azatutyun yazır ki, Ermənistan liderləri son vaxtlaradək Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı ehtiyatlı bəyanatlar verirdilər.

Paşinyanın özü ötən fevral ayında Almaniyaya səfəri zamanı Rusiyanın Ukraynaya hücumunu pisləmiş və Yerevanın bu təcavüzdə Moskvaya müttəfiq olmadığını bəyan etmişdi.

Paşinyanın yaxın müttəfiqi, Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan Avropa İttifaqı ölkələri parlament başçılarının İspaniyada keçirilən sammitində Moskvanın Ukraynaya qarşı təcavüzünü pisləmişdi.

Rusiyanın vəzifəli millət vəkilləri Simonyanın bu bəyanatlarına görə izahat tələb etsələr də, onların tələbinə əhəmiyyət verilməmişdi.

XS
SM
MD
LG