Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:57

Azərbaycanda seçkilərdə namizəd olmaq 'təyinatlıdır'?


MSK-nın gizli saxladığı sənədlər: Prezident seçkisi əslində neçəyə başa gəldi?
Gözlə

No media source currently available

0:00 0:07:51 0:00

MSK-nın gizli saxladığı sənədlər: Prezident seçkisi əslində neçəyə başa gəldi?

Azərbaycanda artıq parlament seçkilərində namizədlərin belə hakimiyyətlə “razılaşdırıldığı” ilə bağlı iddialar səslənir. Həmin fikrin müəlliflərinə görə, hakimiyyət lazım bildiyi müxalif qüvvənin seçkiyə qatılmasına şərait yaradır, lazım bilmədiyi şəxsləri isə “razılaşdırılmış qaydada” seçkidən kənarda qoyur.

Sosial şəbəkələrdə səslənən belə iddialar onunla əsaslandırılır ki, namizədliyini irəli sürmüş bəzi şəxslər artıq bundan imtina etməyə başlayıblar. Son günlərdə VI çağırış parlamentin deputatı Vahid Əhmədov, Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu, “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev namizədliyini geri götürüb. Lakin həmin şəxslərin heç biri onlara təzyiq olması ilə bağlı hər hansı bir açıqlama verməyiblər. Kimisi bunu ailəsinin tövsiyəsi, kimisi də reallıqla hesablaşması ilə izah edib.

Bundan əvvəlki seçkilərdə isə bəzi müstəqil təhlilçilər deyirdi ki, Azərbaycanda seçki institutu sıradan çıxıb, kimin deputat seçilib, kimin seçilməməsini hakimiyyət müəyyən edir. “Hakimiyyət seçkilərə demokratik görüntü vermək üçün müəyyən müxalif qüvvələrin, opponentlərin, tənqidçi şəxslərin prosesdə iştirakında maraqlı idi”, -- deyə onlar vurğulayırdılar.

Hərçənd rəsmilər bir qayda olaraq bildirirdilər ki, ölkədə azad və ədalətli seçkilər üçün bütün imkanlar var.

“Axıra kimi gedəcəkdim, mübarizə aparacaqdım”

Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu da qeyd edilən rəylərlə razılaşmır, namizədliyini geri götürməsini ölkədə gedən proseslərlə izah edir: “İndi Azərbaycanda o qədər ciddi daxili və xarici təhdidlər var ki, ölkədə seçki prosesinin gedişatında müəyyən gərginlik yarandığı təqdirdə milli maraqlar real təhlükə altına düşə bilər. Bunları nəzərə alıb hesab etdim ki, namizədliyimi geri götürməliyəm. Çünki mən seçkilərə gedəcəyim təqdirdə, axıra kimi gedəcəkdim, mübarizə aparacaqdım”.

S.Cəlaloğlu qeyd edib ki, namizədliyini özü könüllü şəkildə, heç bir təzyiq olmadan geri götürüb: “Bizim iqtidarla əməkdaşlıq platformamız var. O platformanın əsas prinsiplərindən biri razılaşmadır. Hökümət mənə təklif etsəydi ki, seçkilərdə iştirak etmə və mənə inandırıcı dəlillər gətirsəydi, mən iqtidarla razılaşardım. Amma heç belə təklif da olmayıb”.

“Əvvəl eyforiyaya düşürlər, namizədliklərini verirlər, sonra...”

Bu məsələyə, hələlik, Mərkəzi Seçki Komissiyasından münasibət almaq mümkün olmayıb. Amma Milli Məclisin VI çağırış deputatı, hakim Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü Elman Nəsirov “Turan”a deyib ki, kiminsə namizəd olmasının “razılaşdırıldığı” və ya bəzi namizədlərin təzyiqlə geri çəkilməsi ilə bağlı iddiaların heç bir əsası yoxdur: “Kimsə görübmü ki, namizədliyini irəli sürən, sonra isə namizədliyini geri götürən şəxs kiminsə ona təzyiq və ya təsir etdiyini desin? Yoxdur belə bir fakt, ola da bilməz”.

E.Nəsirovun fikrincə, ayrı-ayrı şəxslərin namizədliyini geri götürməsinin səbəbləri çox sadədir: “Əvvəl eyforiyaya düşürlər, namizədliklərini verirlər, sonra isə görürlər ki, onların qarşısında Yeni Azərbaycan Partiyasının və ya bitərəflərdən elə güclü namizədləri var ki, bir çox hallarda namizədliyini geri götürmə daha yaxşıdır, nəinki seçki prosesində iştirak edib məğlubiyyət acısını yaşamaq”.

Onun sözlərinə görə, burada yeganə səbəb budur və digər hər hansı səbəb yoxdur: “Namizədliyini geri götürməyin səbəbi mənasız enerji və maliyyə xərclərinə getməmək istəyidir”.

Azərbaycanın Avropada 'rekordçu' olduğu məsələ...
Gözlə

No media source currently available

0:00 0:11:20 0:00

“Hakimiyyət seçkilərin ləğvi ilə məşğuldur”

Hazırda Azərbaycanda 20-dən çox partiya fəaliyyət göstərir. Onlardan yalnız Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) azad və ədalətli seçkilər üçün heç bir şəraitin olmadığını bəyan edərək boykot qərarı verib. Başqa bir müxalif qüvvə-Müsavat Partiyası isə seçkilərə qatılsa da, amma onun indiki və keçmiş rəhbər şəxsləri namizədliyini irəli sürməyib. Bu partiyanın başqanı İsa Qəmbər AzadlıqRadiosuna deyib ki, Azərbaycanda avtoritar hakimiyyət hökm sürür və bu hakimiyyət dövründə ümumiyyətlə ölkədə azad, ədalətli seçkilər keçirilməyib: “Getdikcə hakimiyyət faktiki olaraq seçkilərin ləğvi ilə məşğuldur. Hakimiyyət istəyir ki, onların tabeliyində olan, ancaq onların təyin etdiyi şəxslər parlamentdə olsun və nəyinki müxalifət namizədlərinin, hətta müstəqil namizədlərinin parlamentdə yer almasını hakimiyyət istəmir”.

İ.Qəmbərin fikrincə, hakimiyyət istəyir ki, seçkilər bir tərəfdən çox sakit, önəmsiz bir hadisə kimi baş versin, digər tərəfdən isə seçki ilə bağlı heç bir ziddiyyət yaranmasın, heç bir ciddi etirazlar olmasın: “Təbii ki, bu, Azərbaycanın maraqlarına ziddir. Elə məhz buna görə də biz, Müsavat Partiyası olaraq hesab edirik ki, hakimiyyətin yaratdığı bu gerçəkliyi dəyişməyə çalışmalıyıq”.

Müsavat başqanı qeyd edib ki, 1993-cü ildən bu günə qədər heç vaxt parlamentə buraxılmayıb. O, bütün parlament seçkilərində iştirak etdiyini, "bütün seçkiləri qazanmağından" əmin olduğunu söyləyib.

İ.Qəmbər qeyd edib ki, hazırda Müsavat Partiyasının 30 namizədi var: “Onlardan neçəsinin seçkilərə buraxılacağını bilmirəm, halbuki, onların əksəriyyəti öz dairələrində qalib gəlməyə qadirdirlər. Amma parlament seçkilərində həmin şəxslərin qalibiyyəti tanınacaq-tanınmayacaq, bu barədə mənim heç bir fikrim yoxdur. Çünki təəssüf ki, bu parlamentdə kimin oturması seçicilərin iradəsi ilə yox, hakimiyyətin iradəsi ilə müəyyənləşir”.

“Avropa Məhkəməsinə şikayətlərin verilməməsi üçün qabaqlayıcı addımlar atılıb”

Siyasi şərhçisi Nəsimi Məmmədli isə AzadlıqRadiosuna deyib ki, ölkədə seçkinin siyasi proses və vətəndaş fəallığı yaratmasının qarşısını hakimiyyət tamamilə alıb: “Siyasi fəallıq yaranmaması üçün namizədliyin irəli sürülməsinə məhdud çərçivə müəyyən edilib. Sentyabrın 1-də tamamilə passiv bir ortamda sadəcə səsvermə görüntüsü olacaq. Hər bir dairədən mandat alacaq şəxslər, hətta ikinci yerin sahibləri də öncədən müəyyən olunub”.

Ekspert hesab edir ki, belə bir şəraitdə nəinki deputat, hətta namizəd olmaq da hakimiyyətin ciddi nəzarətindədir: “Mümkün qədər Avropa Məhkəməsinə şikayətlərin verilməməsi üçün qabaqlayıcı addımlar atılıb”.

O, hesab edir ki, namizədliyini geri götürən şəxslərin nə deməsindən asılı olmayaraq, bu, hakimiyyətin basqısı ilə edilib: “Dairələrdə azacıq fəallıq yarada biləcək şəxslərin heç birinin namizədliyi qeydə alınmayıb, yaxud da geri çəkilməyə məcbur olublar. Ölkədə ictimai-siyasi iştirakçılıq faktiki olaraq ləğv olunub”.



Xatırlatma

Azərbaycanda sentyabrın 1-nə növbədənkənar parlament seçkiləri təyin olunub. Halbuki seçkilərin bu ilin noyabrında keçiriləcəyi gözlənirdi.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) həmin ay ölkədə BMT-nin iqlim konfransını (COP29) səbəb göstərərək parlamentin vaxtından əvvəl buraxılması təşəbbüsü ilə çıxış edib. Təşəbbüs parlamentdə qəbul edilib.

Bundan beş il əvvəl də YAP parlamentin özünü buraxması və erkən parlament seçkilərinin keçirilməsi təşəbbüsünü irəli sürmüşdü. Onda partiya bunu prezidentin apardığı islahatlarla ayaqlaşmaq istəyi ilə izah etmişdi.

Nəticədə parlament seçkiləri vaxtından altı ay əvvəl baş tutmuşdu. Sonradan əvvəlki tərkibin əksəriyyətinin yenidən parlamentə düşməsi bir çoxlarının tənqidinə səbəb olmuşdu.

XS
SM
MD
LG