Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:25

Rusiya prokurorları Çexoslovakiya legionundan bəhs edən video oyunun qadağanını tələb ediblər


Oyundan bir fraqment
Oyundan bir fraqment

Rusiyanın Sankt Peterburq şəhərinin prokurorluğu Çexoslovakiya korpusunun qiyamı barədə “Vətənə gedən son qatar” (Last Train Home) video oyununun qadağan edilməsi vəsatəti ilə məhkəməyə müraciət edib.

Oyundakı hadisələr I Dünya Müharibəsindən sonrakı dövrü əks etdirir. Həmin vaxt Rusiyada vətəndaş müharibəsi gedirdi və Rusiya ordusunun tərkibində döyüşən çexlər və slovaklar qiyam qaldırmış, Transsibir dəmiryol magistralı boyunca Rusiyanın böyük bir ərazisini ələ keçirmiş və onu bir müddət nəzarətlərində saxlaya bilmişdilər.

Çexoslovakiya korpusunun qiyamı nəticəsində Volqa boyunca, Uralda, Sibirdə və Uzaq Şərqdə sovet hakimiyyət orqanlarının devrilməsi üçün şərait yaranmışdı. Bu ərazilərdə bir neçə antisovet müvəqqəti hökumətləri elan edilmişdi. Qiyama səbəb korpus döyüşçülərinin tərksilah edilməsi cəhdi olmuşdu.

Çexoslovakiya korpusunun 1918-ci ildə İrkutska daxil olması
Çexoslovakiya korpusunun 1918-ci ildə İrkutska daxil olması

“Ənənəvi dəyərlər”

Çexoslovakiya korpusunun özü isə 1917-ci ildə Almaniyaya qarşı döyüşmək istəyən çex və slovaklardan təşkil olunmuşdu. Onların bir qismi Almaniya və Avstriya-Macarıstan ordularından fərarilik etmişdilər.

Prokurorluğun vəsatətində iddia olunur ki, video oyunu “Vətəndaş müharibəsi dövrü Qırmızı Ordusunun hərbi qulluqçularına və Rusiya hakimiyyətinə qarşı nifrət və düşmənçiliyi qızışdırır”, habelə tarixi faktları saxtalaşdıraraq Çexoslovakiya korpusu döyüşçülərini tərənnüm edir.

Vəsatətdə bu da deyilir ki, bu oyun Rusiya cəmiyyətinin “ənənəvi dəyərlərinə” qarşıdır və uşaqlarda tarixi hadisələr barədə yanlış təsəvvürlər oyada bilər.

Oyun qaydaları uşaqlardan bir çox epizodlarda qəddar hərəkətlər tələb edir.

Məhkəmə vəsatəti icraata götürüb.

Yeni müharibə köhnə yaraları açıb

Çexiyanın Ashborne Games studiyasında istehsal olunmuş video oyunu satışa ötən ilin noyabrında buraxılıb.

Prokurorluq habelə bu oyunun video oyunları üçün Steam internet mağazası xəttilə yayılmasının qarşısının alınmasını tələb edir.

Oyun ekspertləri bildirilər ki, istifadəçilərin 86 faizi oyundan razı qalıb.

Rusiyanın Ukraynaya təcavüzü başlanandan dərhal sonra Praqa bu müharibədə Kiyevi dəstəklədiyini bildirib.

Rusiyanın bir sıra şəhərlərində kremlyönlü və kommunist fəallar çex legionerlərə qoyulmuş abidələrin sökülməsini tələb edən aksiyalara çıxıblar. Bu abidələr Sibir şəhərlərində 2000-ci illərdə qoyulmuşdu.

2023-cü ildə belə abidələrdən birini Krasnoyarskda söküblər. Hakimiyyət bunu abidənin qəza vəziyyətində olması ilə izah edib.

XS
SM
MD
LG