Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:12

İqtidar- müxalifət dialoquna kölgə düşdümü?


Partiyalara verilən 300 min manat hara xərclənir? Toz basmış ofis, 'yaddan çıxan' rəqəmlər...
Gözlə

No media source currently available

0:00 0:13:17 0:00

Partiyalara verilən 300 min manat hara xərclənir? Toz basmış ofis, 'yaddan çıxan' rəqəmlər...

Bu il sentyabrın 1-də Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərindən sonra ölkə siyasətində yeni nüanslar özünü göstərə bilər. Artıq bu həftə Respublikaçı Alternativ (ReAL) Partiyasının sədri İlqar Məmmədov partiya sədrliyindən istefa verdi. "10 ildir şəxsən məni heç bir seçkiyə buraxmırlar… Xatırladıram: növbəti iki seçkidə partiyamıza uğur qazandıra bilməsəm, sədrlikdən gedərəm", - o ötən il də öz statusunda vurğulamışdı.

İ.Məmmədov 1 sentyabr seçkilərində 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən namizəd olmuşdu. Həmin dairədə saxtakarlıq olduğunu bildirərək nəticələrin ləğvini istəyirdi. Mərkəzi Seçki Komissiyası (MSK) isə o dairədə yalnız üç məntəqədə pozuntu olduğunu bildirərək həmin məntəqələrdə nəticəni ləğv etdi. Amma dairədə nəticənin dəyişmədiyi bildirilir. MSK-nın ilkin açıqlamasına görə, həmin dairədən Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə lider namizəd sayılır. MSK-nın onun şikayəti ilə bağlı qərarından sonra isə İ.Məmmədov istefa ilə bağlı öz qərarını açıqladı.

Dörd il əvvəl dialoq başlamışdı

2020-ci ildə Prezident Administrasiyası ölkədə siyasi sistemin yeni konfiqurasiyasının və dialoq mühitinin formalaşmaqda olduğunu bildirib. Elə həmin ildən iki partiya – Müsavat və AXCP xaric digər partiyalarla hakimiyyət arasında dialoq başladığı açıqlanmışdı. Prosesə qatılmayanlar reallığa söykənməyən görüntüdə iştirak etmək istəmədiklərini bildirmişdilər.

MSK-nın ilkin nəticələrinə görə, parlamentdə yenə, əsasən, əvvəlki partiyaların təmsilçiliyi olacaq. Bu isə dialoqda iştirak edən bir sıra partiyaların yenidən parlamentdən kənarda qalması deməkdir. Bundan sonra "iqtidar- müxalifət" dialoqu hansı formatda davam edəcək?

Yeri gəlmişkən, seçkilərdən az sonra namizədlərdən biri - Xalq Partiyasının sədri Pənah Hüseyn AzadlıqRadiosunun efirində pozuntulara toxunaraq özünün də istefasının müzakirə edilə biləcəyini bildirmişdi. Bu açıqlaması bəzi yerli kütləvi informasiya vasitələrində fərqli dəyərləndirildiyindən o, daha sonra həmin fikirlərinə belə nöqtə qoydu: "...Faktiki olaraq gerçək seçki institutunun ləğvi təhlükəsinin yaranması ilə rəhbərlik etdiyim partiyanın da içində olduğu "iqtidar- müxalifət dialoqu" adı ilə tanınan siyasi kursun uğursuzluğunun ifadəsi olaraq və bu vəziyyətə görə öz məsuliyyət payımı qəbul edərək AXP İdarə Heyətində partiya sədrliyindən istefam,... məsələlərini... qaldırmağı düşündüyümü demişəm. Kollektiv müzakirə aparılıb müvafiq qərarlar qəbul edilənə qədər mən AXP sədri, AXP də siyasi partiya kimi fəaliyyətini davam etdirir".

Elman Nəsirov
Elman Nəsirov

"Hakimiyyət həmin formata sadiqdir"

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) Milli Məclisin VI çağırış deputatı Elman Nəsirov "Turan"a bildirib ki, Azərbaycanda partiyalar, siyasi qüvvələr arasında dialoq mövcuddur: "Bu, siyasi mədəniyyətdir və bunun təsbiti kimi VI çağırış parlamentinə baxsaq, görəcəyik ki, müxalif partiyalar komitə sədrləri, vitse-spiker səviyyəsində parlamentin rəhbərliyində təmsil olunublar. Bu, siyasi dialoqun bir nəticəsidir".

E.Nəsirovun sözlərinə görə, Azərbaycan hakimiyyəti iqtidar-müxalifət siyasi dialoqunun formalaşmasında maraqlıdır və həmin formata sadiqdir: "Seçkilər prosesinin özü də göstərdi ki, bu siyasi dialoq öz bəhrəsini verir. Ölkəmizdə qeydiyyata alınmış 26 siyasi partiyadan 25-i bu seçkilərə qatılmışdı. Onlardan sosial bazası daha güclü olanlar VII çağırış parlamentdə təmsil olunacaqlar".

Bəzi siyasi partiya liderlərinin seçkilərdən sonra istefaya getməsinə gəlincə, deputat qeyd edib ki, bu, onların öz siyasi qərarıdır: "Seçkilər partiyanın gücünü, nüfuzunu bilmək üçün unikal hadisədir. Görünür ki, bu partiya liderləri qənaətə gəliblər ki, seçkilərdə partiyaları qalib gələ bilməyibsə, deməli, yürüdükləri siyasət natamam olub, müvafiq sosial bazanı toplaya bilməyiblər. Belə olan vəziyyətdə partiya rəhbərliyində dəyişikliklərin edilməsini, yəqin ki, ən məqbul variant kimi nəzərdən keçirirlər".

Tural Abbaslı
Tural Abbaslı

AĞ Partiya: "Səhv təəssürat yaranıb ki, dialoq alver predmetidir"

Növbədənkənar seçkilərdə namizədliyini verən, amma MSK-nın ilkin nəticələrinə görə, öz dairəsində liderliyə yüksələ bilməyən AĞ Partiya sədri Tural Abbaslının sözlərinə görə, iqtidar-müxalifət dialoqu başlayandan cəmiyyətdə səhv təəssürat yaranıb ki, dialoq varsa, bu, alver predmetidir: "Yəni, "biz sizinlə bir masa arxasında oturduq, siz də bizi parlamentə buraxmalısız" kimi anlaşma və belə bir gözləntimiz olmayıb. Biz o düşüncədə olmamışıq ki, hakimiyyət bir masa arxasına otura biləcək siyasi mədəniyyət göstərən kimi Azərbaycanda hər şey birdən-birə düzələcək".

O vurğulayır ki, dialoqda iştirak edirlər deyə, parlamentdə təmsil olunacaqları ilə bağlı xülyaları olmayıb: "Biz öz kampaniyamızı aparmışıq, bəlli bir səs yığmışıq. Bizə görə, əgər seçki günü pozuntular olmasaydı, partiyamızdan kifayət qədər namizəd parlamentdə təmsil olunası idi".

T.Abbaslı seçki nəticələri elan edildikdən sonra dialoqun dayanmalı olduğunu düşünmür: "Proses mərhələli gedir, ümid edirəm ki, daha müsbət nəticələr hələ olacaq".

Hazırda MSK seçki şikayətlərinə baxır. İndiyə kimi ümumilikdə yalnız iki dairə üzrə beş məntəqədə pozuntuların təsdiqləndiyi açıqlanıb.

Nəsimi Məmmədli
Nəsimi Məmmədli

"Dialoq hakimiyyətinin korporativ maraqlarına..."

Siyasi şərhçi Nəsimi Məmmədli AzadlıqRadiosuna bildirib ki, bu dialoq prosesinin özü hakimiyyətin korporativ maraqlarına xidmət edən bir proses oldu: "Təcrübə göstərdi ki, bundan nə siyasi partiyalar qazana bildi, nə də bu proses cəmiyyətin demokratikləşməsində müsbət rol oynadı. Əvvəl belə fikirlər var idi ki, bu, ölkədə demokratiyanın inkişafına, çoxpartiyalı sisteminin inkişafına gətirib çıxaracaq. Amma əks effekt oldu".

N.Məmmədli hesab edir ki, hakimiyyətlə dialoqla nəyisə dəyişməyin mümkün olacağına səmimi inanaraq seçkilərə qatılan ayrı-ayrı partiyalar olub: "Əgər bir lider siyasi təşkilat, cəmiyyət qarşısında seçkilərdə uğur qazana bilməsə, istefa verəcəyi ilə bağlı öhdəlik götürürsə, ona əməl etməsi təqdirəlayiqdir. Amma nəzərə almaq lazımdır ki, istefalar demokratik cəmiyyətə xas olan bir yanaşmadır. Azərbaycanda seçkiyə qatılmış partiyalar seçicinin iradəsi ilə məğlubiyyətə uğramayıb. Belə olan təqdirdə onun bədəlini özünə yükləmək və istefa vermək partiyasına uğur qazandıracağına inanmıram".

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun bu il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı bir gün sonra açıqlanan ilkin hesabatında da vurğulandı ki, mövcud şərtlər seçkilərin demokratik standartlara uyğun keçirilməsinə imkan verməyib.

MSK isə hesab edir ki, seçkilər yüksək səviyyədə keçirilib.

Xatırlatma

Azərbaycanda sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçirilib. 125 mandat uğrunda 990 namizəd mübarizəyə qoşulub. Əslində parlament seçkiləri bu ilin noyabrında gözlənirdi. Hakim YAP həmin ay ölkədə BMT-nin iqlim konfransının (COP29) keçiriləcəyini səbəb göstərərək bundan əvvəlki (VI çağırış) parlamentin vaxtından əvvəl buraxılması təşəbbüsü ilə çıxış etdi. Təşəbbüs parlamentdə qəbul edildi və seçki tarixi bir neçə ay önə çəkildi.

XS
SM
MD
LG