Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:54

Ukraynaya təkcə cəbhədə təzyiq artmır


Vladimir Putin, Volodimir Zelenski, Co Bayden
Vladimir Putin, Volodimir Zelenski, Co Bayden

Qış yaxınlaşır. Rusiya qoşunları irəliləyir. Rəsmi Kiyevin ən qüdrətli dəstəkçisi olan ABŞ-dən yardımın gələcəyi isə qeyri-müəyyəndir. Ölkədə bir aydan az bir müddətdə yüksək rəqabətli prezident seçkiləri baş tutacaq.

Ukrayna sağ qalmağı və suverenliyi uğrunda mübarizə aparır. Odur ki, istənilən gün, həftə, ay ölkənin taleyi üçün potensial olaraq həlledicidir.

Ukrayna bir neçə cəbhədə təzyiqlə üzləşir. Əsas təzyiq isə ölkənin şimal-şərqindən cənubunadək keçən gerçək cəbhədədir. Rusiya qoşunları Donbasda irəliləyib. Onlar Uqledar şəhərini ötən həftə ələ keçiriblər.

Qış yaxınlaşdıqca, Rusiyanın amansız hücumları nəzərəçarpacaq səviyyədə ölkənin enerji istehsalı imkanlarını azaldıb. Uzaqda enerji böhranı cizgiləri görünür.

Hava da Kiyevə qarşı?

Ötən həftə dünyadakı hava şəraiti belə Kiyevə qarşı çıxmışdı. ABŞ prezidenti Co Bayden Floridada tüğyan edən qasırğaya görə Almaniyaya planlaşdırdığı səfəri təxirə saldı. Nəticədə oktyabrın 12-də keçirilməli olan və güclü dəstək nümayişi kimi təqdim edilən, Ukraynanın Qərb ölkələri arasındakı silah tədarükçülərinin prezident Volodimir Zelenski ilə görüşü ləğv olundu.

Ukrayna Müdafiəsi üzrə Kontakt Qrupunun görüşünün yeni tarixi hələ müəyyən edilməyib, halbuki budəfəki görüş ilk dəfə dövlət başçıları səviyyəsində keçirilməli idi. Bu, çox güman ki, Bayden ilə Zelenski arasında son üzbəüz görüş ola bilər. Noyabrın 5-də ABŞ-də baş tutacaq prezident seçkilərinin nəticələri 2022-ci ilin fevralında Rusiya tərəfindən başladılmış tammiqyaslı müharibənin gedişatına böyük təsir göstərə bilər.

ABŞ prezidenti Co Bayden Ağ evin Oval kabinetində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşür.
ABŞ prezidenti Co Bayden Ağ evin Oval kabinetində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşür.

Kontakt Qrupu görüşünün tarixi qeyri-müəyyən ikən Zelenski Avropa ölkələrinə səyahət edir və Böyük Britaniya, Fransa, Almaniya və digər ölkələrin liderlərinə müharibəni qazanacaq "qələbə planı"nı təqdim edir.

Ötən ay ABŞ-yə səfəri zamanı o, həmin planı prezident Baydenə, respublikaçıların seçkilərdəki namizədi, keçmiş prezident Donald Trampa və demokratların namizədi, vitse-prezident Kamala Harrisə göstərib. Lakin bunun heç bir nəticəsi olmadı. Zelenski rəsmi Kiyevin əsas istəklərindən birinə – ABŞ-nin ona verdiyi raketlərlə Rusiya ərazisinin daxilində hərbi hədəfləri vurmağa icazə ala bilmədən Ukraynaya qayıtdı.

Seçki günü

Ağ ev kürsüsü uğrunda kəskin mübarizə həmin icazənin nə vaxtsa ala bilinməsini, həmçinin ABŞ-dən silah tədarükü və ölkənin müharibədə Kiyevə göstərdiyi dəstəyin gələcəyini qeyri-müəyyən edir.

Harrisin qələbəsi dəstəyin davamı deməkdir, ancaq onun Ukraynanı dəstəkləmək üçün daha irəli və ya daha çevik hərəkət edə biləcəyi bəlli deyil. Tramp dəfələrlə söyləyib ki, seçkilərdə qalib gəlsə, Ukraynadakı müharibəni tez bitirəcək. Bu isə Ukraynada narahatlığa səbəb olur, çünki onlar böyük güzəştlərə getməyə məcbur edilə bilərlər.

Kursk bölgəsinə gözlənilməz müdaxilədən savayı, Ukrayna çox az uğur əldə edə bilib. Ölkənin 20 faiz ərazisi Rusiya nəzarətindədir, Kiyev 2022-ci ildə şərq və cənubda daha çox ərazisini geri ala bilmişdi.

Bu isə Zelenskiyə əsas hədəflərdən biri olan ərazi bütövlüyünü indilik kənara qoyaraq müharibənin dayandırılması, Qərbdən ölkəsi üçün təhlükəsizlik zəmanəti alması üçün təzyiqi artırır.

1939-1940-cı illər Sovet-Fin müharibəsi zamanı fin pulemyotçuları.
1939-1940-cı illər Sovet-Fin müharibəsi zamanı fin pulemyotçuları.

Kiyevin prioritetlərinin dəyişdirilməsini müharibənin ilk günündən Ukraynanı dəstəkləyən xarici rəsmilər belə məqsədəuyğun hesab edir.

"Finlandiya 1939-cu ildə Sovet İttifaqına qarşı cəsarətlə müharibə apardı. Qırmızı Ordu böyük itkilərlə üzləşdi", – NATO-nun baş katibi Yens Stoltenberq deyib.

"Müharibə Finlandiyanın 10 faiz ərazisinin Rusiyaya güzəştə getməsi ilə nəticələnsə də, onlar təhlükəsiz sərhəd qazandılar", – o əlavə edib.

Çexiya prezidenti Petr Pavel "The New York Times"a müsahibəsində "ən mümkün" nəticəni Ukrayna ərazisinin bir hissəsinin müvəqqəti olaraq Rusiyanın nəzarəti altında qalmasında görüb. "Bu müvəqqəti vəziyyət illərlə davam edə bilər", – o bildirib.

"Ukraynanın təhlükəsizliyinin təmin edilməsi"

Xarici rəsmilərin bu kimi bəyanatları Ukraynada narazılığa səbəb olur, çünki əhalinin əksəriyyəti öz torpaqlarını Rusiyaya güzəştə getmək istəmir. Lakin müharibə davam etdikcə, sülh və müstəqillik naminə bu güzəştə hazır olanların sayı çoxalır. Əgər ötən ilin mayında sorğularda iştirak edənlərin 10 faizi bu fikri bölüşürdüsə, bu ilin mayı artıq 32 faiz respondent bu qənaətdədir. Sorğunu keçirən Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun direktoru Anton Qruşetski deyir ki, bu yaxınlarda gerçəkləşdirilən sorğularda nəticələr analojıdır.

"Əsas məsələ ondadır ki, gələcəkdə Ukraynanın təhlükəsizliyini təmin edəcək format necə olacaq. Əgər istər NATO üzvü kimi, istər isə digər yolla Ukraynanın özünü necə müdafiə edəcəyinə dair izahat verilməyəcəksə, ukraynalılar istənilən razılaşmaya qarşı çıxacaqlar", –o bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski və Ali Baş komandan Aleksandr Sırski Ukraynanın Sumı şəhərinə səfəri zamanı xəritəyə baxırlar.
Ukrayna prezidenti Volodimir Zelenski və Ali Baş komandan Aleksandr Sırski Ukraynanın Sumı şəhərinə səfəri zamanı xəritəyə baxırlar.

Oktyabrın 1-də "The Financial Times"da çıxan bir məqalədə Qərbin yüksəkrütbəli rəsmisi Ukrayna üçün NATO-ya üzvlüyün torpaqların bir hissəsinin güzəştə getməsindən keçdiyini demişdi: "Hər kəs bunu bilir, ancaq ucadan söyləmir. Amma bu masa üzərində olan yeganə strategiyadır".

Zelenski suverenlik və ərazi bütövlüyü məsələlərində heç bir güzəştə getməyəcəyini müharibənin əvvəlindən söyləyir. Mançester Universitetinin professoru Olqa Onuxun qənaətinə görə, Ukrayna rəhbərliyinin Qərb tərəfdaşlarından istəyi gərəkən alətləri əldə etməkdir. Bu isə Rusiya ilə nə vaxtsa əyləşəcək danışıqlar masasında rəsmi Kiyevi daha əlverişli mövqeyə çıxaracaq.

London Kral Kolleci nəzdində Rusiya İnstitutunun professoru Sem Qrinin sözlərinə görə, "əslində, Vaşinqtonda... müzakirə olunan bəzilərinin "sülh naminə torpaq" adlandırdığı saziş yox, ərazisinə tam nəzarəti bərpa etmədən də Ukraynaya NATO və Aİ-yə potensial inteqrasiya da daxil olmaqla, uzunmüddətli təhlükəsizlik zəmanətlərinin verilə biləcəyi razılaşmadır".

O əlavə edib ki, Ukraynada Qərbin bu ölkəni Rusiya qarşısında tək buraxacağına hazırlaşdığına dair narahatlıq artmaqdadır.

Ekspertlərin fikirləri az diqqət çəkən məsələlərdən birinə toxunur: Rusiya Ukraynada işğal etdiyi beş bölgənin özününkü tanınması daxil olmaqla irəli sürdüyü tələbləri qarşılanmasa, danışıqlar masasına oturmağa və atəşkəsə hazırdırmı?

Oktyabrın əvvəli Kremlə yaxın rusdilli nəşrlərin birində rəsmi Moskvanın hazırkı məqamda heç bir danışıqlara hazır olmadığı və Ukraynada güc bahasına nəticə əldə etmək istədiyinə dair fikirlər səslənib. Rusiya prezidentinə yaxın mənbələr deyirdilər ki, Kreml Ukrayna ilə bağlı hansısa kompromisə getmək fikrində deyil.

XS
SM
MD
LG