Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:42

Hüseynbala Mirələmov. Qırxıncı otaq (5)


əvvəli

Dünyada insanları izzət və şərəfdən qoparan, ayrı salan o qədər naqislik var ki... Kim deyir ki, divlər, əjdahalar yalnız nağıllarda olur? Həssas insan, ən çox da bütün həyatı haqsızlığa qarşı mübarizədə keçən adam cildini dəyişmiş ilan, əjdaha xislətli insanların yuvasını yaxşı tanıyır. Fürsət düşən kimi o zəhərli, xəbis, qorxunc ilanların günahsız qurbanları necə zəhərləyib məhv etdiyini də yaxşı bilir.
"Könül dəftəri"ndə az qala bütün dünyanın yaxasından tutub silkələyirdi Cahan. Və sanki yanıqlı bir səslə qoca hakimə üz tutub soruşurdu: "Deyin axı, əjdaha sayaq qanlı caynaqları ilə mənim ailəmi dağıtmaq istəyən, əfi ilan kimi həyatımı zəhərləyən o əclafla necə rəftar etməliydim?
Nərgiz evə gözü yaşlı qayıtmışdı. Həmən o "damazlıq" rəfiqəsi bu dəfə yazılı, guya görüşməyə üzü gəlməyib, mağmının balasına namə göndərib, yazıb ki: "O adamın təklifini qəbul etməsən, başın bərk ağrıyacaq..."
Soruşdum ki, qızım, kağızı o həyasız nə vaxt yazıb? Dedi ki, "Dünən, ancaq mənə bu gün çatdırıblar".
Dedim, ürəyini sıxma, o qansız yel olub sənin yanından da ötə bilməyəcək!
Bir anlığa nəfəsimi dərib:
- Heç vaxt!.. - deyə təkrar etdim.
Nərgiz mənim nə demək istədiyimi anlamadığından hələ də ağlayırdı. Sevimli, məsum Nərgizimin acı göz yaşlarına dözə bilmirdim. Axı bu həyatda o nə görmüşdü?
Qəlbimi intiqam odu parçalayırdı.
O ilanla görüşə getməyə məni təhrik edən təkcə Nərgizin göz yaşları deyildi. Həm də, nəhayət ki, iyirmi illik təcavüzə qarşı canımda baş qaldıran üsyanın hökmü idi. Qisasdan savayı çıxış yolu yox idi.
Qulaqlarımda Aşur Qaraxanlının sözləri əks-səda verirdi:
- "Özün bilirsən ki, mən ehtiramlı adamlara arxa durmağı bacarıram, bax, gör sözümü tutduğuna görə Ayparanın sorağı indi haralardan gəlir... Halbuki, o sənin əlinə su tökməyə yaramaz. O qadın sən olacaqdın, Cahan, sən... Sənsə bir dəli keçi olub dırmaşdın dağın kəlləsinə..."
Doğru sözə nə deyəsən? İndi səsi yüksək kürsülərdən gələn Aypara yer nədi, göylə əlləşir. İyirmi iki il əvvəl həmin ilan adamın köməyilə mənə verilən ikiotaqlı mənzili ələ keçirən də o idi. Haqqım tapdalanmışdı.
İndi deyin, bütün doğmalarını - qohum-əqrabasını yaxşı vəzifələrə yerləşdirən bu qadının "qızlıq fiqurasını" qorumaq naminə ana südünə həsrət qoyduğu oğlu sizcə, mənim kimi insanların taleyinə acıya bilərdimi? Soruşa bilərsiniz, bu ana südü məsələsini tez-tez təkrar etməklə nə demək istəyirəm axı? Məncə, insanın insana, vətənə, vətəndaşa olan segisinin mayası ana südünün hikmətindən, halallığından qaynaqlanır. Halal süd içən oğullar doğma anasından üz döndərə bilər, amma vətənə xəyanət etməz... Vətən belə oğullar üçün anadan irəlidir.
(Bir də ana qəlbim hərdən dilə gəlib deyir ki, mənə son soz vermədən azadlıqdan məhrum edən, soyadı Verdiyev olan o cavan hakim də körpəliyində ana südü əmməyib... Kim bilir, bəlkə anasının döşlərində süd olmayıb? Ya da valideynləri onu uşaq evindən övladlığa götürüblər... Doğrusunu Allah bilir.)
Bəlkə siz bu barədə daha çox məlumata maliksiniz. Deyirlər, türmələrə atılan məhkumların əksəri ana südü ilə qidalanmayıb. İndi görün bu dünyada qanundan yayınan nə qədər quldur, insan qanına həris cani var. Elə canilər də var ki, öz zəmanəsində qəhrəman kimi etimad qazanıblar. Götürək, elə iyirminci əsrin ən dəhşətli Xocalı faciəsini törədənləri... Məgər əlləri yüzlərlə günahsız insanın qanına bulaşan, körpələri tonqallarda yandıran yalançı millət qəhrəmanlarının əməllərinə göz yuman beynəlxalq qanunların dəyəri qalıbmı? Cinayət var, cəza yox. Bəzən ağır cinayətlərə görə "cəzalar" mükafata bənzəyir.
Sizcə... Dünyanın maddi nailiyyətləri insanın ruhi nailiyyətlərini inkar etmirmi? Ya texniki tərəqqinin cəmiyyətə və təbiətə aqressiv münasibəti gözümüzün qabağında baş vermirmi? Məni antihumanist düşüncələrə dalmağa vadar edən səbəb uzun müddət nəticəsiz qala bilməzdi...
Bu dünyada görünür insanın Həqiqət və ya Ədalət axtarışı xülyadan savayı bir şey deyil. Biz gözəl zənn etdiyimiz, öz zövqümüzə uyğun bər-bəzək vurub, haqqında təmtəraqla danışdığımız bu şeyləri axtara-axtara özümüzü yeyib-bitiririk.
Bəzən sübhədək anlaşılmaz, gərəksiz suallarla özüm-özümü yorub əldən salırdım. Yenə nağıllar aləminə dönürdüm. Orda mənə mərhəm olan qəhrəmanlarla görüşürdüm. Mən fantaziyasız yaşaya bilmirdim: Bəlkə də nağıllar dünyasında yaratdığım öz qəribə fantaziyalarım olmasaydı, inanın, bağrım çatlayardı.
...Nərgizlə baş-başa qalanda, ona hərdən nənəmin söz boxçasını açardım. Birlikdə dərdləşirdik. Xoşavaz nənəm keçmişdə xan, bəy zülmü görənlərdən eşitdiyi bir bayatını həmişə qəmli ovqat üstündə söylərdi:

İşim düşdü divana,
Axır gəldim mən cana,
Heç vaxtı bel bağlama
Bir ilana, bir xana.

Nadürüst adamı nişan verəndə isə: "Filankəs heç elə bil, sünnət olunmayıb!" - deyərdi... Sağ olsaydı, üzünü görmədiyi Qaraxanlının başımıza gətirdiyi müsibətlərdən xəbər tutsaydı, şəksiz ki, eynən belə deyərdi: "Bala, day desənə, bu zalım oğlu, zalım sünnət olunmayıb..."
Dərd yükü göz açmağa imkan verməsə də, səbrli olmağa çalışırdım:
- Nərgizim, gözlərinin yaşını sil, o ilanın başını əzən bir Allah bəndəsi tapılar! Hər kəsin yazdığı kağıza, dediyi sözə inanıb, özünü üzmə! - Nərgizin başını köksümə sıxıb toxtaxlıq verməyə çalışırdım, həm də başına pis-pis fikirlər dolurdu. O an ruhumda baş verən növbəti zəlzələ bir həqiqəti üzə çıxarmışdı. Düşünürdüm: "Deyəsən axı, mən ömrüm boyu ədalət axtara-axtara dönüb cinayətkar olacağam..." Hardasa oxumuşam, insanın qeyri-məhdud iradə azadlığı onu antihumanist hərəkətlərə təhrik edir. Bax, beləcə mən özümə əminliklə təlqin edirdim: " O əfi ilanın başı mütləq əzilməlidir. Onun xətasından qurtulmaq üçün məqam yetişmişdi..."

***

Adil Hüseynli dərindən köks ötürəndə hiss etdi ki, sinəsi ağrıyır. Buna baxmayaraq, dəftəri büksə də özündən aralı qoymadı. Görünür, bir qədər dincəlib davam edəcəkdi. Amma bu boyda dərdli bir insanla üzbəüz olub dinclik tapmaq mümkün idimi?
...Gecələr Cahan qatmaqarışıq yuxular görürdü. Bir dəfə yuxusuna çılpaq qarağac meşəsi girmişdi. Ağacların budaqlarına elə bil qır sürtmüşdülər. Çığırları toz-torpaqlı meşənin dərinliyindəki qübbəsi ağaran sarayın yanından keçəndə, qəfil kimsə onun adını çağırdı. Səs sarayın içinə düşüb divarlarda əks-səda verdi. O, dəli kimi ətrafa göz gəzdirdi. Yeraltı yolla saraya keçib daş pilləkənlərlə yuxarı qalxdı. Hər yandan iztirab, qorxu dörd gözlə ona baxırdı.
Səsi sanki qaranlıq udmuşdu, hardansa əlinə keçirdiyi məşəllə sarayın içini ələk-vələk eləyib axtardı. "Aman Allah, bu sarayın nə qədər otağı varmış!" - deyə heyrətləndi. Divar şamdanları ilə işıqlanan böyük sarayın qırxıncı otağında yeddibaşlı əjdaha Nərgizi ağuşuna almışdı. Bu əjdaha insanlara kömək edən Zümrüd quşunun balalarını yeyən əjdaha kimi qorxunc idi, qıllı əlləriylə Nərgizi tumarlayıb, əcaib bir səslə:
- Əgər məni ürəkdən sevsən, bu saray sənin olacaq! - deyirdi.
Nərgiz çığırıb haray-həşir qoparırdı:
- Heç nəyin mənə lazım deyil, mən sevgilimi, öz evimi istəyirəm...
Bu zaman onun ağlar gözləri əli yalın Cahana sataşır və fəryad edir:
- Cahan ana, heç olmasa bətnimdəki uşağın xatirinə məni xilas et, axı o Talehin oğludur!..
Cahan sehirli qüvvələrin köməyi ilə əjdahanı məğlub etmək üçün Allahdan imdad diləyib:
- Qorxma qızım, - dedi,- indi mən onun başını bədənindən üzəcəyəm.
Onun əlində aypara şəkilli güzgü parçasını görən əjdaha qəhqəhə çəkib güldü, o güldükcə sarayın divarları, daşları titrəyirdi.
- Budur sənin silahın? O ki, heç diş qurdalamağa yaramır...
Cahan çox gözlədi, nəyi, kimi gözlədiyini özü də bilmirdi, gözlərindən yuxu tökülürdü. Əjdaha hələ də onu ələ salıb gülürdü. O güzgü parçası ilə barmağını yarıb, ora bir çimdik duz basdı.
Bu zaman qəribə bir quş dimdiyində ona sehirli qılınc gətirirdi. Deyəsən, Zümrüd quşu idi. Cahan qılıncı quşdan alan kimi əjdahanın başına endirirdi. Di gəl ki kəsdiyi hər başın yerindən yeni başlar çıxırdı, get-gedə gücü tükənirdi, yorulub əldən düşürdü.
- İlahi,- dedi - sən bu Əjdahanı neçə başlı yaratmısan?
Bu zaman Əjdahanın səsi yenə sarayın divarlarını titrətdi:
- Mən Əjdaha deyiləm, insanam, sənin düşməninəm, içində qoruduğun o təmiz ruh mənim işlərimə əngəl olur. Mən səni göydə axtarırdım, yerdə əlimə düşübsən. Özün öz ayağınla gəlmisən. Səni qəfəsə salmaq üçün Nərgiz ətrini çığırlara çilədim, mən sənin ruhunu qandallayacağam. Gözlərin dünyaya baxa-baxa, sən ruhsuz qalacaqsan... Nərgizi isə elə indicə qara daşa çevirəcəyəm.
Sonra elə bil möcüzə baş verdi. Uzaqdan - yaşıl meşənin qoynundan tanış ucaboy, qaraşın cəngavər qılıncını siyirib atını irəli çapırdı. Çılpaq ağaclar hərəkətə gəlib onunla döyüşür, saraya yaxınlaşmasının qarşısını alırdılar. Qılıncı budaqları kəsib doğradıqca yerə qır tökülürdü. Qaraşın, ucaboy cəngavərin atının ayaqları sürüşürdü. Div-insan ucadan qəhqəhə çəkib gülürdü. Cahanı ələ salıb:
- Sən bu zavallıdan mədəd umursan? Mənim ovsunladığım ağaclar indicə onun axırına çıxacaq.
Cahan diz üstə çöküb, göz yaşları içində:
- Sizə yalvarıram, onu öldürməyin! Mən onsuz yaşaya bilmərəm!
Div qəzəbləndi:
- Mən sənin xəyallarını çilik-çilik edib bütün nağıl qəhrəmanlarını məhv edəcəyəm... Sənə gücü də, ağlı da o nağıl qəhrəmanları verir.
Cahan "Yoox!" - deyə qışıqıranda yuxudan ayıldı...
Nərgizin otağına sarı boylandı, yəqin ki, qışqırtısına o da yuxudan oyanmışdı.

***

Tər içində yataqda dikəlib, dərindən ah çəkdi:
- O ilanın başını əzəcəyəm... - deyə pıçıldadı, - başqa yolum yoxdu!.. Allahın düz-əmməlli yuxusunu da bizə haram edib. Özüm, özüm, buna son qoyacağam... Yox! Dəli olumuşam, nədir? Axı mən bunu necə bacaracağam? Məndən soruşan gərək, ay zavallı, sən heç ömründə qarışqa tapdalamısan? Ya da bir quşa daş atmısan? Bəs bu fikir mənə hardan hakim olub? Tutalım, onu öldürməyi bir an belə yubatmaq olmaz. Bəs mən bunu hansı yolla edəcəyəm? Yox, istəsəm də bunu bacarmaram...
- Ən əsası odur ki, gərək özünə inanasan... - bunu içindəki başqa bir Cahan söyləyirdi.
...Elə bil ayılandan sonra Cahan başqa adam olmuşdu. Yatağından qalxıb son dəfə gəlininə, oğlunun əsgər paltarında çəkilmiş şəkillərinə, nənəsinin və şəhid ərinin divardan ona boylanan portretlərinə baxıb güzgü qabağına keçdi, üz-gözünə əl gəzdirdi, bəzənib-düzəndi. Güzgüdə gördüyü Cahan geyinib-kecinib, üz-gözünü qaydaya saldıqca xoflanırdı. Güzgüyə baxa-baxa iyirmi ildən çox özüylə gəzdirdiyi sınıq güzgü parçasını çıxarıb gözdən keçirdi. Sınıq güzgü parçası soyuq silaha bənzəyirdi. Həmişə onu əl çantasında gəzdirirdi... İndi bir daha çantasından çıxarıb baxdı.



***

Evdən çıxanda: "Allah şeytana lənət eləsin!" - pıçıldadı.
- Yoox... Aman Allah, yəni indi mən... onu öldürməyə gedirəm? Məhv olmuş həyatımın intiqamını almağa, namusumu qorumağa gedirəm. "Namus evin güzgüsüdür, bəs sınıq güzgülər necə? Onlar da ayaqlar altında tapdanmış, sındırılmış insan talelərinə bənzəmirmi?"
O birdən dayandı. "Bəlkə mən yuxudan hələ oyanmamışam?"
İyirmi beş illik nifrətilə silahlanmışdı.
- Ölümün heç kimə faydası olmur .
- Bəs qələbə?! Axı o döyüşsüz mümkün deyil.
- Döyüşdə isə iki savaşçıdan biri ölümə məhkumdur.
- Nə ölmək asandır, nə də öldürmək. Qələbə də, məğlubiyyət də qurban tələb edir. Bəs sevgi necə?..
Şəhər alışıb yanırdı. Gecə əsrarəngiz idi. Bu nurlu gecənin içindən keçib gedən dərdsiz adam elə sanardı ki, dünyanın xoşbəxtidir. Yer üzündə dərdli bir kimsə yoxdur. Amma hər kəsə aydındır ki, şəhər də adam kimidir. Onun içini nə bilmək olar... Dünyanı unudaraq balaca əl çantasını qoluna keçirən, o çantanın içində iyirmi ildən bəri sınıq güzgü parçası gəzdirən Cahanın nə fikirləşdiyini kim duyardı? Həm də axı, onun düşüncələrindən xəbərdar olmaq kimə gərəkdi? Televiziya qülləsi alabəzək nida işarəsi kimi göy üzünün qara çadırına sancılıb. Ətrafında təkəmseyrək buludlar görünür.
Yarım saatdan çox idi ki, piyada gedirdi. İçində tərpənən səs bir an ara vermir: "Yox, sənin cəzan cinayətindən müdhiş olacaq, Cahan! Küləklər bərkdən əsəndə, yarpaq xışıltısı eşidəndə diksinəcəksən. Hər gecə yuxunda kəsilmiş baş görəcəksən. Başsız bədən səni addımbaaddım kabus kimi izləyəcək. Onun tüklü barmaqlarındakı uzun dırnaqları daş divarlara sürtülə-sürtülə böyüyəcək, iti tikana oxşayacaq. Sənsə o tikan batmasın deyə qaçacaqsan... Qaçmaqdan bezəcəksən. Bir gün vanna otağında yuyunanda sakitləşdiyini, yorğunluğunun çıxdığını, rahat nəfəs aldığını zənn edəcəksən. Və birdən o kabus səni orda - vannanın içindəcə yaxalayacaq... Sən çığıra-çığıra vannaya axan qanının içində boğulacaqsan... Allah bilir, cəsədini nə vaxt tapacaqlar? Bilməyəcəklər ki, intihar etmisən, yoxsa səni qətlə yetiriblər... Bəs indi hara gedirsən? Sən nə fikrə gəldiyinin fərqindəsənmi, Cahan?.. Sənin kimi ziyalı bir xanımın bu alaqaranlıq gecənin qoynunda nə işi var? İndiki dünyanın nə başkəsəni bilinir, nə də baş qəhrəmanı... Səni az-çox tanıyanların haqqında nə düşünəcəyi heç vecinə deyil? Cahan fahişənin biriymiş, ya da cəlladın yekəsiymiş deməyəcəklərmi?"
Cahan daxilindəki anlaşılmazlığı duymağa çalışırdı.
...Onun bəzənib-düzənib, iyirmi ildən artıq nifrət etdiyi bir adamı öldürməyəmi, yoxsa qoynuna girməyəmi getdiyi hələ də bəlli deyildi. Sadəcə, dərin xof iliyinəcən işləmişdi. Hər iki qərar ona eyni dərəcədə qorxunc görünürdü. Gəlib çatdığı ünvanacan küçədə rastına çıxan adamların oğrun-oğrun ona baxdığını görəndə ürəyi şiddətlə döyündü: "Nədən bu qədər adamın diqqətini cəlb edirəm? Bəlkə doğrudan da qəribə görünürəm? Özün köməyim ol, İlahi!.. "
O, dalğaların qoynunda tənha ləngərlənən qayıq kimiydi - küləyin hansı səmtə aparacağı bəlli olmayan sahibsiz qayıq... Dənizin bir sifəti var. İsti yay günlərində hamı mavi dalğalara baş vurmaq istəyir. Pis də, yaxşı da, pak da, natəmiz də... Elə dünyanın özünə bənzəyir dəniz. Qoynuna gələnin bircəciyini geri qaytarmır. Çarəsizləri, yiyəsizləri isə tənha qayıq kimi ömür boyu yırğalayır, yırğalayır...
Qəfil külək qopdu. Cahan orda dalğaların tənha qayığa nə divan tutduğunu görmədi. Çünki o dəniz kənarından çox aralanmışdı və indi dəli külək onun özünü boş qayıq kimi atıb-tutur, yüngül bir əşya kimi tərkinə alıb harasa uçurdu... Hara? Cahanın ayaqları az qala yerdən üzülürdü. O hara, nə üçün getdiyini unutmuşdu az qala...
Yenə qorxulu nağıl... yenə təlaş...
Elə bil gur işıqlı tunellə yeriyirdi. Bəlkə də dünyanın bütün qara yelləri bu işıqlı tunelin içindən axın-axın ötüb-keçirdi. İnsan bəzən işıqlı dünyada da azad nəfəs ala bilmir. Evdən çıxdığı heç yarım saat olmazdı, susuzluqdan dili-dodağı qurumuşdu. Tunelin o başında su şırıltısı eşitdi. Səsə tərəf getdi...
Bağçadakı süni şəlalənin səsiymiş. Navalçadan axan su şırnağı şəlalə şəklində axırdı.
- Bu da yolun sonu... Gəlib çatdım!
...Demə, bu qoca şəhərdə ayrı bir şəhər varmış. Villa şəhər... rəngbərəng işıqlar bayram atəşfəşanlığı kimiydi. Deyəsən, o bir dəfə yuxusunda eynən belə ağappaq imarət görmüşdü...
Akademik Qaraxanlının da villası bu məhəllədə idi. Elə bil alınmaz qalaya bənzəyən dəbdəbəli imarəti Qaraxanlı mənəvi kasıblığını, çirkin əməllərini ört-basdır eləmək üçün tikdirmişdi. Geri dönmək istədi. Hə, hə, geriyə... Bütün ciddiyyətilə hər şeydən bir an vaz keçmək istədi. Ölçüb-biçməli hələ çox şey vardı. Bir də ki atalar gecənin xeyrindən gündüzün şəri yaxşıdır deyib. Kiçik zəngli qurğudan səs gəldi: "Buyura bilərsiniz", - sonra qapı açıldı. Artıq gec idi, dönüb geri qayıtmaq olmazdı. Belə villaların hər tərəfini görmək üçün kamera və monitorlardan istifadə olunur. Nə etsin? "Görəsən, o, evdə təkdir? Bircə çıxış yolun var. Onunla üzbəüz dayanmaq. Onsuz da, Qaraxanlı mümkün görünən bütün idbar təklifləri dilə gətirib. Cəhənnəm, nə olar, olar..." Əgər başqa adam olsa, nə edərəm? Düşün Cahan, düşün!.. Sənin çıxış yolun ona təslim olmaqdır, sən bu addımı çoxdan atmalıydın, lap çoxdan..."
Nərgizlər, lalələr, qızılgüllər, qərənfillər düzülmüş mərmər pilləkənlərlə yuxarı qalxanda üzünü görməsə də, səsini eşitdi:
- Gəl, gəl, Cahan xanım,- dedi, - ömrün zay oldu getdi, səni ilk dəfə gözlədiyim andan iyirmi beş il ötür. Heç kim inanmaz, bəlkə mənə axmaq deyənlər də tapılar. Amma inan, bu axmaqlıq deyil, bəlkə prinsip məsələsidir, ya da inadkarlıqdır. Axı vaxtilə ölüncə səni rahat buraxmayacağımı, bir gün özün gəlib mənim ağuşuma atılacağını söyləmişdim. Nə yaxşı ki, ölmədim, bu günü də gördüm.
- ...
- İstəyirsən saunaya keçək, illərin ağrı-acısı canımızdan çıxsın. Bilirsən, bu anı necə həsrətlə gözləmişəm?
- ...
Cahan dərindən köks ötürdü. Adətən adamın havası çatmayanda belə nəfəs alır:
- Hə! Hə! Məni bu sarayda Allahın görə bilmədiyi bir yerə apar...
- Canım, fəlsəfəni kənara qoy görək, gəl sənə bütün otaqları göstərim, hansını bəyənsən orda oturarıq... Nə vaxtdı səni yaxından görə bilmirəm. Vallah, sən əvvəl necə gözəl idin, elə də qalmısan... Həmişəkindən də cavan görünürsən. Bir dön, bu güzgüdə özünə bax! Orta əsr şahzadəsi Cahan xatun...
Onun vücudu titrədi. Süni gülümsəməylə üzündəki gərginliyi gizlətmək istədi.
Başını buladı. Özünü bir an kef və əyləncə üçün yaranmış kübar xanımların yerinə qoydu. Lap bircə anlığa da bədənnüma güzgüyə sarı çönüb baxmaq istəmirdi. O, hər şeyin qəfil alt-üst olacağından, güzgünün sınıb-dağılacağından qorxurdu. Üçüncü dəfə sınan güzgü isə ömrünün ən ağır, çətin mərhələsinin yetişdiyinə işarə ola bilərdi.
Cahan öz qəlbinin içində tüğyan edib, qadınlıq hissini boğan səsi yalnız özü eşidirdi:
"Sən zor-xoş bədənimi kirlədə bilərsən, ancaq caynaqlı quzğuna çevrilib sənin gözlərini deşəcəyəm".
Özünü gülümsəməyə məcbur edib, təbiətinə uyuşmayan süni işvəkarlıqla dilləndi:
- Bilmirəm, niyə bu qədər vaxtı səndən uzaq gəzib-dolaşmaqla özümə zülm etmişəm. Mənə bu fürsəti verdiyinə görə təşəkkür etməliyəm...
Qadının səsindəki titrəyişin səbəbini anlamasa da, sözlər kişinin xoşuna gəldi:
- Bu sözləri sənin dilindən eşitmək mənə çox xoşdur. Təəssüf ki, bir az gec...
Qadın həyəcanını gizlətmək üçün otağın zəif işıq düşən tərəfində dayandı:
- Mən başıboş xəyalımdakı cəngavərə uymuşdum... Tək-tənha keçirdiyim günlərdə xəyalımda, yatanda isə yuxularımda bitirdi.
- Başa düşürəm, elmi işin elədir ki, gecə-gündüz nağıl qəhrəmanları ilə bir arada olursan. Xalq yaradıcılığı ilə nəfəs alırsan... Bu sahədə ixtisaslaşıbsan. Daha həyat gerçəkliyi ilə barış, xəyalın uydurduğuna əlvida deməyin vədəsi çatıb... Mənim xalq təbabəti üzrə fəaliyyət göstərən firmam var. Rəhbərlik elə! Qazanclı sahədir.
O hələ çantasını əlində tutmuşdu.
- Mən... mən öz işimi sevirəm, - dedi, - artıq neçə ildi ki, köhnə əlyazmalar arasında qurdalanmağa vərdiş eləmişəm...
- Yaxşı. İş barədə danışmağa vaxtımız olacaq! - Kişi cavan aşiqlərsayağı səbirsizliklə dilləndi.
- Onda izin verin, özümü bir az qaydaya salım, - Cahan səsinin necə titrədiyini hiss edib, rolunun öhdəsindən gələ bilməyən aktrisalar kimi çaşıb qalmışdı, bilmirdi səsini hansı tempdə saxlasın, gülsün, yoxsa... İşin qəribəliyinə bax ki, balaca əl çantasının ağzı açılmışdı, çılçıraqların işığı oradakı güzgü sınığının üstünə düşüb bərq vurur və o sınıq güzgüdən qayıdan işıq qadının çantadan ayıra bilmədiyi baxışlarına sancılırdı. Bu əlbir cinayət işi idi. Cinayətin iki iştirakçısından biri həmin sınıq güzgü idi. Cahan özündən çox sınıq güzgüyə güvənirdi.
- Bu nə sözdü, canım, əlbəttə, əlbəttə, amma mənim yataq otağımda sənə aid gərəkli şeylər var... Hamısı da fransız istehsalıdır.
- Nəhayət, sən öz istəyinə qovuşdun...
- İncildə deyildiyi kimi: "Qoy göyərçinin mülayimliyi ilə ilanın hiyləgərliyi qovuşsun!.. "
Cahan, nədənsə, bir an duruxdu, nənəsinin dediyi bir atalar sözünü xatırladı: "Heyvanı buynuzundan tutarlar, adamı sözündən". Yenə dili dinc durmadı, akademikin dediyi kimi "kaprizləri" tutdu. Amma bu dəfə ehtiyatla dedi:
- Bu etirafınız mənim xoşuma gəldi, demək ilan olduğunuzu boynunuza alırsınız?
Onun sirli-sirli gülümsünməyi Qaraxanlını ovsunlamışdı.
O, Cahanın titrək əlini bumbuz ovcunun içinə aldı, iyirmi ildən çox sevdiyi qadının "kaprizlər" dalğasına sinə gərən müdrik səyyah görkəmi aldı, sonra dodaqlarına yaxınlaşdırıb öpdü:
- Əgər ilan olmasaydı, Adəm babamızla Həvva nənəmiz "seks" kimi ən böyük həzdən məhrum olacaqdı, buna görə də ilan müdriklik simvolu, ocağın, odun qoruyucusu sayılır, - dedi və illər boyu həsrətini çəkdiyi təravətli qadını içəri dəvət etdi:
- Gəl, Cahan, gəl, - dedi,- gör dünyada nələr var... Sən pulun müqəddəs sayıldığı mühiti inkar etməyinlə çox şey itiribsən.
- İtirdiklərimi geri qaytarmağa qadirsənmi? - Bu sözləri deməklə o öz həyəcanını gizlətməyə, sərbəst olduğuna ilk növbədə özünü inandırmağa çalışırdı.
- Mən nə peyğəmbərəm, nə də Allah... dərdi verən zəmanə, dərman da verər. Zamansa bizim xeyrimizə fırlanır.
Cahan təəccüb və həyəcanla soruşdu:
- Bəs xidmətçilər hanı?
- Sən heç zərrə qədər də narahat olma! Biz bu xanimanda ikimizik. Xan və şahzadə Cahan! Mən özüm sənə xidmət edəcəyəm, ürəyin nə istəyir, əla fransız şərabı, viski... konyak...
Onun içində rahatlıq yaransa da, əlacsız:
- Bir az şərab pis olmaz,- dedi.
- Buyur, canım-gözüm, sən nə dilərsən, dilə məndən... - kişi heyranlıqla onu süzə-süzə bara yaxınlaşdı, iri badələri şərabla doldurub gülümsündü, - burda bütün otaqlarda hər nə istəsən var...
Sonra öz badəsinə sığal çəkə-çəkə Cahana: - gəl, - dedi,- özün də bax! - badəsini birnəfəsə içib yumurtavari jurnal stolunun üstünə qoydu. Qadının əlindən tutub, darta-darta arxasınca apardı, bir-bir otaqları göstərdi. Divar boyu müxtəlif biçimli şəhvət oyadan erotik rəsmlər Cahanın qəlbinin döyüntülərini daha da şiddətləndirdi. Bura nəhəng sərgi salonunu xatırladırdı. Tablolardakı çılpaq rəsmlər kasıbların fəryadını boğan harınlığın, zənginliyin səssiz-səmirsiz qəhqəhəsini dinləyirdi.
Hər otaqda bir cür musiqi səslənirdi. Cahanın gözləri önündə Qərb musiqisinin sədaları altında qoca Şərqin "Min bir gecə" nağılları vərəqlənirdi.
Qan qırmızı rəngli otaqda qədim miniatür xəncərlərdən tutmuş Samuray qılınclarına kimi hər cür soyuq silahlar asılmışdı. Odlu silahları görəndə soruşdu:
- Siz heç ova getmisiniz?..
- Hə. Şirvan qoruğuna ceyran ovuna çox getmişəm. Bax, bu ceyranı özüm vurmuşam, - deyə o Cahana heyvanın qurudulmuş müqəvvasını göstərdi.
Burada yırtıcı heyvanların, quşların rəsmləri, müqəvvaları da vardı.
- Mənim şirkətimdə göydə uçan quşu gözündən vuran bir qadın var. İnana bilmirsən ki, təbiət o zərif qadına nə qədər gözəl ovçuluq istedadı bəxş edib! - deyə akademik iftixarla qu quşunun müqəvvasını göstərdi,- bax bunu gözündən vurub.
- Qu quşuna güllə atıbsa, məncə, o çox zalım qadındır!
- Yox canım, sadəcə, əvvələr idmanla məşğul olub, - birdən elə bil onun Azərbaycanca söz ehtiyatı tükəndi,- voobşe, ona ne zlaya, no oçen metkaya sterolok, - dedi.
İnsan əti yeyən qara qartala tuncdan qoyulan heykəl Cahanın diqqətini çəkdi. Bu nəhəng qartalın gərilmiş qanadlarının kölgə saldığı otağın döşəməsi elə bil aşağı çökmüşdü.
- Nənəmin danışdığı nağıllardakı Zümrüd quşunu mən həmişə səma atı kimi təsəvvür edirdim... Buranı çox bəyəndim, - dedi və səsinin necə titrədiyinin fərqinə vardı. Ömründə ilk dəfə gördüyü bir dəst Samuray qılıncından ən kiçiyini qınından çıxarıb Qaraxanlıya sarı tutdu:
- Deyəsən, Allahın burdan xəbəri yoxdu, eləmi, professor?
- Cahan xanım, əvvəla, mən Allaha inanmıram, o, mənim yeganə övladımı əlimdən alıb! İkincisi, fikrin nədir, məni duelə çağırmaq istəyirsən? - O, qadının əlində tutduğu fransız şərabı süzülmüş iri badəni alıb, bir udum alandan sonra yavaşca ağac heykəllərdən birinin boş qalmış ovcuna qoydu. Və sual dolu baxışlarını qadına dikdi:
- Bədən qadının malik olduğu ən gözəl incəsənət əsəridir. Onu çılpaq göstərməyin özü də bir gözəllikdir, - dedi, - sən məni əsl incəsənətə qovuşdura bilərsənmi?
Cahanın içində elə gərginlik yarandı ki, həyəcanını, əllərinin necə titrədiyini gizlətmək üçün otaqda var-gəl edə-edə gülməkdən ayrı çarəsi qalmadı:
- Yataq da kişi ilə qadının duel səhnəsi deyilmi? Sizin üçün nə fərqi var? İstəyirsiniz gücünüzü orda göstərin, istərsiniz burda! Siz ki, mənə şahzadə dediniz, özünüz də şahzadə kimi də davranın!
Yenə nənəsinin səsi gəldi qulaqlarına: "Qızıldan taxtın olunca, bir quruca baxtın olsun..." Hə, deyəsən onun da bu qılınc məsələsi sarıdan bəxti gətirmişdi, gözləmədiyi fürsəti yaxalamışdı.
Kişi qadının önündə azca geri çəkilib, birdən xalatını çıxardanda lüt-ətcəbala oldu.
- Mənim şahzadəm, Xanın sənə qarşı bir silahı var. Budur, bax!
Qadın özünü itirdi, az qaldı ki, qılınc əlindən düşsün.
- Siz... siz axı niyə belə tələsirsiniz?..
- Mən iyirmi ildir gecikirəm. Bax, bax, utanma canım, demə, şir qocalıb, əldən düşüb, pir olub, Cahan xanım, "məqami cəng olsa, bu qoca şir elə həmişə şir olub!". Bax, mənim bədənimə, yataqda bundan alacağın həzzi sən heç otuz-qırx yaşlı kişilərdən ala bilməzsən. İndi isə sən soyun. Mənə öz bədənini göstər! Hə, soyun görüm, - dedi.
Onun səsinin amiranəliyi Cahanı qorxuya saldı. Bir an döyüküb, ona nə deyəcəyini bilmədi. Doğurdanmı onun sağlam, idmançı kişilərə məxsus bədən quruluşunu, günəşdən qaralmış əzələlərini görüb çaşmışdı? Soyunmadığını görüb o da divardan başqa qılınc alıb Cahana yaxınlaşdı. Cahan ona sarı tuşladığı qılıncı qeyri-ixtiyarı aşağı endirdi:
- Yoxsa, düşündünüz ki, zavallı, gücsüz bir qadın bu qılıncdan sizə qarşı silah kimi istifadə etməyin çəmini bilir? Ağıl, zəka olan yerdə silaha nə hacət, - dedi və çılpaq kişinin üzünə zorla gülümsəməyində davam etdi. - Mən bura özümü sizə təslim etməyə gəlmişəm.
- Ayrı cür düşünmürdüm də...
- Amma mənə söz verin ki, Nərgizlə işiniz olmayacaq.
- Bu səndən asılıdı.
Bunu deyib kişi Cahanın bayaqdan kənara qoyduğu fransız şərabıyla dolu qədəhini təzədən ona uzatdı. O, qədəhi dodağına yaxınlaşdırdı:
- Səninlə bir dəfə yatmağım bəs edərmi? - Cahana bir an elə gəldi ki, daha rola girməyib, o, qadın kimi özünü həqiqətən də kişiylə bir anlıq yataqda təsəvvür etdi. Bədəni süstləşdi. Əllərinin necə keyidiyini hiss etdi. Dodaqları ehtirasdan titrədi. O, bu hissləri uzun zaman idi ki, yaşamamışdı.
- Yox, canım, mən səninlə ömrümün sonuna kimi birlikdə olmaq istəyirəm, - kişi özünü saxlaya bilmədi. - Həmişəlik, - deyib ehtirasla gülümsünən qadına yaxınlaşdı. - Ər-arvad kimi...
Gözəl qadının istər saxta olsun, istərsə də təbii içindən süzülüb gələn təbəssümləri bəzən möcüzə yaradır. O arxayınlıqla Cahanı yavaş-yavaş soyundurmağa başladı, amma nə qadın, nə də o, qılıncları əllərindən yerə qoymurdu.
Hətta bu günəcən nifrət etdiyi kişi iti qılıncı ilə qadının alt paltarını kəsib, bir kənara tullayanda da müqavimət göstərmədi. Cahan ömründə ilk dəfə yad kişinin qarşısında lüt-üryan qalmışdı. Qaraxanlı isə qadın gözəlliyi qarşısında məğlub cəngavərlər kimi dizləri üstə çökdü və birdən onun ayaqlarını öpməyə başladı. Ürəyində "Lənət şeytana!" desə də, Cahanın bədəni kişinin öpüşündən titrəyirdi. Başı qurtum-qurtum içdiyi şərabın təsirindən dumanlanmışdı.
Ağlına nəsə qəribə fikirlər gəldi, sevmədiyi bir kişinin busələri ilk anda onda qıcıq yaratsa da, sonra bir anlıq göz-gözə dayanıb, bir-birlərini xeyli süzdülər. Kişi bic-bic qadının gözlərinin içində bugünəcən anlamadığı mətləbləri oxumaq istəyirdi. Qadınsa uzun kipriklərini tez-tez çalıb, onu çaşdırırdı. Kişinin arzusu-istəyi gözlərinin içində apaydın yazılmışdı, qadın orda nə yazıldığını gözüyumlu oxumuşdu.
- İnsafsız, sən iyirmi ildən artıqdır ki, məni cənnət ətrinə tamarzı qoymuşdun?! - pıçıltıyla danışa-danışa kişi qollarını onun belinə doladı. - Fərsiz qadın ərsiz qalar deyiblər, amma sən fərsiz deyilsən axı...
Cahan gözlərinə inanmırdı, qədim Qarabağ xalçasının üstündə ilan adamla diz-dizə, üz-üzə, qucaq-qucağa idi. O, ilan dili ilə acgözlüklə qadının boyun-boğazını, sinəsini, göbəyini yalayırdı. Qadının xəfif iniltisi kişini vəcdə gətirmişdi. Amma bu hal uzun sürmədi. Birdən Cahanın ürəyi bulandı, ödü ağzına gəldi. Gözləri yaşardı. İlan adam sürünə-sürünə sanki onun bətnini zəhərləmək istəyirdi. Getdikcə bu iyrənc iş qadının səbrini daşdırırdı. Onun öyüməyini hələ də hiss etməyən kişi hərdən bir nəfəsini dərib:
"De, de ki, xoşun gəlir", - deyə onun qulağının dibində fısıldayırdı.
... Özünü Qaraxanlının uzun qolları arasında lüt vəziyyətdə görməsi qara bəxtin Cahana rəva gördüyü ən böyük kinayə idi. O, Qaraxanlı tərəfindən iyirmi beş il ərzində başına gətirilən oyunları bir-bir xatırladı. Bir az bundan qabaq qəbzəsindən bərk-bərk yapışdığı qılınc xalçanın üstünə düşmüşdü. Kişi dizləri üstə çökmüşdü. Onun başı top kimi Cahanın yaraşıqlı, dolu ayaqlarının arasında idi.
Bu işin nə ilə qurtaracağını gözləməyə səbri daralan Cahanın gözləri birdən qarşı divarda Corconenin "Yudif" tablosuna sataşdı. Zərif və incə əlində qılınc tutmuş qadın ayaqları altında kəsilmiş başa baxırdı... Onun dizdən yuxarı çılpaq ayağı, arxada görünən palıd ağacı kimi uca qaməti sağlam və güclü qadın olduğunu büruzə verirdi.
Birdən şəkilli divarlar, çilçıraqlar, heykəllər - hər şey onun gözündən itdi.
Cahan özündən müştəbeh, ona qeyri-bəşəri məxluq təsiri bağışlayan kişinin iyrənc niyyətini heç cür ağlına sığışdırmasa da, vaxt udmaq naminə "Yaxşı, yaxşı!" deyirdi. Sanki yırtıcı heyvanı tələyə salmaq üçün dil tökürdü.
- Allah, özün günahımdan keç, - Cahan bu sözləri ucadan deyəndə xalçanın üstündəki qılınc artıq onun əlində idi. Və qorxulu nağılın içinə necə girdiyini hiss etmədi. Var gücüylə qılıncı əjdahanın kürəyinə sapladı, bu an Qaraxanlıdan dəhşətli bir bağırtı qopdu. Qan hər tərəfi bürüdü. Cahan nağıldan çıxdı.
- Aman Allah, mən nə etdim?!
Bir neçə dəqiqə təəccüb və dəhşət içində dayanıb hələ də qanı axan meyitdən gözünü ayırmadı.
Cahan onun sünnətsiz olduğunu yalnız indi anladı və dəhşətli bir ikrah içində ayağa qalxıb, tələsik paltarını geyindi:
"Onu mənmi öldürdüm? Yox! O, özü özünə qənim oldu".
Cahan özünü ələ almağa çalışırdı.
Cahana bu an elə gəldi ki, sanki başının üstündəki tuncdan tökülmüş qara qartal heykəli indicə hərəkətə gəlib onun üstünə şığıyacaq və gözlərini tökəcək...
Cahan vanna otağına getdi, üzünə su vurdu. Qayıdıb üst-başını bir də qaydaya saldı.
Çantasını götürüb çıxış qapısına yaxınlaşdı. İndi neyləsin, evə, yoxsa ora... Əməlinə görə cavab verməyə?..



Həyət qapısına çatanda onu dəhşət bürüdü. Elə bil bədənini elektrik cərəyanına qoşdular. Qapı kilidliydi. Hasar çox hündür idi. Ona elə gəldi ki, içəridə qoyub çıxdığı meyit hərəkətə gəlib onu incidən adamı axtarır. "Yox, onu mən öldürmüşəm... daha burda yubana bilmərəm. Bu ağıla sığmayan dəhşətli bir işdir, burdan çıxa bilməsəm dəli olacağam, ya da bağrım çatlayacaq!"
Təlaşı dəmbədəm şiddətlənirdi. Qorxudan ölə də bilərdi. Labirintə bənzəyən villadan çıxış yolu tapa bilmirdi. Deyəsən, heç elə bir yol yerli-dibli yox idi.
Bəlkə o artıq polisə gedib, əməlinə görə cavab verib, indi də həbsxananın qaranlıq küncündədir?
Sanki Cahanın həbsxana həyatı o andan başlamışdı.
Belə yerdə dara düşmüş adamın köməyinə səbir etməkdən savayı heç nə gəlmir. Ya da polisi köməyə çağırmaq. Amma cib telefonunu götürməmişdi. Meyit olan otağa qayıtmağı düşünəndə isə dəhşətə gəlirdi, uçum-uçum uçunurdu. Əlini qorxa-qorxa hasarın içində qaranquş yuvasını xatırladan qurğuya uzatdı. Qapı şaqqıldayıb açıldı. "Şükür! Şükür! Xilas oldum! Çıxdı. Geri itələnən qapı necə şaqqıldayıb açılmışdı, eləcə də şaqqıldayıb kip örtüldü...

***

Neçə illərin hakimlik təcrübəsi olan Hüseynli tam əmin idi ki, hadisə məhz belə davam edib. Həm də ki, "Könül dəftəri" qadının xarakteri barədə bir çox mətləbləri ona bəlli eləmişdi. İşdən gələndə sonra cəmi bircə dəfə mətbəxə keçib bir stəkan qaynar su içmək üçün üstündən qalxdığı kürsünün içində bir az da büzüşüb oxumağa başladı:
"... Özümü itirmişdim. Elə bil şoka düşmüşdüm. Qaraxanlının evinə necə getdiyimi, onu nə şəkildə öldürdüyümü xatırlasam da, həyət qapısından çıxıb polisə getdiyim, "adam öldürmüşəm" söyləməyim yadımda deyil.
... Sanki doğrudan da hər şey yuxuda baş vermişdi.
Gənc polis zabiti mənim adam öldürməyimə əvvəlcə inanmaq istəmədi. Əyləşmək üçün yer göstərdi... Həyəcandan dilim-dodağım qurumuşdu. Sonra kiçik elektrik samovarından stəkana çay süzüb, qabağıma qoydu... Və təkrar dinləməyə başladı.
İstintaq zamanı gəlinimin adı hallanmasın deyə, son telefon yazışmaları barədə susdum, akademik Qaraxanlını öldürməyimin əsas səbəblərini söyləsəydim, həm uzun-uzadı vaxt aparacaqdı, həm də... canımdan artıq sevdiyim oğlumun xoşbəxtliyinə kölgə salacaqdım...
Doğma oğlum məndən üz döndərib. Haqqı var. Kim istəyər ki, anası qatil olsun! Nərgiz mənə qulaq asıb, yaxşı ki, əsl həqiqəti bugünəcən ondan gizlədir. Baxın, aylar-illər ötüb keçsə də, mən adına qanunlar toplusu deyilən bir anlayışdan da üstün olan ƏDALƏTin sorağındayam. Elə bir ədalət ki oğlumu, gəlinimi, üzünü görmədiyim nəvəmi qaytarsın.
Bir müddət mənə elə gəlirdi ki, nahaqdan iztirab çəkən qadını anlayan bir Allah bəndəsini indiki zamanda çətin taparam. Buna görə özümü bədbəxt sanırdım, "Olacağa çarə yoxdur", deyib susurdum. Amma sizin əsərinizin mənə bəxş elədiyi inam hissini duymaq, ümid çırağını görmək bir həbsxana guşəsində də xoşbəxtlikdi... Bəlkə bunu xoşbəxtlik saymağım doğru deyil? Axı siz mənim həbsxanada başıma gələnlərdən xəbərdar deyilsiniz. Gələcək kitablarınızda bunun gərəkli olacağını nəzərə alıb, bir-iki kəlmə də bu barədə yazmaq istəyirəm.

***

Mən ilk dəfə bu həbsxanaya qədəm basanda, onun həyət-bacasındakı səliqə-sahmanı görəndə, uşaq vaxtı Xoşavaz nənəmin əllərimdən tutub uşaq baxçasına getməyimi xatırladım. Bir yaz günü o baxçanın həyətində mənim gördüyüm uşaqlar şehli güllərin üstündə uçuşan rəngli kəpənəkləri tutmaq istəyirdilər. Güldən-gülə, budaqdan-budağa qonan o kəpənəklər uzun və xallı qanadlarını kirpik kimi çalırdılar, o vaxt nənəm baxçanı tərifləyib dedi: "ay bala, bax, gör, burada nə qədər balaca uşaq var!.. Hələ sən bu rəngli kəpənəklərə bax, mən ömrümdə bu qədər kəpənək görməmişəm. Maşallah, həyət-baca çiçək kimidi..."
İndi nənəmin ruhuna dua oxuya-oxuya həyəti güllü-çiçəkli olan bu həbsxanada rəngli kəpənəklər kimi gəzib dolaşan qadınları görəndə, öz-özümə dedim:
- Aman Allah, burada nə qədər qadın var?
Bura sanki böyüklər üçün baxça idi. Amma indiyə kimi insan həyatının necə şirin, azadlıqda keçirdiyi vaxtın necə qiymətli olduğunu anlamamışdım. Burdakı yasəmən güllərinin ətrini belə duymurdum. Yəqin bu dünyada həbsxana həyətlərində açan bütün gül-çiçəklərin zərrə qədər ətri-qoxusu olmur.
- Canıyanmış ənliksiz-kirşansız da gözəldi, elə bil gözəllik salonundan çıxıb gəlib, - damağında siqaret tüstülənən, pırpızsaçlı, orta yaşlı, kobud səsli toppuş qadın ehtiraslı baxışlarla mənə baxaraq dilləndi. Sonra ona bir neçə qadın da qoşularaq köhnə bazarın piştaxtasına gətirilmiş təzə əşyanı seyr edən müştərilər tək yan-yörəmdə dolaşmağa başladılar. Kimsə pırpızsaçlı qadına eyhamla:
- Vallah, Sultana layiq candır, adamın lap ağzının suyu axır, - dedi.
Başqa biri:
- Ah, pamadasız dodaqları qız dodağı kimi təravətlidi...
Bu zaman hasarın o biri tərəfindən uçub gələn xallı kəpənək az qala bütün məhkumların diqqətini çəkdi. İki nəfər məhbus uşaq kimi bir-birini itələyə-itələyə kəpənəyin arxasınca cumdu.
Pırpızsaçlı qadın onlara acıqlandı:
- Dayanın! Kəpənəklə işiniz olmasın, - sonra gözlərini qıyıb, məni başdan-ayağa süzərək ciddi tərzdə dedi:
- Baxın, görün, bu dünyada üçcə günlük qonaq olan o kəpənək necə bəxtəvərdi. Özünün seçib-bəyəndiyi gül-çiçəyin üstünə qonur, ətrini alır.
Onun səsi doğrudan da kişi səsi kimi qalın idi. Həm də adama daş kimi çırpılırdı. Qadınlardan biri kənardan ona ehtiyatla söz atdı:
- Eh, sən də söz danışdın da, ay Sultanım, bu kəpənəyin nəyi bəxtəvərdi? Heç bəxtəvər də gəlib həbsxana həyətindəki güllərə qonar?!
Pırpızsaç qadın toyuq-cücə qarşısında var-gəl edən hind xoruzu kimi köksünü qabartdı:
- Səsini kəs, əgər burda mənim yarım qədər otursaydın, sən də alimi-biəməl olardın. Qoy görək, xəstə bir akademiki cəhənnəmə vasil edən bu təzə gözəlçə kəpənəklər barədə nə düşünür? Axı o boyda akademikin şələsini qoltuğuna verib o dünyaya göndərən ən azından özü professor, ya da heç olmasa, dosentdən-zaddan olmalıdır...
Bu sözləri deyəndən sonra pırpız saçlı qadın səsinin tempini və ahəngini dəyişib mənə xoruzlandı:
- Yoxsa, sən də bu kəpənəyin güldən-gülə qonmasını bəxtəvərlik sanmırsan? Gül bülbülə, bülbül gülə dolaşan kimi, istədiyin vaxt bir-birimizdən zövq ala bilərik, qoy mən kəpənək olum, sən də mənim gülüm...
Mən birdən dişi ilan görmüş kimi diksinib kənara sıçradım:
- Yox, - deyə qışqırdım, - mən... mən...
Bu dəfə o doğrudan da xoruz kimi qaqqıldadı:
- Qaaaqq, qaaq, ağəz, dayan bir görüm, bəyəm, sən tutuquşusan? Yoxsa, deyəcəksən ki, gül kimisən, aydan arı, sudan durusan? Təki belə olsun, gözəlim, amma bura türmədir, tirmə deyil bürünəsən, hər şeyin açıq-aşkar ortadadır. Mənə bax, əgər özünü qorumaq, burdan canını salamat qurtarmaq istəyirsənsə, biz bir ailə kimi yaşamalıyıq, yəni sən mənə aid olmalısan. Yoxsa, bu gün-sabah nəzarətçilər səni erkək madyanların altına yıxacaqlar. Onda peşman olarsan. Hə, hə, mən buranın köhnə inventarıyam. Ona görə də hər işə yarayıram, unutma, gözəlim, burda - məhbusxanada yalnız keçmiş günahının cəzasını çəkməyə deyil, həm də bu gününü, sabahını düşünməyə, gələcəyini xilas etməyə məhkumsan.
- Sizin nə istədiyinizi başa düşmürəm.
- Darıxma, səni başa salaram... Mən sənə lazım olacağam, sən də mənə...
- Mənim heç kimə, heç nəyə ehtiyacım yoxdur.
- Ay nənənün çil xoruzu ölsün, sən güya məni başa düşmürsən? Yəni deyirəm, bax bu cür gözəl bədənini məzara aparmaqdansa, gördüyün o kəpənək kimi mənim ağuşuma qon, mənnən otur-dur, azarını da elə mənnən öldür. Yoxsa, erkək madyanların ağuşunda paymal olacaqsan. Xəstəlik-filan tapacaqsan! Ağlını başına topla, get, əməlli-başlı düşün! Burda sənə düşünməyə mane olan kəsin cəngini bez kimi cıraram... - sonra amiranə tərzdə ətrafındakılara acıqlandı, - nə pişik kimi marıttayıbsız? Ay qız Silotkə, apar buna yerini göstər...
O gün axşamacan mənə düşünməyə vaxt verən o qadın gözlərimin önündəcə əl-qolunu yellədə-yellədə var-gəl edirdi.
...Bax, beləcə, demə görəcək günlərim qabaqda imiş. Qəlbimdə "yağışdan çıxıb, yağmura düşdüm", - deyə o gün xeyli düşüncələrə daldım. Görünür, keçmişi inkar etmək olmur, deyəndə, Folkner çox haqlıymış; axı, o, deyirdi ki, keçmiş istəsək də, istəməsək də həmişə bizimlədir, o ölü deyil, hətta, bizim düşündüyümüz kimi bizdən uzaqda da deyil. İndi mən də elə bilirdim ki, akademik Qaraxanlı ölməyib, bir zaman gördüyüm yuxum çin olub. Həmin yuxu barədə yazmışdım, o yuxuda Nərgizə sarılmaq istəyən ilanın başını kəsdiyim yerdən yenidən baş çıxırdı... indi də sanki, Qaraxanlı zühur edib qadın cildinə girmişdi və gəlib məni burda - cəhənnəmi xatırladan bir yerdə tapmışdı.
Adı Silotkə çağırılan nərmənazik qadın qonşu çarpayıda yatırdı. Onun otuz yeddi, otuz səkkiz yaşı olardı, ovurdları çökmüşdü, arıq görkəmindən vərəmli xəstəyə oxşayırdı, amma çox çalışqan idi, səhərdən axşama kimi bir an da olsun hərəkətsiz dayanmazdı. Xırım-xırda xidmətləri ilə hamının hörmətini qazanmışdı. Bilmirəm, məni qorxutmaq üçün, yoxsa xəbərdarlıq etmək məqsədi ilə dedi:
- Qulaq as, bu dişi ilan cibgirlərə və oğrulara xaç analığı eyləyən Klaranın nəvəsidir...
Dedi ki, qadın sinəsinə döyüb, əvvəllər bu barədə özü fəxrlə danışırmış... Həbsxanaya gələn təzə məhbusları sorğu-suala tutanda: "Bilirsən, mən kiməm? Ay bisavad, hardan biləsən? Kitab-zad, qəzet-məzet oxumusan ki?!"
Bir də Silotkə dedi ki, zalım qızının qulağı darı dəlir. Həbsxananın hər künc-bucağından xəbəri var. Mən bir anlıq qəm-qüssəyə qapılıb yenə o qadının Qaraxanlı ilə eyni ağacın meyvəsi olduğunu düşünürdüm:
- İlanın ağı da, qarası da birdi, ağına da lənət, qarasına da...
- Sən bu qadını tanımırsan hələ, Allah elə bil onu alayı cürə yaradıb.
- Burda yəqin hər gün belə nalayiq söhbətlər olur? - deyə ondan soruşdum.
- Söhbət nədi, bacım, sən hələ onun murdar hərəkətinin şahidi olacaqsan.
Mən o gün, tez-tez əllərimi tanrının dərgahına qaldırıb:
- Allahım, məni bu dişi ilanın şərindən qoru!.. - deyə yalvarırdım...
Silotkə yüngülcə köks ötürüb:
- Amin, - deyirdi...

***

...Gecənin bir aləmi qonşu çarpayıya iri bir kölgə yaxınlaşdı:
- Ay qız, Silotkə...
Qadın yatağın içində gözlərini ovuşdurdu, kədərli səslə "nə olub?" - deyə soruşdu. Kölgə onun qulağına nəsə pıçıldadı. Silotkə başını çevirib Cahana baxdı, onun yatdığını zənn edib, dərindən köks ötürdü. Cahan gözlərini yumsa da, oyaq idi. Gecədən xeyli keçmiş soyunub könülsüz çarpayıya uzanmışdı, amma yuxusu qaçmışdı. Yanağına süzülən göz yaşları yastığını isladırdı.
On-on beş dəqiqə keçməmiş çarpayı cırıltısına diksinib gözlərini açdı... Elə bil nərmənazik qadının çarpayısına kimsə ağır kötük kimi sərələndi... Həbsxana hücrəsinin bu tərəfi tutqundu, o tərəfi işıqlı.
Gecə yarısı çarpayıda uzanan qadınların bəziləri səssiz-səmirsiz otaqdan çıxıb, harasa gedirdilər.
Ətraf ölü sükuta qərq olsa da, gecənin bu aləmi Cahana elə gəlirdi ki, onun kimi yuxusu qaçanların çoxu bu müəmmalı yerdəyişmədən xəbərdardı. Yan-yörəsi seyrəlmişdi. Ürəyi təlaş içində, şiddətlə döyünməyə başladı. Anbaan artan həyəcanını zorla boğurdu. Sonra...
Sonra kürəyindən soyuq tər axmağa başladı. Ürəyi hövl elədi, az qala yerindən çıxsın. Kürəyi divara qısılmışdı. Əvvəl qorxusundan qışqırmaq istədi. Səsi çıxmadı... Təngnəfəs olmuş adamlar kimi, ağır-ağır nəfəs almağa başladı. Bu məqamda səsini necə çıxara bilərdi. Zəiflik göstərdiyinə görə özünü qınasa da, sanki qəlbini içəridən sehirli bir qüvvə buxovlayırdı.
- Sevişmək üçün gözəl gecədir! - səs elə bil qeybdən gəldi. Sonra tünd fransız ətrinin qoxusu ətrafı bürüdü.
Pırpızsaçlı qadın alaqaranlıqda onu ağuşuna alıb tumarlayırdı. Elə bil kobud kişi əllərinə bənzəyən əlinə göydən qəfil düşmüş qiymətli büllur qabı salıb sındırmaqdan qorxurdu. Cahanın çılpaq belini qucaqlayıb qulağına əttökən sözlər pıçıldayırdı... O, barmaqları ilə də, dili ilə də Cahanı ovsunlayırdı. Boynundan, boğazından, döşlərindən öpürdü. "Gözəlim", "canım" sözləri pırpızsaçlı qadının kobudluğuna incəlik, zəriflik çiləmişdi. İlk dəfə görəndə az qala iyrəndiyi qadının indi ehtirasdan pıçıldadığı sözlər sanki həzin və zərif səslənirdi. Əli Cahanın döşlərindən göbəyinə, sonra aşağı sürüşdükcə inilti səsləri gecənin qaranlığına qarışırdı. Bir anlığa həqarətli, müti görkəm aldığının fərqinə varmadan qımıldanmadı...
Cahanın içindəki qəzəb ehtirasdan cuşa gəlmiş qadının incə sığalı qarşısında getdikcə geri çəkilən, ram olunan yırtıcı heyvana bənzəyirdi. Daha müqavimət göstərməyə tabı qalmamışdı. Pırpızsaçlı qadının ehtirası ona da keçirdi, onun təmasından bədəni yumşalmışdı, xoşallanmışdı. Uşaq vaxtı isti çayı soyutmaq üçün bir stəkandan digərinə boşaldardı. Beləliklə, çay soyusa da, hər iki stəkan qızardı. Qəribə də olsa o intim anlarda Cahan özünü boş stəkana, onu ağuşuna alan qadını dolu stəkana bənzədirdi. İçərisində daxili qorxu hissi yaşasa da, bədəni ehtirasdan coşurdu.
Son dəfə xəfif, utancaq inilti eşidildi.
- Hədiyyən məndə...
Cahan birdən sivişib onun qucağından çıxdı, yanaqları pörtüb yanırdı:
- Allah xatirinə daha məndən əl çək...
Qadın qalxıb çarpayının bir qırağında oturdu. Koppuş barmaqlarının arasına aldığı siqareti alışqanla yandırdı. Onun gözləri alışqanın işığında bədəni əzginləşmiş Cahana nəvazişlə zillənmişdi.
- Canım, bir siqaret çəksən...
- Yox... gedin, Allah xatirinə! - ağlamsınıb üzünü divara çevirdi.
- Nahaq yerə vicdan əzabı çəkmə. Bu gün də olmasa, sabah...
Kimsə boğazını arıtladı. Pırpızsaç qadın susdu. Elə bil ona gecə seansının başa çatdığını işarə etdilər. Durub getdi. Cahan yerində narahatcasına qurcalandı. Hava işıqlandı. Cahan gözlərini əbədi xəstələr kimi bir nöqtəyə zilləmişdi. "Görəsən, sabah qadınlar mənim barəmdə nə düşünəcəklər?"
Gecəyarı otaqdan gedən qadınlar sakit-sakit yerlərinə uzandılar. Gecənin sükutunu yalnız məhbus çarpayılarının cırıltısı pozurdu.
... Səhər açılanda üzü xəcalətdən qıpqırmızı idi.
Cahan başını aşağı dikmişdi. Elə bilirdi bütün dünya onun gecə yaşadığı macəradan xəbərdardı. Utandığından səhər yeməyinə getmək istəmirdi.
- Özümdən iyrənirəm... - sıxıla-sıxıla pıçıldadı, - sir-sifətim yaman gündədir... - dodaqları səyridi.
Silotkə hardansa yumru güzgü çıxardıb ona uzatdı:
- Al bax, pis görsənmirsən. Yaxşısan. Dur ayağa, gedək.
Güzgüyə baxıb xeyli xəyala getdi. Bu güzgü ilk dəfə məktəbli çantasında gəzdirdiyi kiçik aynaya bənzəyirdi. Keçmiş günləri gözlərinin önündə bir an ilğıma döndü. Uşaq olmaq, başını nənəsinin dizinə qoyub, xumarlana-xumarlana eşitdiyi nağılın sonunu öyrənmək istəyi keçdi içindən. Başına gələnlər sonacan dinləmədiyi nağılların davamıydı yoxsa? Yox, o nağılların ağ atlı qəhrəmanları vardı: adamyeyən divlərə güc gəlib, qırxıncı otağın qapısının tilsimini sındırırdılar, dara düşmüş insanların həyatını xilas edirdilər...
- "Bəs mən bədbəxtin həyat nağılı necə bitəcək?"
O doğrudan da vicdan əzabı çəkirdi: Pırpızsaçlı manyak qadın onun müharibədə şəhid olmuş ərinin xatirəsini təhqir etmişdi. Bəs o, buna necə yol verdi? Get-gedə Cahan içəridən qovrulub hiddətlənirdi.
"İşə bax!" - deyirdi, "yaxamı bir manyakın əlindən güclə qurtarıb, asanlıqla başqa bir manyakın ağuşuna düşdüm..."
İştahasızdı. Səhər yeməyi yeyəndə hamının buz kimi soyuq baxışlarını üzündə hiss etdi. Dilinə bir tikə də vurmadı. Onu yeməyə heç kim təhrik etmədi.
- Bu lənətə gəlmiş yerin həbsxana olduğunu unutma, - Silotkə qulağının lap dibində mızıldandı...
Demək, bu an təkrar-təkrar yaşanacaqdı... Pırpızsaç qadın onunla eşqbazlıq edəcək, ürəyi istədiyi vaxt - gecənin bir aləmi ilan kimi ona sarılacaqdı.
Hər dəfə də ərinin ruhunu incidib, təhqir edəcəkdi.
- "Bəs onda necə edim ki, bu iyrənc qadın qır-saqqız olub gecə-gündüz boyun-boğazıma yapışmasın?!"
"İstər azadlıqda ol, istər türmədə - fərqi yoxdur, hər yan naqisliklə doludur". Beynində dolaşan fikirlər onun ruhunu əzirdi. Ölmək, ya da öldürmək hələ çox şeyə əlac deyil: "Ax, bircə o aypara şəkilli güzgü parçası burada olaydı". Məhkəmədə güzgü parçasını əşyayi-dəlil kimi götürmüşdülər.
- "Siz Qaraxanlını bu əşya ilə öldürməyə getmişdiniz?"
- "Bəli!"
- "Demək, onun ölümünü qabaqcadan planlaşdırmışdınız?"
- "Bəli, mən onu öldürmək barədə saatlarla, günlərlə düşünürdüm".
- "Bəs niyə siz aypara şəkilli bu güzgüdən istifadə etmədiniz?"
- "İti qılınc olan yerdə küt güzgü parçasına nə ehtiyac?"
- "Əminsiniz ki, onu siz öldürübsünüz? Axı zərif, gözəl qadınsınız. Ömrünüzdə idmanla məşğul olmayıbsınız. Bir həmləylə və ya zərbəylə onu necə öldürə bildiniz?"
Cahan bir an fikrə getdi. Bəlkə doğrudan da möcüzə baş verib: xəyalında canlandırdığı cəngavər imdadına yetişib, onu öldürüb? Sanki o qarayanız cəngavər kimi, bütün olanlar da yuxuydu... Bəsdir!
"Bu qədər xəyalpərəstlik yetər, Cahan!" Az qala xəstə bir ehtirasın əbədi əsirinə çevrildiyinin fərqinə varıb özündən çıxdı:
"Qəzəbim, nifrətim mənə güc verdi... İyirmi ildən çox idi ki, qəzəbim vulkan kimi içimdə yatırdı... Mənim qəzəbim Samuray qılıncından da iti idi, kəsərliydi. Əgər qılınc olmasaydı, onu əllərimlə boğacaqdım..."
İndi də özünə nifrət edirdi. Pırpızsaç qadının sifəti bircə an olsun gözünün önündən çəkilmirdi: sanki onun əlləri hələ də Cahanın ağappaq bədənində dolaşırdı. Ötən gecə onunla yaşadığını heç vəclə unuda bilmirdi: "Nahaq yerə vicdan əzabı çəkmə..." - səsi beynində uğuldayırdı. Nahar vaxtı yatağını səliqəyə salanda Silotkənin balıncının altında gizlətdiyi güzgü gözünə sataşdı. Hamı gedəndən sonra ağır fikirlər içində otaqda yubandı. Güzgünü götürüb sığalladı. Cahan özünü ölümə məhkum etmişdi. Güzgünü çarpayının baş tərəfinə vuraraq sındırdı, bütün gücünü toplayıb damarını kəsdi və son dəfə xəyala daldı: Yamyaşıl meşənin seyrək qoynundan bir atlı ona sarı çapırdı. Atın ayaqları yerə dəymirdi. Atlı ona yaxınlaşanda gözlərinin içinə baxıb başını buladı. Əmanət qoyub getdiyi qiymətli bir şeyi qoruya bilmədiyinə görə sanki onu qınadı. At da qoşa ayaqları üstə şahə qalxaraq, az qala onu tapdalayacaqdı. Atlı xəncərə oxşar güzgü parçasını ona tərəf atıb, sonra qeyb oldu. Cahanın qulağına qeybdən səs gəldi: "Güzgü təkcə qadın gözəlliyini əks etdirən əşya deyil, lazım gələndə ondan cəza aləti kimi də istifadə etmək olar".
- Aman Allah! Sən özünə necə qıydın, ay bacı!
Silotkə bu sözləri deyəndə, Cahanı qan aparırdı... Gətirdiyi hədiyyələr, əlində tutduğu gül dəstəsi yerə töküldü.
- Sultan göndərib bu şeyləri, - dedi - səni soruşdu, dedim ki, bir az özünü pis hiss edir. Allahın rəhmi gəlib sənə, bir az gec gəlsəydim, burda qan gölməçəsi yaranardı...
Cəld hardansa pambıqla tənzif tapıb, yarasını bağladı.
- Məndən başqa heç kim nə baş verdiyini bilməyəcək...
Döşəməyə tökülən qan izindən əsər-əlamət qalmadı.
- Bilsələr sorğu-suala çəkib, bezdirəcəklər, - dedi, - bir də Sultan eşitsə, məni boğub öldürər! Kaş tez gələydim...



Bir azdan Cahan özünə gəldi... Silotkə güclə onu yatağına uzatdı. Sonra gedib yeməyə nəsə gətirdi. "Deyərəm ki, xəstələnmisən..."
Cahan döşəmənin bir tərəfinə düşmüş sarı gül dəstəsinə baxdı. Bir vaxtlar infarkt keçirib, xəstəxanaya düşəndə Qaraxanlı da ona eynən belə gül dəstəsi göndərmişdi... Qaraxanlıyla Sultanın oxşar zövqləri onu düşünməyə vadar etdi. "İkisi də bir bezin qırağıdır".
Silotkə tez qayıdıb gəldi:
- Döz, bacım, döz! Bu xarabanın həbsxana olduğunu təkcə barmaqlıqlar deyil, həm də Sultan kimi manyaklar sübut edir.
- Deyəsən, bu xarabada ləyaqət barədə düşünmək də ayıb şey sayılır?..
- Adamın ağlına ən dəhşətli, ən pis fikirlər təklikdə gəlir... Təklik intiqam dərsi keçən müəllimə bənzəyir. Bundan sonra səni tək qoymayacağam.
Silotkə dəmir barmaqlıqlar arxasından sanki dünyanın hər üzünü görmüş yaşlı adamlar kimi danışırdı.
Ona qulaq asa-asa Cahan iki yol ayrıcında qalmışdı: əlinə ilk fürsət düşən kimi ya özünü asmaq, ya da var gücünü toplayıb, pırpızsaçlı qadını öldürmək...

***

Həbsxana həyatı olsa da, bu dünya yaşamalı dünyadı. Can da ki, şirin şeydi. İstər dağın başı olsun, istər dərənin dibi! Ömrün fəsilləri də sonsuz deyildi: bu ömrü Tanrı ona yaşamaq üçün vermişdi... Azadlıqda, ya da zindanda olmağın nə fərqi vardı, özünə qəsd etmək Tanrıya qarşı çıxmaqdı.
Bəlkə pırpızsaç, toppuş qadını əməlli-başlı əzişdirsin? Ancaq bu cür yelbeyin, manyak qadınlara zor göstərmək asan deyildi. Cahan həyatı boyu belə düşkün qadına rast gəlməmişdi. Onun nəzərində gözəl qadınlar burada - həbsxanada yalnız vaxt keçirmək, əylənmək üçündür. Görəsən, Cahan bu ifritənin qoynuna aldığı neçənci qadın idi?
"Yox, bu miskinliyə dözmək axmaqlıqdır".
İki-üç gün keçdi. Özünə gəldi. Cahan düşünürdü ki, artıq o əyyaş qadınla haqq-hesab aparmağın vaxtı yetişib; hətta özündə lap şir gücü hiss edirdi. O, bütün varlığı ilə döyüşə can atan cəngavər kimi bu məqamı səbirsizliklə gözləyirdi.
Həyətdə gəzinti zamanı qadın siqaret çəkə-çəkə ona yanaşdı. Ömründə siqaretin dadını bilməyən Cahan gülümsünə-gülümsünə əvvəl ondan bir siqaret alıb yandırdı. Qadın hiyləgərcəsinə ona baxıb güldü. Bu qadının yeri gəldi-gəlmədi qəhqəhə çəkib yalandan gülməyi, istədiyini çox asanlıqla əldə etməsi Cahana Qaraxanlını xatırlatdı. Bu qadın sanki Qaraxanlının əkiz tayı idi, elə bil bir ananın qarnından çıxmış, damarlarında eyni kişinin qanı axırdı. Ancaq Qaraxanlı ilə onun evində görüşdükləri gecə işvəkar qadın təbəssümünün yaratdığı dəhşətli möcüzəni xatırlayıb daxilən sakitləşdi. Yalançı təbəssümlə, gülə-gülə insan ən qəddar düşmənini belə yox edə bilər. Ancaq bu pırpızsaçlı qadının yanında hiss edirdi ki, süni təbbəssümləri onu müqəssir görkəmində ələ verə bilər. Bəs necə etsin ki, hərəkətləri inandırıcı görünsün?
Sultan şahzadələr kimi iki dəfə əlini bir-birinə vurub, şappıldatdı:
- Bax belə, başlanğıc üçün pis deyil, əvvəl bir az öskürəcəksən, sonra hər şey yoluna düşəcək. Hə, de görüm, mənim gülüm özünü necə hiss edir? Məncə, pis deyil... Bu xarabada böyük zövq almağı yalnız güclülər bacarır. Gülüm, bəs niyə uzunqol kofta geyinibsən? Rəngin-rufun da xoşuma gəlmir.
Cahan yırtıcı heyvanlardan qaçıb canını güclə qurtarmış yorğun maral kimi başını buladı. Onun qara saçları üzünə dağıldı. Köynəyinin qolu əllərini örtmüşdü.
- Bu səhər bir az üşüdüm... - dedi və doğrudan da əsnəyib üşüdü.
- Sənə bir dəstə gül, fransız duxusu, bir də ənlik-kirşan göndərmişdim...
Cahan: - Mən də gəldim ki, sizə... - birdən onu öskürək tutdu.
Sultan: - Başa düşdüm, təşəkkür etməyə lüzum yoxdur, canım, onlar boş şeydir. Sən o gecə təravətli bədəninin ətri ilə məni məst etdin.
Cahan: - Rəhmətlik nənəm kimi dağı arana, aranı dağa aparıb çox düşündüm, keçmişdən üzü bəri ağlı başında olan adamlar nə deyirsə, doğru çıxır: hansı kitabdansa oxumuşdum ki, təbiət bəzən insanı it kimi hürməyə, çaqqal kimi ulamağa məhkum edir, şərait isə məcbur edir ki, pişik kimi miyoldayıb, tülkü kimi quyruğunu bulayasan...
Sultan ağzını açıb heyrətlə ona baxırdı. Cahandakı bu dəyişikliyin səbəbini öz qələbəsi kimi zənn edib fərəhlənirdi.
- Yalan danışan adam ilandan da qorxuludur, - məzəmmətedici səslə özü-özünə, - İlahi, bu fikir hardan gəldi ağlıma? - dedi.
- Hə, bax, indi səndən lap xoşum gəldi, sənə nə it kimi hürmək lazımdır, nə pişik kimi miyoldamaq, burada eşşək kimi anqıran, quzu kimi mələyən təlxəklər az deyil! Amma bir şeyi unutdun, ağılla gözəllik səndədir, güclə hökmüranlıq isə məndə, bunları birləşdirsək həmişə kef çəkəcəksən. Mənim də nənəm deyirdi ki, türmə cəhənnəmlə cənnətin arasındadır. Hansına tərəf getmək sənin öz ixtiyarındadır.
Cahan: - Doğrudan, sən oğru Klaranın nəvəsisən?
Sultan: - Necə bəyəm, sən buna şəkk edirsən? Mənim yatdığım çarpayı onunkudur... Bu həbsxananın hər divarına nənəmin nəfəsi hopub!
Bu zaman Cahan kənardan onlara baxan məhbus qadınların çoxunun gözlərində qığılcım saçan quduz nifrəti, kini görüb ürəkləndi. Qəlbində: "Bu qadın görünür, məndən qabaq çoxunun gününü qara edib..." - deyə düşündü. Cahan yaxşı başa düşürdü ki, indi pırpızsaç qadınla münasibəti çoxunu çaş-baş salıb; gözlərdəki nifrətdən, deyəsən, onun da payı vardı. Demək saxta təbəssüm onlara inandırıcı təsir bağışlayıb.
O, yanaşı dayananda pırpızsaç qadından xeyli qüdrətli görünürdü. Lakin, di gəl ki, içində qorxu vardı. Bu qorxunu, xofu boğmaq güc istəyirdi. Cahan canında belə bir güc tapa biləcəkmi?
Cahan: - Məlahətli qadına zorla özünü sevdirmək arzusu mismarı dəmirə çalmaqdı, - dedi.
Əlbəttə, Sultan - üzü üzlər görən, dünyanın onsuz da həbsxana olduğunu əzəl başdan fəhm edərək, demək olar ki, bütün şüurlu həyatını həbsxanada keçirən bu kişi-arvad, azadlıqda özündən də betər zəlalət çəkən qatil qadının - Cahanın "Mismar - dəmir" söhbətini qulağına da almadı. Cahan isə o fəlsəfi sözlərdən sonra ikrahla əlindəki siqaretin tüstüsünü gözünə dolmasın deyə üfürə-üfürə əlavə elədi:
- İyrənc şeydi, - və istədi ki, tüstülənən siqaret kötüyünü tullasın.
- Dayan, atma, mənə bax, öyrən - deyə pırpızsaç qadın siqaretini sümürdü - nə dediyini başa düşmədim, açıq danış görüm?
Cahan duruxdu və siqaret barmaqlarının arasında tüstülənə-tüstülənə sanki içinə od dolduran qorxudan xilas oldu: "İslanmışın yağışdan nə qorxusu", -məsəli yadına düşdü.
Əyyaş qadın növbəti qullab üçün siqareti ağzına aparanda Cahan cəld onun ağzındakı siqareti qaparaq, öz əlindəki siqaretlə birlikdə pırpızbaşın yanağına sıxıb eşdi. Pırpızsaç çığırdı. Cahan o biri əlindəki güzgü qırığını onun boğazına dirədi:
- Məndən uzaq ol! İstəsəm bu dəqiqə qırtlağını kəsərəm... Burdan meyitin çıxar... Sənin kimi ifritəyə görə ömürlük burada çürümək istəmirəm... Bildin?..
O, Cahana müqavimət göstərmədi. Cahan güzgü parçasını çəkər-çəkməz pırpızbaş əlini Cahanın saçına atdı. Qadınlar bir-birinin saçlarından yapışıb yerə yıxıldılar, haraya gələnlər əvvəl tamaşa etdilər, sonra ayırmaq bəhanəsiylə pırpızsaç qadının əl-qolunu tutub dartışdırdılar, Cahan boş dayanmadı, onu bəs deyincən yumruqladı... Sultanın üzünü güzgü parçasıyla neçə yerdən cızıb qanatdı. Bayaqdan Cahanı qınayanlar, onun gözlənilməz hünərini ağlına gətirməyənlər, qəribə bir həmrəylik göstərdilər.
"Pırpızı" xəstəxanaya, Cahan Axundovanı təkadamlıq kameraya apardılar. O, atıldığı darısqal təcridxanada dizlərini qucaqlayıb doyunca ağladı. "Pırpız" xəstəxanadan çıxandan sonra, görəsən, nələr olacaq? "Eyib etməz, qoy çıxsın, gözünün odunu elə alım ki... Yəqin asanlıqla əl çəkməyəcək. Mübarizə davam edəcək. Allah kimə verər, verər..."
Tələbəlik illərində məhbusların çətin anlarda bir-birlərinə yaşamaq ümidi verməkləri barədə çoxlu kitablar oxumuşdu, filmlər görmüşdü. Burada isə hər şey ayrı cür idi... Həbsxana nağıl deyildi, sərt, amansız gerçəklikdi.
Əsas məsələ ölüm-dirim məsələsidi... amma o, ölmək yox, yaşamaq istəyirdi.

***

Adil Hüseynli gözünün yuxusunu qovub, növbəti vərəqi çevirdi...
"Burada çılpaq divarlar nə eşitdiyindən utanır, nə də gördüyündən. Lay daşların dili olsaydı, bu acı həyatdan nələr danışmazdı?! Canım elə sıxılır, elə sıxılırdı ki, sanki mənim canımı da doğrayıb soyuq daşlar kimi buranın divarlarına hörüblər...
Nə yaxşı ki, sizə bu məktubu göndərə bildim, ürəyimi az da olsa, boşaltdım. Rəvayət edirlər ki, şeytan ilan cildinə girib, Adəmlə Həvvaya Şər ağacının meyvəsini yedizdirmişdi. Həbsxanada olduğum bu müddət ərzində isə dərk etdim ki, ilanlar bu günün özünə kimi həqiqət, ədalət anlayışını şübhə altında saxlamaqla yanaşı, həm də insanı insanda puç edən, cənnətləri cəhənnəmlərə çevirən Şərin tilsimi, qorxunun, vahimənin simvoludur.
Azadlıqda keçən günlər ömür, burdakı günlər isə müddətdir. İndi burda - həbsxana hücrəsinə çökən gecələr Qara Div kimi üstümə gəlir. Hissimi, duyğumu tilsimə salıb gəmirir, qadın ömrümü öz ehtiraslarının qurbanına çevirir. Gündüzlərsə tənha bir guşəyə çəkilib, sizin xəyalınızla həmsöhbət oluram. Ətrafımda baş verənlərə sizin gözünüzlə baxmağa çalışıram. Məhkəmə hakimləri bir yana qalsın, deyəsən, bu məmləkətdə Qadın həbsxanası adlı bir cəzaçəkmə müəssisəsinin olduğunu yazıçılarımız, şairlərimiz də unudublar. Axı, burdakıların çoxu anadır. Və bu anaların çoxunun məcburiyyət qarşısında qalıb törətdiyi cinayətin müqabilində çəkdikləri cəza çox ağırdı... Məgər o qələm sahiblərini ana doğmayıb? Ərim vətən uğrunda şəhid olub, mənsə dustağam - oğlum məndən üz döndərib, gəlinimin, nəvəmin üzünə həsrət qalmışam. Bu arzuolunmaz taleyi məndən öncə də yaşayanlar çox olub! Əslən türk qızı olan rus şairəsi Anna Axmatovanın ərinin qanlı köynəyini qapısına atıb, oğlu Lev Qumilyovu həbsxanaya göndərmişdilər, tənha qalmış qadın-ana div kimi müdhiş sovet rejiminin təcavüzünə məruz qalmışdı. Amma: "Cavab tələb edən ehtiraslar qoy boğsun sevgiləri, biz ki ruhuq, əzizim!" - deyib ruhuna sədaqətli olan bu qadını ömrünün sonuna qədər idbar div boğub öldürə bilmədi...

davamı
XS
SM
MD
LG