Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:31

Natiq Rəsulzadə. Qardaş (3)


əvvəli

Bəzən özündən də asılı olmadan onu bu vaxta qədər nifrət elədiyi sentimental hisslər bürüyürdü və bu hisslərin peyda olmağı onun özünü də təəccübləndirirdi. Hərdən görürdü ki, qeyri-ixtiyari xəyallar qurmağa başlayır, amma bu xəyallar gələcəyə yox, keçmişə aid idi. Keçmişini başqa nə cür qura biləcəyini düşünür, on il, on beş il əvvəl etdiyi hərəkətlərin yerinə başqa cür eləsəydi, həyatının necə dəyişəcəyini gözünün qarşısına gətirirdi. Həm də yaman ehtirasla xəyallara dalırdı, eynən yuxudakı kimi: bəzən bu xəyallar onu qəfildən çox lazımsız, yersiz yerdə haqlayırdı və bu da onu narahat etməyə başlayırdı. Amma həm fiziki, həm də psixi cəhətdən möhkəm adam olduğuna və bu vaxtacan elə də ciddi xəstəliklər keçirtmədiyinə görə, içindəki bu dəyişikliklərə də barmaqarası baxırdı, ciddi əhəmiyyət vermirdi: bircə o qalmışdı ki, belə axmaq şeylərin fikrini çəksin.
Amma bəzən çox ciddi şəkildə fikirləşirdi ki, tutalım evlənsəydi, Fuadın arvadı Maşa kimi birisiylə ailə qursaydı, bəlkə də indi artıq yeniyetmə uşaqları olardı və sakit, rahat bir idarədə, şirkətdə işləyib halal zəhmətiylə, alın təriylə çörək pulu qazanıb evə, arvadına gətirərdi, işdən sonra öz ailə başçısı borcunu yerinə yetirdiyinə görə içində xöşbəxt bir yorğunluq hiss edərdi, elə bu hisslə də divanda, televizoun qarşısında uzanardı, axmaq verilişlərə baxardı, uşaqların gündəliklərini gözdən keçirərdi, nə bilim, coğrafiyadan-filandan qiymətlərinin aşağı düşdüyünə görə uşağı yüngülvari tənbeh edərdi, arvadı da kresloda oturub sakitcə nəsə toxuyardı, çılçırağın yaşıl yumşaq işığı qadının gülümsəməyə hazır olan sifətinə yayılardı…
Nə qədər laqeyd adam olsa da, öz içində belə hisslərin doğulması hərdən onu narahat etməyə bilməzdi. «Bu nədi belə- düşünürdü, -beynim horraya dönür deyəsən. Belə axmaq fikirlər Fuada xasdı, qoy o belə sarsaq xəyallarla məşğul olsun. Mənsə diqqətimi cəmləməliyəm, qarşıda çox vacib bir iş var».



***

Görüş çox qısa və işgüzar oldu, çünki məsələlərin çoxunu əvvəlcədən dəqiləşdirmişdilər: o öz dostlarıyla birlikdə iki aylıq faizlə böyük miqdarda borc alıb il yarımdı qaytarmayan bir hərifi divara dirəməliydi. Təbii ki, borc sahibini də özləriylə götürmüşdülər. Borc isə artıb gəlib otuz dörd minə çatmışdı. Belə qərara gəlmişdilər ki, borc sahibi bir il əvvəl verdiyi on mini alıb sevinə-sevinə gedir işinin dalınca, faiz kimi üstünə gələn iyirmi dörd mini isə dostlarıyla bərabər o götürəcək.
Nəhayət gəlib borclunun evinə çatdılar, zəngi basdılar. Borc sahibi gözlüyün qarşısında dayansa da, qapını açmırdılar. Uzun müddət zəng çalandan sonra, nəhayət kimsə qapıya yaxınlaşdı, qapı arxasındakını cidd-cəhdlə sorğu-suala tutdu, gözlükdən diqqətlə baxandan sonra, qapı açıldı. Elə o saat da, o , dostuyla bərabər evə soxulub tapançanı borclunun qarnına dirədi və bir saat ərzində ondan iyirmi dörd min qopartmağa nail oldular. Borclu and içirdi ki, evdə bundan başqa nağd pul qalmayıb. Onlar da yerdə qalan pula tüfürüb aradan çıxdılar. Qalıq üçün bir də təzədən geri qayıtmaq axmaqlıq olardı, ilişərdilər. Borc sahibinə səkkiz min verdilər və o da əslində buna yaman sevinirdi, çünki danışdığı adamların son bir saatdakı davranışını görəndən sonra, ümumiyyətlə, ümid etmirdi ki, ona da nəsə verələr.
Yerdə qalan pulları isə o, dostuyla bölüşürdü. Son vaxtlar şəhərdə belə işlər çoxalmışdı. Bəziləri zarafatca deyirdi ki, şəhərin birinci yarısı ikinci yarısına borcludur, amma borclular pulu qaytarmaq istəmirdi, bəlkə də imkanları yox idi. Onunçun də borc sahibləri bir neçə dəliqanlı adam tapıb borclunun üstünə göndərirdi, əlbəttə, əgər əmindisə borclunun pulu var, sadəcə qaytarmaq istəmir.
Belə işlərdə cəsarət, qətiyyət, hədə-qorxu gəlmək, şantaj eəmək bacarığı tələb olunurdu, bir an da özünü boş buraxmaq olmazdı və məhz belə bir vaxtda, müxtəlif əcaib xəyalların, romantik fantaziyaların onun fikrinə yol tapması onu əsəbləşdirirdi, özündən çıxarırdı, çünki xəyal, fantaziya elə şey idi ki, onu pula çevirmək mümkün deyildi, əlbəttə, əgər yazıçı deyilsənsə - amma yazıçıların da axır vaxtlar gün-güzaranı fərli deyildi, dilənçi kökündə yaşayırdılar, mətbuatda işləyən dostları deyirdi həmişə...

***

Bir dəfə də yuxuda xəyalpərəst və bəxtsiz Fuadın həyatından bir parçanı gördü. Yuxuda gördü ki…Görəsən, qardaşının həyatından ona nə lazımdı ki? Axı indi o, qardaşının təsəvvürünə belə gəlməyən tamam başqa həyat yaşayırdı, hər addımda bəxti gətirirdi, əziyyət çəkmədən ətəklə pul qazanırdı, hamı qarşısında diz çökürdü, gözəl qadınlar, başqalarıyçün əlçatmaz olan zərif eyş-işrətlər, qeyri-adi ehtiraslar; bəs onda görəsən onunçün anlaşılmaz olan əkiz qardaşının həyatında onu çəkən nə idi? Bütün bunlara baxmayaraq, yuxuda gördü ki, işə on beş dəqiqə gecikib və rəhbərlik də sinifdə qalan uşaqlar kimi onu danlayır. Ardınca başqa bir yuxu gördü, - indi o tələbədir, geodeziyadan imtahan verməlidir, amma heç nə bilmir, hazırlaşmayıb, onunçün də yaman narahatdır… Gecə yarı qəfildən oyanıb gördü ki, soyuq tər içindədi. Yatağın içində oturub bir az nəfəsini dərdi, özünü sakitləşdirməkçün bir siqaret yandırdı. Yuxuda gördüyü imtahanqabağı qorxu və rəhbərlik qarşısında keçirdiyi vahimə hissi indi ona o qədər real gəlirdi ki, elə bil, bu hissəlri nə vaxtsa şəxsən onun özü yaşamışdı, institutda əsə-əsə imtahan vermişdi, hansısa idarədə işləyərək rəhbərlikdən oddan qorxan kimi qorxmuşdu.
Əsəbiliklə siqaretini çəkə-çəkə düşünürdü ki, görəsən, bu hisslər hardan yaranıb belə, axı onun həyatında heç vaxt nə institut, nə də hansısa bir idarə olmamışdı. Geodoziya sözünü isə kimsə ona desəydi, elə bilərdi ki, söyüş söyürlər. O ki qaldı özündən çıxmış idarə rəisinə, şəxsən o belə vəziyyətə düşsəydi, rəisi bir saniyənin içində göndərərdi tullanmağının dalınca.
Bəs onda niyə bu qorxu hissləri ona nə vaxtsa yaşanılmış qədər doğma, yaxın görünürdü? Hə, bu sualların, deyəsən, cavabı yox idi.
Fikirləşdi ki, nə yaxşı taleyin bu qisməti ondan yan keçib, yoxsa indiyəcən soxulcan kimi yaşayırdı. Eynən Fuad tək: evdən işə, maaşdan maaşa - rəhbərlik qarşısında qorxu, hambal kimi işləmək. Fu, başını yellədib qulaqlarını çəkdi, «Allah eləməsin, bu, mənlik deyil. Mən heç vaxt qardaşım kimi bəxtsiz olmamışam? Bəs onda bu yuxu hardan peyda olub?
O, siqaretini çəkərək çox düşünsə də, bu suala cavab tapmadı, nəhayət həmişəki kimi əlini yellədib təzədən yuxuya getdi….
Anasının vəziyyəti qəfildən pisləşmişdi, ürəyi tutmuşdu, tez «Təcili yardım» çağırıb xəstəxanaya aparmışdılar və həkimlər diaqnoz qoymuşdular: ürək işemiyası. O, şəhərdə qalmış tək-tük yaxşı kardioloqlardan birini tapıb anasının üstünə gətirdi (məşhur həkimlərin çoxu nə vaxtsa doğma olan, indi isə tanınmaz vəziyyətə düşmüş bu şəhərdən çoxdan gedib, indi xaricdə insan kimi yaşayırdı), yazılan bahalı dərmanları alıb gətirdi, tibb bacısı tapıb anasının yanında oturtdu, özü də bu günlər ərzində xəstəxanada anasının yastığının yanında oldu.
Yalnız ara-sıra xəstəxananı tərk edirdi, o da xəstəxanada olmayan dərmanları, bir də lazımi ərzağı almaq üçün çıxırdı. Bakı xəstəxanalarında çoxdandı dəva-dərmandan əsər-əlamət yox idi, baxmayaraq ki telekanallar gecə-gündüz xaricdən gələn humanitar yardımdan dəm vururdu, lakin hamı bilirdi ki, bu yardımların hamısı bir nəfəsdəcə oğurlanıb yeyilir. Oğurluq və rüşvətxorluq bu cəmiyyəti vəba kimi içəridən çürüdürdü və o da hər şeyi satmağa hazır olan bu cür yaramazların arasında böyüyən adam kimi, artıq heç nəyə təəccüblənmirdi, şəraitə uyğunlaşmağı bacarırdı, tərəddüd etmədən nə qədər istəyirdilərsə, artıqlamasıyla verərdi. İndi də pul əsirgəmirdi, anasının sağalmasıyçün bacardığını edirdi. Bu günlərdə onun içində də qəribə dəyişikliklər baş verirdi, davranışı müəyyən qədər yumşalmışdı, mülayim, həssas olmuşdu, anasıyla da həlim tonda danışırdı, və nə qədər halsız olsa da, anası onun xasiyyətindəki bu dəyişiklikləri hiss eləmişdi. Hətta bir dəfə yarıyuxulu, yarıhuşsuz vəziyyətdə uzanan anası bunu açıq şəkildə ona dedi.
-Sən tamam başqa adam olmusan, Azad, həlim, yumşaq, mülayim, heç özünə oxşamırsan. Mən gərək çoxdan ölüm ayağına düşəydim ki, sən də belə dəyişəydin.
-Sən nə danışırsan , ay ana? - Birdən o öz yanağında göz yaşının isti izlərini hiss elədi. - Sən nə danışırsan?! Allah qoysa, hələ o qədər yaşayacaqsan ki.
-Yox, -anası çox sakit tərzdə cavab verdi - mən artıq ölürəm.
Bu, həqiqətən beləydi. İki gündən sonra anası əziyyətsiz, əzabsız, elə yuxudaca dünyadan köçdü. Bu dərd onun belini sındırdı. Sağ vaxtı bir oğul kimi anasıyçün heç nə etməməsi onun bütün içini yeyir, əzab verirdi. Elə bil, yalnız anası öləndən sonra özünün necə vicdansız, alçaq adam olduğunu hiss eləmişdi.
Dərdin ilk və boğucu təzyiqi bir az keçib gedəndən sonra, o, sağ vaxtı anasıyçün eləmədiklərinin əvəzini müəyyən qədər ödəmək qərarına gəldi. Hörtmətli və nüfuzlu qumarbaz dostlarının köməyiylə məşhur bir heykəltaraş tapdı və anasının qəbirüstü heykəlini sifariş verdi, anasının bir qucaq fotoşəkillərini yığıb gətirdi, ən çox bəyəndiklərini nişan verdi, məbləğ böyük olsa da, alver etmədi, bütün pulu da qabaqcadan verdi. Əvvəllər az az görüşsələr də, yalnız anasının ölümündən sonra onun yerini hiss eləməyə başladı. Sanki ətrafında böyük bir boşluq yaranmışdı: qohumlaryıla əlaqə saxlamırdı, dərdə şərik olmağa həmişə hazır olan əsl dostları yox idi, ailədən, övladdan məhrum idi.
Və beləcə o, başıaşağı bu boşluğa yuvarlanmağa başladı. Yuvarlandıqca da anasının sağlığında hələ ruhunda az çox qalan və xəstəxanada özünü daha parlaq büruzə verən insani keyfiyyətlərin olan-qalanını da itirməyə başladı. Anasının qırxını verəndən sonra daha böyük ehtirasla eyş-işrət dənizinə baş vurdu - yenə qumar, qadınlar, bahalı restoranlarda hay-küylü məclislər, hara gəldi səpələnən pullar, sərxoş mübahisələr, dava-dalaşlar… Və özü də hiss eləmədən gündən günə bu qanqaynadan, eyş-işrətli həyat bataqlığında daha çox qərq olurdu.
Anasının ölümünün bir ili tamam olandan sonra, o, dəbdəbəli yas məclisi təşkil eləmək qərarına gəldi.
Həm də bunu sadəcə rəhmətlik anasının xatirəsini əziz tutduğuna görə yox, dəvət olunanları öz təkəbbürü, lovğalığı ilə heyrətləndirmək niyyətiylə edirdi : yüz nəfərlik ehsan stolunun üstündə adamın əl vurmağa belə ehtiyat etdiyi bahalı qab-qaşıqlar, qara kürüdən tutmuş ananas, kokos kimi ekzotik meyvələrə qədər hər şey qoyulmuşdu və camaatın çoxu bu nazü-nemətlərə çaşqınlıqla baxırdı: əlbəttə, durub yas məclisində ananas təmizləməyəcəksən ki. Soyuq qəlyanaltılar isə o qədər idi ki, heç adlarını sadalamağa dəyməzdi. Belə zəngin stolun üstündə çatışmayan yeganə şey araq-konyak kimi spirtli içkilər idi ki, əgər müsəlman yas mərasimlərinin öz qaydaları olmasaydı, bu saat, bu süfrədə bahalı spirtli içkilər lap yerinə düşərdi. Yas məclisini idarə etməkçün məsçiddən dəvət olunmuş yüksək rütbəli din xadimi ehsan süfrəsinin üstündəki bu qeyri-adi bolluğu tənqid etməyi özünə borc bildi, lakin bunu o qədər zərif və üstüörtülü formada elədi ki, məclisdəkilərin çoxu heç nə anlamadı. Bilmədilər molla belə zəngin yas süfrəsi açmağı tənqid, yoxsa təqdir edir.
Qəbirin üstünü götürdükləri gün hava yaman rütubətli idi, narın yağış çiləyirdi. Sifariş verdiyi qəbirüstü heykəl, o biri başdaşıların arasında təntənəli şəkildə, yavaş-yavaş qaldırılıb öz əbədi yerini tutanda onun nədənsə boğazı qəhərləndi.
Birdən-birə ona elə gəldi ki, bu saat anası burada, bu soyuq daşın üstündə, narın yağışın altında belə başıaçıq oturub və nəinki indi, qışda da, yayda da, qarda da, boranda da beləcə oturmalı olacaq, o da nə qədər çalışsa da, onu soyuqdan qoruyub, ürəyinin istisiylə qızındıra bilməyəcək.
O hələ uzun müddət qəbirin yanında dayanıb heykələ baxdı: anası öz ayaqlarını kreslonun altına elə sıxmışdı ki, elə bil kiminsə keçməyinə mane olmaqdan qorxurdu: dizləri üstündə sakitcə çarpazlaşan əlləri, azacıq sola əyilmiş başı, kədərli sifəti ona yaman doğma görünürdü. Elə bil, anası ona tənə ilə baxırdı və məhz indi, bu bir ildə ilk dəfə anasının yoxluğunu bütün varlığı ilə hiss elədi.
Axşam qərara gəldi ki, Moskvaya, yalnız nadir xəyalpərəstlik sancıları zamanı xatırladığı qardaşına zəng vursun. Dəfndə və yas məclislərində qardaşının yoxluğunu heç hiss eləməmişdi, qohumlar da nədənsə ondan qardaşını xəbər almırdılar. Özü isə hesab edirdi ki, əgər qardaşı anasının dəfninə gəlməyibsə, deməli, təxirəsalınmaz, vacib işləri var. Onu da indi xatırlayırdı ki, yas məclislərində qohumlar ona nəsə qəribə tərzdə baxırdılar, nəzərləri toqquşan kimi tez gözlərini çəkirdilər, söhbət də olanda çalışırdılar ki, tez yekunlaşdırıb ondan uzaqlaşsınlar, həm də hiss olunurdu ki, onunla danışanda hamı çox qəribə bir həyəcan keçirir, narahat olur, kənara çəkilən kimi isə rahat nəfəs alırdılar.
İndi bütün bunları xatırlayaraq təəccüblənirdi. Görəsən, niyə belə eləyirdilər? Bəlkə dəfnə gələ bilməyən qardaşına görə? Axı o neyləyə bilərdi? Zorla onu dartıb Bakıya gətirməyəcəkdi ki? Özü başa düşməliydi ki, anasının dəfnində mütləq iştirak etməlidi. Məgər o, qardaşının quludu?
Lakin məhz indi onun ürəyindən keçirdi ki, doğma adamla danışıb dərləşsin, ürəyindəkiləri bölüşsün, anasının heykəlini necə düzəltdiklərini danışsın, heykəl yerinə qaldırılanda keçirdiyi hissləri söyləsin, yağan narın yağışı təsvir eləsin, qəbirlərin arasında duranda qardaşıyla birgə keçirdiyi uşaqlıqlarını, analarının gənc, göyçək, sağlam olduğu vaxtları, dəniz sahilindəki bağlarını necə xatırladığını desin… o vaxtlar ölüm onun anasından o qədər uzaqda idi ki. Heç ağıllarına da gəlmirdi ki, o nə vaxtsa ölə bilər...
Hə, bütün bunları kiminləsə bölüşmək istəyirdi və əlbəttə ki, bunun üçün doğma qardaşından yaxın heç kim ola bilməzdi.
Axşam evlərindən Fuadın Moskvadakı evinin nömrəsini yığdı və birdən-birə ona təəccüblü gəldi ki, telefonu götürəndə kitabçaya heç baxmadı, onunçün o qədər də əhəmiyyətli olmayan bu nömrə elə bil yaddaşına həkk olunmuşdu.
Dəstəyi Maşa qaldırdı.
-Alo - Qadın bunu deyən kimi, qəribə də olsa, onun ürəyi möhkəm çırpınmağa başladı. - Kimdi danışan?
-Maşa, mənəm, Azaddı, - o danışdıqca hiss edirdi ki, içindəki bu qəribə həyəcan daha da artır. - Qardaşımı çağır telefona…
Bir neçə saniyəlik ağır sükut çökdü; bu müddət ərzində Maşa neyləmək lazım olduğunu düşündü, nəhayət onun qəzəbli səsi sükutu pozdu:
- Sən xəstəsən, başına hava gəlib. Sənə müalicə olunmaq lazımdı. Bir də bura zəng eləmə, eşidirsən, eləmə!
O, dəstəyi yerə qoyub çiyinlərini çəkdi. Deyəsən, qardaşı Maşadan ayrılıb. Bəs onda niyə bu vaxta qədər onlara xəbər eləməyib. Bəlkə işini dəyişib, ya da harasa çıxıb gedib?
Elə bu vaxt qapının zəngi basıldı. Valideynlərinin yaşayıb dünyadan köçdüyü bu evi son aylarda o utanıb-qızarmadan qumarxanaya döndərmişdi. Və bu gecəki qızğın, həm də onun üçün uğurlu oyundan sonra səhərə yaxın yorğun, əzgin vəziyyətdə uzanıb yuxuya getməyə çalışarkən, yeməksiz içdiyi arağın təsirindən mədəsi qıcqırdıqca nədənsə qardaşıyla keçirdiyi uşaqlıq günlərindən qırıq-qırıq fraqmentləri xatırlamağa başladı: budur, isti yay günlərindən biri, dəniz kənarı, qumlu sahildə anasının yorğun qışqırıqları altında o qardaşıyla yarış keçirir, güləşirlər, biri-birinin kürəyini yerə vurmağa çalışırlar. Yarışmanın təşəbbüskarı da əlbəttə ki, odur - Azaddır. Lakin bir azdan Fuad bu mübarizədən bezdi, lakin o, tərs olduğundan qardaşından əl çəkmirdi, kürəyini yerə vurana qədər güləşmək istəyirdi. Qumun üstündə güləşdikcə onlar yumaq kimi diyirlənib özləri də hiss eləmədən çimərliyin kənarına gedib çıxdılar. Burda isə qumun içindən nəsə dəmirlər çıxmışdı və Fuad qardaşını itələyəndə necə oldusa, o, kürəyi üstə bu dəmir parçalarının üstünə yıxıldı, dəmirlərdən biri onu möhkəm yaraladı. İndi də barmaqlarıyla sürtəndə, qabırğalarının arasında o vaxtdan bəri qalan həmin dərin çapığın çıxıntılarını aydın şəkildə hiss edirdi.
Beləcə, eyş-işrətli həyatın günləri, həftələri, ayları keçirdi, ev karvansaraya dönmüşdü, özlərini evlərindəki kimi sərbəst hiss edən tanış və yad adamlar, gecə məclisləri, qızğın qumar, qəzəbli söyüşlər, qışqırıqlar, dava-dalaşlar, qonşuların şikayətləri - belə həyat onu tam qane edirdi, vəziyyəti dəyişmək üçün hes barmağını tərpətməyə də ehtiyac duymurdu, heç bircə dəfə də başqa bir həyat barədə düşünmürdü, fikirləşmirdi ki, artıq yaşı qırxı keçib, bu yaşda normal adamların artıq doğma ailələri, uşaqları var, sakit həyat tərzi keçirirlər, uşaqların qayğısını çəkirlər, nazıyla oynayırlar, qəfil sıçrayışlardan, dəyişkənlikdən uzaqdırlar, yaxud əksinə, böyük sevinclər, kədər hissi keçirirlər, bir sözlə, yavaş-yavaş qocalığa, öz ömürlərini başa vurmağa doğru gedirlər…
Əgər hərdən ürəyindən belə hisslər keçirdisə də, o, instinktiv olaraq özünümüdafiəyə qalxır, özünü boş buraxmamağa, bu yad hissləri öz içindən qovmağa çalışırdı. Hər dəfə bu sakitləşdirici həyat lövhələrinin cazibəsinə düşməməkçün düşüncələrinin istiqamətini dəyişir, daha maraqlı, daha cazibədar görünən eyş-işrətli həyat tərzi ilə öz ruhunun marağını qıcıqlandırır, bu yolla öz ruhunun ətrafına bənd çəkirdi ki, bu amorf sentimentallığın bir damcısı da şüuruna sızıb ona əziyyət verməsin, həyatını zəhərləməsin, onun rahatlığını pozmasın.
Beləcə yaşayırdı. Təsadüfi tanışları, qumar dostları gəlirdi, ordan-burdan əllərinə keçən qızları gətirirdilər, boş otaqlarda öz işləriylə məşğul olardılar, sonra qızları yola salıb yenə də qumara oturardılar. Ancaq tək qalmaq istədiyi vaxtlar da olurdu ki, bu halda getmək istəməyən dostunu, tanışını heç utanıb qızarmadan kobudluqla qapıdan çölə tullaya bilirdi. Qafqazlılara məxsus qonaqpərvərlik hissləri ona tam yad idi.
Bir dəfə nərddə qızğın bir oyun başladı, ortada böyük pullar vardı və onun da bəxti yaman gətirirdi, xeyli udmuşdu, elə onunçün də yığışanların çoxu elə güman etməyə başlamışdı ki, o, zər tutur. Hərçənd belə şeyləri çox gözəl bacarırdı, lakin məhz bu dəfə sübut etdi ki, oyunda heç bir fırıldaq yoxdu, sadəcə doğrudan da bəxti yaman gətirirdi. Onunla oynayan adam isə bütün əlindəkiləri bir-iki saatda uduzduğu üçün yaman qəzəblənmişdi, lakin əlindən bir şey gəlmədiyinə görə, özünü sakitləşdirməkçün qəfildən ayağa qalxıb ona baxaraq tənəylə dedi.
-Nə pis iy gəlir səndən? Mən də deyirəm səhərdən mənə oynamağa mane olan nədir?
Doğrudan da, çoxdandı çimməyə vaxt tapmırdı. Gecələr səhərəcən qızğın oyun gedirdi, səhərə yaxın elə stol arxasında, yaxud kresloda yuxuya gedirdi, günorta başağrı, ürəkbulanmayla yuxudan oynarıdı, vəziyyətini düzəldib özünə gələnə qədər yenə axşam olurdu, yenə qumarbazlar dəstəsi yığılırdı, qızğın oyun başlayırdı. Beləliklə, günlərlə hər şey təkrar olurdu…
O ayağa qalxıb qumarbaz dostunun üzünə baxdı, sonra udduğu pulları cibinə doldurub dedi.
-Hə, düzdü. Çoxdandı çimməyə vaxt tapa bilmirəm. İndi vannaya girəcəm. Mən çıxana qədər sənin izin-tozun da burda qalmasın, yoxsa pəncərədən tullaycam aşağı.
Qonaq çox da gözləmədi, o, vanna otağının qapısı arxasında yox olan kimi, qonaq qürurla ayağa qalxıb əyləşənlərin kinayəli təbəssümlərinin də bir hissəsini özüylə götürərək evdən çıxdı.
Soyuq duşun altında dayanıb qabdakı şampunun dibini başına boşaldanda, birdən-birə elə bil gözünün qarşısına parlaq bir görüntü gəldi; gördü ki, özü yaşıl torşerin işığı altında divanda uzanaraq jurnal oxuyur, qarnının üstündə iri Siam pişiyi uzanıb, istiliyi onun qarnına, sinəsinə, hətta kürəyinə yayılır, arvadı isə qarşısındakı kresloda oturub onun corablarını yamayır, ya da nəsə toxuyur.
Qəfildən elə bil yaddaşında nəsə silkələndi, qəribə bir ad onun bütün varlığını silkələdi: - Ayxo. Hə, pişiyi belə çağırırdılar -Ayxo. Beləcə soyuq duşun altında hərəkətsiz donub qalmışdı, tərpənməyə də qorxurdu. Elə bil barmağını da azca hərəkət elətdirsəydi, böyük çətinliklə əldə etdiyi çox doğma, zərif, həssas hissləri birdəfəlik salıb itirə bilərdi.
Amma bir azdan özünə gəldi, öz içində yaranan bu hisslərə görə yaman əsəbləşdi; heç cür anlamırdı ki, divanda oturub jurnal oxuyan bu adam kimdi, yanındakı kresloda oturan kimin arvadıdı və yaddaşı nəyə görə bu sarsaq görüntüləri belə möhkəm şəkildə saxlayaraq zaman-zaman gözünün qarşısına gətirir. Həm də əgər bu isti ailə ocağının görüntüləri onda belə hərarətli hisslər yaradırsa, sarsaq kimi donub qalırsa, bəlkə doğrudan da ona nəsə aidiyyatı var?
Əfsuslar olsun ki, o,. yalnız suallar verirdi, ancaq ürəyinin bu suallara cavab verə biləcək hissəsi ilə çoxdan əlaqəni üzmüşdü.
İndi də birtəhər yuyunub hamam xalatını geyinərək çıxdı, - fikirli olduğundan başını qurulamaq da yadından çıxmışdı, saçlarından su axırdı, - elə bu vəziyyətdə də otaqdakı hay-küylü qonaqlara əhəmiyyət vermədən divanda uzandı ki, bəlkə yuxuya getsin. Amma yatmağa ona imkan vermədilər , elə təzəcə mürgüləməyə başlamışdı ki, kiminsə əli kobudluqla onu silkələyib ayıltdı. Ayağa qalxıb qeyri-şüuri şalvarını ayağına keçirdi və ona deyilənlərə qulaq asmağa başladı. Dostu dedi ki, aşağıda maşında uşaqlar gözləyir, bir nəfər borcludan pulu qopartmaq lazımdı, həm də tələsmək lazımdı ki, gecikməyək, yoxsa qurumsaq aradan çıxar.
O, yarıyuxulu kimi olsa da, hər şeyi xatırladı, cəld tapançanı götürüb belinə keçirtdi, başının nəmliyinə baxmayaraq küçəyə çıxdı. Küçədə isə sulu qar yağırdı.
Görüş iki sakit küçənin kəsişməsində təyin olunmuşdu. Əvvəlkilərdən fərqli olaraq, bu dəfə nə hay-küyə, nə hədə-qorxuya, nə də dava-dalaşa gedib çıxmadı, tapançanı çıxartmağa da ehtiyac olmadı, pulun bir hissəsini indi aldılar, qalanını da iki gün sonraya razılaşdılar. Amma qar altında dayandığı bu on beş dəqiqə soyuqlamaq üçün ona kifayət elədi. İki saatdan sonra artıq asqırmağa başladı və içinə qara istiot töküb bir neçə stəkan araq içsə də, xeyri olmadı, tirtrətməsi getdikcə güclənirdi, başı fırlanırdı, qızdırması da qalxdı. Axşamtərəfi vəziyyəti lap pisləşdi, ürəyi bulanmağa başladı.
Qorxuya düşən dostları tez «Təcili yardım» çağırdılar, özünü onlara çatdıran həmin onun vəziyyətindən bir şey anlamadığına görə qərara gəldi ki, xəstəni yubanmadan xəstəxanaya çatdırmaq lazımdır. Sərxoş dostlarından biri də maşina oturdu ki, onunla birlikdə xəstəxanaya getsin, elə xəstəxanada da qarşısına çıxan bütün həkimlərin cibinə pul basırdı ki, dostunu tez sağaltsınlar. Düzdü, həkimlər pulları həvəslə götürürdülər, lakin xəstəni sağaltmaq, deyəsən, o qədər də asan deyildi. Onu reanimasiya şöbəsinə yerləşdirsələr də, xəstəliyi sürətlə inkişaf edirdi, artıq huşu da başında deyildi və beləcə üç gün komada yatandan sonra dördüncü gün vəfat etdi. Qardaşı da iki il əvvəl məhz həmin gün ölmüşdü.
Ölümündən iki-üç saat əvvəl qəfildən elə bil beyni açıldı, özünə gəldi, özünü tapdı və taleyin ona verdiyi bu son dəqiqələrdə iki il əvvəl onu tərk etmiş Maşanı xatırladı.

ULDUZ jurnalı
XS
SM
MD
LG