Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:30

Dializ xəstələri niyə hepatit virusuna yoluxur?


11 yaşlı Məhəmməd Mehdizadəyə 6 ay əvvəl xroniki böyrək çatışmazlığı diaqnozu qoyulub. Böyrəkləri funksiyasını tam yerinə yetirə bilmədiyi üçün onun süni böyrəyə ehtiyacı var. Əks halda qanının zəhərlənməsi həyatı təhlükə yarada bilər. Buna görə də Məhəmmədin qanı həftədə üç dəfə süni yolla bədəndən çıxarılır, süni süzgəcdən keçirilərək yenidən bədənə qaytarılır. Qanın böyrəkdənkənar təmizləndiyi bu əməliyyat «hemodializ» adlanır. 5 aydan çoxdur Mehdizadə 1 saylı şəhər xəstəxanasında hemodializ alır. Ancaq bir müddət öncə onun Hepatit B virusuna yoluxduğu məlum olub.

«UŞAĞIN HEPATIT B VIRUSUNA YOLUXMASI YALNIZ BU PROSESDƏ OLUB»

«Uşaq 6 aya yaxındır dializ qəbul edir. Uşağın Hepatit B virusuna yoluxması yalnız bu prosesdə olub. Mən nə qədər qan analizi vermişəm, kreatini yoxlatmışam, onun qanında hepatit B, ümumiyyətlə digər virusların olduğunu deməyiblər. Ümidimiz uşağa böyrək köçürülməsi idi. Amma qanda Hepatit B virusunun tapılması çox təhlükəlidir. Çünki əgər qara ciyərdə problem yaranarsa, böyrək köçürülməsi risklidir».

Qeyd edək ki, xroniki böyrək çatışmazlığı probleminin tibbə məlum olan yeganə müalicəsi böyrək köçürülmə əməliyyatıdır.

Səhiyyə Nazirliyinin rəsmisi Fariz Babayev isə dializ xəstələrinin hemodializ əməliyyatı zamanı hər hansı virusa yoluxmalarının qeyri-mümkün olduğunu bildirir. O, nazirlikdə xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin qeydiyyata alınması və hemodializlə təmin olunması üzrə xüsusi komissiyanın rəhbəridir. Fariz Babayev dializ xəstələri arasında viruslara yoluxma halının müxtəlif səbəblərlə izah edir:

«VİRUSA YOLUXMA QEYRİ-MÜMKÜNDÜR»


«Bu xəstələrdə viruslara yoluxma tezliyi əsasən onlara qan köçürülməsi, iynələrlə təmasda olması ilə bağlıdır. Aparatın özündən yoluxma halı qeyri-mümkündür. Çünki bütün ləvazimatlar hazır şəkildə Almaniyadan gətirilir, tibb işçiləri tərəfindən xəstələrin yanında açılır və xəstənin damarlarına qoşulur. Praktik olaraq bu ləvazimatlar bir dəfə istifadə olunur və sonra da atılır».

Azərbaycanda hazırda 1546 nəfər dializ xəstəsi qeydiyyatdadır.

«ÖLKƏDƏ DİALİZ XƏSTƏLƏRİ ÜÇÜN LAZIMİ ŞƏRAİT YARADILMAYIB»

İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin Tibb Departamentinin 2010-cu ildə apardığı araşdırmaların nəticəsinə görə, Azərbaycanda dializ xəstələri üçün lazımi şərait yaradılmayıb. Birliyin sədri İradə Cavadova deyir ki, bu tip xəstələrin əksəriyyəti keyfiyyətsiz tibbi xidmət nəticəsində müxtəlif viruslara yoluxublar.

Tibbi ekspert Aqil Qeybulla isə bildirir ki, yalnız bütün qaydalar gözlənilərsə xəstələr arasında hər hansı infeksiyalara yoluxma riski qalmır.

«Əgər bu xəstələr arasında virusa yoluxma halları baş verirsə, deməli nədənsə təkrar istifadə olunur, nə isə dəyişdirilmir və ya əvvəlki qanında virus olan xəstənin qanı necə isə digər xəstələrlə qanı qarışıb. Məsələn, mən özüm görmüşəm ki, bəzi aparatlarda ləvazimatların təkrar istifadə edilib. Bu isə xəstələrin müxtəlif viruslara yoluxma riskini artırır».

YENİ DÖVLƏT PROQRAMI

2011-2016-cı illər üzrə qəbul olunmuş «Xroniki böyrək çatışmazlığı üzrə tədbirlər proqramı» çərçivəsində dializ xəstələri üçün əlverişli şərait yaradılması, həmçinin uşaqlar üçün ayrıca ixtisaslaşmış hemodializ mərkəzinin yaradılması nəzərdə tutulub.
Bu proqramın 2006-2010-cu illərdə icrası üçün 61 milyon manat vəsait sərf olunub.

Azərbaycanda 11 dövlət, 2 özəl hemodializ mərkəzi fəaliyyət göstərir.
XS
SM
MD
LG