Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:35

Qaddafini yıxmağa kömək edə biləcək məxfi məlumatlar


Moussa Koussa
Moussa Koussa
Liviya diktatoru Muammar Qaddfinin komandasından qopmalar davam edir.

Britaniya hökuməti xəbər yayıb ki, Liviyanın xarici işlər naziri Musa Koussa Londona gələrək onlardan siyasi sığınacaq istəyib.

O, Londona Tunisdən qaçıb.

Britaniyanın xarici işlər naziri William Hague deyib ki, Koussa vəzifəsindən istefa verib.

Bu həmin Koussadır ki, onilliklər boyu sanksiyalar altında yaşayan Liviyanın son illərdə beynəlxalq aləmlə münasibətlərinin normallaşmasına nail olmuşdu.

Hague deyib ki, Britaniyaya qaçan nazirə toxunulmazlıq hüququ vəd edilməyib.

Amma Britaniyanın xarici işlər naziri bildirib ki, Koussa-nın qaçışı “Qəddafi rejiminin içdən çöküşünü” göstərir.

“O bura öz istəyilə gəlib və bildirib ki, vəzifəsindən istefa verir.

Biz onunla müzakirələr aparırıq və bunun detallarını açıqlayacağıq.

Biz Qadafinin ətrafındakıları həvəsləndirmək istərdik ki, onu tərk edib Liviya üçün daha yaxşı gələcəyin təmin edilməsinə, hakimiyyətin Liviya xalqının mənafeyinə uyğun şəkildə ötürülməsinə və siyasi islahatların aparılmasına kömək etsinlər”.

Qaddafinin Tripolidəki tərəfdarları isə bildiriblər ki, Koussa heç yerə qaçmayıb, Londonda “diplomatik missiya yerinə yetirib”.

Hələ Qaddafi nümayişçilərin başına bomba yağdırmağa başlayanda onun komandasından ilk qopmalar olmuşdu.

Bu addımlara etiraz olaraq

Liviyanın ədliyyə və daxili işlər nazirləri istefa vermişdilər

Koussa-nın istefası koalisiya təyyarə və gəmiləri martın 19-da Qaddafiyə sadiq qüvvələrə zərbələr endrməyə başlayandan bəri ilk yüksək vəzifəli şəxsin istefasıdır.

Bu, Liviya üsyançılarını bir qədər ruhlandıra bilər. Çünki Qaddafi qüvvələri martın 30-dan bəri yenə əks-hücumla onları geri oturtmaqdadırlar.

Britaniyanın keçmiş xarici işlər naziri Jack Straw BBC-yə deyib ki, Koussa-nın istefası qüvvələr balansını Qəddafinin əleyhinə dəyişə bilən dönüş nöqtəsi ola bilər.

Qərbdə təhsil almış Koussa vaxtilə Liviyanın təhlükəsizlik orqanlarına da rəhbərlik edib.

Onun verə biləcəyi qiymətli informasiya Qaddafini yıxmağa kömək edə bilər.


Bundan başqa Liviyanın zəif silahlanmış üsyançılarını ruhlandıra biləcək bir xəbər də yayılıb.

Məlumata görə, Amerika prezidenti Barak Obama üsyançılara gizli dəstək verilməsinə icazə verib.
Üsyançılar Breqa şəhərindəki Qəddafi qüvvələrinin mövqelərinə raket atır.

"The New York Times"ın yaydığı məlumata görə, Obama Mərkəzi Kəşfiyyat İdarəsinə Liviyada məxfi əməliyyatlar aparmağa icazə verib.

Xəbərə görə, MKİ Liviyaya öz əməkdaşlarını göndərib ki, üsyançılara kömək edə biləcək məlumatlar toplasınlar.

Hələ ki MKİ bu məlumatlara münasibətini açıqlamayıb

Son günlər üsyançıların Qəddafi qüvvələrinin zərbələri qarşısında geri çəkilməsi koalisiya ölkələrində narahatlıq yaradıb və ABŞ, Fransa və Britaniya üsyançıları silahlandırmağın mümkünlüyü haqda danışmağa başlayıblar.

Amma bununla bağlı hələ ki qərar qəbul edilməyib.

Bu ideyaya NATO-nun rəhbərliyi etiraz edib. Alyansın baş katibi Anders Fogh Rasmussen deyib ki, onları məqsədi “xalqı silahlandırmaq yox, müdafiə etməkdir”.

Çin, Rusiya və Almaniya da üsyançılara silah verilməsinin əleyhinədir.

Üsyançı qüvvələrin son məqsədi və tərkibi haqda dolğun məlumat yoxdur.

Amma ekspertlər deyir ki,

Ayrı-ayrı dövlərlər NATO-nun icazəsi olmadan da üsyançılara silah ötürə bilərlər

London İqtisadiyyat Məktəbində Yaxın Şərq siyasəti bölməsinin professoru Fawaz Gerges deyir:

“Prezident Obama və Qərb rəsmilərinin danışdığı məsələ - üsyançıların birbaşa silahlandırılmasıdır.

Üsyançılar silahlandırılır, silahlar üçüncü tərəf vasitəsilə ötürülür – Misir, yaxud başqa ölkələrdən. Silahın pulu da Qəddafinin dondurulmuş hesablarından ödənilir.

Şübhəniz olmasın – üsyançıların silahlandırılması prosesi hazırda davam edir”.

MKİ-nin Liviyadakı rolu aydın deyil, amma gözlənilir ki, MKİ əməkdaşları Obamanın üsyançıları silahlandırmaq haqda formal qərarından əvvəl Liviyada vəziyyəti qiymətləndirəcəklər.
XS
SM
MD
LG