Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:36

Əli Kərimli və İsa Qəmbər Baş Polis İdarəsində olublar


İsa Qəmbər və Əli Kərimli
İsa Qəmbər və Əli Kərimli
POLİS ƏLİ KƏRİMLİNİ FİKRİNDƏN DAŞINMAĞA ÇAĞIRIB

Aprelin 1-də Bakı şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov və Bakı şəhər Prokuroru Əziz Seyidov AXCP sədri Əli Kərimli ilə görüşüb. Təxminən 40 dəqiqə çəkən görüşdə onlar partiya sədrini 2 aprel mitinqini təxirə salmağa çağırıblar:

«Dedilər ki, şəhər icra hakimiyyəti razılıq verməyib mitinqin keçirilməsinə. Səbail rayonunda ucqar yerdə yer təklif olunub. Biz də sizə təklif edirik ki, qərarınızı dəyişəsiniz, gedib aksiyanı icra hakimiyyətinin verdiyi yerdə keçirəsiniz. Əks təqdirdə, biz nümayiş iştirakçılarının təhlükəsizliyinə təminat verə bilməyəcəyik, fikrinizi dəyişin. Mən də onlara bildirdim ki, Azərbaycan Konstitusiyası və Azərbaycanın qoşulduğu bütün konvensiyalar Azərbaycan vətəndaşlarına sərbəst toplaşma azadlığı hüququ verir və biz həmin hüququmuzdan istifadə etmək fikrindəyik. Sabah mitinq keçiriləcək».

Şəhərin mərkəzində vətəndaşların istirahət hüququnun pozulmasından söz salınanda isə, Əli Kərimli martın 31-də evi qarşısında hakim partiyanın təşkil etdiyi aksiyanı xatırladıb:

«Aydın məsələdir ki, mənə qarşı bu təxribatlar hökumət səviyyəsində təşkil olunur və şəhər polisi də bu təxribatlara özü şərait yaradır».

MÜSAVAT BAŞQANI DA BAŞ POLİS İDARƏSİNƏ ÇAĞIRILDI


Aprelin 1-də Binəqədi rayon Polis Şöbəsinin 5 saylı polis bölməsinin rəisi Müsavat Partiyasının qərargahına gəlib və İsa Qəmbəri saat 17:00 üçün Bakı şəhər Baş Polis İdarəsinə dəvət edib.

Bu barədə AzadlıqRadiosuna Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu məlumat verib.

İ. Qəmbər partiya üzvləri ilə məsləhətləşmələrdən sonra dəvəti qəbul edib.

AXCP SƏDRİ BAŞ POLİS İDARƏSİNƏ ÇAĞIRILIB

Aprelin 1-də saat 4 üçün AXCP sədri Əli Kərimli Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb.

Bu barədə AzadlıqRadiosuna onun özü məlumat verib.

«Təyin olunmamış nömrədən özünü Bakı şəhər Baş Polis İdarəsinin rəisi Babayev kimi təqdim edən şəxs məni saat 4-də Baş Polis İdarəsinə dəvət edib. Bildirib ki, rəis və prokuror mənimlə görüşmək istəyir. Mən də dəvəti qəbul etdim».

Ə. Kərimli görüşün aprelin 2-nə təyin olunan mitinqlə bağlı olduğunu deyir.

Aprelin 2-də İctimai Palata şəhərin mərkəzində mitinq keçirməyi planlaşdırır.

Martın 31-dən müxtəlif ittihamlarla 10-a yaxın müxalifət fəalı saxlanılıb.
XS
SM
MD
LG