Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:46

Üzeyir bəy Hacıbəyli. Cəmiyyətin sənədləri


Deyirlәr ki, qәdimdәki adamların huşu vә yaddaşı çox iti imiş. Belә ki, yüz yaşında olan adamlar anadan doğulan gündәn qәbrә girәn günә kimi hәr bir şeyi yadlarında saxlayırmışlar. Amma indi?... İndi, dünәn yediyimiz çörәk bu gün yadımızdan çıxır, ancaq bir çox fikirdәn sonra yenә dә yadımıza düşmür ki, dünәn dolma yemişik, yoxsa bozbaş?

Cәmiyyәt qәrar verir ki, müәllimlәr ictimai qurulsun. Yığılmış adamlar fikir edirlәr vә deyirlәr ki:

-- Görәsәn heç bir müәllimlәr ictimaı әvvәllәrdә dә olmuşdu yoxsa yox?

Birisi deyir:

-- Gәrәk ki, olmuşdu. Mәnim yadıma bir elә şey düşür ki, 1906-cı ildә bir kәrә müәllimlәr ictimai oldu.

O biri dә deyir ki:

-- Vallah bilmirәm yuxudur görmüşәm, yoxsa hәqiqәtdә dә olmuş imiş; deyәsәn, 1907-ci ildә dә bir müәllimlәr ictimai oldu. Gәrәk ki, onu quran haman cәmiyyәt özü olmuşdu.

Deyir ki:

-- Yaxşı, 1906 vә 1907-ci illәrdә ictimaın bir qәrardadı-filanı var idi, yoxsa yox?

Burada çox fikirlәr olunur. Mәclis әhli çox gücәnir ki, bir az da olsa, yada salsın görәk bu ictimalarda nә cürә qәrarlar qoyulmuşdu. Biri deyir ki, "gәlin, cәmiyyәtin kağız-kuğuzlarını axtaraq. Bәlkә bu barәdә bir şey tapdıq". Onun bu tәklifinә gülürlәr vә deyirlәr ki, gör nә sayaq huşsuzsan.

Bir saat әvvәl dedik ki, cәmiyyәtin hәr nә kağız-kuğuzu varsa, hamısı itib batıbdır. Daha nә axtaraq?

İndi ki, heç kәsin yadına bir şey düşmür, onda yığılmışlar belә qәrar qoyurlar ki, keçәnlәrdә müәllimlәr ictimai olmayıbdır, olmuşsa da, heç bir qәrar qoymayıbdır; qoymuşsa da, bunu allah-tәaladan başqa heç kәs bilmәr. Bilәn dә varsa, mәlum deyil ki, kimdir, mәlum olsa da, bu yığılan adamlar içindә deyildir; bu adamların içindә olsa da, yadında heç zad yoxdur. İş bu mәqalә gәlәndә mәclis әhlindәn birisi fikirdәn başı ağarmış, qaşqabağı sallanmış, şәhadәt barmağını alnına dayamış, gözlәri dәxi bir nöqtәyә dikilmiş bir surәtdә deyir ki:

-- Mәnim yadıma yuxu kimi gәlir ki, keçmiş müәllimlәr ictimaında Fәrhad bәy Ağayev adında bir adam var idi vә ictimaların kağız-kuğuzlarına o baxırdı. Hәrgah o adam sağdırsa, bu barәdә bizә mәlumat verә bilәr. Gәlin onu axtaraq.

Bu tәklif qәbul olunur.

Mәclis әhlindәn bir neçәsi ayaqlarına dәmir çarıq geyib vә әllәrinә dәmir әsa alıb Fәrhad bәyi axtarırlar. Lakin dәmir çarıq yırtılmamış vә dәmir әsa әyilmәmiş Fәrhad bәy tapılır. Tapılıb da, keçmiş ictimaların kağız-kuğuzlarını gәtirib mәclisdә oxuyur. Mәlum olur ki, vaqeәn 1906 vә 1907-ci illәrdә müәllimlәr ictimai olub vә ictima" bir çox qәrardad qoyub vә haman qәrardadlar sayәsindә müsәlmanların tәlim vә tәrbiyә işi çox irәli gedib, seminariyada türk dili dәrslәri artır, Bakıda şәhәr upravası müәllimlәri türk dilindәn imtahan elәyir, institut böyük şkolasına müsәlmanlardan da qәbul olunur; rayon inspektorluğuna müsәlman tәyin edilir; Bakıda realni mәktәbdә mәhz müsәlmanlar üçün әlifba şöbәsi açılır; ictimanın tәvәqqәsinә görә, Musa Nağıyev dә bu şöbә üçün iyirmi beş min manat pul buraxır; Hacı Zeynalabdinin qız mәktәbinin proqramm böyük olur; şәhәrimizdә müsәlman qızları üçün rus-müsәlman mәktәblәri açılır; böyük adamlar da oxumaq üçün mәxsusi kurslar açılır; mәscid mәktәblәrinә qanacaqlı müәllim yetişdirmәk üçün dәrsxana açılır; rus-müsәlman mәktәblәri üçün proqram hazırlanır. Mәktәblәrdә oxunmaq üçün bir çox kitablar әmәlә gәlir....

Mәclis әhli kamali-tәәccüb vә heyrәtlә bu doklada qulaq asıb deyirlәr ki:

-- Pah atonnan yeri. Keçmiş ictimaların nә qәdәr yaxşı işlәri olubmuş, heç bizim xәbәrimiz olmayıbdır. Görünür ki, ictimaların kağız-kuğuzlarını saxlamaq bir yaxşı iş imiş.

Qәrәz, bu әhvalat mәclis әhlini qızışdırır, sönmüş hәvәslәri oyadır, fikirlәri işıqlandırır vә tәzәdәn müәllimlәr ictimaı yığmaq üçün iş görmәyә qәdәm qoyulur. Hәtta mәclis әhlindәn birisi sevindiyindәn durub Fәrhad bәyә rizamәndlik etmәk әvәzindә, şadlıqdan dili dolaşıb belә deyir:

-- Balam, sәn nә üçün bu, kağız-kuğuzları özündә saxlayıb, indiyә qәdәr camaata vermәyibsәn?

Lakin mәclis әhli bu cürә "rizamәndliyә" qarşı protest edib, qәrar qoyurlar ki, hamılıqla ocaq üstә ziyarәtә gedib şam yandırsınlar vә allaha şükür etsinlәr ki, bu kağız-kuğuzlar Fәrhad bәydә qalıb. Cәmiyyәtdә deyilmiş, yoxsa cәmiyyәtdәki hamı kağızlar kimi onlar da çoxdan itib batmışdı....

Qissәdәn hissә:

Pәs indi ki, huşumuz vә yaddaşımıza etibar yoxdur, onda gәrәk hәr bir olmuş әhvalatı kağızlara yazaq vә o kağızlar itib-batmamaq üçün cәmiyyәtin möhkәm bir sandığında saxlayıb, sandığın açarını da bir mötәbәr adama verәk ki, saxlasın. Vә açarların da bir mötәbәr adamda olmağı yadımızdan çıxmamaq üçün cәmiyyәtin üzvlәrinin orta barmağına qırmızı ip bağlayaq; bu da mümkün olmasa, bir balaca kağız yazıb cәmiyyәtin papiros çәkәn üzvlәrinin papiros qutusuna qoyaq ki, hәr dәfә qutunu çıxarıb, papiros çәkmәk istәdikcә, kağız görüb әhvalat yadına düşsün.
XS
SM
MD
LG