Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:48

Azərbaycanda otellər niyə bahadır?


ƏYALƏTDƏ BİR GECƏLİK OTEL QİYMƏTİ

Fərqanə Məmmədova deyir ki, Novruz Bayramında 9 günlük tətildə fürsətdən istifadə edib yaxşıca dincəlmək istəyib. Özü də bayramı bu dəfə Türkiyədə yox, Azərbaycanda keçirmək istəyib ki, Novruzun ab-havasını hiss etsin.

«Novruz Bayramında istəyirdik ki, Qəbələdə dincələk. Zəng vurduq qiyməti öyrəndik. Bizə deyilən qiymət həqiqətən də ağlasığmaz idi. Çünki bizə iki gün üçün deyilən pulun üstünə bir o qədər də qoyub Türkiyədə bir həftə əməllicə dincələrdik. Təxminən bir gecəsinə iki nəfər üçün 280 manat istədilər. Türkiyədəsə erkən rezervasiya etdirəndə bir nəfər 550-600 manata, hətta uçuş biletləri də ona daxil olmaqla, Antaliyada dincələ bilər».

Fərqanə Məmmədovanın Qəbələdə dincələ bilmədiyi otelin Novruzda təklif etdiyi qiymətlər otaqlara, xidmətlərə görə getdikcə dəyişir. 220 manatdan başlayıb 1500-1800 manat da yekunlaşır.

OTEL AZLIĞI, KADR ÇATIŞMAZLIĞI, BİR DƏ...

Qəbələdəki otellərlə əlaqə yaradıb qiymətin baha olmasının səbəbini öyrənə bilmədik.

Amma «Turizm.az» şirkətinin direktoru Murad Kərəmov bunu belə izah etdi: «Təklif az olan yerdə qiymət baha olmalıdır». O deyir ki, Azərbaycanın bölgələrində otellər çox azdır. Bu da istər-istəməz qiymətə təsir edir. Üstəlik də xarici mütəxəssislərin gətirilməsi qiymət üstünə qiymət qoyur.

«Otellərin sayının az olması bir tərəfdən bahalığa təsir edir, bir tərəfdən də kadr məsələsi. Kadr məsələsi də xərcə oturan məsələlərdəndir. Yaxşı, peşəkar bir servis meneceri gətirəndə 5 min manat maaş istəyəcək. Mən hələ marketinq menecerdən, «generalnı» menecerdən danışmıram. Dünyanın brend otellərində çalışan menecer ən azı 5 min manat aylıq istəyəcək».

BİR DƏ 18 FAİZLİK ƏDV

Qiymətin baha olmasını Azərbaycandakı otellər özləri də etiraf edirlər.
Bakıdakı 5 ulduzlu otellərdən birinin - Excelsior hotel Bacunun front-ofis meneceri Fərəh Nəcəfova:

Qəbələdə yerləşən 5 ulduzlu otel
«Əlbəttə İstanbulla ya da Gürcüstanla müqayisədə bizdə qiymətlər bahadır. Amma məsələn, Avropa ölkələrindəki 5 ulduzlu otellərlə müqayisə edəndə demək olar ki, qiymətlər eynidir. Biz iki həftə əvvəl Berlindəydik. Qiymətlər bizimki ilə eyni olmasa da, bir az çoxdur. Baxır hansı ölkəylə müqayisə edirsən. Məsələn, İstanbulda turizm çox yaxşı inkişaf edib, otellər çoxdur deyə rəqabət də böyükdür. Ona görə məcburdurlar qiyməti salmağa».

Fərəh Nəcəfova qiymətin bahalığını həm də əlavə dəyər vergisinin çox olmasıyla izah edir.

«Bizdə ƏDV 18 faizdir. Qiymətin üstünə 18 faiz gəlməyə məcburuq. Bəzi ölkələrdə turizm sektoru üçün ƏDV 7 faizdir. Məsələn, Litvanın paytaxtı Vilnüsdə bütün sahələrdə əlavə dəyər vergisi 21 faizdir, turizm sektoru üçün 7 faiz. Bu da əlbəttə təsir edir, orda qiymətlər Azərbaycandan daha ucuzdur».

NAZİRLİKLƏR ANLAŞA BİLMİR

Bu il Azərbaycanda turizm ili elan olunub. Gözləmək olardı ki, hökumət bu sahədə otellərə güzəşt etsin. Yəni əlavə dəyər vergisini nisbətən azaltsın. Amma deyəsən alınan məsələ deyil.

İş ondadır ki, Mədəniyyət və Turizm Nazirliyi hökumətə belə təkliflə müraciət etmək fikrində deyil. Nazirlikdə turizm şöbəsinin rəis müavini Mahir Qəhrəmanovun sözlərinə görə, bununla bağlı dəfələrlə müraciət ediblər. Amma nazirliyin bu təklifinə Vergilər Nazirliyi hər dəfə qarşı çıxıb.

«Biz marağındayıq ki, turizm sahəsində daha çox güzəştlər olsun, qiymətlər aşağı düşsün və Azərbaycana daha çox turist gəlsin. Amma bazar iqtisadiyyatıdır. Bazar iqtisadiyyatında da tələb və təklif üst-üstə düşəndə və ya ehtiyac çoxalanda qiymətlər aşağı düşə bilər. Biz çalışırıq ki, mehmanxanaların, yerləşdirmə yerlərinin sayı artsın, buna bərabər tutulan obyektlərin çeşidi, müxtəlif xidmətlərin sayı çox olsun. Ondan sonra biz xidmətin aşağı düşməsindən danışa bilərik».

Yeri gəlmişkən, bu il Bakıda üç yeni 5 ulduzlu otel istifadəyə verilməlidir. Üstəlik də analoqu olmadığı deyilən bir istirahət obyekti - Baku Flame, yəni Bakı Məşəli. Artıq Discovery kanalı Baku Flame-in tikintisindən veriliş hazırlamağı proqramına daxil edib.

Amma necə deyərlər, bir, uzaqbaşı bir neçə çiçəklə yaz olmaz.

Hələliksə Mahir Qəhrəmanov deyir ki, turizm ilində otellərə tövsiyələr veriblər. «Tövsiyələrdən biri də budur ki, yerli və xarici şirkətlərə verilən turizm paketləri qiymətinə görə cəlbedici olsun və əcnəbilər Azərbaycana gəlsinlər»

YERLİ OTELLƏR BUNU EDƏ BİLƏCƏKLƏRMİ?


«Turizm.az» şirkətinin direktoru Murad Kərəmov isə deyir ki, qiymətlərdə hələlik endirim yoxdur:

«Xarici sərgilərdən birində paket hazırlamışdıq. Xarici şirkətdəki dostum dedi ki, bu qiymətə mən kimi göndərim, qiyməti elə həddə gətirmisiz ki... Mənə güldü hətta».

Otel meneceri Fərəh Nəcəfova isə oktyabrdan bəri müştərilərinin azaldığını söyləyir. Dediyinə görə, viza sistemindəki dəyişiklik göz-görəsi onların bazarına təsir edib.

Amma hökumətin bu yöndə bəzi addımlar atacağı da gözlənilir.
XS
SM
MD
LG