Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:49

Üzeyir bəy Hacıbəyli. Füzuliyə nəzirə


Belә rәvayәt edirlәr ki, Hindistanda bir biyaban var, dәrvişlәr o biyabana gedib dәyirmi bir cızıq çәkirlәr vә tamam 40 gün orada qalıb, axırda bilici olurlar. Amma deyirlәr ki, hәrgah bir dәrviş 40 günün içindә bu dәyirmi cızıqdan ayaq kәnara qoysa, haman dәm onun üstünә şirlәr, pәlәnglәr, әcdahalar tökülüb parça-parça edәrlәr.

İndi bizim dumanın üzvlәri dә gedib, Peterburqda Tavriçeski saraya girib arxayındırlar ki, heç bir "şir", "pәlәng", "әcdaha", yәni qaradavoy-filan onlara bir çırtma da vura bilmәz. Amma di hünәrlәri var, oradan çıxıb dağılsınlar! Deyirәm ki, Purişkeviç vә yoldaşlarından savayı birini dә yerdә qoymazlar, o saat tutub qazamata salarlar. Odur ki, indi pasxa bayramını bәhanә edib, hökumәt onlara deyir ki, ay balam, ta bәsdir danışdırınız, yorulubsuz, bayram gәlir, gedin bir az gәzin, sonra yenә qayıdıb gәlәrsiniz. Onlar da hökumәtin bicliyini duyub, deyirlәr ki, lotu, öz aramızdır, amma bizi tutub voyenni polevoy suda verәrsәn! Qәrәz, mәzәli işdir.

* * * * *

Amma bundan mәzәli iş olmaz ki, görürsәn, birdәn bir millәt xaini durub özünü millәtә xahan hesab edir, bәzi vaxt, hәlә desәn, cәmi alәmi-islam tәrәfindәn dә qazılıq edir. Mәsәlәn, cәmi ağıllı adamlara mәlumdur ki, Osmanlı hökumәti türk millәtinin vә alәmi-islamın evini xaraba qoyub, külünü göyә sovurubdur vә hәr kәs bunlara tәrәfdar olsa, o da bütün türk millәtinә vә alәmi-islama xaindir vә hәr kәs bu xainә tәrәfdar olsa, da xaindir. İndi onu deyirәm ki, mәzәli burasıdır ki, bu gün mәsәlәn, bir canıyanan durub, mәsәlәn, Osmanlı hökumәtinin pisliyindәn danışıb, yazıq millәtin dәrdinә ağladıqda, görürsәn ki, haman o xaini-millәtlәr yerbәyerdәn baş qalxızıb, Osmanlı hökumәtini tәrif vә müdafiә edirlәr vә öz alәmlәrindә guya millәtә vә alәmi-islama yaxşılıq edirlәr. Halbuki hәqiqәtdә bayquş kimi ulayırlar vә bu viranә qoyulmuş yeri bir dә tәzәdәn viran etmәk istәyirlәr....

* * * * *

Bizim bayquşlar bizim yerlәri viran etmәk istәdiyi kimi, rus bayquşları da dumanı dağıdıb, Rusiyanı viran etmәk istәyirlәr. Bizim xaini-millәtlәr Osmanlı hökumәtini tәriflәyәn kimi, rus xaini-millәtlәri dә Rusiya hökumәtini tәrif edirlәr. Belә ki, Rusiyadan gәlәn adamlar xәbәr verirlәr ki, baş vәzir Stolıpin gündüz axşamadәk teleqram almaqdan lap tәngә gәlibdir. Bu teleqramları göndәrәn xainlәr vә bayquşlar yazıq vәziri tutubdular ki, bu saat dumanı qovub dağıdasan. İndi vәzir dә qalıb belә, bilmir nә qayırsın, qovsun-qovmasın. Bir dәli şeytan deyir ki, qov! O biri ağıllı şeytan da deyir ki, qovma! Stolıpin özü dә çox bikef olub hәrdәnbir Füzulinin bu şerini oxuyur:

Ah, kim bir dәm fәlәk rәyimcә dövran etmәdi!

Yerli-dibli uçurub bu dumu viran etmәdi!
XS
SM
MD
LG