Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:24

Üzeyir bəy Hacıbəyli. Qəzet oxuyan


Qәzet oxuyan müsәlman qәzetdәn mәlumat qazanır, biliyi artır. Ona görә, "qәzet oxumaq müsәlmana haramdır".

Qәzet oxuyan müsәlman bütün alәmin әhval vә övzaından xәbәrdar olur. Dünyanın bu başında oturub, o biri başında vaqe olan dürlü-dürlü hadisә vә vaqiәlәri bilir. Ona görә, "qәzet oxumaq müsәlmanlara haramdır".

Qәzet oxuyan müsәlmanın ağlı artır, dargöz olmur, hәr bir işә әqli-sәlim nöqteyi-nәzәrindәn baxır. Ona görә, "qәzet oxumaq müsәlmanlara haramdır".

Qәzet oxuyan müsәlman öz dәrd vә ehtiyacını, qardaşının giriftar olduğu müsibәt vә bәlanı qәzet sütunlarında yazılmış görür, yaxud millәtini tәhdid edәn müsibәtdәn xәbәrdar olur. Ona görә, "qәzet oxumaq müsәlmanlara haramdır".

Qәzet oxuyan müsәlman qәzet sütunlarında dәrdinә dәrman, ehtiyaclarına әlac, işinә әncam tapır. Ona görә, "qәzet oxumaq müsәlmanlara haramdır".

Qәzet oxuyan müsәlman qәzetdәn tәsәlliyab olur, qәm vә kәdәri dağılır, qәmabad könlü tәsginlik tapır. Ona görә, "qәzet oxumaq müsәlmanlara haramdır".

Ona görә müsәlmanlar mәlumatsız, biliksiz olsunlar, dünyadan xәbәrlәri olmasın. Dargöz, ağlı gödәk olsunlar, öz dәrd vә ehtiyacından, qorxulu müsibәtindәn bixәbәr olub, çarәsiz, dәrmansız, әncamsız qalsınlar; ürәklәri deşәn qәm vә

әlәmdәn xilas olub, tәsәlliyab olmasınlar. Bunların hamısı "halaldır!"
XS
SM
MD
LG