Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:33

Üzeyir bəy Hacıbəyli. Uyma dünyaya


"Uyma dünyaya, ey dili-qafil,
Nә olur bu әcuzәdәn hasil!"

Pәh-pәh! Nә gözәl sözdür vә nә ali fikirdir ki, İranın hakimlәri vә bәzi ülәma vә ruhanilәri camaata oxuyub haqqın әl vә ayağını yerdәn-göydәn üzürlәr.

Bu hakimlәrin vә bәzi ülәma vә ruhanilәrin nәzәrindә hürriyyәt istәmәk, millәt mәclisi açdırmaq, kasıb-kusubun qeydinә qalmaq, xalqı maariflәndirmәk--hamısı, dünyaya uyub qafil olmaqdır.

Amma rüşvәt almaq, xalqı aldatmaq, camaatın başını qırxıb, cibini soymaq adәti bir işdir ki, yatıb-durmaq, yeyib-içmәklә onların arasında heç bir tәfavüt yoxdur. Odur ki:

Uyma dünyaya, ey dili-qafil!

Yәni ay camaat, hürriyyәt-filan istәmәyin, qoyun hakimlәr-filanlar sizi hәmişәki kimi soysunlar!

* * * * *

Amma bir tәrәfә baxsan, bizim içimizdә olan bәzi "yalançı pәhlivanlara" uyma dünyaya, ey dili-qafil" -- demәk: çox yerindә olar.

Bu yalançı pәhlәvanlar yalançı pәhlәvanlığı nәdәn ötrü elәyirlәr? Bundan ötrü ki, camaat içindә ad-san qazansınlar. Amma bu binәvalar, doğrudan da ad-san qazanmağın yolunu heç bilmirlәr. Ad-san qazanmaq üçün camaat işinә qatışıb böyük bir mәsәlәni qalxızmaq vә o mәsәlә yerindәn qalxıb fil boyda olanda qorxudan siçana dönüb deşiyә girmәk lazım deyildir. Bu tövr ilә ad-san qazanmaq olmaz, biabır olmaq olar. Ad-san qazanmağın yolu, bax budur:

Çıxırsan bazara, görürsәn ki, Mәşәdi Mahmud gәlir. Yanına gedib salam verirsәn vә deyirsәn ki, Mәşәdi Mahmud, qәribә sәn yaxşı adamsan, üzündәn-gözündәn tamam nur yağır, adam sifәtinә baxanda lap valeh olur, buyur papiros çәk.

Onda görürsәn ki, Kәrbәlayı Bәdәl gәlir.

Onun da yanına gedib deyirsәn ki, Kәrbәlayı Bәdәl, nәdәndirsә, sәni görәndә elә bil ki, lap әziz adamımı görürәm. Allahın altında hamı müsәlmanlar sәnin kimi xoşxasiyyәt, xoştәbiәt, xoşsifәt, xoşsöhbәt, xoşrәftar, xoşgöftar, xoşxülq, xoşdil, xoşzәban vә xoşbәyan olaydılar. Buyur, gedәk bir stәkan çay içәk.

Ondan görürsәn ki, Şәrbәt bәy gәlir, özü dә uduzubdur.

Haman saat yanına yüyürüb, qulağına pıçıldayırsan ki, Şәrbәt bәy, yaxşı pulum var ... (ta dalısını demәk lazım deyil, Şәrbәt özü arifdir).

Ondan sonra görürsәn ki, bir molla gәlir.

Haman saat cibindәn tәsbeh çıxardıb, özbaşına dualar oxuyursan vә mollaya da kamali-tәzimlә baş endirirsәn.

Ondan sonra görürsәn ki, bir dövlәtli adam gәlir. Nә qayıracaqsan? İkiqat olub qalxırsan.

Vә bu minvalla baxıb görürsәn ki, sәni hәr yerdә tәrif edirlәr vә özün dә әmәlli başlı ad-san çıxardıbsan, ta bundan yaxşı nә var?
XS
SM
MD
LG