Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:11

Elnur Məcidlinin atasını işdən niyə çıxardılar?


Elnur Məcidli
Elnur Məcidli
«DÖVLƏTİ YOX, HAKİMİYYƏTİ DƏYİŞMƏYƏ ÇAĞIRMIŞAM»

- Dünən məlumat aldım ki, atamı işdən çıxarıblar. Ona iş yerindən iki dəfə xəbərdarlıq olunmuşdu, axırda da işdən çıxartdılar.

Bunu AzadlıqRadiosuna Fransada yaşayan və barəsində cinayət işi açılan gənc fəal Elnur Məcidli deyir. O, dövlət əleyhinə açıq çağırışlar etməkdə günahlandırılır.

E. Məcidli sosial şəbəkələrdə «11 mart-Böyük Xalq Günü» və «2 Aprel-Böyük Qəzəb Günü» aksiyalarının təşkilatçılarından biridir. Deyir ki, o, bloq yazılarında və «Facebook»da dövləti yox, hakimiyyəti dəyişməyə çağırıb, çünki ona görə, indiki hakimiyyət Azərbaycanda insan haqlarını pozur, seçkiləri saxtalaşdırır:

- Bu gün ölkədə dövlətçilik ənənəsi deyə sırıdılan sistem bu hakimiyyətin qeyri-qanuni yollarla qurduğu sistemdir. Bizim dövlətçiliyimizə heç bir əks fikrimiz yoxdur. Amma biz bu hakimiyyətin getməsini istəyirik. Bir ölkədə qanunlar işləmirsə, o ölkədə dövlətdən, dövlət sistemindən söhbət gedə bilməz.

«MƏNƏ GÖRƏ ATAMI İŞDƏN ÇIXARDILAR»

E. Məcidli deyir ki, ona qarşı cinayət işi açmaqla hakimiyyət gənclərin gözünü qorxuzmağa cəhd göstərir, amma bu cəhdin bir xeyri olmayacaq. O, «Facebook»da «Böyük Cümə» adında yeni səhifə yaratdığını və bununla hüquqları pozulan islamçı dindarlara dəstək vermək niyyətində olduğunu deyir.

E. Məcidli sosial şəbəkələrdəki aktiv fəaliyyətinə görə anasının da incidildiyini və iş yerini itirmək hədəsi ilə üzləşdiyini deyir. Onun fikrincə, valideynlərinə və Azərbaycanın müxtəlif şəhərlərində yaşayan qohumlarına təzyiqlərin məqsədi onu ölkəyə gəlməyə vadar etməkdir.
E. Məcidli sosial şəbəkələrdə «11 mart-Böyük Xalq Günü» və «2 Aprel-Böyük Qəzəb Günü» aksiyalarının təşkilatçılarından biridir
Amma E. Məcidli deyir ki, təzyiqlərin, hədələrin coğrafiyası Fransaya qədər uzandığından o, yerli polisin məsləhəti ilə yaşadığı ünvanı dəyişib:

- Mənə beş dəfə zəng gəldi, bu zəngin üçü İnternet vasitəsilə gəlmişdi, ikisi isə Bakı nömrəsi idi. Mənə deyirdilər ki, səni Interpol axtarır, Fəxrəddini (Almaniyada yaşayan Fəxrəddin Hacıbəyli nəzərdə tutulub - müəl.) döydülər, səni öldürərlər. Mən də Fransa polisinə müraciət elədim, hələlik yaşayış yerimi dəyişmişəm.

E. Məcidli üzləşdiyi vəziyyətlə bağlı beynəlxalq qurumlara da məlumat verdiyini deyir.

«MƏCİDOVUN ŞTATI İXTİSARA DÜŞÜB»

Onun atası Abdulla Məcidov Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin mətbuat xidmətinin əməkdaşı olub. A. Məcidovun işdən hansı məqsədlə çıxarıldığını öyrənmək üçün mətbuat xidmətinin rəhbəri Vüqar Sadıqovla əlaqə saxladıq.

V. Sadıqov dedi ki, A. Məcidov işdən çıxarılmayıb, sadəcə aprelin 1-də rəhbərliyin əmri ilə informasiya xidmətində onun vəzifəsi ixtisara düşüb:

«Bizdə struktur islahatları aparılır, bilirsiniz ki, bazar iqtisadiyyatıdır. Başqa ştatlarla birgə onun da ştatı ixtisara düşdü».

V. Sadıqov deyir ki, mətbuat xidmətində altı jurnalist çalışıb və onlardan birinin ştatı ixtisara düşüb. O, A. Məcidovun ştatının ixtisara salınması ilə oğlu barəsində cinayət işinin açılmasının üst-üstə düşməsini tam təsadüfü sayır. Rəhbərlik tərəfindən A. Məcidova hər hansı xəbərdarlıq edilməsi barədə isə məlumatsız olduğunu deyir.

ŞAHİD İFADƏLƏRİNİN ALINMASINA BAŞLANIB

Zaur Əkbər
E. Məcidlinin cinayət işi ilə əlaqədar Respublikaçı Alternativ (ReAl) Birliyinin həmtəsisçisi, hüquqşünas Erkin Qədirli, «Gənclər Klubu» İctimai Birliyin sədri Zaur Əkbər, Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzinin rəhbəri Pərviz Həşimli və AXCP sədrinin müşaviri Asif Yusifli aprelin 5-də Respublika Prokurorluğuna çağırılıblar. Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov AzadlıqRadiosuna bildirib ki, onlar şahid qismində dəvət olunublar və bu istintaqla bağlı qurumun açıqlaması olacaq.

«MƏNDƏN AKSİYALARA MÜNASİBƏTİMİ SORUŞDULAR»


Şahid qismində dindirilən «Gənclər Klubu» İctimai Birliyin sədri Zaur Əkbər bizimlə söhbətdə bildirdi ki, ona əsasən Elnur Məcidli ilə bağlı suallar veriblər və son aksiyalara münasibətini öyrəniblər:

- Mən də dedim ki, bu, insanların Konstitusiya hüquqlarıdır ki, küçəyə çıxıb ölkədə islahatlar aparılmasını tələb edirlər. Dedim ki, bir vətəndaş kimi bu addımlara haqq qazandırıram.

Zaur Əkbər deyir ki, o, E. Məcidlini sosial şəbəkələrdən tanıyır və istintaqa da onu vətənpərvər və demokratiya mübarizi kimi təqdim edib.

Bu cinayət işi ətrafında gedən prosesləri izləyən hüquqşünas İntiqam Əliyev isə deyir ki, bu addımlarla hakimiyyət cəmiyyətin artan fəallığını azaltmaq və onun gözünü qorxuzmaq siyasətini aparır. İntiqam Əliyevin fikrincə, bu cür ittihamların ortaya atılması əks-nəticələrə gətirib çıxara bilər.
XS
SM
MD
LG