Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:30

«Tom və Cerri» ya «İlbizin evi»?


Elçin Hami Axundov
Elçin Hami Axundov
SƏKKİZ AYA BAŞA GƏLƏN 10 DƏQİQƏLİK FİLM

3 yaşlı Toğrul «Pıspısa xanım və Siçan bəy» cizgi filmini çox sevir, hətta valideynlərini məcbur edir ki, onunla birgə bu obrazları cizgi filmində olduğu kimi canlandırsınlar. Çobanın tütəyini məişətdə işlənən adi qıfla, çomağını isə oxlovla əvəzləyir, özü isə gah çoban, gah siçan olur, gah da Tıq-tıq xanım rolunu seçir.

Azərbaycan animasiya sənətində məxsusi yeri olan «Pıspısa xanım və Siçan bəy» çox-çox əvvəllər- 1974-cü ildə çəkilib. Elə «Azanfilm» studiyasının rəhbəri və rejissoru Elçin Hami Axundov da animasiya sənətinin bu gününü qiymətləndirmək üçün keçmişdən, tarixdən başlayır. Deyir ki, 1933-cü ildən Azərbaycanda bir sənət kimi fəaliyyətə başlayan animasiyanın zirvəsi ötən əsrin 60-cı illərində olub:

- Təkcə ədəbiyyatda yox, rəssamlıqda, musiqidə sıçrayışlar vardı, axtarışlar vardı.

60-cı illərdən bəri 130-dan çox film çəkdiklərini deyən E. Axundovun bildirir ki, ötən illərin 90-cı illərində animasiya studiyası tamam zəifləyib, bir çox animasiyaçı rəssam işdən uzaqlaşıb. Amma 10 ilə yaxındır ki, onlar bu sənətin ölməməsi üçün əllərindən gələni edirlər, həm də artıq dövlət sifarişi alırlar. Hərçənd, 10 dəqiqəlik bir filmin ərsəyə gəlməsi üçün uzun vaxt lazım olur:

- «Disney»də 200 animator rəssam işləyir, bizdə isə 3 nəfər. Bir filmi 8 aya başa vura bilirik.

«İLBİZİN EVİ»NİN QİYMƏTİ 70 MİN MANATDIR

Mədəniyyət və Turizm Nazirliyindən verilən sifarişlərin qiyməti elə də az deyil, məsələn, indi studiyanın üzərində işlədiyi «İlbizin evi» cizgi filminə 70 min manat ayrılıb.

Studiyanın yaradıcı sexində divara «İlbizin evi»nin rejissor tərəfindən hazırlanmış epizodlarının təsvirləri vurulub. Hər səhnənin neçə metr olacağı göstərilib. Metr epizodların uzunluğunu göstərir, epizod nə qədər uzundursa,
Fon rəssamı Hüseyn Cavid
deməli, hərəkəti dəyişən cizgilər də bir o qədər çox olur.

Animator-rəssam Lalə Məmmədova deyir ki, onlar hər epizodun təsvirlərini ayrı-ayrı qovluğa yığırlar. Onun stolunda hərflərin səslənməsi zamanı ağzın aldığı formaların əks olunduğu şəkil də görünür. Deyir ki, obrazları çəkərkən ağız formasını da onun deyəcəyi səsə uyğunlaşdırır. Məsələn, «o», «u» hərfində dodaqları uzun çəkirlər, növbəti şəkildə səsdə «a» hərfi olacaqsa, ağız açıq çəkilir.

Studiyada olduğum dəqiqələrdə müsahiblərim mənə animasiya sənətinin incəliyini başa çalmağa çalışırlar, soruşuram ki, bir şəkli dəfələrlə çəkmək yorucu deyil ki? Fon rəssamı Hüseyn Cavid gülür ki, əksinə, bir şəkli dəfələrlə çəkəndə, onun hərəkətləri dəyişir deyə, özlərinə də maraqlı gəlir.

Kompyuter otağında isə üzərində təsvirlər olan yüzlərlə vərəq bir-bir skanerdən çıxarılır və xüsusi proqram vasitəsilə canlandırılır.

«ANİMATOR-RƏSSAMLAR TÜKƏNİR»

«Hər oxuyandan Molla Pənah olmadığı kimi, hər rəssamdan da animator ola bilməz». Bunu E. Axundov deyir. O düşünür ki, animasiya çəkmək üçün həm də rəssamdan aktyorluq qabiliyyəti tələb olunur, belə adama isə tez-tez rast gəlinmir. E. Axundov deyir ki, onların əsas problemi maraqlı ssenari və animator-rəssam qıtlığıdır:

- Bizim milli animasiyamızı inkişaf elətdirmək lazımdır. Bunu da inkişaf etdirmək üçün kurslar açmaq lazımdır. Mədəniyyət və Turizm Nazirliyi Nazirlər Kabinetinə təklif edib. Hər studiya mütəmadi kurslar açır və öz işçilərini cavanlaşdırır.
«İlbizin evi»nin rejissor tərəfindən hazırlanmış epizodları
Sovet dövründə də belə idi. Bizim əsas animatorlarımız da həm Moskvada «Soyuzmultfilm»in, həm də 1960 və 1988-ci illərdə Azərbaycanda açılan kurslarda oxuyanlardır.

Müsahibim deyir ki, ölkədə kino bazarı olmadığından, kinoteatrlar işləmədiyindən, onlar da bazara çıxa bilmirlər. Onların çəkdiyi filmləri isə yerli televiziyalar göstərə bilərlər, onlar da bir çox hallarda xarici cizgi filmlərinə üstünlük verirlər:

- Mən istəyirəm ki, bizim filmlər çəkilən kimi də göstərilsin, bilinsin ki, belə bir film çəkilib. Kimin üçün çəkirik? Bizim əsas sifarişçimiz Mədəniyyət və Turizm Nazirliyidir, onun ödədiyi pullar da vergiödəyicilərinindir, Azərbaycan vətəndaşlarınındır.

Xarici təcrübə ilə tanış olan E. Axundov deyir ki, Azərbaycan animasiyası dünya bazarına çıxa bilər, onun potensialı var, amma bunun üçün tammetrajlı, yəni bir saat, saat yarımlıq film çəkmək lazımdır.

3 yaşlı Toğrul Amerika istehsalı olan «Tom və Cerri»ni də çox sevir, amma onun təkidlərinə baxmayaraq, valideynləri bu cizgi filmindəki hadisələri onun üçün canlandıra, tamaşaya çevirə bilmir, çünki hadisələr çox dinamik və süjetsizdir. «Azanfilm» studiyasının 70 min manata ərsəyə gətirdiyi «İlbizin evi»ni necə, Toğrul sevəcəkmi, hələ bilinmir, amma təkid edərsə, ola bilsin valideynləri oradakı hadisələri tamaşaya çevirə bilər.
XS
SM
MD
LG