Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:34

Prezident Aparatının qarşısında bir gün


Aprelin 5-də Hacıqabul rayonu Meyniman kənd sakinləri Prezident Aparatının qarşısında toplaşacaqları ilə bağlı AzadlıqRadiosuna məlumat verdilər. Saat 12-də PA-nın qəbul şöbəsinin qarşısına çatanda ayrı-ayrı qruplar halında toplaşan adamlar gördüm. Hər qrupda 25-dən çox adam olduğundan Hacıqabuldan gələnlərin kimlər olduğunu öyrənmək üçün bir-bir onlara yaxınlaşıram. Məlum oldu ki, bu şikayətçilər- “Muray” tikinti şirkəti tərəfindən aldadıldığını bildirənlər, Bakı bazarlarında çalışan qəssablar və nəhayət Kür daşqınları zamanı onlara dəymiş ziyanın ədalətli kompensasiya olunmasını tələb edən Hacıqabulun Meyniman kənd sakinlərdir.

ANCAQ VƏ ANCAQ FUAD ƏLƏSGƏROV

Başlayaq “Muray” şirkətindən şikayətçi olanlardan. Onlara vəd olunur ki, saat 2-də Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov onları qəbul edəcək. Amma bir şərtlə, əgər aparatın qarşısından gedib, saat 2-də 5 nəfər nümayəndələri gələrsə. Şikayətçilər bu şərtlə razılaşır, özləri də aparatdan kənarda gözləyirlər. Amma dediklərinə görə, onların nümayəndələrini həmin şöbənin böyük məsləhətçisi Nazim Rəcəbov qəbul edir.

Şikayətçilərdən biri Vəfa Aydınova:
“Bizə də dedilər ki, saat 2-də Fuad Ələsgərov sizi qəbul edəcək. Ancaq Nazim müəllim qəbul edib. Bu da bizi qane etmir”

“Nə edək, özümüz də bilmirik. Vətəndaşa belə münasibət göstərilirsə, biz hara inana bilərik”.

Şikayətçilər deyirlər ki, onlara bundan əvvəl verilən vədlər yerinə yetirilmədiyindən ancaq Fuad Ələsgərovun qəbuluna düşmək istəyirlər. Dediklərinə görə, onları daxili işlər naziri Ramil Usubovun qəbul edəcəyi də vəd olunub.

QƏSSABLARIN ŞİKAYƏTİ

Növbə çatır Bakı bazarlarında ət və ət məhsullarının satışı ilə məşğul olanlara. Əvvəl bura yığışmaqlarının səbəbini demək istəmirdilər. Amma qəbuldan çıxandan sonra özləri AzadlıqRadiosunun kamerasına yaxınlaşdılar. Bakı sakini Əvəz Verdiyev Prezident İlham Əliyevin fərmanının icra olunmamasından şikayətləndi:

“Prezident qiymətlərin aşağı düşməsi ilə bağlı fərman verib. Amma məmurlar bu fərmana əməl etmirlər. Bizim qiymətlərin aşağı salınması ilə bağlı gözəl təklifimiz var. Rayonlarda heyvanları alverçilər alır, üstünə gözləniləndən də artıq qiymət qoyub satır. Bizim təklifimiz ondan ibarətdir ki, rayonlarda bazar həftənin eyni günündə işləsin. Belə olarsa, alverçilər bazarı zəbt edə bilməz. Biz də gedib kəndlinin satdığı məhsulun heç olmasa 20 faizini ala bilərik”.

Prezident Aparatından qəssablara bildiriblər ki, rəsmi qaydada müraciət etsinlər, məsələ araşdırılsın. Onlar da elə Aparatın qarşısındaca başladılar müraciətlərini yazmağa.

SƏNƏDSİZ HOLLANDİYA VƏTƏNDAŞI


Qəbul şöbəsindən çıxan şikayətçilərin isə ürəkləri doludur. Bir nəfər deyir ki, Hollandiya vətəndaşı olan oğlunu 8 ay əvvəl Bakı aeroportunda 5 gün qanunsuz saxlayıblar. Sonra onu buraxsalar da sənədlərini qaytarmırlar.

QƏBİRİSTANLIQDA YAŞAYAN QADIN


Solmaz adlı bir qadın isə Moskvada yaşadığından Bakıdakı mənzilini uzun müddətli kirayə verdiyini, qayıdanda isə evinin başqasına satıldığını öyrənib. Bütün sənədləri onun adına olmasına baxmayaraq, Solmaz Abdullayeva deyir ki, problemini həll edən yoxdur, buna görə də oğlu ilə birlikdə neçə aydır qəbiristanlıqda yaşayır.

HACIQABULLULARIN YARIM SAATI


Nəhayət saatın əqrəbləri 4-ün yarısını göstərəndə Hacıqabuldan gələnlərdən 5 nəfər bu rayon üzrə kurator Rəhim Məmmədovun qəbuluna düşə bildilər. Hacıqabulların görüşü təxminən yarım saat çəkdi. Çox keçmir ki, şikayətçilər gileylənə-gileylənə qəbuldan çıxırlar:

“Şikayətə baxmırlar. Bizim şikayətimiz yerli icra hakimiyyətindəndir. Yenə də göndərdilər bizi icra hakimiyyətinin üstünə”.

Sakinlər deyirlər ki, bir dəfə Prezident Aparatına gəlib, rayon icra hakimiyyətindən şikayətləniblər. Rayona qayıdandan sonra problemləri həll olunmaq əvəzinə təzyiqlərlə üzləşiblər. Yenidən Prezident Aparatına gəlmək istəyərkən, yerli icra hakimiyyətinin göstərişi ilə onları zorla yarı yoldan geri qaytarıblar. Meyniman kənd sakini Cavid Mürvətov deyir ki, bu dəfə gizlincə kənddən çıxmağa müvəffəq olublar. Onun deməsinə görə, Prezident Aparatına gəlmələrinin heç bir nəticəsi olmadı.

LAP MİXAYLO KİMİ...


“Biz bura lap “Uzaq Sahillərdə” filmindəki kimi gizlənə-gizlənə, meşələrlə gəlmişik. Gəlmişik ki, rayon icra hakimiyyətindən şikayətimizi bildirək. Bizi yenidən icra hakimiyyətinin üstünə niyə göndərirlər”.

“Bura tam məxfi şəkildə gəlmişik. Biz müxtəlif yollarla bura gəlmişik, bəzimiz bir gecə əvvəldən kəndi tərk edib, bacardığımız qədər heç kimə deməmişik. Çünki bir dəfə xəbər tutub, bizi geri qaytarıblar”.

“Rayona gəlmişik gecə gizlincə, oradan da səhər saat 6-da çıxmışıq”.

“Elə bil müharibədir, kəşfiyyatdır. Gizlin, xəlvət yollarla şəhəri tərk etmişik”.

Sakinlər deyirlər ki, 2010-cu il sentyabr 7-də prezident İlham Əliyev Hacıqabul rayonuna səfər edərkən, kənd sakinlərini evlərindən çıxmamaq üçün polislər evlərinin qarşısında dayanıb.

“Bizim evin qarşısında iki polis nəfəri prezident kənddən gedənə kimi keşik çəkdi. Bizi evdən çıxmağa qoymadılar”

Şikayətçilərin dediklərinə Hacıqabul İcra hakimiyyətindən münasibət öyrənmək istəsək də, nəticəsi olmadı.

İradə Cavadova
İNZİBATİ MƏHKƏMƏLƏRƏ GETMƏK LAZIMDIR


Vəkil İradə Cavadova deyir ki, sakinlərin problemlərindən şikayət etmələri müsbət haldır. Amma mübarizəni sona kimi aparmaq vacibdir.

“Prezident Aparatına sakinlər şikayət edirlərsə, yenidən onları şikayətçi olduqları ünvana yönləndirmək qanun pozuntusudur. 2011-ci ilin yanvar ayından Azərbaycanda inzibati məhkəmələr fəaliyyətə başlayıb. Yaxşı olar ki, dövlət orqanlarından şikayətçi olan insanlar həmin məhkəməyə müraciət etsinlər və sona kimi mübarizələrini davam etdirsinlər”.

İradə Cavadova yeni yaradılmış inzibati məhkəmələrin dövlət orqanları ilə vətəndaşlar arasında münasibətləri qanunvericiliyə uyğun şəkildə tənzimləyəcəyinə inanır.
XS
SM
MD
LG