Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:47

İndiki dövrün misgərləri


Azadlığı sevən misgərlər
Gözlə

No media source currently available

0:00 0:02:28 0:00
Direct-ə keçid

"Misgərlər məhəlləsi"ndən reportaj.

Çəkicin dəmirə dəyə-dəyə çıxardığı bu musiqili səsi Lahıcda misgərlərin emalatxanasında eşitmək olur. İndi bu səs Bakıda da eşidilir. Çünki artıq Lahıc misgərlərindən Bakıya köçüb özləri demiş, «dükan açanlar» da var. Çox deyillər, 7-8 nəfər olarlar. Ancaq hamısı bir ərazidə, Nizami metrostansiyası yaxınlığında yerləşdiklərindən şəhər camaatı bura «Misgərlər məhəlləsi» də deyir.

TƏMİR OLUNAN TARİX


«Görürsüz, qədim samovardır. Tarixi də var, 1825-ci il. Söküb əməlli-başlı təmir etmişəm. Bu isə qədim manqaldır, köhnə vaxtlarda adamlar kürsü qurub, qızınmaq üçün ətrafına yığışırmışlar. Həmin manqaldır. Bu kiçik tərəzinin tarixi 1902-ci ilə gedib çıxır. Bərpa edəcəyəm, ona həyat verəcəyəm».

Misgər Mehman Eyvazov Bakıya 1991-ci ildə gəlib. O vaxta qədər İsmayıllının Lahıc kəndində işləyib. İndi isə qədim qabların yığışdığı bu emalatxanasında həm misgərliklə, həm də qalayçılıqla məşğul olur:

«Atam, qardaşım da misgər olub. Əvvəllər ancaq bərpa etmirdik, mis güyümlər, aftafalar, qazanlar hazırlayırdıq. İndi daha çox təmir edirik. Sovet dövründə mis bol idi. İndi materialların qiyməti bahadır».

«SƏNƏTİN YERİNİ HEÇ NƏ VERMİR»


Misgər Mehman deyir ki, bir müddət başqa işlərlə də məşğul olub. Ancaq yenə misgərliyə qayıdıb. Deyir «böyük emalatxanam olsaydı, şagirdlər də hazırlayardım»:

Misgər Mehman
«Sənətin yerini heç nə verməz. Atamın 80 yaşı var, indi də işləyir. Yaxşı, geniş yer olsaydı, şagirdlərimi yetişdirmək istəyərdim».

Misgər Şəmsəddin Soltanov isə 48 illik sənətini oğlanlarına öyrədir. Usta deyir ki, bu sənəti qiymətləndirənlər çox deyil:

«Düzdür, kimlərsə qiymətləndirir. Ancaq bütövlükdə yox. Qorxuram ki, sənət unudular, ona görə oğlanlarıma öyrətdim».

«BU SƏNƏT AZADLIĞI SEVİR»


21 yaşlı Araz Soltanov isə deyir ki, misgərlik azad, yaradıcı sənətdir, ona görə bu sənəti seçib:

«Uşaqlıqdan məktəbə gedəndə gəlib baxırdıq. Mənə maraqlı gəldi. Sonradan öyrəndim və işlədim. Mənə daha çox maraqlı olan 150 yaşlı ölmüş bir vəziyyətdə olan qədim əşyanın dirilməsi prosesidir. İşi görüb qurtaranda adam istər-istəməz fəxr edir. Gəlirimiz də pis deyil. Həm də bu sənət azadlığı sevir. Nə vaxt istədin məşğul ola bilərsən. Bu sənətin gözəlliyi azadlığı sevməyindədir. Biz də azadlığı sevirik».

Araz Soltanov
Gəlirdən söz düşmüşkən, 25 manata alınıb bərpa olunmuş, 1902-ci ilin tərəzisini burda 55 manata almaq olar.

Misgərlər deyir ki, sərgilərdə iştirak etmək, daha geniş auditoriya qarşısına çıxmağı çox istəyirlər. Ancaq hələlik buna imkanları yoxdur. Hələlik öz kiçik, şəraitsiz emalatxanalarında işləyirlər.

Misgərlərin məhəlləsindən uzaqlaşdıqca çəkicin dəmirə dəyib yaratdığı musiqili səs avtomobillərin uğultusunun içində itib-batır.
XS
SM
MD
LG