Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:51

Mirzə Ələkbər Sabir. Övradımız, əzkarımız əfsaneyi-zəndir















Övradımız, əzkarımız əfsaneyi-zəndir,
Əfsaneyi-zən nuri-dilü ruhi-bədəndir,
Çün hübbi-nisa lazimeyi-hübbi-vətəndir,
Əhli-vətəniz, hübbi-vətən yad alırız biz!
Dindarləriz, gündə bir arvad alırız biz!

Yox fərq bizim hündür ilə alçağımızda,
Daim görürüz iş bu qocalmış çağımızda,
Cüt-cüt durur övrət solumuzda, sağımızda,
Şəhvət quluyuz, nəfsdən imdad alırız biz!
Dindarləriz, gündə bir arvad alırız biz!

Hər şam gərək üqdeyi-əfkar açılsın,
Fəvvareyi-iqbaldən amal saçılsın,
Hər sübh namaz etmədən həmmama qaçılsın,
Təthir edərək dillərə övrad alırız biz!
Dindarləriz, gündə bir arvad alırız biz!

Bu məşğələlər şiveyi-əşyaxi-zamandır,
Ata-babamızdan bizə miras hamandır,
Zənn eyləmə süstüz, qanımız od kimi qandır,
Bu yolda töküb qanımızı ad alırız biz!
Dindarləriz, gündə bir arvad alırız biz!

Sair miləl övrətlə ədalət edir, etsin,
Övrət ərə, ər övrətə rəğbət edir, etsin,
Hər kim ki, bir övrətlə qənaət edir, etsin,
Üç-dördün ötüb siğədə tədad alırız biz!
Dindarləriz, gündə bir arvad alırız biz!

Tədadi-nisa bir hünəri-sariyəmizdir,
Tez boşluyuruz, çün bu libas ariyəmizdir,
Övrət nə demək? Xadiməmiz, cariyəmizdir!
Hərçənd alan vəqtdə azad alırız biz....
Dindarləriz, gündə bir arvad alırız biz!
XS
SM
MD
LG