Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:44

«Mənim təqaüdüm ancaq işıq puluna çatacaq»


Təqaüdçü Həmayıl xala: «Bu artımla hara gedəcəyik!»
Təqaüdçü Həmayıl xala: «Bu artımla hara gedəcəyik!»

«Təqaüdləri 5 manat artırsalar da, qiymətlər də artıb. Bu artımla hara gedəcəyik!» Bu, Bakının Əhmədli qəsəbəsində yaşayan Həmayıl xaladır. İki ali təhsil almış, vaxtilə mühəndis işləyən Həmayıl xala daha təqaüddədir. Bir özüdür, bir də ömür-gün yoldaşı Nazim kişi. Onların qapısını döyəndə Həmayıl xala yeni qiymətləri və təqaüdünü tutuşdurur, işığın, suyun qiymətini hesablayırdı. Nə qədər hesablasa da, nəticə dəyişmirdi ki, dəyişmirdi. Dediyinə görə, aldığı təqaüdün elə hamısı kommunal xərclərə, daha düzü, onlardan cəmi birinə -elektrik enerjisinə gedəcək. Həmaylı xala deyir ki, qaz olmadığından biş-düş, pal-paltarı yumaq, evləri qızdırımaq üçün də elektrikdən istifadə edir. Təkcə noyabrda işlətdiyi işığa görə, 12 manat ödəyib. Qaldı dekabra: «Ancaq elektrik sobasından, elektrik çaydanından istifadə etmişəm. Sayğac 12 manatdan bir qədər çox, bəlkə də az pul yazıb. Hələ bunun fevralı, martı var, yanvar da təzə başlayıb. Bunun axırı hara gedir?»


Həmayıl xala əlində dəftər-qələm hesablayır və bahalanmadan sonra elektrikə nə az, nə çox 36 manat verməli olduğunu deyir: «18 «şirvan» işığa pul verməliyəm. Yeni manata çevirəndə az qala elə mənim təqaüdüm qədər olur…»


Bu gedişlə Həmayıl xalanın hələ yeni ildən 45 manat olacaq təqaüdünün 36 manatı qış aylarında elektrik enerjisinə xərclənəcək.


«Zorla pulu çatdırırıq. Kişiylə dalaşıram ki, pulu qurtarma. O da deyir ki, qazın-işığın pulunu verməliyik axı. Özüm xəstəyəm. Təzyiqim 300-ə qalxır. Böyrəyim, ürəyim ağrıyır. Aldığımız dərmana gedir…20 «şirvan» bala nəyə çatar?..»

Axı, həm də su və kanalizasiya pulu da artıb, təxminən 5-6 manat da buna sərf olunacaq ki, o da 41-42 manat edir. Yerdə qalanı da, qazpuluna, ev puluna xərclənəcək ki, Həmayıl xalanın yanvardan artırılmış təqaüdündən heç nə qalmayacaq…Həmayıl xala alınan bu rəqəmə inanmır, bir də vurur-çıxır, ancaq çifayda…


Sonra deyir ki, nolar, a bala, Nazim əminin təqaüdü qalır. Amma birdən üzü dəyişir. Deyir ki, benzin-dizel bahalanandan sonra bazarda da qiymətlər «od tutub yanacaq»: «Bu təqaüddən o biri təqaüdə qədər iki kilo ət alırdım. Daha onu da ala bilməyəcəm. Yəqin hər şey bahalanırsa, ət də bahalanar. Bunun düyüsü, qəndi, şəkər tozu var. Soğanı-kartofu var. Minimum götürürəm. Mənim pulum kommunal xərcə gedir. Bəs kişinin təqaüdünə bazarlıq etmək olacaqmı? 45 manatdan 12 manat çörək puluna gedir. Yağ pulu 6 manat, kartof-soğan 4 manat, qənd-çay 5 manat, vermişel-mkaron…»


Həmayıl xalanın bazarda qiymətlər artmamış apardığı əlüstü hesablamaya görə, elə Nazim kişinin təqaüdü 45 manat da ərzağa sərf olunacaq. Amma həkim pulunu, nəqliyyat pulunu bu haqq-hesaba qatmırlar: «Bəs bizim xeyir-şərimiz, dərmanımız da var. Yoldaşım əlildir, özüm infarkt keçirmişəm…Nə deyim, bu dolanmaq deyil, deyəsən, gedib dilənib dolanmalıyıq?..»


Hərçənd Həmayıl xala gözüyaşlı üstünə gələn qonşusu Gülpəri nənəni görəndə toxtaqlıq tapır. Qiymətlərin qalxdığını eşidən Gülpəri nənə özünün yox, təkcə yoldaşının təqaüd aldığını deyir: «Zorla pulu çatdırırıq. Kişiylə dalaşıram ki, pulu qurtarma. O da deyir ki, qazın-işığın pulunu verməliyik axı. Özüm xəstəyəm. Təzyiqim 300-ə qalxır. Böyrəyim, ürəyim ağrıyır. Aldığımız dərmana gedir…20 «şirvan» bala nəyə çatar?..»


Qarılı-qocalı indidən qəpik-qəpik təqaüdlərini hesablayan təqaüdçülərin evindən çıxıram. Ancaq oğul-uşaq sahibi olmayan Həmayıl xalanın sözləri qulağımdan getmir: «Ölüm-itim dünyasıdır, bala. Arxada kəfən pulumuz, beş manat saxlancımız yoxdur. Bu işlərin axırı nə olacaq?»


XS
SM
MD
LG