Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:53

Parlamentdə dava-Amerika təcrübəsi


Davadan sonra Hüseyn Abdullayev Cinayət Məcəlləsinin iki maddəsi ilə təqsirləndirildi
Davadan sonra Hüseyn Abdullayev Cinayət Məcəlləsinin iki maddəsi ilə təqsirləndirildi

Milli Məclisdə iki deputatın yumruq davasına çıxması qəribə görünə bilər. Lakin, buna oxşar hadisə dünyanın bir çox ölkələrinin qanunvericilik orqanlarında baş verib. Düzdür onların çoxu heç də dava salan və ya davada iştirak edən deputatın parlamentdən qovulması, saxlanması və ya həbsi ilə nəticələnməyib.


Misal üçün, 200 ildən çox parlament ənənəsi olan Amerika Birləşmiş Ştatlarını götürək.


Konqresdə döyüşlər olubmu? Davanı kimlər salıb? Bu suallara «San Diyeqo Reader» dərgisi qismən də olsa cavab verir.


Bu günlər Konqresdə yumruq davası demək olar ki, müşahidə edilmir. Son bir əsrdə Senat və Nümayəndələr Palatasının iclasları qarşılıqlı nəzakətin modeli sayıla bilər. Bütün problemlər Etika Komissiyasında həll olunur. Lakin, Amerikadakı vətəndaş müharibəsindən əvvəlki dövr Konqres bir sıra hay-küylü döyüşləri ilə yadda qalıb.


Senatorlar hətta iclas vaxtı alkoqollu içkilər qəbul etməkdən də çəkinmirdilər. Nəticədə, müzakirələr çox qızğın keçirdi

Nümayəndələr Palatasından fərqli olaraq 1913-cü ilə kimi Senatın üzvləri birbaşa xalq səsverməsi yolu ilə deyil, ştatların qanunverici orqanları tərəfindən seçilirdilər. Buna görə də, senatorlar özlərini daha ehtiyatlı aparmağa çalışırdılar. Bununla belə senatorlar bir birlərini söyüb-təhqir etməyi, kobud küçə terminləri işlətməyi özlərinə az qala borc bilirdilər. Senatorlar hətta iclas vaxtı alkoqollu içkilər qəbul etməkdən də çəkinmirdilər. Nəticədə, müzakirələr çox qızğın keçirdi. Senatorlar bir birlərinə əşyalar və yumruq atır, söyüş söyür və hətta odlu silahdan istifadə edənlər də tapılırdı. Buna baxmayaraq debatlar zamanı qan töküldüyünü görən olmayıb.


Senatdan fərqli olaraq, Konqresin Nümayəndələr Palatasında daha aqressiv mühit hökm sürürdü. Bəzi konqresmenlə özləriylə sessiyaya odlu silah və bıçaq gətirirdilər. Bir konqresmen isə özünü mühafizə etmək üçün iclaslara öz itini gətirərmiş. Konqresmenlər bəzən öz mövqelərini izah etmək üçün bir-birlərini silləyə və yumruğa qonaq edirdilər.


Kaliforniyalı konqresmen Filmon Herbert özü ilə həmişə silah gəzdirib. Lakin, o heç vaxt ondan həmkarlarına qarşı istifadə etməyib. Amma, bir dəfə cənab Herbert Vaşinqtonda nahar yeməyi vaxtı, qulluqçunun xidmətindən narazı qaldığına görə, onu güllələyib.


Nümayəndələr Palatasında ən böyük döyüş isə 1856-cı ildə, ştatların səlahiyyətləri barədə debatlar zamanı qeydə alınıb. Konqresmenlər bir-birlərini döyür, dişləyir, təpikləyir, söyür, təhqir edirdilər. Dava bir konqresmenin başqasının saçını yolmağa cəhdindən sonra dayanıb. Məlum olub ki, saçı yolunan konqresmenin başındakı parikdir. Hamı buna bərkdən gülməyə başlayıb, dava da elə burada bitib.


İki konqresmen isə başqa bir həmkarlarını pusquya salıb, bərk əzişdiriblərmiş. Onların ikisi də Konqresin etika komissiyası tərəfindən tənbeh olunmuş və istefaya göndərilmişlər. Lakin, növbəti seçkilərdə onlarla fəxr edən elektorat konqresmenlərə yenidən səs verib onları Nümayəndələr Palatasına qaytarmışlar.


XS
SM
MD
LG