Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:44

ABŞ və Türkiyə PKK terroruna qarşı əməkdaşlıq edəcək


Ərdoğan Corc Buşun mövqeyindən məmnun qaldığını ifadə edib
Ərdoğan Corc Buşun mövqeyindən məmnun qaldığını ifadə edib

Noyabrın 5-də Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan ABŞ prezidenti Corc Buşla Ağ Evdə görüşərək PKK terroruna qarşı mübarizəni müzakirə edib. Görüşdən əvvəl aparıcı ABŞ mediası təmsilçiləri Buş-Ərdoğan görüşünün Türkiyəni İraqa müdaxilədən çəkindirmək üçün son fürsət olduğunu vurğulayırdılar.


Görüşdən bir gün əvvəl İraq Kürdüstanındakı administrasiyanın köməkliyi ilə PKK-nın son hücumu zamanı əsir götürdüyü 8 türk əsgəri azad edilib. Ərdoğan-Buş görüşünün keçirildiyi gün ərzində İraq hökuməti rəsmiləri, o cümlədən İraqdakı Kürd administrasiyasının rəhbərliyi bu görüşdən çox şey gözlədikləri barədə media açıqlamaları veriblər.


Görüşdən sonra jurnalistlər qarşısında çıxış edən ABŞ prezidenti deyib: «ABŞ PKK-nı terror təşkilatı hesab edir. O, həm Türkiyənin, həm İraqın, həm də ABŞ-ın düşmənidir».


Corc Buş Türkiyəyə ABŞ adından PKK ilə mübarizə üçün əməkdaşlıq təklif edib. Amerika prezidenti vurğulayıb ki, Türkiyə tərəfi ilə razılaşmalar, hər iki ölkənin PKK-ya dair kəşfiyyat məlumatlarının bölüşdürülməsini, Türkiyə ordusu ilə İraqdakı Amerika ordusu komandanlığının işgüzar əlaqələr qurmasını, İraqda PKK-nın maliyyə mənbələrinin kəsilməsi üçün İraq-ABŞ-Türkiyə əməkdaşlığı məsələlərini əhatə edib.


Jurnalistlərin Türkiyə İraqa müdaxilə etsə, ABŞ-ın hansı mövqedə dayanacağı barədə sualına cavab verən ABŞ prezidenti sualın ehtimal üzərində qurulduğunu deyib. Belə olan təqdirdə ABŞ-ın hansı mövqedə dayanacağını şərh etməkdən imtina edib və bir daha PKK terroru ilə mübarizədə ABŞ-ın Türkiyənin yanında olduğunu vurğulayıb.


Türkiyənin baş naziri öz növbəsində PKK və Türkiyə-İraq sərhədi ilə bağlı problemlərin «mümkün ən qısa vaxt ərzində» həll edilməli olduğunu vurğulayıb və bildirib ki, «Türkiyənin uzun vaxt aparan və artıq tətbiq edilərək heç bir nəticə verməmiş mexanizmlərlə işləməyə hövsələsi qalmayıb».


Baş nazir Ərdoğan ABŞ prezidentinin dediklərinin onu razı salıb-salmadığı barədə suala cavab verərək ABŞ prezidentinin mövqeyindən məmnun qaldığını ifadə edib. Görüş zamanı Türkiyə-ABŞ rəsmiləri həm də Pakistandakı son olayları müzakirə ediblər.


XS
SM
MD
LG