Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:34

«Birinci mesajım o olacaq ki, biz Saakaşvili rejimini dağıtmalıyıq»


Levan Qaçeçiladze Gürcüstan parlamentinin Yeni Sağçılar Partiyasından seçilmiş üzvüdür
Levan Qaçeçiladze Gürcüstan parlamentinin Yeni Sağçılar Partiyasından seçilmiş üzvüdür

Noyabrın 13-də «New York Times» qəzeti Gürcüstanda baş verən son siyasi olaylarla bağlı məqalə dərc edib. «Gürcüstan seçkilərində iddiaçı namizəd elan edildi» başlıqlı məqalədə müəllif Maykl Şvirts noyabrın 12-də gürcü müxalifətinin 5 yanvar prezident seçkiləri üçün vahid namizəd elan etməsini və bu xəbərin ətrafındakı hadisələri şərh edib.


10 siyasi partiyanın daxil olduğu Gürcüstan müxalifət bloku noyabrın 12-də Levan Qaçeçiladzenin namizədliyini irəli sürüb.


Levan Qaçeçiladze Gürcüstan parlamentinin Yeni Sağçılar Partiyasından seçilmiş üzvü və Gürcüstan Şərab və Spirt zavodunun sahibidir.


«Mənim birinci mesajım o olacaq ki, biz Saakaşvili rejimini dağıtmalıyıq», deyə Qaçeçiladze qəzetə bildirib. Əlavə edib ki, bu məqsədə nail olmaq üçün yalnız demokratik vasitələrdən istifadə olunacaq.


Qəzet yazır ki, noyabrın 7-də Gürcüstan polisi müxalifətin etiraz aksiyalarını dağıdaraq yüzlərlə nümayişçiyə fiziki xəsarət yetirdikdən və hətta təsdiqlənməmiş məlumatlara görə ən azı bir nəfəri öldürdükdən sonra bu aksiya müxalifətin özünü toparlayaraq həyata keçirdiyi ilk siyasi aksiyadır.


Gürcü müxalifətinin dərhal vahid namizədlə ortaya çıxması pərakəndə görünən müxalifət düşərgəsinin birliyini nümayiş etdirən bir addım oldu

Müəllifin fikrincə nümayişləri dağıtdıqdan bir gün sonra prezident Saakaşvilinin yanvarın 5-ə erkən prezident seçkiləri təyin etməsi həm siyasi narazılıqları sakitləşdirməyə, həm də müxalifəti gözlənilməz situasiyaya salmağa hesablanmış addım idi. Gürcü müxalifətinin də dərhal vahid namizədlə ortaya çıxması pərakəndə görünən müxalifət düşərgəsinin birliyini nümayiş etdirən bir addım oldu.


Müxalifət nümayəndələri bildirirlər ki, onlar seçkilərdə qalib gəlsələr, Gürcüstan siyasi sistemini əsl parlamentar sistemə çevirəcəklər və hazırda çox güclü olan prezidentlik institutunu ləğv edəcəklər.


Gürcüstan müxalifəti dərhal seçki kampaniyasına başlamaq istəyir, ancaq fövqəladə vəziyyətin hökm sürdüyü və siyasi nümayişlərin qadağan olunduğu bir vaxtda bu niyyətin həyata keçirilməsi çətinliklərlə üzləşəcək. Saakaşvili tərəfdarlarının üstünlük təşkil etdiyi parlament fövqəladə vəziyyət müddətini noyabrın 22-dək uzadıb və bu dövr ərzində hətta müstəqil media belə qadağalarla üzləşib.


Gürcüstan Daxili İşlər Nazirliyinin Təhlil Departamentinin direktoru Şota Utiaşvili bildirib ki, fövqəladə vəziyyət bu həftə ərzində ləğv edilə bilər.


Ötən şənbə ABŞ Dövlət Departamentindən Metyu Brayza Gürcüstanın baş naziri Zurab Noqadeili və Gürcüstan müxalifətinin nümayəndələri ilə görüşərək vəziyyəti müzakirə edib. ABŞ diplomatı bildirib ki, «ötən həftənin polis zorakılığı Gürcüstanın demokratik sistemi üçün şok olmuşdur».


Metyu Brayza gürcü hökumətini fövqəladə vəziyyət rejimini ləğv etməyə çağırıb və eyni zamanda gürcü müxalifətinə çağırışla müraciət edərək onları demokratik prosesləri gücləndirməyə və insanları zorakılığa sövq etməkdən çəkinməyə çağırıb.


Qəzet yazır ki, Gürcüstan hökuməti iddia etməkdə davam edir ki, polislə toqquşmanı müxalifət yaradıb. Hakimiyyətin iddialarına görə, Rusiya tərəfindən müdafiə olunan bir neçə siyasi fiqur bu hadisələri bilərəkdən qızışdırıb.


Gürcüstan hökumətinin Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham etdiyi şəxslər arasında müxalifyönlü «İmedi» televiziya kanalının sahibi Badri Patarkatişvili və konfliktlərin həlli üzrə keçmiş nazir Georgi Xaindrava da var.


Noyabrın 12-də Gürcüstan hökuməti yeni bir iddia ilə çıxış edərək Rusiyanı Abxaziyaya əlavə hərbi qüvvələr və silah-sursat göndərməkdə ittiham edib. Gürcüstanın konfliktlərin həlli üzrə naziri David Bakradze vəziyyəti şərh edərək deyib: «Rusiya hesab edir ki, Gürcüstan öz gücünü itirib və indi ona qarşı güc tətbiq etmək olar».


Rusiya bu məlumatları təkzib edir.


XS
SM
MD
LG