Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:25

Rays Türkiyə və İraq rəsmilərini əməkdaşlığa çağırıb


ABŞ Türkiyəyə bildirib ki, mülki tələfata gətirib çıxara biləcək addımlar yolverilməzdir
ABŞ Türkiyəyə bildirib ki, mülki tələfata gətirib çıxara biləcək addımlar yolverilməzdir

Dekabrın 16-da Türkiyə hərbi hava qüvvələrinin İraqdakı PKK bazalarını bombalaması həm İraqda, həm də ABŞ-da geniş əks-səda doğurub. Türkiyə rəsmiləri bu həmlənin ABŞ kəşfiyyat məlumatları əsasında və ABŞ-ın razılığı ilə aparıldığını deyirlər. 50 hərbi təyyarənin iştirakı ilə keçirilən bu bombalama əməliyyatı nəticəsində 5 PKK yaraqlısı və 2 mülki şəxs öldürülüb.


Dekabrın 18-də ABŞ dövlət katibi Kondoliza Rays İraqa gözlənilməz səfər edərək Türkiyənin son hücumu və PKK problemini İraq rəsmiləri ilə müzakirə edib. «Vaşinqton Post» qəzeti Kondoliza Raysın bu səfərinin detallarını təsvir edən reportaj hazırlayıb. Qəzet yazır ki, ABŞ dövlət katibi İraqa səfəri zamanı jurnalistlərlə görüşərək adı çəkilən məsələlərə dair ABŞ-ın rəsmi mövqeyini onlarla bölüşüb.



«Vaşinqton Post» onu da qeyd edir ki, İraqın Kürd Muxtar qurumunun hökuməti Türkiyənin son hücumunu qətiyyətlə pisləyib və ABŞ-ın bu məsələdə Türkiyəni müdafiə etdiyinə görə bu muxtar qurumun başçısı Məsud Bərzani Kondoliza Raysla Bağdadda keçirilən görüşə gəlməkdən imtina edib.

Kondoliza Rays deyib ki, Kürd İşçi Partiyasına dair «ümumi və hərtərəfli yanaşmaya ehtiyac var». ABŞ rəsmisi qeyd edib ki, həm ABŞ, həm İraq, həm də Türkiyənin «PKK fəaliyyətinin durdurulmasında ortaq maraqları var». Eyni zamanda ABŞ dövlət katibi İraqı nəzərdə tutaraq bildirib ki, «heç kim şimaldakı stabilliyə təhlükə törədən addımlar atmamalıdır».


ABŞ-ı Türkiyənin son hücumundan məsafədə saxlayan Kondoliza Rays bildirib ki, İraqdakı mövqelərə hava hücumu Türkiyənin qərarı ilə olub və eyni zamanda əlavə edib ki, ABŞ Türkiyənin diqqətinə çatdırıb ki, İraqın şimalında mülki tələfata və stabilliyin pozulmasına gətirib çıxara biləcək addımların atılması yolverilməzdir.


«Vaşinqton Post» onu da qeyd edir ki, İraqın Kürd Muxtar qurumunun hökuməti Türkiyənin son hücumunu qətiyyətlə pisləyib və ABŞ-ın bu məsələdə Türkiyəni müdafiə etdiyinə görə bu muxtar qurumun başçısı Məsud Bərzani Kondoliza Raysla Bağdadda keçirilən görüşə gəlməkdən imtina edib. Bu barədə məlumatı qəzetə Bərzaninin qardaşı oğlu və İraq Kürd muxtariyyətinin baş naziri Neçirvan Bərzani verib.


Bağdadın özündə İraqın əslən kürd olan xarici işlər naziri Hoşyar Zebari mətbuat konfransı keçirərək Türkiyənin son hücumunun İraq hökuməti ilə razılaşdırılmamasını tənqid edib. Eyni zamanda nazir PKK-nın da İraqda fəaliyyət göstərməsinin dözülməz olduğunu qeyd edib.


«Vaşinqton Post» İraqın şimalındakı dağlarda ümumən 3000 nəfərlik PKK dəstəsinin fəaliyyət göstərdiyini yazır və yüngül silahlı türk əsgərləri və kürd yaraqlılarının tez-tez İraq-Türkiyə sərhədində toqquşduğunu qeyd edir. Qəzet həm İraq, həm də ABŞ rəsmilərinə istinad edərək yazır ki, bu iki dövlət gələcəkdə İraqın şimalında keçiriləcək hərbi əməliyyatlarda Türkiyədən daha çox əməkdaşlıq və koordinasiya umur. Bu ara Ankarada keçirilən mətbuat konfransında Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan deyib ki, «Bizim təhlükəsizlik qüvvələrimiz lazım olan işləri görməkdə davam edəcəklər».


XS
SM
MD
LG