Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:52

İsmayıl bəy Qutqaşınlı. Rəşid bəy və Səadət xanım (2)


əvvəli

—-Yox, sevimli Əziz!—deyə Rəşid cavab verdi.—Mən onu elə bir ehtirasla sevirəm ki, ondan uzaqlaşmağı fikrimə belə gətirə bilmirəm. Onun xəyalı daim mənim gözümün önündədir, o dərəcəyə çatıb ki, ondan başqa heç bir şey görmürəm. Bizim evlənməyimizə heç bir maneə yoxdur, çünki hər bir çətinlik bizim eşqimizi artıracaq, cəsarətimizi iki qat çoxaldacaq və susuzluqdan yanan çiçəklər sulandıqda canlandığı kimi o da canlanacaq. Çiçəkləri suvararkən qabaqca onlarda düşkünlük olsa da, bir az sonra yeni bir qüvvə, yeni bir həyat qazanmış olurlar. Mənim atam və məmləkətim üçün heç bir təhlükə yoxdur. B xüsusda təşvişə düşmək mənasızdır. Əgər Kazımxan qarşımıza bir düşmən kimi çıxsa, o zaman mən öz atlılarımdan başqa məni candan sevən qonşularımızdan da böyük bir qüvvə toplaram. Bütün Dağıstan ellərini dolaşıb hökmran xanlardan kömək istərəm. Ondan sonra əldə qılınc, ürəkdə eşq alovu və intiqam atəşi, mən öz qoşunum ilə rəqibimin atasının öz sərhədində onun qarşısına çıxaram. Bir neçə çarpışmadan sonra sən məni igid atlılarımla bərabər onun Ərəş sarayında görərsən. Bir də deyirsən ki, mən atamdan xeyir-dua almamışam. Atam bir neçə ay bundan əvvəl Səadətə mənim üçün elçilər göndərib ondan rədd cavabı aldığını sən nə tez unutdun! Bu onun razılığını göstərmirmi? Ah, sevimli Əziz! Səadət ilə mən bir-birimiz üçün dünyaya gəlmişik, bizim taleyimiz bir-birinə o qədər möhkəm bağlanmış ki, heç bir maneə onu ayıra bilməz. İndi sən mənə söylə görüm, biz ayrılandan bəri nə görüb, nə eşidibsən?

Əziz bu işin onu və ağasını nə qədər təhlükələrə düçar edəcəyini bir qədər düşündükdən sonra belə cavab verdi:

--Bu gün bir az xırda-xuruş şey almaq üçün bazara getdim, iki-üç dükan keçməmişdim ki, birdən bir səs-küy qopdu. Bütün dükançılar və müştərilər dükanlardan çıxdılar, hamı səs gələn küçəyə tərəf yüyürdü, mən də onların dalınca ketdim. Bir evin eyvanına çıxıb tamaşa etdim, gördüm ki, toy atlısına bənzər bir dəstə atlı gəlir. Gəlin aparmağa gəldikləri görünürdü.

Dəstənin başında iki nəfər gözəl geyinmiş atlı, yedəklərində qar kimi dümağ, cilovu bəzəkli bir at gəlin üçün aparılırdı. Hər iki tərəfdən piyada həbəşi gəlirdi. Dalda zurna-balaban çalınır, bir dəstə pəhləvan mil oynada-oynada gedirdi. Bunlardan sonra at boyda iki qatıra qoşulmuş, qızıl-gümüş ilə bəzənmiş bir təxt-rəvan gəlirdi.

Bu dəstənin içərisində iki nəfər də yengə qadın vardı. Onların üzləri rübənd ilə örtülü olsa da, çalğıçıları, xanəndələri, rəqs edən mütrübləri və cənkiləri görə bilirdilər. Bu iki yengədən sonra bir neçə qadın təxt-rəvanın dalınca at üstə gəlirdi...Nəhayət, qiymətli paltarlar geymiş iki yüz atlının başında bir qırmızı libaslı şəxs gəlirdi.

Mən bu adamın kim olduğunu soruşdum. Dedilər ki, bu Əsgərağanın əmisidir. Mənim ağam, şəhərdən sizə gətirdiyim qəmgin əhvalat budur.
Bu hekayə Rəşid bəyi çox həyəcana gətirdi. Onun bütün bədəni hiddətindən titrədi, qara qaşlan çatıldı, gözlərindən od parladı, əsəbi bir hərəkətlə bığını bura-bura sükut edib xəyala daldı.

Gecənin qaranlığı şəhəri bürüməyə başlarkən, Rəşid bəy atının belinə sıçrayıb, Əzizə dalınca gəlməsini əmr etdi və Səadətin evinə tərəf çapdı. Onun səbirsizliyi o dərəcə idi ki, getdikcə yolun uzandığını zənn edirdi.
Gecə, möminlərin qəlbi kimi sakit, xainlərin və canilərin könlü kimi qaranlıq və xəyanətkar idi.

Əgər bü iki yolçunun nəfəs alması və atlarının tappıltısı hərdənbir eşidilməsəydi, onların varlığına belə şübhələnmək olardı. Rəşid bəy bir kəlmə də olsa danışmırdı.

O, Səadətin evinə girməyə bir yol axtardısa da, heç bir çarə tapmadı. Səadətin evinin hər tərəfi hasar və qapı darvazaların, xüsusən gecələr qıfıllı olmasını o, indi xatırladı.

Kimsəyə görünmək istəmədiyi üçün camaat girən küçə qapısından girməyi heç fikrinə belə gətirmirdi, əksinə, gəl-get olmayan bir yerdən yol axtarırdı. Nəhayət, gecə yarısından bir saat keçmiş o evin dal tərəfinə keçdi. Burada Rəşid bəy atından enib, atı Əzizə tapşırdı və onu gözləməsini əmr etdi, özü isə bir yol tapmaq üçün ora-bura boylanmağa başladı. Yol tapmayıb təkrar Əzizin yanına qayıtdı.

—Əzizim, gəl mənə kömək et,— - dedi.—ümidsizlikdən başımı itirmişəm, yolda çəkdiyim planı yaddan çıxartmışam. Bu məlun hasar mollaların bizə hər gün söylədiyi sirat körpüsündən də bədtər maneə oldu. Mən isə indi bu hasarın qabağında çarəsiz və avara dayanmışam! Mən öz cənnətimə girə bilmirəm, pərəstiş etdiyim mələyimə çata bilmirəm! Ah...Nə olaydı ki, bu hasarın qabağında mənim axır nəfəsim çataydı, bu ağacların dibində mənim həyatım bitəydi! Kim bilir neçə dəfə Səadətin mehriban nəzəri bu ağaclara düşmüşdür. Onun sərməstedici səsini eşitmək üçün neçə dəfə bütün təbiət müğənniləri buraya toplanmışdır?

Əziz, ağasının halından çox mütəəssir olub atları hasarın yanına sürdü və ağasına atın birinin üzərinə qalxmasını işarə etdi. Bu surətdə Rəşid bəy atın üstündə ayaq üstə durub əlini divarın başına yetirdi. Hasarın üstünə çıxıb asanlıqla sürüşüb həyətə düşdü və tez Səadətin pəncərəsinə tərəf yüyürdü.

Pəncərədən zəif bir işıq gəlirdi. Səadət pəncərənin yanında Şamah ilə söhbətə məşğul idi. «Mənim gələcək taleyim, bu söhbətdədir. Bu söhbət məni ya çıxılmaz bir bəlaya və ya böyük bir səadətə sövq edəcəkdir»—deyə Rəşid bəy diqqətlə söhbətə qulaq asmağa başladı. Səadət dayəsinə deyirdi:


-Ah! Əziz dostum, nə yaman günlərə qaldım. Mənim başımda nə bəlalar varmış? Nə çıxılmaz bir çətinliyə düşdüm. Mən sabah Əsgərağanın elçiləri gətirdiyi cehizi və nişanlan qəbul edib, onun əmisinə qoşulub getməyə məcburam! Xeyr! Rəşid bəyə vəfasızlıq göstərməkdənsə, ona verdiyim sözdən dönməkdənsə, mən ölməyə razıyam!

Bilmirəm, ifadəmin nöqsanlı olmasındanmı, yoxsa bu yazdığım dilə kafi dərəcədə aşina olmadığımdanmı, nəhayət, öz qəhrəmanlarımla şiddətlə maraqlandığımdanmı, Səadətin bu sözlərinin Rəşid bəyə olan təsirini tərif etməkdən acizəm.

Rəşid bəyin ağzından çıxan sevinc qışqırığı Səadətin diqqətini ona cəlb etdi. Səadət gecənin bu vaxtında onun gəlməyindən diksinib həyəcanından bir söz söyləyə bilməyərək mat qaldı.

Rəşid bəy bir müddət danışa bilməyib, nəhayət, özünü topladı və Səadətə müraciətlə: --Ey mənim ruhum! Ey mənim Səadətim, ~dedi, ~artıq vaxt yetişdi, bu saat ya verdiyin vədə əməl etməlisən, ya mənimlə əbədilik ayrılığı qəbul etməlisən. Aman, yalvarıram sənə, gün doğmamış gedək! Əgər mənim bu təklifimi rədd etsən, həyatın mənim gözümdə bir qiyməti qalmaz, mən sənin gözünün qabağında bu xəncəri ürəyimə sancaram və sənin ayaqlarını öz qanımla boyaram.

Səadət bu sözləri eşitdikdə və sevgilisinin sinəsinə dirənmiş olan xəncəri gördükdə «Gedək!» ~ deyə bağıraraq huşsuz düşdü. Bir dəqiqə itirmədən Rəşid onu qucağına götürüb yola düşdü. Vəfalı dayə ona bələdçilik edib, kiçik bir qapını açıb onu küçəyə çıxartdı. Rəşid bəy qapıdan çıxan kimi atının üstünə sıçrayaraq sevgilisini də qucağına basıb, Şamah ilə vidalaşdı və onunla görüşməyi vəd etdi.

Sonra ata bir mahmız vurdu, yorulmaz, vəfalı Əziz də dalınca, şəhərdən uzaqlaşmağa üz qoydu.

Möhtərəm ağalar! Siz bu hekayəni oxuduqda Səadətin tərifini uzaqdan eşitməklə Rəşid bəyin bütün dünyanı tərk etməyə hazır olmasını, özünü bağban və dilənçi surətinə salmasını və nəhayət, ikinci dəfə görüşdükdə onu qaçırmasını gördünüz. Mən əminəm ki, siz bu hekayəni uydurma və imkandan xaric bir şey zənn edəcəksiniz.

Yox, ağalar! Siz ki, bütün həyatınızı qadınlar məclisində keçirirsiniz, onların zərif səslərini, lətif söhbətlərini dinləyirsiniz. Şərq ölkələrində bir qadının ancaq bir baxışının, hətta ancaq qadın adının cavan oğlanlara nə dərəcədə təsir etdiyini bilmirsiniz. Bu cavanlar üçün qadınların səsində nə qədər lətafət olduğunu və onların dodaqlarından qopan ilk sevgi kəlməsinin cavanların bütün hissiyyatını nə dərəcədə qaplamasını təsəvvürünüzə gətirə bilməzsiniz!

Bu halları anlamaq və hiss etmək üçün bu ölkələrdə doğulmaq və ya bir neçə il bu ölkələrdə həyat sürmək lazımdır. Bu hekayəni oxumağa etina edən lütfkar xanımlar!

Əgər siz, gənc Səadətin ata-anasının əmrindən boyun qaçırıb bir zəngin və nəcib xana ərə getməyi rədd etdiyinə və Rəşid bəyin uzaqdan tərifini eşidib özünü də yalnız bir dəfə görməklə ona qoşulub qaçmasına təəccüblənirsinizsə, o zaman, xanımlar, mən cürətlə söyləyə bilərəm ki, siz Şərq aləmindən bixəbərsiniz.

Sizə xoş görünməyə var qüvvəsilə çalışan dəstə-dəstə gənclər daim sizin ətrafınızı bürüməkdədirlər.

Onlar sizin külək vurmuş rübəndləriniz kimi ətrafınızda qalxıb-düşürlər, məclislərdə sizə pərəstiş edənlərdən başqa kimsə görmürsünüz.

Müsamirələrdə şəninizə minlərlə mədhlər söyləyirlər. Şərq qadını isə, öz ata və qardaşlanndan başqa heç kəsi görmür.

Əlbəttə, belə bir şəraitdə yaşayan qadının bu qədər asanlıqla atəşli bir sevgiyə düşməsi sizin təsəvvürünüzə sığmaz. Ah! Əgər siz bu qadınların yerində olsaydınız, onlar kimi daim dörd divar arasında, pərdə altında yaşasaydınız, o zaman Səadətin bizim qəhrəmana qoşulub qaçmasını, ümidvaram ki, bağışlar və bu hekayənin dalını lütf il oxuyardınız.

Şəhərdən çıxdıqda Rəşid bəy üçüncü bir atı haradan tapacağını düşünürkən birdən qulağına bir at tappıltısı gəldi.

Rəşid bəy tez atdan sıçrayıb düşdü, tüfəngini əlinə alıb tappıltı gələn tərəfə yönəldi. Bir atlı gəldiyini gördülər. Rəşid bəy tüfəngin lüləsini onun sinəsinə dayayıb qışqırdı: --Sal silahını, burax atını, yoxsa bu dəqiqə səni ayağımın altına döşərəm! Atlı onun əmrlərini tez yerinə yetirdi. Rəşid bəy onun atını alıb içində otuz qızılı olan öz kisəsini ona bağışladı. Atlı yalvardı ki, onun bütün silahlarını alsın, lakin atına dəyməsin, çünki Kazımxan onu mühüm bir işdən ötrü şəhərə göndərmişdir.

Rəşid Kazımxan adını eşitcək, qasidi tutub bir ağaca sarıdı və ondan şəhərə nə üçün göndərilməsini soruşdu.

Qasid dedi ki, Kazımxan Rəşid bəyin Səadət xanımı istədiyini və hazırda Qəbələ şəhərində olduğunu öz qardaşına xəbər vermək üçün məni göndərmişdir.

Rəşid bəy özünü ona tanıdıb, sıçrayaraq atına mindi və öz yoldaşı ilə bərabər qalın meşəli bir dağa tərəf getməyə üz qoydu. Onlar meşəyə yeni girmişdilər ki, birdən-birə hava dəyişildi, göydə gurultu-nərilti qopdu, yağış şırhaşır tökülməyə başladı.

Şimşəklər çaxır, ildırımlar şaqqıldayırdı. Guya bütün təbiət Səadətin huşsuzluqdan ayılması üçün və Rəşid bəyin yol çətinliklərini artırmaq üçün toplanmışdı. Rəşid bəy yerli əhaliyə özünü göstərməmək üçün meşənin qalın yerinə çəkilməyə tələsirdi. Bir az getdikdən sonra yolu itirdi və meşənin içərisində azdı. Səadət artıq ayılmışdı. Rəşid bəy ondan üzr istəyərək:

--Ey ruhum,—-dedi,—mənim yolumda çəkdiyin bütün zəhmətləri, bütün ürək sıxıntılarını etdiyin bütün fədakarlıqları gözəlcə düşünürəm və dərindən hiss edirəm. Mən səni ailə qucağından, ana nəvazişindən ayıraraq gecənin bu vaxtından belə bir pis havada, bu vəhşi yerlərə gətirdim. Bu uzun yollarda
səni yordum. Bu qədər xəcalət içərisində yalnız bir şeylə təsəlli tapıram ki, o da səninlə bir yerdə olmağımdır, sənin məni sevdiyinə əmin olmağımdır və sənin məni bağışlayacağına ümid etməyimdir, çünki bütün bu işləri səndən ayrılmamaq məqsədilə etdim. Mən bu vəhşi yerlərin əhli olmaq, bu yağış kimi çölləri göz yaşımla suvarmaq, küləyin şiddətindən ağaclardan qopub dağa, daşa, qayaya toxunan bu yarpaqlar kimi dağlarda, meşələrdə sərgərdan gəzmək istəmədim.—Ah, əzizim, Rəşid!—deyə Səadət onun sözünü kəsdi,— Ata-anamın adını çəkmə, çünki onların adı çəkiləndə o qədər məyus oluram ki, huşum başımdan çıxır. Sıxıntı və zəhmət məsələsinə gəldikdə, sən heç fikirləşmə! Bilsən bu zəhmətlər mənə nə qədər xoşdur! Sənin vucudun bütun bu çətinlikləri nəinki unutdurur, hətta bu qorxulu yerlərdə mənə cəsarət verir.

Hər ikisi bir-birinə olan dərin məhəbbətlərindən danışaraq yolu büsbütün azdılar. Nəhayət, səhər açılanda onlar özlərini bir qayanın altında dərin bir dərənin dibində gördülər. Oradan çıxılacaq yol görünmürdü. Hər iki sevgili ağaclar, kollar arasında dolaşaraq yorğun düşmüşdü, paltarları yağışdan tamamilə islanmışdı. Ona görə atdan enib qayanın böyük daşlarının altına pənah gətirməyi qət etdilər ki, ta od qalayıb paltarlarını qurutsunlar və günəşin çıxmasını gözləsinlər, çünki günəş çıxanda dağlarda bəzən hava dəyişir.

Onlar yenicə daldalanmışdılar ki, şiddətli bir külək qopub bütün dumanları buludları qovdu. Bunu görən Rəşid bəy, qarşısındakı bütün çətinliklərin aradan qaldırılacığını düşündü.

Göy təmizləndi, hava açıldı, günəş sanki paltarları və Səadətin göz yaşlarını qurutmaq üçün parladı. Rəşid havanın dəyişməsindən çox şad olub harada olduqlarını düşünməklə və bir yol izi axtarmaqla məşğul oldu. Bu məqsədlə bir təpənin üstünə çıxdı. Orada gözünə bir ceyran sataşdı, vurmaq istədi, birdən bir güllə səsi eşitdi, ceyran yıxıldı, bir ovçu ağacın dalından çıxıb ceyrana tərəf yüyürdü.

Rəşid yol sorağı üçün ona yaxınlaşdı. Böyük bir sevinclə Rəşid Tikanlı kəndinin kəndxudası Mərdanı tanıdı! Mərdan da, bir vaxt onu quldurların əlindən xilas edən Rəşid bəyi tanıdı. Yüyürüb onun əllərini duz kimi yaladı və onun hər bir xidmətinə can-başla hazır olduğunu söylədi.

Rəşid onun bu qədər qədrşünaslığından mütəəssir olub, ona bu yerə gəlməsinin səbəbini və başına gələn sərgüzəşti nağıl etdi. Sonra Səadətə bir neçə gün dincəlib istirahət vermək üçün kənar yerdə xəlvət ev tapmaq istədiyini söylədi. Bu sözləri eşitcək Mərdan tez öz evini ona təklif etdi. Rəşid ona min təşəkkür edib, Səadətə və Əzizə xəbər verdi.

Onlar atlarına minib Mərdanın kəndinə yola düşdülər. Mərdan da qabaqda gedib bələdçilik edirdi. Günəş batdıqdan sonra onlar kəndə daxil olub, Mərdanın evinə yetişdilər. Vəfalı Mərdan elə bir ehtiyat göstərdi ki, kənddə heç kəs bu əziz qonaqların gəlməsini bilmədi. Arvadı canla-başla qonaqlara xidmət edirdi.

Əziz atları yaxşıca rahatladı və onları, gəldiklərindən də uzun bir səfərə hazırladı. Rəşid bir neçə saat istirahət etdikdən sonra Səadətin yanına gəlib iki günlüyə evə getmək niyyətində olduğunu ona xəbər verdi. Evə getməkdə məqsədi atasından icazə alıb Səadəti onun evinə gətirmək olduğunu söylədi. Bu sözlərdən sonra Rəşid Səadəti qucaqlayıb, üzünü atəşli busələrlə öpdü və vidalaşıb öz evinə tərəf yola düşdü.

İndi mən sizin diqqətinizi bir az da Qəbələ şəhərinə cəlb etməliyəm. Şamah Səadətin qoşulub qaçmasına kömək etdikdən sonra, ağalarının gözünə görünməkdən qorxub, xəlvət şəhərdən çıxdı və ailəsi yaşayan Tikanlı kəndinə getdi. Sübh tezdən Tutu xanım Səadətin və dayəsinin evdə olmadıqlarından təşvişə düşüb, şəhərdə yaşayan bütün qohumlarına adam göndərdi ki, bəlkə Səadət onların evinə getmiş ola. Səadəti heç bir yerdə tapa bilmədilər. Tutu xanımın bütün təşəbbüsləri nəticəsiz qaldıqda qorxusu daha da artdı.

Günorta vaxtı Rəşid bəyin gecə ağaca bağladığı şəxs Tutu xanıma qızının igid Rəşid bəy ilə qaçdığını xəbər verdi. Tutu xanım bu əhvalatdan məyus olsa da, bir az təskinlik tapdı, çünki Rəşid bəyin tərifini o, hər yerdə eşitmişdi və bilirdi ki, qızı onunla xoşbəxt yaşaya bilər.

Əsgərağanın əmisinə gəldikdə, o işin müvəffəqiyyətsizliyini görüb, hiddətindən partlamaq dərəcəsinə gəldi və Rəşid bəyin onun saqqalına gülməsinə yol verməyəcəyinə and içdi. Atlılarını bir neçə hissəyə bölüb Rəşid bəyin dalınca göndərdi və harada tapsalar, onu tutub gətirmələrini əmr etdi. Atlılar çox axtarışdan sonra gecə heç bir müvəffəqiyyət əldə etməyərək geri döndülər.

Ertəsi günü onların ağası ürəyi kin və kədər dolu ikən öz dəstəsilə şəhərdən çıxıb, axşama qədər yol gedib Ərəşə yetişdi və bütün əhvalatı qardaşı Kazımxana xəbər verdi. Kazımxan isə həmin saat bütün qoşunun toplanmasını əmr etdi.

Ertəsi günü sübh tezdən Kazımxan öz qoşunu ilə bərabər İsmayıl bəyin mülk və mahalının sərhədinə yeridi.

Həmin sərhəddə Rəşid çoxdan bəri öz müttəfiqlərindən yardım qüvvəsi gözləyirdi. Atası onu bağışlamışdı və düşmənə qarşı göndərdiyi əsgəri qüvvənin sərkərdəliyini də ona tapşırmışdı. Hər iki düşmənin məmləkətində müharibəyə hazırlığı gedirdi.

Rəşid bəy qoşunun bir hissəsilə Kazımxana yaxın yerdə gözəl bir səngər tutmuşdu. Bir neçə güllə mənzili qabaqda atlılarından bir neçəsini uca ağaclara çıxarıb gözətçi qoyduqdan sonra, qoşununa meşənin bir qalın yerində kölgələnməyi əmr etdi. Rəşid bəy özü oturdu, əsgərləri də onun ətrafında diz üstə oturub istirahətə məşğul oldularsa da, tüfənglərini əllərində hazır tutdular. Əsgərlər müharibələrdən və qələbələrdən bəhs edirdilər.

Söhbət çox şirin idisə də, Rəşid bəy fikirli görünürdü. O, öz xəyalında Kazımxana qan tökməmiş qələbə çalmaq üçün bir yol axtarırdı. Birdən onun başına bir fikir gəldi və tez bu fikri həyata keçirməyə qərar verdi. Rəşid bəy yerindən qalxıb ən igid nökərlərindən dörd nəfərini seçdi və özü ilə bərabər getmələrinə əmr verdi. Gün batar-batmaz onlar kimsəsiz bir cığır ilə Ərəş şəhəri tərəfə yola düşdülər.

Sübh açılan zaman şəhərin kənarına yetişdilər. Rəşid bəy atlarını və adamlarından ikisini şəhərin darvazası yanında qoydu və özü adamların ikisi ilə şəhərə daxil oldu. Onun niyyəti öz rəqibi Əsgərağanı qaçırtmaq idi və bilirdi ki, sübh vaxtı Əsgərağa bir mürəbbi ilə bərabər şəhərin darvazasına və Kazımxanın evinə yaxın bir bağa gəzməyə çıxır.

Qəhrəmanımız öz adamlan ilə bərabər həmin bağa yaxınlaşıb, çəpər arasından Əsgərağanı bağda gəzən gördü. Əsgərağa bir kolun dalına keçib, mürəbbisindən ayrı düşmüşdü. Rəşid bəy cəld uşağa yaxınlaşdı və ona Kazımxanın geri döndüyünü və mürəbbinin onu qarşılamağa getdiyini xəbər verdi.

Uşağı da aldatdı ki, mürəbbi məni sənin dalınca göndərdi və səni yapıncının altına alıb birdən-birə Kazımxana göstərməyi mənə tapşırdı. Uşaq sevinərək özünü Rəşidin qucağına atdı.

Rəşid onu yapıncının altına alıb atları saxlanan yerə gətirdi, o öz adamları ilə atlara sıçrayıb, dağlardan əsən yel kimi gəldiyi yerə üz qoydu. Rəşid bəyin qoşunu həmin qoyub getdiyi yerdə idi, ancaq yeni gələn kömək onların sayını artırmışdı.

Onlar səbirsizliklə çarpışmağa müntəzir idilər. Lakin sevimli başçılarının gecikməsindən çox təşvişə düşmüşdülər. Onun haraya getdiyini heç kəs bilmirdi. Yalnız Rəşid bəyin öz yerində naib qoyduğu Hacı İbrahim adlı hörmətli bir nökər öz ağasının getdiyi yeri və niyyətini bilirdi.

O da bütün günü Rəşid bəy gedən yollara gözlərini dikib ağasına rast gələcək təhlükə ehtimallarını düşünürdü. Artıq günəş batmışdı. Sərkərdəsiz qalmış qoşun qəmgin oldu.

Hacı İbrahimin gözləri bir nöqtəyə baxmaqdan yaş ilə dolmuşdu. Birdən-birə qoşundan qopan bir sevinc qışqınğı Hacının gözlərini işıqlandırdı. O, yenidən gözünü yol tərəfə dolandırıb beş nəfər atlının sürətlə gəlməsini gördü.

Onların ayaqlarının altından qopan toz, sütun kimi göyə qalxırdı. Ağ köpüyün içində qan-tərə batmış atların ağızlarından çıxan buğ, topdan da qalın idi.

Nəhayət, Hacı İbrahim Rəşid bəyi tanıdı. Onun qabağına yüyürdü, bütün əsgərlər də onun dalınca yüyürdülər. Rəşid bəy atdan enib nökərlərindən neçəsini öpdü, sonra Hacı İbrahimə Əsgərağanı təqdim edərək dedi: —-Bu, Kazımxanın oğludur, indi arada bir damcı qan tökülmədən o, artıq məğlub olub və mənim bütün şərtimi qəbul etməyə məcburdur.


Bu xoş, şadlıq xəbəri tez bütün əsgərlərin arasına yayıldı. Əsgərağaya layiqincə böyük hörmət göstərməyi adamlarına tapşırdıqdan sonra, Rəşid bəy ertəsi günə qədər istirahət və keflə məşğul oldu. Sübh tezdən Rəşid bəy Kazımxana bir sülh təklifi yazıb məktubu Hacı İbrahimlə göndərdi. Zavallı ata bircə oğlunun qaçırılması xəbərini yenicə almışdı ki, Rəşid bəy tərəfdən elçi gəlməsini ona ərz etdilər. Xan elçinin hüzura daxil olmasını əmr etdi. Məktubu təlaş ilə oxuyub oğlunun halından xəbərdar oldu. Sonra üzünü Hacıya çevirib dedi:

—Mən Rəşid bəyin, Səadət xanımın və hətta öz oğlumun yanında günahkaram. Çünki mən oğlumu özündən iki qat artıq yaşlı bir qız il evləndirmək niyyətinə düşdüm. Bunu fikirləşmədim ki, həmin qız bir başqasını sevir və onun tərəfindən sevilmişdir. Bu saat gedib ağana söyləyərsən ki, mən onunla banşıram, çünki göz dikdiyim bir oğlumdan məni məhrum etmək ixtiyarında ikən, onu mənə qaytarmağı təklif edir. Həmin gün hər iki hökmdar sülh etdi: Kazımxan da oğlunu alıb Ərəşə, öz sarayına getdi.

Rəşid bəy qoşunlarını azad edib Mağal tərəfə yola düşdü. Evə yetişdikdə atasından xeyir-dua və toya icazə alıb bir böyük seçmə atlı topladı və qohumlarından bir neçə xanım götürüb Səadəti gətirməyə getdi. Səadətin halı çox pərişan olmuşdu. O, bir tərəfdən ata-anasından və o biri tərəfdən gələcək ərindən ayrı düşmüşdü. Rəşidin geri dönməyə vəd etdiyi gün keçmişdi. Onun gecikməsi Səadətin iztirabını artırırdı və onu get-gedə qəm dəryasına qərq edirdi.

Bir gün qəflətən qapı açıldı, sevdiyi Rəşid içəri daxil oldu və tez özünü Səadətin qucağına atdı. İki sevgili yarın belə görüşündən doğan təəssüratı yazmaq üçün mən acizəm, çünki bir şəxsin sözlərini eşitmədən onun üzündə görünən hissiyyatı yazmaq üçün təcrübəli bir qəbm və insanın ruh aləminə dərin bir aşinalığı lazımdır.

Sevgi mütəqabil olarsa, o zaman dilsiz və btif bir hiss meydana çıxar. belə bir halda sevgililər bir-birilə çox az danışırlar. Mən də bu iki aşiqi dinməz-söyləməz bir sevincə qərq olmuş buraxıram.

Nəhayət, mən deməliyəm ki, Rəşid Səadətə bütün başına gələn macəranı nağıl etdi. Səadət də onu böyük şadlıqla dinlədi. Sonra Səadət anasına bir məktub yazıb Əziz ilə göndərdi və öz sirdaşı Şamahı gətirməsini ona əmr etdi.

Şamah isə kimsənin xəbəri olmadan həmin kənddə öz qohumlarının evində yaşayırmış. O, Rəşid bəyin gəldiyini eşidib onu görmək üçün Mərdanın evinə gəldi. Ah! Şamah burada Səadətlə görüşməklə nə qədər şad oldu!

Rəşid bəy və Səadət xanım həmin günü çox şad keçirtdilər.

Ertəsi günü ev sahiblərinə çox-çox təşəkkür edib onları toya çağırdılar, özləri isə İsmayıl bəyin yanına gəlməyə tələsdilər.
XS
SM
MD
LG