Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:16

Pərdə açılır, səhnədə xalq teatrlarının tamaşalarıdır


Tamaşaya bir neçə dəqiqə qalıb. Səhnə arxasındakı aktyorlar, aktrisalar, sonuncu dəfə bir də özlərinə əl gəzdirir, ifa edəcəkləri rola uyğun mətnlərini, dialoqlarını təkrarlayırlar. Tamaşa başlayır...

SƏHNƏDƏ HƏVƏSKARLARDIR


Binəqədi qəsəbəsi mədəniyyət evinin səhnəsində tamaşa göstərənlər həvəskarlardır. Onları «xalq teatrlarının aktyorları» da adlandırırlar. Elə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin iki gündür başladığı festival da belə adlanır – Xalq teatrları festivalı.

İdarənin məsləhətçisi Eşqin Şadlinski deyir ki, ikinci ildir keçirilən festivalın məqsədi həvəskar aktyorların həvəsini daha da artırmaqdır. Xüsusilə də gənclərin:

«Festivalın əsas məqsədi gənclərin teatr sənətinə olan həvəsini, marağını istiqamətləndirmək, artırmaqdır. Onların bu sənətə bağlılığını yaratmaq üçün belə festivallar keçirilir. Bu ilki festivalın əsas maraqlı cəhətlərindən biri də odur ki, gənc yazarlar xalq teatrları ilə ilk iş birliklərini qurublar. Həm də festivala həddindən artıq böyük maraq var. Dram dərnəkləri yaratmaq üçün Bakının ucqar qəsəbələrindən belə müraciətlər olunur».

Bu ilki festivalda Bakının ayrı-ayrı qəsəbələrini təmsil edən 14 kollektiv iştirak edir.

Balaxanı qəsəbəsi xalq teatrının ilk göstərdiyi tamaşa «Boz Qurdun nağılı» adlı kukla tamaşası idi. Tamaşada aktyorlar əsas tamaşaçıları – uşaqlar ilə ünsiyyət qurmağa daha çox çalışırdılar:

ÜMİD GƏNCLƏRƏDİR

Bəs, kimdir bu xalq tamaşalarını ərsəyə gətirənlər? Balaxanı kəndinin xalq teatrının yaradıcı heyəti əsasən gənclərdən ibarətdir. Yaradıcı heyətin arasında yaşlılar da - ər-arvad Səriyyə Qurban Qurbanovlar da var.

Teatrın qocaman rejissoru və aktyoru Akif Əzimov deyir ki, teatrlarının səviyyəsinin artırılmasında gənclərə ümid edir:

«Xalq teatrında 1967-ci ildən işləyirəm. Düzdür, inkişaf var. Ancaq əvvəlki kimi deyil. Əvvəllər yaşlı nəsil çox gələrdi, teatra inam, hörmət var idi. Ancaq gənclərə ümidim var. Bu cür müsabiqələr də uşaqları həvəsləndirir».

XALQ TEATRINDAN PEŞƏKAR SƏHNƏYƏ DOĞRU

22 yaşlı Reyhan Məmmədova 3-4 ildir bu teatrdadır. Arzusu xalq teatrının aktrisasından peşəkar aktrisaya çevrilməkdir:

«Bu sənətə uşaqlıqdan həvəsim var. Bu il də İncəsənət Universitetinə hazırlaşıram. Bu teatr mənim üçün böyük təcrübədir».

7-ci sinif şagirdi İbrahim Zeynalov isə həyəcanlı idi. Axı ilk tamaşasına çıxırdı:

«Mənim üçün elə də asan deyil. Bir az çətindir. Bəlkə ilk dəfə oynayacağam, ona görə. Sənətə həvəsim var. Həm də böyüyəndə ən böyük arzum Leyli Məcnun tamaşasında oynamaqdır».

YAXŞI TAMAŞA YAXŞI ŞƏRAİT İSTƏYİR

Balaxanı xalq teatrının rəhbəri Tamilla Məlikova deyir ki, teatrda oynamaq üçün həvəskarları çox vaxt özləri axtarırlar. Deyir şərait olsa, daha yaxşı tamaşalar göstərə bilərlər:

Gözəl Zeynalova
«Bizim aktyorlar məktəb uşaqları və işləməyənlədir. Hamısı kənd sakinləridir. Əsasən həvəskarları məktəblərdən yığırıq. Bizdə mədəniyyət evi yoxdur. İki otaqdan ibarətdir. Bir dənə əlavə otaq var ki, orada da məşqlər gedir. Mədəniyyət evimiz olsaydı, sakinlər də gələrdilər».

Tamaşalar üçün həm ssenari yazan, həm də tamaşalarda oynayan Gözəl Zeynalova da onunla həmfikirdir:

«Özümüzə görə şəraitimiz var. Mükəmməl olsa, çox yaxşı olar. Daha yaxşı tamaşalar göstərə bilərik».

Pərdə enir. Aprelin 27-də isə festivalın qalibləri mükafatlandırılacaq. 1, 2, 3-cü yerləri tutan xalq teatrlarına diplom və mükafatlar təqdim olunacaq. Ən yaxşı aktyor oyunu, ən yaxşı qadın, ən yaxşı kişi oyunlarının ifaçısı, ən yaxşı rejissor işi və ən yaxşı musiqi tərtibatına görə də qaliblər elan olunacaq.

Bakıda xalq teatrlarının festivalı ilk dəfə 2010-cu ildə keçirilib.
XS
SM
MD
LG