Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:03

Nizami Gəncəvi. Leyli və Məcnun (2)


əvvəli

SONUNCU PEYĞƏMBƏRİN TƏRİFİ


Ey varlıq mülkünə böyük şahsüvar,
Əqlin sultanısan, zəkavətin var.
Sonusan o mürsəl peyğəmbərlərin
Sonun halvasısan, duzu əvvəlin.
Varlıq bağçasının ilk gülü sənsən,
Zamanın sonuncu sərkərdəsisən.
Kifayət mülkünə sənsən hökmüdar,
Vilayət hökmüdür verdiyin qərar.
Hər kəs lovğalıqla çıxsa qarşına,
Bir ədəb qılıncı enər başına.
Gözlər işıq alır ayaq tozundan,
Aləm işıqlanır daima ondan.
Səndən işığını almayan bir şam
Sönər öz yeliylə, qaralar müdam.
Ey qəbilələrlə aydın dil tapan
Vazeh dəlillərlə zərbə vuransan
Allahın höccəti bütün səndədir,
Səhərin sirri də o sinəndədir.
Ey iki dünyanın saray ağası,
O qabe-qövseynin mahir ustası9,
Ey sonsuz göyləri gəzib bac alan,
Yetmiş min pərdənin üstə ucalan,
Ey əqlin və canın fövqində duran,
Sənə səcdə qılır yerlə asiman.
Yer göyə dönmüşdür dininlə, gerçək,
Yox-yox, döşəməndir bu sonsuz fələk.
Ey altı cəhəti heyrətləndirən,
Atını çapırsan yeddi göyə sən.
Altı-yeddi min il keçir o andan
Ki, bu dəbdəbəni eşitmiş cahan10.
Hər əqlə süfrəndə bir nemətin var
Qapında qul kimi dayanar ruhlar.
Ağıl sənsiz olsa, nə çıxar ondan?
Sənsiz yaşayarsa ölüdür hər can.
Öz adın oğluyun adıylə birdir.
Aləm "Əbülqasım Məhəmməd" deyir.
Ağıl ki, görünməz bir xəlifədir,
Qüvvəti, qüdrəti sözlərindədir.
Məhəmməd eşqiylə yanmasa ürək,
Eşqin çəmənində açılmaz çiçək.
Tanrı dostlarına sənsən şahsüvar,
Yeddi göy üstündə bir məclisin var.
Səxavət mülkünün sənsən ağası,
Dünya məqsədisən, məqsəd dünyası.
Mənalar mülkünün ilk qaynağısan,
Dirilik suyunun baş bulağısan.
Sənin torpağınla bəzəndi Adəm,
Nurinlə parladı hər iki aləm.
Sən ki, öz "atını" sürdün dövrana,
O, yeddi atıyla çatmadı sana.
Günəş can atırdı səcdənə, gerçək,
Ona bəhanəydi məğribə getmək.
Ulduzlar başına dolanır dəm-dəm,
Yalnız bu arzuyla fırlanır aləm.
Varlıq büsatında varmı bir insan,
Qarşında olmasın yer ilə yeksan?
Sənin iksirinlə rəngləndi torpaq,
Bu dünya səninçin yaranmış ancaq.
Böyüksən, qarşında kiçikdir hamı,
Bütün möhtacların sənsən ilhamı.
Kainat taxtının padişahısan,
Həyat ölkəsinin şahlar şahısan.
Yaşıl göy səninçin bir ordugahdır,
Qəmzən bir fərmandır, hörüyün çadır.
Bu beş vaxt namazdır əsli tövbənin,
Beş növbə təblidir qapında sənin11.
Quruldu diniyin beş binövrəsi,
Yüz min zülm evinin kəsildi səsi.
Bu evə yeddi səqf yaratdın yenə,
Tapşırdın onu da dörd xəlifənə12.
Siddiq sədaqətə olmuşdur rəhbər,
Faruqi fərq-dən uzaq bildilər13.
O, allahdan qorxan həyalı qoca14,
Tanrının şiriylə həmdərs olunca,
Dördü də bir yolun sarbanı oldu,
Dördü də bir ləkin reyhanı oldu.
Bu dörd xəlifəylə güldü məmləkət,
Hər ev dörd divarla qurular, əlbət.
Bu dördlük birləşdi qoca dünyada,
Bu dördbucaq evi gətirdi dada.
Sən, dinin evinə dörd dirək vurdun,
Ona bu qaydayla dörd çatma qurdun.
Sənin qaşın kimi haman dörd nəfər
Gah ayrı düşdülər, gah birləşdilər.
Yerin əl bağlayan bu halqasından
Bircə sıçrayışla ərşə qalxırsan.

davamı
XS
SM
MD
LG