Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:39

Nizami Gəncəvi. Leyli və Məcnun (63)


əvvəli

LEYLİNİN MƏKTUBUNUN MƏCNUNA YETİŞMƏSİ


Parladı aləmə günəşin üzü,
Ondan aydın olsun hamının gözü.
Behiştdən doğmuşdu o gözəl səhər,
Isa nəfəsliydi əsən küləklər...
Işi düz gətirən hər məsud insan,
Sağ əli üstündə qalxdı yuxudan.
Tale usanmışdı acıqdan o vaxt,
Qayıdıb gəlmişdi gec olsa da vaxt.,.
Öz qəlbini əkib, ciyərni biçən,
Min bir məşəqqətin suyundan içən
Məcnun vəhşilərlə dağda durmuşdu
Onların içində tək oturmuşdu.
Səhradan kənarda, nəzərdən uzaq
Qalxdı dağa tərəf tünd bir tozanaq.
O toz pərdəsinin ardınca gələn
Bir atlı üzünü göstərdi birdən.
Bir nur parçasıydı o gələn insan,
Bir az yaxınlaşıb düşdü atından.
Məcnun duydu onun dost olduğunu,
Nəcib bir insana oxşatdı onu.
Baxıb yanındakı o vəhşilərə,
Işarə etdi ki, yatsınlar yerə.
Özüsə atlının yanına qoşdu,
Mehriban bir dillə belə soruşdu:
"Ey Yəmən ulduzu, bu nə gəlişdir?
Mən hara, sən hara, nə xeyir işdir?
Nə qədər olsa da siman mehriban,
Bu çöl vəhşiləri uzaqdır ondan.
Çatıdan qorxuram, ilan sancmış tək.
Əъdaha sancmışdır canımı, gerçək.
Bayaq hərzə-hərzə yalan danışan
Sinəmin üstünə sancdı bir tikan.
O dəmir tikandan çox ağrıdım mən,
Hələ mismar qalxır mənim sinəmdən.
Mətaın beləsə, yolunla düz keç,
Yaxşısı budur ki, ağız açma heç".
Yolçu mehribandı, qəlbi də kövrək,
Onun ayağına düşdü kölgə tək.
Dedi: "Ey dünyanın əşrəfi insan,
Vəhşilər dizinə baş qoyub yatan,
Ahular qəlbini vermişdir sana,
Aslanlar yolunda durur mərdana.
Bir qərib aşiqə sevgilisindən
Xoş xəbər gətirən bir insanam mən.
Sənə deyiləsi sözlərim vardır,
Gizli saxladığım bir yadigardır.
Açıb söyləyərəm, icazən olsa,
Yoxsa ağzımı da açmaram əsla".
Aşiq bu sözlərdən ürəklənərək,
Dedi: "Nəyin varsa, aç söylə görək"
Yolçu söylədi ki: - Tək qalan aşiq,
Bəxtinin tünd atı ram olan aşiq,
Dünən bir obadan keçirdim yalqız,
Yol üstdə durmuşdu ayüzlü bir qız.
Ay nədir, gün kimi üzü parlardı,
Qara bir ipəkdən niqabı vardı...
O, bağ sərvi kimi deyildi barsız,
Qapısız bir behişt bağıydı o qız.
Dinəndə bal dilli o gözəl nigar,
Lal olub yuxuya gedərdi sular,
Ahu gözləriylə baxsa o canan,
Dovşan yuxusuna gedərdi aslan...
Boyu "əlif" kimi, ağzı "mim" kimi,
Qıvrılmışdı saçı onun "cim" kimi.
Deyirdi: - Adımdır mənim də bu "cam"108,
Dünyanı göstərir özündə bu cam.
Qoşa nərgiz kimi gözləri xumar,
Sanki bir bulaqda bitmişdi onlar.
Qaşları çatmaydı, həm də tamaşa,
Təkəm söyləyirdi, olsa da qoşa.
Könül ovlamağa bir sehr açardı,
Reyhan nəfəsindən ətir saçardı.
Xülasə, nə deyim, o gözəl bədən
Doğulmuş nəfəsdən, yaranmış gözdən.
Lakin, məhəbbətin üzündən bir az
Saralıb solmuşdu haman sərvinaz.
Kamana dönmüşdü o gözəl pəri,
Solğun yanağında yaş inciləri...
Xeyzaran biləyi bir neyə bənzər,
Ərqəvən yanağı xeyriyə bənzər.
Xeyri sarı deyil, bəlkə də zərdir,
O ney qamış deyil, bir ney-şəkərdir.
O göz qələsinin üstündə fələk
Kəmənd oynadırdı rəqsə gələrək.
Sultan ilə Ayaz müttəfiq olmuş,
Keşikçi məst idi, sərkərdə bihuş.
Dostuna can-başla umud bağlardı,
Ərindən qorxaraq pünhan ağlardı.
Gülab süzüldükcə kirpiklərindən,
Ay işıq səpirdi günəşə, bilsən.
Oxşatma dedikcə, daima ağlar,
Duydum ki, qəlbində bir məqsədi var.
Dedim ki: "Nə üçün ağlayırsan sən,
De, kimin həsrəti keçir qəlbindən.
Acı bir gülüşlə o bal dodaqlar
Dedi: "Ey yarama duz səpən dildar,
Bir zaman Leyliydim, indisə nakam,
Məcnundan min dəfə artıq məcnunam.
Bəxtinin ulduzu batan aşiqdən
Min dəfə şiddətli divanəyəm mən.
O hədəf oldusa bu dərdə, yasa,
Bir qadın deyildir o, heç olmasa.
Sövda yollarında göstərir hünər,
Kimsədən nə qorxar, nə də çəkinər.
O deyil mən kimi zillət dustağı.
Istədiyi yeri gəzir ayağı...
Zavallı mənəm ki, ürəyimdə qəm,
Dərdimi heç kəsə aça bilmirəm.
Qorxuram, əhvalım pərişan ola,
Yaxşı adım belə çox yaman ola.
Zəhəri bal kimi içirəm bu dəm,
Cəhənnəm odunu otla örtürəm.
Bir yandan əlimdən itirdiyim yar,
Bir yandan üstümə tökülən əğyar,
Bu iki dəstənin əlindən, inan,
Bəlalər çəkirəm hər zaman, hər an.
Ərlə vuruşmağa yox cəsarətim,
Atamdan keçməyə yoxdur qüdrətim.
Eşq ürək verir ki, sən də qanad aç,
Bu qarğa-quzğundan kəklik kimi qaç.
Ad ilə namussa: "tərpənmə"- deyər,
Tək uçan kəkliyi qızıl quş eyər...
Bir qadın nə qədər cəsur olsa da,
Yenə də qadındır adı dünyada.
Cəsarət olsa da qadın qəlbində,
O, aslan olsa da qadındır yenə.
Qurtara bilmədim bu qüssələrdən,
Yenə qəm çəkməyə boyun əydim mən.
Lakin, ciyərim qan, vaxtım gecədir,
Kim bilir, yarımın halı necədir?
Kimin kitabını oxuyur mənsiz?
Ömrü necə keçir yurdsuz, vətənsiz?
Kim bilir, baş alıb hara qaçmışdır?
O, hansı sarayda süfrə açmışdır?
Hansı bir insana olmuş o həmdəm?
Kimlərə yar deyib, əylənir bu dəm?
Yolçu, bir az dayan mümkün olarsa,
Ondan bir xəbər ver, xəbərin varsa"
Qızdan eşitdikcə mən bu sözləri,
Barəndə bildiyim hər bir xəbəri
Hər sözü, qəlbimə nəqş edib, durdum,
Elə bil ki, muma bir möhür vurdum.
Dedim: "o divanə qərib bir quşdur,
Tayından, tuşundan uzaq uçmuşdur.
Maraldır, cüyürdür indi dostları,
Bir də səhraların başsız ruzgarı.
Eşqin o yazığın ağlını aldı,
Ata ölümü də nəfəsdən saldı.
Tikan, tikan üstdən batır qəlbinə,
Işdən işə düşüb dərd çəkir yenə.
Gah sənin dərdindən hekayət eylər,
Gah da göz yaşından şikayət eylər.
Bəzən atasına mərsiyə başlar,
Səsindən dil açıb danışır daşlar".
Sonra da o ayın hüzurunda mən,
Səndən eşitdiyim qəsidələrdən
Iki-üç beytini dedim avazla,
Leyli də ah çəkdi min bir niyazla.
Yerində titrəyib, ağardı düm ağ,
Dedim qız öləcək, gözündən iraq.
Sonrasa başını qaldırdı yenə,
Ah çəkdi, sarılıq çökdü rənginə.
Hönkürüb fəryadla ağladı yalqız,
Atanı novhəylə xatırladı qız.
Sənin bu dərdindən deyib o mələk
Yanırdı ürəyi od püskürərək.
Ağladı, sızladı o vəfalı yar
Sonra da and verdi mənə o nigar:
"Sən, ey qəlbi təmiz xeyirxah insan,
Mən bir yıxılmışam, yapış qolumdan.
Ömür keçirdiyim bu düşərgəhdən
Yolun düşən zaman zəhmət çək də sən
Mənim o xeyməmə yaxın gəl bir an,
(Göstərdi xeyməni mənə uzaqdan).
Bəlkə öz halımdan mən yana-yana
Bir məktub düzəldib tapşıram sana.
Bəlkə, o məktubu sən götürəsən
Mənim can dostuma tez yetirəsən".
Deyib bu sözləri, getdi o sənəm,
Mən də öz yoluma düzəldim o dəm.
Verdiyi nişanla mən dünən getdim,
O vəfa evini ziyarət etdim.
Gördüm qara paltar geyinmiş o yar,
Məktubu öpərək verdi o nigar.
Qəm möhrü vurmuşdu məktubuna qız,
Kitabın mənası sondadır yalnız.
Yolçu ehtiramla öpdü məktubu,
Sonra da Məcnuna tapşırdı onu.
Məcnun o məktuba baxıb hıçqırdı,
Başqa nə varsa da hamsını cırdı.
Qıvrıldı, ruhuna dünya dar kimi,
Yüz dəfə fırlandı o pərgar kimi.
Sərxoş tək torpağa yıxıldı birdən,
O məktub əlində düşmüşdü əldən...
Elə ki, ayılıb gəldi qüvvətə,
Qəlbindən yol verdi o şikayətə.

davamı
XS
SM
MD
LG