Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:58

Abdulla Şaiq. Yaxşı arxa


Günlərin bir günündə
Qalın meşə içində
Bir ac tülkü olurdu,
Acından qovrulurdu.
Qalmayırdı dağ, dərə,
Baş çəkirdi hər yerə.
Bir yerə ov bilsəydi,
Ya uzaqdan görsəydi,
Quyruğunu diklərdi,
Güllə kimi gedərdi.
Görsə ağacda bir quş,
Başından oynardı huş.
İstəyirdi yavaşca
Dırmaşsın o ağaca
Ancaq dişi batmazdı.
Əli quşa çatmazdı.
Altdan-yuxarı yan-yan
Baxardı heyran-heyran.
Qımıldasaydı yarpaq,
Başın kola soxaraq,
Yavaşca şöngüyərdi,
O səsi dinləyərdi.
Hərdən bir şey umardı,
Gözlərini yumardı.
Görərdi: kök cücələr,
Fərə, xoruzbeçələr
Qarşısında dənlənir,
Cikkildəşir, səslənir.
Açarkən tez gözünü,
Görərdi tək özünü,
Durub mırıldanardı,
Alışardı, yanardı.
Gəzərdi boş-boşuna,
Çıxardı dağ başına
Dolaşardı o dağı,
Seyr edərdi uzağı.
Dəyməzdi ov gözünə,
Çıxardı çöl düzünə.
Həm ac, həm yorğun-arğın,
Nəşəsiz, həm də dalğın
Axşamadək gəzərdi,
Yorulardı, bəzərdi.
Hər kol-kosa çatardı,
Qıvrılardı, yatardı.
Bir gün o çox düşündü,
Qoca qəlbi döyündü.
Dərin bir fikrə getdi.
Bir baxınız nə etdi?
Ağlına gəldi birdən
Dedi ki: “Axmağam mən,
Hazır bu qonşuluqda,
Çinarda, bu yavuqda,
Bala çıxarmış leylək
Bir hiylə qurmaq gərək,
Alıb bir-bir balasın
Yeyim, qoy tutsun yasın”.
Getdi, tapdı bir mişar,
Dedi: - “Axtaran tapar...”
Əlin qoydu belinə,
Gəldi çinar dibinə,
Dedi: - A leylək baba,
Köç bu ağacdan daha!
Bu çöl, yamac, bu orman
Mənə qalmış atamdan.
Bu gün üç gündür acam,
Bir loğmaya möhtacam.
Gəldim, kəsim çinarı,
Aparım, satım barı...
Əl apardı mişara,
Çəkdi onu çinara.
Ağac başında leylək
Bu sözləri eşitcək
Başladı yalvarmağa
Dedi: - A tülkü ağa,
Rəhm elə gəl, ay aman!
Kəsmə çinarı, dayan!
Gəl yuvamı dağıtma,
Göz yaşımı axıtma.
Balalarım lüməkdir.
Qanadları gödəkdir.
Ağac başında yerə
Düşsələr, birdən-birə
Tələf olarlar, gözüm.
Mən buna necə dözüm?!
Tülkü dedi: - Yox, olmaz,
Bir dəqiqə yaramaz.
Əl apardı mişara,
Çəkdi onu çinara...
Leylə birdən bağırdı,
Gözündən yaş yağırdı.
Dedi: - Aman, tələsmə,
Dayan, çinarı kəsmə!
Üç balamdan birisin,
Ən böyüyün, irisin
Verrəm sənə, götür əl.
Tülkü baba, rəhmə gəl.
Tülkü ağa şöngədi,
Qulağını diklədi.
Dedi: - Daha neyləyək.
At aşağı, a leylək!
Leylə dayandı bir az,
(Ana balaya qıymaz).
Qıymadı balasına,
Ağladı yana-yana.
Varmadı onun əli,
Baxdı ona kədərli.
Gördü tülkü gözləyir.
Onu yerdən səsləyir.
Leylək dedi: - Ay aman!
İşim oldu nə yaman!
O yazıq dərdli ana,
Ürəyi yana-yana
Dimdiyini uzatdı,
Bir balasını atdı.
Tülkü qapdı havada,
Parçaladı orada,
Çəkdi balta dişinə,
Yedi, getdi işinə.
Keçdi bir üç gün daha:
Qudurdu tülkü ağa.
Birbaşa, durdu, yenə
Gəldi çinar dibinə.
Dedi: - A leylək baba,
Köç bu ağacdan daha!
Yenə üç gündür acam,
Bir loğmaya möhtacam
Həyatım olmuş acı,
Kəsməliyəm ağacı,
Əl apardı mişara,
Çəkdi onu çinara.
Leylək bağırdı: - Aman!
Kəsmə ağacı, dayan!
Gözümün ağ-qarası,
Ürəyimin parası,
İki balam qaldı, bax,
Olsun başıma torpaq...
Daşmı mənim ürəyim,
Anayam, var diləyim.
Qıymıram onlara mən.
Bəsdir, insaf elə sən,
Qoy bir böyüsün onlar,
Bir qol-qanad açsınlar;
O zaman al mişarı,
Kəs dibindən çinarı.
Tülkü dedi: - Yox, olmaz!
Bir dəqiqə yaramaz!
Kəsmək üçün çinarı.
Götürdü tez mişarı.
Leylək dedi: - Tələsmə,
Dayan, çinarı kəsmə!
Od tutdu yana-yana,
Ürəyi döndü qana;
Bir balasını yenə
Alaraq dimdiyinə,
Öpdü iki gözündən,
Dimdiyindən, üzündən,
Atdı tülküyə sarı;
Dedi: - Al, rədd ol barı!
Tülkü qapdı havada.
Parçaladı orada;
Çəkti balta dişinə,
Yedi, getdi işinə.
Qonşu ağacda qarğa
Qonmuşdu bir budağa
Bu hiyləni o qandı,
Leyləyə qəlbi yandı,
Dedi: - A leylək, sənin
Qara daşdır ürəyin.
Bax gör, bir neyləyirsən?
Öz balanı verirsən
Acgöz, murdar tülküyə,
Dəb salırsan ölkəyə.
Bu sözləri eşitcək,
Hönkürtü vurdu leylək;
Dedi: - Neyləyim, qardaş?
Düşsün başıma bir daş!
De görüm, hansı ana
Qıyar öz balasına?
İşim düşmüşdü dara,
Tapmadım başqa çara
Əlindəki mişarı
Görmədinmi? Çinarı
O insafsız kəsirdi,
Canım zağ-zağ əsirdi...
Qarğa dedi: - Ay axmaq,
Sadədilliyi burax!
Pis olar yoxsa halın,
Yox şüurun, kamalın.
Uzunboy, uzunboğaz,
Xeyrə, şərə yaramaz.
Ayaqların bir arşın,
Ondan uzundur başın.
Ağlın ancaq gödəkdir.
Adın Hacıleyləkdir.
Yox o boyun faydası
Hər işin var qaydası
Hiylə gəlir o sənə,
İnanırsan düşmənə.
Olsa min bir mişarı,
Kəsə bilməz çinarı.
Sənə gəlir o, kələk,
Burax, qoy kəssin görək...
Leylək dedi: - Ay oğul,
Bunu bilmirdim, sağ ol!
Saldın məni sən başa,
Sağ ol, qarğa, çox yaşa!
Keçdi bir üç gün, yenə
Haman çinar dibinə
Tülkü buyurdu gəldi,
Lovğa-lovğa çöməldi,
Dedi: - A leylək baba,
Köç bu ağacdan daha!
Leylək cavab vermədi,
Ona baş endirmədi.
Kəsmək üçün çinarı
Tülkü aldı mişarı.
- Köç, bu ağacdan, - dedi, -
Məni bu aclıq yedi.
Gərək kəsilsin çinar.
Buna bir sözünmü var?
Tülkü dartdı özünü;
Bitirməmiş sözünü,
Leylək boynun uzatdı
Tüklərini qabartdı;
Dedi: - Rədd ol, hiyləgər!
Lovğalanma bu qədər.
Bəsdir, bu hiyləylə sən
Sinəmə dağ çəkmisən...
Anlamışam işini.
Nə qıcıyıb dişini
Kəc baxırsan üzümə?
Get, görünmə gözümə!
Tülkünü heyrət aldı,
Yerində döndü qaldı.
Dərdə, qəmə büründü,
Dərin-dərin düşündü.
Sonra dedi: - A, yassar,
Səni bir öyrədən var.
Turşutdu o, üzünü,
Dolandırdı gözünü,
Ürəyi yana-yana,
Baxdı o yan-bu yana.
Birdən gördü qarğanı,
Qaynadı, coşdu qanı,
Dedi: - “Aha, bu qarğa,
Olmuş leyləyə darğa,
Yoxsa bir şey qanmazdı,
Hiyləni anlamazdı”.
Sonra yenə şöngədi,
Qulağını diklədi;
Dedi: - A, yassar qarğa,
Paxıl, gözüdar qarğa,
Bu nə cürətdir etdin,
Bu leyləyi öyrətdin?
Nə qalmış idi sənə?
Yamanlıq etdim mənə.
Olsun iki gözün kor,
İndi bircə dayan dur,
Bir gün üzüb başını,
Bişirərəm aşını.
Qalxdı suyu süzülmüş,
Ağzı, gözü büzülmüş,
Meşə ilə gedirdi,
Mırıldanıb deyirdi:
“Ay paxıl, şeytan qarğa,
Səbr et, bir dayan, qarğa,
Sənə qurum bir kələk,
Aləmə olsun örnək...”
Günəş üfüqdə söndü.
Yavaş-yavaş büründü
Çən, dumana çöl, çayır.
Yamac-dərə, dağ, bayır.
Yuxu zamanı gəldi,
Qurdlar, quşlar çəkildi.
Bulud altından yalnız
Göz qırpırdı ay, ulduz.
Yox səs-səmir bir yerdə;
Ancaq boş dərələrdə
Sular çağlar, gülümsər,
Sıra dağlar səs verər...
Bir hiylə qursun, deyə
Tülkü girdi meşəyə.
Uzandı ac və yorğun,
Əhvalı xeyli pozğun;
Qarnı quruldayırdı,
Durub mırıldayırdı.
Yuxu girməz gözünə,
Deyinir öz-özünə:
“Fələk, bu qanlı səhər,
Açılmayacaq məgər? ”
Gözləyirdi bir fürsət,
Hər dəqiqə, hər saət
Bir il keçirdi ona,
Qalmışdı yana-yana
Uzun gecəni oyaq
Başa vurdu, bir sayaq.
Dan yeri ağarcağın
Tülkü ağa ac, yorğun
Silkələdi özünü.
Açdı iki gözünü;
Bir əsnədi; gərnəşdi,
Ürəyini qəm deşdi.
Durdu, çıxdı o, koldan,
Qalmamışdı onda can.
Dərs verməyçin qarğaya
Gəldi birbaş tarlaya.
Bir az baxdı, dayandı,
Birdən yerə uzandı.
Ölülüyə özünü
Qoyub, yumdu gözünü...
Göyün üzündə yalnız
Var idi bircə ulduz...
Doğdu günəş, yayıldı,
Dağlar, daşlar ayıldı.
Sular, dağlar, bayırlar,
Səhralar, həm çayırlar.
Hər yan rəngə boyandı,
Şux təbiət oyandı.
Açır əlvan çiçəklər,
Uçuşur kəpənəklər,
Quşlar atılır, düşür,
Cəh-cəh vurur, ötüşür.
Səfa içində hər yan...
Yalnız tülkü, bağrı qan,
Qarğacığı tutmağa
Çalışır tülkü ağa...
Uca palıd başında,
Qarıldayırkən qarğa
Gördü uzanıb tülkü,
Əsla tərpənmir tükü.
Üzü, gözü büzünmüş,
Yerə ölü tək düşmüş...
“Bax, bu hiylədir!” – deyə,
Qarğa güldü tülküyə.
Dedi: - Ay uzunqulaq,
Məni sanırsan axmaq?
Şeytan kimi yatırsan,
Mənə yalan satırsan?
Elə bildin duymaram,
Yox, hiylənə uymaram,
Tülkü çıxarmadı səs
Almayırdı heç nəfəs
Qarğa baxdı bir müddət,
Qəlbində yandı həsrət
Dedi ki: “Bu hiləgər
Ölmüş olsaydı əgər,
Səhər, günorta, axşam
Mən də elərdim bayram,
Deşib beynin yeyərdim,
Dimdiyimi silərdim,
Atılardım ağaca,
Səs salardım yamaca...”
Səbr et, dayan, a qarğa,
Danışma lovğa-lovğa
“Yerdə yatan yumurta
Göydə uçan quş olur ”.
Qarğa baxdı bir zaman,
Gördü yox tülküdə can.
Dedi: “Canı çıxıbdır,
Aclıq onu yıxıbdır.
Aldanmaq olmaz, ancaq
Gərəkdir ayıq olmaq...”
Uçdu gəldi o birbaş,
Götürdü bir kiçik daş,
Qoydu onun buduna,
Diqqətlə baxdı ona.
Dedi: “Yoxsa bu ac bəy
Mənə gəlir bir kələk?
Səhər yenə gələrəm,
İşi yəqin bilərəm;
Ölməmiş olsa əgər,
Bu daş üstündən düşər.
Onda, billəm diridir.
Hiyləgərin biridir...”
Uçub yüksəldi qarğa,
Uçdu, getdi uzağa.
Tülkü duydu bu işi,
Gördü, batmadı dişi.
Söylədi: “Ay hiyləgər,
Qoy bir açılsın səhər.
Bu günü də vur başa.
Bir gün də artıq yaşa.
Sabah yəqin tutaram.
Birnəfəsə udaram...”
Tülkü doymuşdu cana
Göz gəzdirdi hər yana.
Baxdı o hər budağa,
Gördü ki, yoxdur qarğa.
Qalxdı, üstünü sildi,
Meşəliyə çəkildi.
Susuz, ac, arğın, yorğun.
Əhvalı heyli pozğun,
Gözü ovda və quşda.
Dərələrdə, yoxuşda;
Nə kəklik var, nə turac,
Bomboşdur dərə, yamac.
Hər şey çıxmışdı yoxa...
Göz yaşı axa-axa,
Çox axtardı, dolaşdı.
Qan-tər başından aşdı.
Qurtardı lap qüvvəti,
Qalmadı heç taqəti.
Leyləyi etdi tez yad,
Qarğadan çəkdi min dad.
Oxu toxundu daşa,
O günü vurdu başa...
Axşam sular qaraldı.
Ətrafı zülmət aldı.
Daşdı dərdi çox oldu,
Bir kolluğa soxuldu.
Atdı yerə başını,
Tökdü o, göz yaşını.
Boşa çıxmışdı oxu,
Girməz gözünə yuxu.
Bir il keçdi o gecə...
Qızıl şəfəq söküncə,
Silkələdi özünü,
Açdı iki gözünü,
Tülkü qalxdı yerindən,
Bir ah çəkdi dərindən,
Aşdı kiçik bir dərə,
Gəldi dünənki yerə.
Həmin daşı üstünə
Qoydy, uzandı yenə...
Doğmuşdu dan ulduzu,
Açılırdı göy üzü.
Ağac başında qarğa
Qarıldayırkən “qa-qa”,
Gördü tülkünü birdən
Uçub gəldi yerindən.
Daşı yerində görçək.
Dedi: “Aha, ay tülək,
Bulandırıb saf suyu,
Qazıdan dərin quyu.
Özün düşdün quyuya,
Dərin bulanıq suya,
Aclıq səni sıxmışdır.
Artıq canın çıxmışdır.
Qəbul olmuşdur duam,
Bu gün edərəm bayram.”
Diqqətlə baxdı ona,
Uçdu qondu yanına.
Dimdiklədi bir-iki,
Səs çıxartmadı tülkü
Qondu onun başına,
Gözlərinə, qaşına
Dimdik vurarkən, birdən
Tülkü sıçradı yerdən;
Elə tülkü qarğanı,
Az qaldı çıxsın canı.
Dedi: - A fitnə, şeytan,
Qurtarmazsan daha can.
Sən leyləyi öyrətdin,
Məni ruzumdan etdin.
Bilmədin, ay yaramaz,
Mənə dolaşmaq olmaz?
Alıb səndən intiqam,
Bu gün elərəm bayram.
Qarğa dedi: - Ay gözüm,
Yox deyəcək bir sözüm,
Ye, ancaq, ey bəxtiyar,
Bircə vəsiyyətim var;
Əvvəl onu deyərsən,
Sonra məni yeyərsən.
Yaxınlaşıbdır əcəl,
Vəsiyyətət et əməl!
Tülkü dedi: - Dayanma,
Tez ol, söylə, yubanma!
Qarğa dedi: - Tülkü bəy,
Əcəl çatdı, nə etmək!
Halal olsun ətim, ye!
Ancaq bu sözləri de:
- Gorsuz, kəfənsiz qarğa,
Yurdsuz, vətənsiz qarğa,
Həsrətlə keçdi ömrün,
Yazıq sənə, qa-qa-qa!
Tülkü durdu deməyə,
Hazırlandı yeməyə.
Quyruğunu tutdu şək,
Deyirdi çox sevincək:
- Gorsuz, kəfənsiz qarğa,
Yurdsuz, vətənsiz qarğa,
Həsrətlə keçdi ömrün,
Yazıq sənə, “qa-qa-qa!
Deyəndə tülkü bəy “qa”,
Ağzından çıxdı qarğa.
Getdikcə qanad aldı,
Bir ox kimi ucaldı.
Uçdu göylərə qarğa
Sonra bir dik budağa
Qonub, güldü tülküyə,
- Hünərin var, tut! – deyə
tülkü alışdı, yandı,
öz işindən utandı.
XS
SM
MD
LG