Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:52

Sovet dövründə Azərbaycanın ən kübar jurnalisti kim idi?


Nurəddin Babayev və Zeynal Məmmədli
Nurəddin Babayev və Zeynal Məmmədli

-

Azərbaycan sovet dövrü mediasının ən kübar jurnalisti kim olub?
Gözlə

No media source currently available

0:00 0:24:53 0:00
Direct-ə keçid

«İz»in özəl buraxılışı Azərbaycan sovet jurnalistikasının ən kübar nümayəndəsinə həsr olunub. Yazıçı-jurnalist, BDU-nun Jurnalistika fakültəsinin yaradıcısı və ilk dekanı Nurəddin Babayevi 90 illik yubileyində onun nəvəsi və adaşı Nurəddin Babayev, tələbələri – Sevda İsmayıllıZeynal Məmmədli anırlar.

Sevda İsmayıllı:

- Bu «İz»də hər üçümüzün həyatında müəyyən rol oynamış bir insandan, bir müəllimdən, bir yazıçı-jurnalistdən danışmaq istədik. Öncə Zeynal Məmmədlidən başlayaq. Nurəddin Babayevi nə vaxtdan tanıdınız?


Zeynal Məmmədli:

- Nurəddin Babayevi 1968-ci ildən—8-ci sinifdə oxuyandan tanıyırdım. O qədər populyar adam idi ki, mətbuatla maraqlanmayan da tanıyırdı. Ya televiziyada görürdü, ya radioda eşidirdi, ya qəzetdə oxuyurdu. O vaxt yayılan adlar elə də çox deyildi. Nurəddin Babayev ən çox işlənən, hallanan adlardan idi. «Oğluma məktublar» kitabına görə «Qızıl qələm» mükafatı aldığını xatırlayıram. Ondan sonra daha dəqiq tanıdım.

BABAMLA QÜRUR DUYURAM

Sevda İsmayıllı:

- Nurəddin, bəs sən babanın belə şöhrətli jurnalist olduğunu nə vaxt duydun?


Nurəddin Babayev:

- Uşaqlıqda evin içində təbii ki, bu hiss olunmurdu. Çünki mənim 5 yaşım olanda, babam dünyasını dəyişdi. Uşaqlıq xatirələrim sanki şəkil kimi gözümün qarşısındadır. Tutalım, bağçadan məni nadir hallarda baba götürürdü, görürdüm ki, onu görən kimi müəllimələr ayağa durur, söhbət etməyə can atırlar. Və yaxud da biz Mehdi Hüseyn küçəsində yaşayırdıq, yaxınlıqda şəlalə vardı, məni ora gəzdirməyə çıxarardı. Ağsaqqallar həmən başına toplaşardılar, söhbətə tutardılar. Hiss eləyirdim ki, sıradan bir insan deyil, amma kimdir, nəçidir, necədir—bunları yaşa dolduqca, babamın tanışlarını, tələbələrini—sizləri tanıdıqca hansı miqyaslı insan olduğunu dərk etməyə, anlamağa başladım. Sonralar 75 illik və indi 90 illik yubiley tədbirlərinə qatılandan sonra Nurəddin müəllimlə qürur duyuram.

O MƏNİM JURNALİST İDEALIM OLUB

«Nurəddin müəllimin ən böyük özəlliyi onun kübarlığıydı»

Sevda İsmayıllı:

​- Amma mən Nurəddin müəllimi məktəbin orta siniflərindən tanımışam. Elə jurnalistikaya da onu tanıyandan sonra vurulmuşam. Yəni Nurəddin müəllim mənim idealım olub. Odur ki, sentyabrın 1-də ilk dərs günü onu axtardım. Heç yerdə tapmadım. Gedib dekanlıqdan soruşdum. O vaxt dekan idi. Dedilər, Fransada—Parisdə səfərdədir. Sonra Nurəddin müəllim mətbuatda Paris xatirələrini də yazmışdı. Yaxşı xatırlayıram, oktyabrın əvvəlləri idi. Bir gün dərs keçdiyimiz vaxt qapı açıldı və Nurəddin müəllim auditoriyaya girdi. Birinci kurslarla tanışlığa gəlmişdi. O qədər həyəcanlanmışdım ki… İndiki kimi yadımdadır. Əhvalı çox yüksəkdi. Şıq geyinmişdi. İşıq saçırdı. Saçları xüsusi daranmışdı. Biz heyran-heyran ona baxırdıq. Həm də Parisdən gəlmişdi axı…(gülüşmə). Nurəddin müəllim həmişə belə şıq geyinirdi. Görəsən, bu nədən belə idi? Bir də məncə, Nurəddin müəllimin ən böyük özəlliyi onun kübarlığıydı. Özü də o, bu özəlliyi ilə ətrafındakılardan çox seçilirdi…


Zeynal Məmmədli:

- Bu suala dolğun cavab vermək çətindir. Önəmli olan orasıdır ki, havada, atmosferdə, cəmiyyətdə, çevrədə nə çatmırdısa, Nurəddin müəllim onun üstünə gedirdi. Radionu açırdın, tokar dəzgahının səsini eşidirdin. Televiziyanı açırdın, tokar dəzgahı görürdün. Qəzetdə oxuyurdun ki, tokarçı planı 150-170 faiz yerinə yetirib. Amma Nurəddin müəllim məhz bunları vermirdi. Onun yaradıcılığında ön planda insan idi. İnsanı ön plana çəkəndə, sən yazında fərqləndiyin kimi, geyimində də daha fərqli, daha individual görünməyə çalışırsan. Daha fərdi—başqalarına bənzəməyən şəkildə görünürsən. O dövrdə hamı kostyum geyinirdi. Amma onun kostyumu ayrı cür qavranırdı, ona əlavə məzmun, qat verirdi. Cəmiyyətdə kobudluq hakim idi, qabalıq çox idi, hövsələsizlik mövcud idi, Nurəddin müəllim bunun əksini edirdi. Mənim ən çox yadımda qalan onun dərsləri interaktiv etməsi idi. Bizim dərslər necə idi? Monoloq, kimsə danışır, hamı sakitcə qulaq asmalıdır, tərpənmək olmaz və s. Amma Nurəddin müəllimdə hər şey bunun əksi idi. Onun kitablarının adına baxın: «Oğluma məktublar», «Qızlar, sözüm sizədir», «Qızlar söz istəyir» və s. Hamısında bir diskussiya var. O cür də dərs keçirdi.

Sevda İsmayıllı:

​- Belə çıxır Nurəddin müəllim jurnalistikaya bu xüsusiyyəti gətirdi?


Zeynal Məmmədli:

- Nurəddin müəllim jurnalistika haqqında danışan müəllimlərdən deyildi. Təəssüf ki, bizim müəllimlərimizin mütləq əksəriyyəti, orada çalışdı-çalışmadı, jurnalistika haqqında danışıb. Nurəddin müəllim jurnalistikanı öyrədən müəllimlərdən idi. Bacarmaq onun üçün kriteriya, ölçü idi, bilmək, xatırlamaq yox. Amma sən bilməsən, xatırlamasan bacarmayacaqsan axı. Nurəddin müəllim həm də çox tələbkar idi...

Nurəddin Babayev:

- Tələbkar olduğunu mən də eşitmişəm. Əvvəlcə sualınızı cavablayım. Mənə elə gəlir ki, babamın kübarlığı ilk öncə keçirdiyi həyatdan irəli gəlirdi. Həyatı elə də asan olmayıb. Gənc yaşlarından çalışmağa məcbur olub.

Nurəddin Babayev həyat yoldaşı ilə Parisdə

Böyük əmim doğulanda, babam müharibədə idi. İlk uşağının adını o üzdən Görüş qoyublar. Həyatının ilk dönəmi çətin olub. Sonra isə jurnalistlik fəaliyyəti, yaradıcılığı, tələbələrlə ünsiyyət dövrü başlayıb. Elə həyatı da dərsləri kimi interaktiv olub...

KÜBARLIQ ONUN QANINDAYDI

Zeynal Məmmədli:

- Onun əmisi də çar zamanında general olub deyirlər. Təsəvvür edirsinizmi, kübarlıq o mühitdən, təhsilli mühit—kitab mühitindən də genetik olaraq onun qanına işləyib. Davam edin.

Nurəddin Babayev:

- Tələbkarlıq dediniz, bir şey yadıma düşdü. Dediyim kimi, biz Mehdi Hüseyn küçəsində yaşayırdıq. O, rəhmətə gedəndən sonra da, bir də görürdün qapı döyülür, tələbələrindən kimsə gəlir. Onda nənə də sağ idi. Deyirdilər, Nurəddin müəllimin tələbəsiyəm, istədim onu yad edim, ya da yazı yazmaq istəyirəm və yaxud onun yaradıcılığından kurs işi yazıram və s. Bax, həmin gələnlərin dediklərindən yadımda qalıb ki, baba tələbkar müəllim olub. Evdə də elə idi. Eyni zamanda qayğıkeş idi. Öz üzərimdə də, valideynlərimin danışığından da hiss etmişəm ki, kimsə bir balaca xəstələnən kimi baba necə əl-ayağa düşürdü.

ONDAN AZƏRBAYCAN KEÇİRDİ...

Zeynal Məmmədli:

- Nurəddin müəllimin qibtə etdiyim, bənzəmək istədiyim özəlliyindən biri də o idi ki, o təkcə özünə aid deyildi, ondan Azərbaycan keçirdi. Adam var ki, ondan Azərbaycan keçmir. Ölkənin nə tarixi, nə mədəniyyəti, nə yaxşı-pis günü...Ancaq özü ilə bağlı sevinclər-kədərlər keçir. Nurəddin müəllimdən ölkə keçirdi. Xatirimdədir, ömrünün sonlarında --90-91-ci illərdə bir yerdə işlədiyimiz zamanlarda bəzi suallar onu incidirdi. Məndən soruşurdu ki, sənə elə gəlmirmi ki, mənim həyatım boş keçib? Mən boş şeylər yazmışam? Yazdıqlarımda həyat həqiqəti az olub? Mən didaktika ilə məşğul olmuşam? Yəni demokratik jurnalistika ilə sanki üst-üstə düşməyən, uzlaşmayan şeylər yazmışam? Mən boş yaşamışam...Onda bu hislər baş qaldırırdı. Sona qədər özünə qarşı da tələbkar idi. Mən də ona deyirdim ki, Nurəddin müəllim, bu dedikləriniz ən azı ona görə ola bilməzdi ki, sizdə heç vaxt tokar dəzgahının səsi insan səsini əvəz etməyib. Jurnalistikada önəmli olan odur ki, hansı şəraitdə olur-olsun, sən maksimum yalandan qaçasan. Nurəddin müəllim yalandan qaçan tək-tük Azərbaycan jurnalistlərindən olub. Əks halda, o da yaltaqlıq, boş konyunktura, uydurma yazanlardan olardı.

Sevda İsmayıllı:

​- Yenə nəvə Nurəddinə dönürəm. Onu ilk dəfə bir neçə il öncə fəal gənclərlə birgə «Can Bakı» proqramına çağırmışdım. Müəllimimin nəvəsi, həm də adaşı olduğunu da təsadüfən onda bildim. Ən maraqlısı, ona çox bənzəməyidir...


Nurəddin Babayev:

«Nurəddin müəllim jurnalistika haqqında danışan müəllimlərdən deyildi»

-Babanın üç oğlu vardı. Mən kiçik oğlunun övladıyam—Azərin. İlk oğlan nəvəsi olduğumdan və 5 ildən sonra doğulduğumdan babanın adını mənə verdilər. Qardaşıma da qayınatasının adını verib. Cavad idi, baba bir xan da əlavə elədi—oldu Cavadxan. Yəni doğulduğu Gəncəylə bağladı...

Sevda İsmayıllı:

​- Mən eşitdim Nurəddin müəllim Əhməd Cavadın qohumu olub...


Nurəddin Babayev:

- Qohumu yox, şagirdi olub. Bununla bağlı ailəmizdə bir xatirə danışardı nənəm. 30-cu illərin sonu imiş. Əhməd Cavad hələ tutulmayıbmış. Bir dəfə İstiqlaliyyət küçəsində...

--İstiqlaliyyət küçəsində Nurəddin müəllim və xanımı Əhməd Cavadla necə qarşılaşdılar?

Söhbətin davamını "İZ"də dinləyə bilərsiniz.

XS
SM
MD
LG