Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:39

Reymond Konvey: «Azərbaycanda artıq «holland sindromu»nun əlamətləri görünməkdədir»


Avropa Yenidənqurma və İnkişaf Bankının Bakı nümayəndəliyinin rəhbəri Reymond Konvey
Avropa Yenidənqurma və İnkişaf Bankının Bakı nümayəndəliyinin rəhbəri Reymond Konvey
1960-cı illərdə Hollandiya təbii qaz satmaqdan xeyli pul qazanırdı və birdən məlum oldu ki, qeyri-qaz sahələri tənəzzülə gedir. Sonralar "holland sindromu" adını alan bu fenomenin ilkin əlaməti odur ki, ya yerli pul ölür, ya da daxili istehsal. Bu, Beynəlxalq Valyuta Fondunun dedikləridir.

İndi isə görək, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Bakı nümayəndəliyinin rəhbəri Reymond Konvey nə deyir? Onunla Ülviyyə Əsədzadə söhbət edib.


- Cənab Konvey, zəhmət olmasa, deyərdiz, bu gün Azərbaycandakı investisiya mühitini necə qiymətləndirirsiniz?

- Bu gün Azərbaycanda investisiya mühiti cəlbedicidir. Ölkədə çox sahələr var ki, orada yaxşı biznes qurmaq mümkündür. Amma bununla belə, biznes mühitinin inkişafına mane olan amillər də var. Bunu xüsusilə qeyri-neft sektoru ilə bağlı demək olar. Ölkədə özəlləşmə prosesi hələ ki, durğundur. Bank sektorunun inkişafı vacibdir, bu sektorda vəziyyət istənilən səviyyədə deyil. Bura ölkədəki korrupsiya amili də aiddir. Odur ki, tikinti sektorundakı dinamikanı nəzərə almasaq, Azərbaycanda qeyri-neft sektorunda ciddi inkişaf görünmür.


- Yerli ekspertlər deyirlər ki, Azərbaycan hökuməti rəqabət mühitini təmin edə bilmir, inhisarların arxasında məmurların özləri dayanırlar. Siz necə hesab edirsiz, Azərbaycanda belə problem varmı?


- Bəli var. Əgər monopoliya hökumət tərəfindən mühafizə edilirsə, burada investisiya qoyuluşu haqqında söhbət gedə bilməz. Hökumət monopoliyanı nə qədər dəstəkləyəcəksə, investisiya mühiti bir o qədər az cəlbedici olacaq və iqtisadiyyat bir o qədər zəif inkişaf edəcək.


- Bəs, neft sektoru necə, Azərbaycanda neft gəlirlərindən nə dərəcədə səmərəli istifadə olunur?


- Hökumətin bu istiqamətdə Neft Fondunu yaratması çox mühüm addımdır. Bu fondda neftdən gələn gəlirlər ehtiyat olaraq saxlanılır, qurum şəffaf işləyir. Amma neftdən gələn gəlirlər həm də xərcləri artırır, bu isə ölkədəki mühiti bir az gərginləşdirir. Əgər ölkədə sənaye istənilən səviyyədə deyilsə, neftdən gələn gəlirləri yatırmağa başqa bir sahə olmur və bu da gərginlik əmələ gətirir.


- Neft Fondunu nəzərə almasaq, neftdən gələn gəlirlərin korrupsiyanın yeminə çevrilməsi təhlükəsi Azərbaycanda varmı?


- Hökumət Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulub. Məncə, ölkədə neftdən gələn gəlirlərin korrupsiya təhlükəsi azalıb. Dediyim təşəbbüsə qoşulan hər bir ölkə bununla bağlı vaxtaşırı öz hesabatını təqdim edir. Təşəbbüsə qoşulan ölkələr arasında Azərbaycan müsbət mənada fərqlənir. Baxmayaraq ki, bu sahədə o qədər də böyük təcrübəsi yoxdur.


- Hökumət deyir ki, «holland sindromu» qorxusu yoxdur. Siz necə hesab edirsiz, ölkədə bu sindromun yaranması təhlükəsi varmı?


- Azərbaycanda neft sektorundan başqa digər sektorlarda inkişaf olmasa, karbohidrogen ehtiyatları bitəndən sonra həmin sahələr ölü sayılacaq. Azərbaycanda inflyasiyanın səviyyəsinin qalxması bu sindromu sürətləndirə bilər. Hətta bəzi ekspertlər hesab edirlər ki, Azərbaycan artıq bu səviyyəyə gəlib çıxıb və Azərbaycanda "holland sindromu" artıq başlayıb. Bu çox ciddi problemdir. Hökumət ola bilsin, artıq başa düşür ki, bunun nəticəsi nə ola bilər. Azərbaycan manatının bahalaşması ölkədə mal və məhsulların bahalaşmasına gətirib çıxaracaq. Bu gedişlə beş ildən sonra Azərbaycanda yerli istehsal məhsulları, məsələn, kənd təsərrüfatı malları alınmayacaq. Məsələn, Ukraynadan tərəvəz gətirmək ölkədə tərəvəz istehsal etməkdən daha sərfəli olacaq.


- Siz ekspertlərin fikrinə əsasən, deyirsiniz ki, Azərbaycanda "holland sindromu" artıq başlayıb. Bəs, bununla bağlı AYİB-in proqnozu necədir?


- «Holland sindromu»nun nə vaxt başlayıb, nə vaxt bitəcəyini müəyyənləşdirmək çətin məsələdir. Amma bir şeyi deyə bilərəm ki, Azərbaycanda artıq «holland sindromu»nun əlamətləri görünməkdədir. Bu sindrom inflyasiyanın yüksək olması, neft gəlirlərinin böyük miqyasda xərclənməsi ilə müşahidə olunur. Məncə, dediklərim bütün əlamətlərin hamısı artıq Azərbaycanda var.


- Amma hökumət hər vəchlə 2006-cı ildə inflyasiyanı birrəqəmli, yəni, idarəolunan həddə saxlayacağını vəd edir...


- AYİB-in proqnozuna görə, Azərbaycanda 2006-cı ildə inflyasiya 13 faiz civarında olacaq. Amma Maliyyə Nazirliyinin proqnozuna görə, inflyasiya birrəqəmli olacaq. Mənin fikrimcə, ola bilsin ki, ölkədə bu il inflyasiya 13 faizdən yüksək olsun. İndi Beynəlxalq Valyuta Fondunun bir qrupu inflyasiyanın hesablanması metodologiyası üzərində işləyir. Mənim üçün də çox maraqlıdır ki, onların gələcəyi qənaət necə olacaq.


- Çox sağ olun, cənab Konvey


- Xoş idi.


Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Sovet İttifaqı dağılandan sonra Mərkəzi və Şərqi Avropa dövlətlərinin bazar iqtisadiyyatına keçidinə yardım etmək üçün 1991-ci ildə qurulub.


XS
SM
MD
LG