Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:42

Abel Məhərrəmovla bağlı 811 min manatlıq borc qalmaqalı


Abel Məhərrəmov
Abel Məhərrəmov

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru Abel Məhərrəmovdan təmir-tikinti materiallarının, görülən işlərin pulunu tələb edən, onunla məhkəmədə çəkişən İsmixan Mirzəyev apellyasiya şikayəti verəcək. Sabiq rektora qarşı 811 min manatlıq pul tələbi haqda iddiasının təmin olunması barədə mediaya açıqlama verən Mirzəyev sonradan öyrənib ki, məhkəmə onun əleyhinə qərar çıxarıb:

"Hakim qərarı elan edəndə..."

"Bu necə ola bilər, baş açmaq olmur. Hakim qərarı elan edəndə hətta üzünü o biri tərəfin vəkilinə tutub dedi ki, "apellyasiya şikayəti vermək hüququnuz var". Çünki o biri tərəf narazı idi. Biz də sevindik ki, iddiamız təmin olundu. Sonra məlum olur ki, yox, qərar başqa cürdür...".

İddiaçı tərəf deyir ki, keçmiş rektorun evində və obyektlərində təmir-tikinti işləri aparıb. Bu zaman həm lazım olan mal-materiallar alınıb, həm də ustalar cəlb olunub. Borc da bu üzdən yaranıb: "O vaxt materialları dollarla alırdıq. Üstündən 11 il keçib, vermir pulu. Ustaların, materialların bir hissəsinin pulunu özümüzdən verdik. Qalanını indi də borcluyuq. Məhkəməyə altı şahid gətirdik. Nə qədər sübut qoyduq ortaya ki, bu obyekt ailəsinin filan üzvünündür, bu müqavilə ilə bu işi görmüşük, pul ödənilməyib".

Rektorla yanaşı, BDU-nun keçmiş prorektoru Nəbi Ramazanlı da cavabdeh qismində cəlb olunub. İddiaçı tərəf bunu belə əsaslandırır ki, prosesdə vasitəçi kimi işlərlə, əsasən, Ramazanlı məşğul olurdu.

Məhərrəmov nə deyir

Məhkəmədə cavabdeh tərəfi təmsil edən vəkil Altay Əfəndiyev bildirib ki, hakim Vahid Hacıyevin məhkəmə zalında elan etdiyi qərarı sonradan dəyişməsi haqda deyilənlər əsassızdır.

BDU-nun keçmiş rektoru evində və obyektində işlətdiyi ustaların pulunu verməməsi haqda iddiaların yalan olduğunu deyib. O, gununsesi.info-ya açıqlamasında bildirib ki, iddiaçı Mirzəyevlə qohumdur. Həmin şəxs ona qarşı qərəzlidir və bu üzdən belə davranır.

İddiaçı tərəf də qohum olduqlarını təsdiqləyib: "Amma qohumluğumuzun bu işə aidiyyəti yoxdur. İş gördürmüsən, pulunu verməlisən. Adamları işlədib, onların haqqını yemək hara sığar?".

71-yaşlı Abel Məhərrəmov 1999-2018-ci illərdə BDU-nun rektoru, 2005-2015-ci illərdə isə Milli Məclisin deputatı olub.

XS
SM
MD
LG