Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:14

Poylulular: 'Vəzifəli şəxslərin yaxınları çayın yolunu da zəbt edib'


Arxiv fotosu
Arxiv fotosu

"Bu boyda kəndin torpaqları 3-4 nəfərin əlində qalıb. Bu qədər kəndli mal-qarasını otarmağa yer tapmır. Səbəb də odur ki, həmin 3-4 nəfər bütün örüş yerlərini ələ keçirib".

Ağstafanın Poylu kəndinin sakinləri AzadlıqRadiosu-na torpaqlarının zəbt edilməsindən danışırlar.

Buna da bax:​ 37 ilin liftini təzələmək üçün nə lazımdır?

“ÇAYA YAXIN DÜŞƏ BİLMİRİK”

Kənd sakini Elxan Qasımovun iddiasına görə, ümumi istifadə üçün nəzərdə tutulmuş torpaq sahələrini zəbt edənlər vəzifəli şəxslərin yaxınlarıdır. Nəticədə kəndlilər heyvandarlıqla məşğul ola bilmirlər:

"Kənddə fermerlik fəaliyyəti ilə məşğul olan Qurban Yusifov heyvanlarımızın örüşə çıxış yolunu zəbt edib. Hər tərəfi bağladığından heyvanlarımızı örüşə çıxara bilmirik. Bu adam təkcə örüş yolunu yox, Ağstafa çayına gedən yolu da zəbt edib. Nəticədə biz çaydan istifadə edə bilmirik".

Kəndlilərin iddiasına görə, fermer Qurban Yusifov çayın kənarında ferma açıb və yol bağlanıb. Bu səbəbdən də mal-qara çaydan su içə bilmir. Kənd sakini Elmar İsmayılov:

Buna da bax: Otlaq sahəsi yoxdur, inəklər qoruqda otlayır

"Yolları bağlayıb deyə, nə heyvan, nə insan çaya yaxın düşə bilmir. O çaydan təkcə mal-heyvan su içmirdi, kənarında istirahət edirdik, düşüb çimirdik. Olan-qalan rahatlığımız da əlimizdən alınıb. Bir qrup adam kənddə hər şeyi kəndlinin əlindən alıb. Hətta axar çayı da... Şikayət edəni də hədə-qorxu ilə susdurmağa çalışırlar".

“QARĞIDALI ƏKİNİNƏ HAZIRLAŞIR”

Kənd sakinlərinin deməsinə görə, şikayətlərindən sonra onlara rəsmi qurumlardan ötən il cavab məktubunun üstündə bir sənəd göndərilib. Həmin sənəddə qeyd olunub ki, Poylu kənd sakinlərinə məxsus həmin torpaqlar kənd bələdiyyəsinin 2002-ci il qərarı ilə yem bitkilərinin əkilməsi məqsədiylə Qurban Yusibova 15 il müddətinə icarəyə verilib. Müqavilənin müddətinin 2017-ci ilin yanvarında başa çatacağı qeyd edilib.

Bu yaxınlarda kəndlilər araşdırıblar ki, Qurban Yusifov bu ilin yanvarında yenidən kənd bələdiyyəsinə müraciət edib, lakin onunla müqavilə bağlanmayıb. Kəndlilər iddia edirlər ki, hazırda fermer onların torpaqlarından qanunsuz istifadə edir. Elmar İsmayılov:

Buna da bax:​ Pansionat: 'Burada şərait əlillərin dediyi qədər də kritik deyil'

"İndi də rəsmi qurumlar bizə deyirlər ki, onun müqaviləsinə xitam verilsə də, torpaq sahəsinə taxıl səpdiyindən, taxıl biçininə qədər torpaq sahəsi müvəqqəti onda qalmalıdır. Taxıl çoxdan biçilib, indi də baxırıq ki, həmin fermer örüş sahələrimizə traktor salıb şumlatdırır, torpağı qarğıdalı əkininə hazırlayır".

“KƏNDLİLƏR ONU YOLA VERMİRLƏR”

Kəndlilərin dolanışığı heyvandarlıqdan və əkinçilikdən çıxır. Ancaq iddialarına görə, torpaqların zəbt olunması üzündən nə əkinlə, nə də heyvandarlıqla məşğul ola bilmirlər. Bir də kənddə ciddi su problemi var. Kəndlilərin deməsinə görə, kənddəki iki artezian quyusundan biri fermanın ərazisində, biri isə 87 hektar dövlətin fond torpağında qazılıb. Kəndlilər bu quyuların heç birinə yaxın düşə bilmir.

Buna da bax:​ Ağcabədili: ‘Prezidentimiz dedi... 4 hektar pambıq əkdim’

AzadlıqRadiosu-nun müxbiri Qurban Yusibovla əlaqə yarada bilməsə də, icra hakimiyyətindən onun fəaliyyətinin tam qanuni olduğu bildirilib.

Ağstafa rayon icra hakimiyyətindən isə "Qaynar xətt"ə bildirilib ki, kəndlilərin örüş problemi yoxdur: "İstifadələrində azı 500 hektar örüş sahəsi var, yenə narazıdırlar. O fermerin fəaliyyəti qanunidir. Sadəcə, nədənsə, kəndlilər onu qaralayıb, yola vermirlər. Kənddə kifayət qədər su da var, torpaq da..."

XS
SM
MD
LG