Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:32

Macarıstan Aİ-nin Ukraynaya 50 milyard avroluq yardımını bloklayıb


Viktor Orban
Viktor Orban

Avropa İttifaqının (Aİ) sammitində Macarıstan Ukraynaya növbəti dörd il ərzində 50 milyard avro həcmində iqtisadi yardım ayrılmasını bloklayıb. Bu haqda Macarıstanın baş naziri Viktor Orban məlumat verib.

"Biz Avropa Şurasında bu məsələyə gələn il, müvafiq hazırlıqdan sonra qayıdacağıq", - o, X platformasında yazıb.

"Reuters"in məlumatına görə, Orban deyib ki, Ukrayna Aİ üzvü olmadığı üçün onun büdcəsindən belə iri məbləğ almamalıdır.

Aİ liderlərindən bəziləri Ukraynaya yardımın yanvarda təsdiqlənəcəyinə nikbin yanaşırlar. O zaman Aİ ölkələri bu məsələyə yenidən baxacaqlar. Niderlandın baş naziri Mark Ryutte deyib ki, vaxt var və Ukrayna yaxın həftələrdə pulsuz qalmayacaq.

"Əminəm ki, gələn ilin əvvəlində bu məsələni razılaşdıra biləcəyik, bunun yanvarın sonunda baş verəcəyini düşünürəm", - agentlik ona istinadla yazır.

Qərar necə verildi

Macarıstan Ukraynaya yardımı Aİ bu ölkənin bloka üzvlüyü danışıqlarının başlanmasına qərar verəndən bir neçə saat sonra bloklayıb. "The New York Times" yazır ki, iclasın əvvəlində Orban Ukrayna ilə danışıqların başlanması qərarına veto qoymaq niyyətini bəyan edib. Onun sözlərinə görə, ölkə buna hazır deyil və bu proses Aİ-yə, eləcə də Macarıstana ziyan vura bilər.

Daha öncə yayılan məlumatlara görə, Macarıstanın baş naziri səsvermədən imtina edərək zaldan çıxıb. Ancaq sonradan bəlli olub ki, zaldan çıxmağı ona Almaniyanın kansleri Olaf Şolts təklif edib.

"Yaxşı müzakirə apardıq, ancaq diskussiyanın sonunda hiss elədim ki, razılığa gəlmək çətin olacaq", -- BBC-nin rus xidməti Ryutteyə istinadla yazır.

Niderlandın baş nazirinin dediyinə görə, bu zaman Şolts Orbana təklif edib ki, qərar onun iştirakı olmadan verilsin. "Qaydalara görə, bu mümkündür. Bu zaman yekdil qərar alınır, sadəcə Macarıstanın iştirakı olmadan. O da zaldan çıxdı", - Ryutte deyib.

Macarıstanın Ukraynaya yardımı bloklaması ilk dəfə deyil. Budapeşt daha öncə bildirib ki, Ukraynaya yardıma veto yalnız Aİ-nin 30 milyard avroluq vəsaiti blokdan çıxarması qarşılığında qaldırıla bilər. Avropa Komissiya sammitə bir gün qalmış Aİ-nin Macarıstana 10 milyard avroluq vəsaitini blokdan çıxarıb. Bu vəsait ölkədə hüququn aliliyə sahəsindəki problemlərə görə dondurulub.

XS
SM
MD
LG