Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:27

'Prokuror yanımda çıxarıb 10 min verdi...'


Akif Çovdarov
Akif Çovdarov

"Düzdür, Akif Çovdarov artıq məhkəməyə xərəkdə gətirilmir, amma məhkəmə iclaslarında da tam iştirak edə bilmir - tez-tez icazə alır, ara verilir. Çünki ona iynələr vurulur, dərmanlar verilir" - ləğv olunmuş MTN-in idarə rəisi, həbsdə olan general Akif Çovdarovun vəkili Sadiq Rəsulovun sözləridir.

Yanvarın 23-də Akif Çovdarovun və onun tabeliyində çalışmış daha üç nəfərin - Akif Əliyev, Səlim Məmmədov və Orxan Osmanovun məhkəməsi davam etdirilib.

Buna da bax:​ MTN-in daha üç generalı məhkəməyə çıxarıldı

Bu məhkəmədə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşı Neman Kərimovla onun dayısıoğlu Elvin Mövsümovun, xanım tanışları ilə birgə, Bakıdakı otellərdən birində dincələrkən, MTN-in maskalı əməkdaşlarının hücumuna məruz qalmaları, nazirlikdə 80 min manat alınandan sonra sərbəst buraxılmaları epizodunun araşdırılması davam edib.

"Prokurorun oğluna məndən borc almışdı"

Neman Kərimov keçən məhkəmədə demişdi ki, MTN-də polkovnik Səlim Məmmədov və onu oteldən tutub gətirən əməkdaşlardan Elçin Çıraqov ondan və dayısıoğlundan 250 min manat tələb ediblər. Deyiblər ki, 30 min manat borclu olduğu Sevinc Məmmədova ondan MTN-ə şikayət yazıb.

Buna da bax: General: 'Kişi kimi 3 maddə verin... razı olacağam'

Amma dayısı gəlib Akif Çovdarovla danışandan sonra 80 min manata razılaşıblar. Dayısı bu pulu verərək, onu da, öz oğlunu da buraxdırıb.

Yanvarın 23-dəki məhkəmədə Sevinc Məmmədova dindirilib və o, polis əməkdaşı Neman Kərimovun ondan 30 min manat borc aldığını təsdiqləyib. Dediyinə görə, həmin pulun 10 min manatı Binəqədi rayonunun ovaxtkı prokuroru Mirələkbər Seyidovun oğlu üçün alınıbmış.

Sevinc Məmmədova uzun müddət pulunu ala bilmədiyindən, prokurorun yanına getdiyini söyləyib: "Mən prokurorun yanında oldum. Ona baş verənləri danışdım. Mirələkbər Seyidov da Nemana zəng edib yanına çağırdı. Ondan soruşdu ki, məndən onun oğlu üçün 10 min pul alıbmı? Neman da təsdiqlədi. Prokuror oğlu üçün alınan 10 min manatı verdi. Nemanın da 20 min borcu qaldı".

Buna da bax:​ Akif Çovdarovun kürəkəni dindirildi

Qalan pulunu ala bilməyən Sevinc Məmmədova MTN-ə müraciət etdiyini təsdiqləyib:

"Neman Kərimovun dayısı Zakir Mövsümov MTN-ə onun və öz oğlunun arxasınca gəldi. Çünki oğlunu da Nemanla birlikdə tutub gətirmişdilər. Dayısı Nemana sərt sözlər dedi. Hətta bacısının - Nemanın anasının ölümünə görə də onu günahlandırdı".

MTN əməkdaşları arasında ziddiyyət

Bu məsələdə adı hallanan keçmiş MTN əməkdaşı Elçin Çıraqov məhkəmədə demişdi ki, o, nə Neman Kərimovu tutub gətirib, nə də kimdənsə pul istəyib, ümumiyyətlə, bu məsələdən xəbəri yoxdur.

Vaxtilə MTN-də Elçin Çıraqovla birgə işləmiş, indi də Dövlət Təhlükəsizlik Xidmətində (DTX) fəaliyyətini davam etdirən Vüqar Muxtarov məhkəmədə dindirilərkən keçmiş iş yoldaşından fərqli danışıb. Təsdiqləyib ki, əməliyyat keçirib Neman Kərimovu MTN-ə gətiriblər. Bu əməliyyatda Elçin Çıraqov da iştirak edib.

Buna da bax: Çovdarov: 'Yalan deyəni söyərdim, heyf ki, zalda qadınlar var'

Bu ziddiyyətlə əlaqədar təqsirləndirilən Səlim Məmmədovun vəkili Cavid Rzazadə vəsatət qaldırıb. O bildirib ki, Çıraqovun ifadəsi həm zərərçəkmiş Neman Kərimovun, həm də şahidlər Sevinc Məmmədova və Vüqar Muxtarovun ifadələri ilə uzlaşmır. Vəkil Çıraqovla bu şahidlər arasında çarpaz dindirmə keçirilməsini istəyib:

"Sevinc Məmmədova məhkəmədə minnətdarlıqla bildirdi ki, onun pulunu Neman Kərimovdan Çıraqov alıb verib. O, məsələ ilə bağlı Çıraqova müraciət edib. Çıraqov ona ərizə yazmağı tövsiyə edib. Elçin Çıraqov isə ifadəsində bütün bunları təkzib edir".

Məhkəmə vəsatəti təmin etməyib.

Nəsimi Rayon İcra Hakimiyyəti hüquq şöbəsinin müdiri Hafiz Abekarov da məhkəmədə zərərçəkmiş qismində dindirilib. Özünü zərərçəkmiş saymayan H. Abekarov onu niyə zərərçəkmiş kimi tanıdıqlarını hələ də anlamadığına diqqət çəkib. Ardınca bildirib ki, 2014-cü ildə MTN-ə dəvət olunub. Həmin vaxt Səbail Rayon İcra Hakimiyyətində hüquq şöbəsinin müdiriymiş. Ona deyiblər ki, general Akif Çovdarov səni çağırır: "Mən də getdim. O zaman vətəndaşlar Mübariz Məmmədovla Rafiq Tağıyev arasında torpaq alqı-satqısı üstündə pul mübahisəsi olmuşdu. Mübariz Məmmədov deyib ki, guya aldığı pulu mənə verib. MTN-də Akif Çovdarov məndən bu haqda soruşdu... Dedim ki, yalandır, mənə pul verilməyib".

Buna da bax:​ MTN-də məmur-biznesmendən 1 milyon istəyib, 300 min alıblar

H. Abekarov sualları cavablarkən, ona MTN-də heç bir fiziki və psixoloji təzyiq göstərilmədiyini də söyləyib.

Məhkəmə yanvarın 25-də davam edəcək.

Xatırlatma

Akif Çovdarov ötən il noyabrın 15-də həbs olunub. Baş Prokurorluğun o vaxt yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilirdi. Artıq 19 nəfər həbsdədir. Onlardan yuxarıda adları çəkilən dörd nəfərin işi məhkəməyə göndərilib.

Buna da bax:​ 'Telefonlar E.Mahmudovun tələbnaməsi əsasından dinlənilib'

Akif Çovdarova və onunla birgə mühakimə olunanlara Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvətalma) və daha bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-dək yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG