Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:39

Aktyor prezidentin verdiyi mənzil haqda danışır


Son bir neçə gündə dövlət başçısı İlham Əliyev xalq artisti Sənubər İsgəndərliyə, Vəfa Allahverdiyevaya, Məmməd Səfaya və daha bir neçə sənət adamına mənzil bağışlayıb. Bu mükafatlandırma birmənalı qarşılanmır. Bəziləri hesab edir ki, bununla sənət adamları siyasi hakimiyyətdən asılı vəziyyətə salınır, onun sözü, səsi satın alınır, bəziləri də bunu sadəcə, “dövlətin sənətə, sənətkara qayğısı, diqqəti” kimi dəyərləndirir.

Aktyor: “Mümkün deyil”

“Hesab etmirəm ki, belə hədiyyələr sənətkarda asılılıq yarada, müstəqilliyinə, sərbəstliyinə mənfi təsir edə bilər”. Bunu isə dövlət başçısının mənzil bağışladığı “YUĞ” teatrının aktoyru, Məmməd Səfa (Məmmədsəfa Qəhrəmanov) bildirir.

O deyir ki, hədiyyəyə görə, sənət adamının sənətkarlığı danılmır: “Odur ki, bu hədiyyənin sənət adamının müstəqilliyinə mənfi təsir etməsi mümkün deyil”.

Deputat: “Sənət adamlarının dövlətin qayğısına ehtiyacı var”

“Bəzi sənət adamlarına prezident tərəfindən mənzil bağışlanılmasında mənfi çalar görmürəm”, - deputat Fazil Mustafa son vaxtlar dövlət başçısının bəzi sənət admlarına mənzil bağışlaması ilə əlaqədar danışarkən bildirir.

O, Azərbaycan kimi ölkələrdə sənət adamlarının, yazıçıların dövlətin qayğısına ehtiyacı olduğunu düşünür: “Bunun da öz səbəbləri var, Azərbaycan kimi ölkələrdə sənət adamlarının imkanları məhdud olur, bu da əhalinin alıcılıq qabiliyyətinin aşağı olması ilə şərtlənir. Türkiyədəki kimi geniş imkanlara malik deyillər. Belə bir şəraitdə sənətkarın problemi yaranırsa və dövlət başçısı da bu problemin həllinə qarşılıq verirsə burada mənfi çalar ola bilməz”.

Sənətkarın müstəqilliyini itirməsi haqda tənqidlərə gəlincə, deputat hesab edir ki, fəxri ad, mənzil və başqa hədiyyələr aldıqdan sonra belə sənət adamı öz müstəqilliyini saxlaya bilər.

Yazar: “Sənət adamının müstəqilliyi çox nadir rast gəlinən haldır”

“Azərbaycanda sənət adamlarının hansısa təltifdən asılılığı yox, ictimai-siyasi mühitin formalaşdırdığı xofdan irəli gələn qorxu asılılığı var”, - yazar Elnur Astanbəyli deyir.

Onun sözlərinə görə, bu qorxunun kökü XX əsrin 30-cu illərinin repressiyaları ilə qoyulub və hələ də total xof davam edir.

E.Astanbəyli bugünlərdə sənət adamının müstəqilliyi “çox nadir rast gəlinən haldır” söyləyir.

“Qeyri-rəsmi, ikilikdə, üçlükdə söhbət etdikdə dərdlərini deyirlər, amma elə ki, ictimai məzmun kəsb edən bir mühitə çıxdılar, tamam başqa adam olurlar. Ona görə deyirəm ki, sənət adamının asılılığı hansısa təltifdən yox, ümumi mühitdəki “ab-hava”dan asılıdır”.

Bu ilin fevralında Azərbaycan prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva bir sıra sənət adamlarını, yazarları, bəstəkarları qəbul etdilər. Orda çıxış edənlərin böyük əksəriyyəti şəxsi xahişlə çıxış etmiş, yalnız bir-iki nəfər, teatrın, kinonun problemini önə çəkmişdi. Bütövlükdə həmin görüş KİV-lərdə və sosial şəbəkələrdə tənqid edilmiş, “sovet ənənəsinin davamı” kimi dəyərləndirilmişdi.

XS
SM
MD
LG